Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-969/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, məhkəmə iclas katibi X6 iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinin cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs X3) qarşı “istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tovuz Kənd X2, Emalı və Satışı Kooperativi cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs X3) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X10 Məhsullarının İstehsalı, Emalı, və Satışı Kooperativinin məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edilməsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, dəymiş maddi zərərə görə 15600 manat məbləğində pul vəsaitinin cavabdehin hesabından iddiaçının xeyrinə tutulmasi və iddiaçıya qanunsuz hesablanmış 34749 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kooperativ uzun muddət fəaliyyət gostərdikdən sonra 6-7 ildən artıq müddətdir ki, fəaliyyətini dayandırmışdır. Sonradan həmin ərazidəki torpaq sahəsində rəhbərliyin ailə üzvlərinın və yaxın qohumlarının süd və ət məhsullarına olan ehtiyaclarının ödənilməsi baxımından 10-15 ədəd mal qara saxlanılmışdır ki, bununla bağlı ayrı-ayrı dövlət orqanları qarşısında, o cümlədən hazırki Cavabdeh ASC qarşısında bütün öhdəliklər vaxtında və tam şəkildə yerinə yetirilmişdir. Lakın 2018-ci ilin fevral ayında Kooperativ bir sıra çətinliklərlə üzləşmişdir. Belə ki, hazırki iş üzrə cavabdehin əməkdaşlarının tələbləri əsasında 09 fevral 2018-ci il tarixdə su sayğacı çıxarılaraq daha sonra oz vəsaitləri hesabına cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmışdir. Bu barədə 03 aprel 2018-ci il tarixli Akt da tərtib edilmişdir ki, güya sayğac xarab olduğundan dəyişdırilmış və bununla da, kooperativə suyun verilməsi dayandırılmışdır. İddiaçıya bildirilmişdir ki, rəhbərliyin tələbi əsasında bu tədbirlər həyata keçirilir və butun istifadəçilər mütləq qaydada yeni Smartfon tipli sayğaclarla təmin olunmalıdır ki, xidmətlər də yeni qayda ilə həyata keçirilsin. Bununla əlaqədar olaraq 4 ay ərzində Kooperativ susuz qaldı və mal-qaranın su təminatı öz vəsaitləri hesabına həyata keçirildi, daha sonra iddiaçıya bildirildi ki, sayğac ekspertizadan keçirildikdən sonra suyun verilməsi təmin ediləcəkdir. Həmin ilin may ayının sonlarında və iyun ayının əvvəlində məlum oldu ki, kooperativə 35 min manat cərimə hesablanıb və bu pul odənildikdən sonra suyun verilməsi təmin ediləcəkdir. Buna baxmayaraq, həmin cərimənin hesablanmasını təsdiq edəcək hər hansı sənəd iddiaçıya təqdim olunmamışdır. Bununla əlaqədar olaraq tərəflərindən “xxxx” ASC-nin sədri cənab Qorxmaz Hüseynova rəsmi müraciət olunaraq əməkdaşlarının qanunsuz əməlləri ilə əlaqədar olaraq iddiaçını qəbul etməsi xahiş edilmişdir. Bu şikayət əsasında dərhal “xxxx” ASC-nin sədr müavini səviyyəsində qəbul edilmişlər və onlara bildirilmişdir ki, problem həll olunacaq və həmin gündən sonra da Kooperativin suyun verilməsi təmin edilmişdir. Butun bunlara baxmayaraq, yuxarıda qeyd olunan hadisələrdən 2 il vaxt keçdikdən sonra, 2-3 aydır ki Kooperativin su təminatında yenidən problemlər yaranmağa başlamış və yenidən cərimənin ödənilməsi tələb edilmişdir. Bütün bunların səbəblərini isə su pulun yığımı şöbəsinə yeni işçilərin gəlməsi ilə izah olunmuşdur. Yenidən kooperativə xəbərdarlıq edilmişdir ki, 35 min manat cərimə ödənilməzsə su verilməsi təmin olunmayacaqdır. Qeyd edilir ki, bu iki il ərzində yeni sayğacda da su pulunun ödənilməsi zamanı əvvəlki ödənişlərlə heç bir fərq yaranmamışdır. Əvvəllər olduğu kimi suyun istifadəsindən asılı olaraq aylar üzrə 3-5 manat fərqlərlə ödənişlər vaxtında və tam şəkildə həyata keçirilmişdir. Həmçinin qeyd edilir ki, Kooperativə qarşı yaradılan problemlərin səbəbinə aydınlıq gətirilməsi məqsədilə haqlı tələblərinə bu günə kimi onlara nə rəsmi, nə də şifahi heç bir izahat verilməmişdir. Su təminatının həyata keçirilməsi üçün əsas su boru kəmərinə qoşulmaqla, 3 min metrdən artıq boru xətti Kooperativin öz vəsaiti hesabına çəkilsə də suyun təzyiqi aşağı olduğundan obyekti su ilə təmin etmək mümkun olmamışdır, bu halda da iddiaçı öz vəsaiti hesabına həmin boru xəttinə su nasosu qoşmuş, hər bir m3 suya görə də istifadə edilən elektrik enerisinə görə əlavə ödənişlər etməklə həmin qayda ilə obyektdə quraşdırılmış su çənləri vasitəsi ilə su ehtiyyatını təmin etmişdir. Bu qayda ilə Kooperativ fəaliyyəti dövründə əlavə olaraq 15 min manatdan artıq xərc çəkmişdir ki, bununla əlaqədar heç kəsə iradı olmamışdır. Göstərilənlərdən əlavə onu da qeyd etməyi zəruri hesab edir ki, su sayğacının dəyişdirilməsindən iki il əvvəllə sonrakı iki illə müqayisəsinin aparılmasından da görünür ki, sudan istifadəyə görə heç bir fərq yaranmamışdır. Bundan başqa sudan istifadə ancaq su nasosu ilə mümkün olduğu nəzərə alınarsa su nasosundan istifadəyə gorə elektrik eneriisinin sərfiyyatının həmin dövrlər üzrə müqaisə edərək muəyyən etmək olar ki, 2016-2018 cı illər və 2018-2020 cı illər ərzində də su nasosunun işlədilməsinə görə eyni miqdarda da enerji sərf edilmişdir. Qeyd olunanlarla muəyyən olunur ki, Kooperativ tərəfindən su sayğacına heç bir müdaxilə olmamış, su sayğacına mudaxilə mümkunsüz olmuş, ona görə ki, su nasosu işləmədən su təminatı mümkünsüzdür və belə olduğu halda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014 cü il tarixli, 262 saylı qərarının 4 nömrəli əlavəsi əsasında Kooperativə qarşı cərimənin hesablanması həm məntiqsiz həm də qanunsuz olmuşdur. Bundan başqa “xxxx” ASC ilə Kooperativ arasında 10 ildən artıq müddət keçməsinə baxmayaraq, heç müqavilə belə bağlanmamışdır ki, hazırki mubahisənın də həlli məsələsini müəyyən edə bilsin. Kooperativin iradlarından dərhal sonra də Cəmiyyət tərəfindən onlara 12.10 2020-ci ildən 31.12.2023-cü ilədək 3 illik Müqavilə təqdim edilmişdir. Əgər sonuncu dəfə baglanmış 06 yanvar 2006-cı il tarixli Müqavilədə hər bir m3 suya görə əlavə dəyər vergisi ilə birlikdə 28,3 qəpik ödənilməsi nəzərdə tutulurdusa, onlara təqdim edilmiş yeni müqavilədə hər bir m3 suya görə əlavə dəyər vergisi ilə birlikdə bir manat ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən hazırki məsələ ilə bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, Cavabdeh ASC tərəfindən heç bır reaksiya verilməmışdir. Həmın muraciətdə yuxarıda qeyd olunanlardan əlavə gostərilmişdir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanun əsasında hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X8na” müvafiq olaraq, Cavabdeh ASC-nin tabeçiliyindəki qrumlar tərəfindən fasiləsiz su təchizatı ilə faktiki olaraq təmin olunmalı halda, yuxarıda da göstərildiyi kimi hazırki günədək iddiaçının fasiləsiz su təchizatı ilə təmin edilməsi məsələsi həll edilməmiş, ona görə də Kooperativə qarşı tətbiq edilmiş cərimənin ləğv edilməsi ilə yanaşı obyektin fasiləsiz su təchizatı ilə təmin edilməsi xahiş edilmişdir. Cavabdehlə aralarında bağlanmış 06 yanvar 2006-cı il tarixli müqavilənin 2.1.1-ci və iddiaçıya təqdim etdiyi 12.10.2020-ci il tarixli müqavilənin 31-ci bəndlərində göstərilmişdir ki, “Müəssisə istehlakçının tələbatına uygun maişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı suların fasiləsiz qəbulunu həyata keçirir. Lakin, yuxarıda qeyd edildiyi kimi Kooperativə məxsus olan obyekt bu günə kimi su təchizatı ilə təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bu yoxlam olmamış sadəcə sayğac iddiaçının xahişinə əsasən dəyişdirilərkən 2018-ci ilin fevral ayında baxış keçirilən zaman sayğacda nasazlıq aşkar olunmuş, sayğac götürülərək laboratoriyaya aparılmış, 2018-ci ilin aprel ayında yeni smart tipli sayğac quraşdırılmış, laboratoriya rəyində də qeyd edilmişdir ki, sayğaca müdaxilə edilmişdir. Bu səbəbdən cərimə tətbiq edilmişdir.Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, onların 30 il ərzində su təminatı olmamışdır. Cavabdeh ASC Tovuz Kənd X2, Emalı və Satışı Kooperativini su ilə təmin etməmişdir. Həmin qurumun idarəetməsi onun tərəfindən həyata keçirilir, kooperativə suyu 3-4 km məsafədən gətirirlər. Tərəflərindən su nasosu, iki ədəd 10 tonluq çən yerləşdirərək obyekti su ilə təmin etmişlər.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: -Cavabdeh ASC ilə Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinin arasında bağlanmış 12.10.2020-ci il tarixli 19355378 nömrəli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən, bu müqavilə su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məşət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. -həmin müqavilənin 4.3-cü bəndinə əsasən, müəssisə ayda 1 dəfədən az olmayaraq (smart-kart tipli sayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edir. -03.04.2018-ci il tarixli mexaniki su sayğacının labarator yoxlamadan keçirilməsi haqqında arayışdan məlum olur ki, 09.02.2018-ci il tarixdə 0253 saylı mexaniki su sayğacı istifadəyə yararsız olduğundan Cavabdeh ASC tərəfindən çıxarılaraq NÖCİ-nə göndərilmiş, həmçinin abonentin su təchizatı dayandırılmış və N 308126 loqoli plomb ilə plomblanmışdır. Daha sonra 03.04.2018-ci il tarixində abonentin öz vəsaiti hesabına alınmış 200126 saylı smart tipli su sayğacı Cavabdeh ASC tərəfindən quraşdırılaraq plomblanmışdır. -Cavabdeh ASC X9 Kalibrləmə labaratoriyasının 15.02.2018-ci il tarixli 0253/0032191 saylı rəyindən görünür ki, 0253 saylı mexaniki su cihazının zavod plombuna və hesablama mexanizminə müdaxilə aşkar olunmuş, su cihazı təmirə və istifadəyə yararsız olması müəyyən olunmuşdur. -Abonent haqqında məlumatdan görünür ki, Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinin 29.10.2020-ci il tarixə qalıq borcu 34 729 manat təşkil edir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər; - 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər; - 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Məhkəmə cavabdehin bunun yoxlama olmadığı sayğacın yeni smart tipli sayğacla dəyişdirildiyi üçün baxış keçirilməsinə münasibətdə qeyd edir ki, işin halları ilə bu təkzib olunur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən dəyişmə ilə bağlı cavabdehə müraciət olunması öz təsdiqini tapmamış , eyni zamanda sayğac fevral ayında çıxarlmış yeni smart tipli sayğac aprel ayında quraşdırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı iddiaçıya rəy əsaında hesablanmış 34749 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 6.15-ci maddəsinə suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 5.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının SMPDK-nın müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “X8”nın 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə su ilə təmin edilməsinin Cavabdeh ASC-nin üzərinə qoyulması və maddi zərərin tutulması ilə bağlı qeyd edir ki, hazırkı halda iddia ərizəsində istinad olunan halları sübut etmək vəzifəsi qanunvericiliyin tələbinə görə iddiaçının üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsi və zərərin vurulmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə maddi zərərin tutulması hissəsi ilə bağlı subut təqdim edilmədiyi üçün belə nəticəyə gəlir ki, iddia bu hissədə əsassızdir təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinə 0253/0032191 nömrəli rəy əsasında hesablanmış 34749 manat borcu abunə hesabından silinməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən Tovuz Kənd X2, Emalı və Satışı Kooperativinə hesablanmış 34749 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-969/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-969/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver