Məhkəmə qərarları › İş №e-2-2(115)-1063/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1063/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1063/2025 24.07.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh PHŞ tərəfindən hesablanmış 2352 manat su pulu borcundan qeyri qanuni olaraq hesablanmış 2066 manat borcun silinərək 286 manata endirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq orada yaşayır. Atası 05 dekabr 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən və bələdiyyə tərəfindən müqavilə əsasında istifadəyə verilmiş sahədə tikilmiş obyektdə olarkən 25 noyabr 2024-cü ilin aylıq su sərfiyyatı çekini görmüş və gözlərinə inana bilməmişdir. Çünki çekin üzərində aylıq 29 manat, əvvəlki dövrlər üzrə qalıq borcu 2352 manat olaraq göstərilmişdir. Obyekt 2020-ci ildə tikilsə də, 2024-cü ilin iyul ayına qədər obyektdə heç bir fəaliyyət olmamışdır. Çünki 2020-ci ilin əvvəllərində “Moda” paltar dükanı açılmış və açıldıqdan çox qısa müddət sonra heç bir gəlir gətirmədiyindən bağlanmışdır. O gündən sonra orada heç bir fəaliyyət olmamışdır. Çünki kirayə verməyə müştəri tapılmamışdır. 2024-cü ilin iyul ayından etibarən qardaşı öz dostuna həmin obyekti kirayə vermiş və beləliklə obyekt fəaliyyətə başlamışdır. 25 noyabr 2024-cü il tarixli çekdən də açıq formada görünür ki, 26850788 nörməli sayğacın su sərfiyyatı 1 ay ərzində cəmi 29 kub metr olmuşdur. Qanunvericiliyə görə, 1 kub metr suyun ödənişi obyektlər üçün 1 manat təşkil etdiyindən 1 aylıq su pulu cəmi 29 manat olmuşdur. Lakin su pulu çekinə baxılan zaman görünür ki, sayğacın qoşulduğu müddətdən bu günə kimi olan göstərici 336 kub metr olmuşdur. Yəni, sayğac qoşulduğu müddətdən bu günədək cəmi 336 manat su pulu hesablamışdır. Digər tərəfdən su pulunu və ya borcunu ödəmədiyi vaxt ərzində də suyu kəsilməyib və bu barədə heç bir bildiriş, nə çek vasitəsilə, nə də ki, esu.az saytı üzərindən ona göndərilməmişdir. Göründüyü kimi bu borc tamamilə absurddur və qanunsuz olaraq hesablanmışdır. Buna görə də su pulunun bu qədər gəlməsi əsassızdır. Digər tərəfdən hesab fakturanın üzərində Bərdə Natavan qəsəbə, ev-5 ünvanı göstərilmişdir. Halbuki, həmin torpaq sahəsinə xx.xx.2016-cı ildə verilmiş ******* nömrəli çıxarışdan görünür ki, həmin torpaq sahəsinin ünvanı ünvan 4 çıxarışdan açıq aydın görünür ki, həmin torpaq sahəsi qeyri-yaşayış sahəsidir. Əgər onların dövlətə hər hansı miqdarda borcları varsa onu ödəməkdən yayınmaq düşünülə bilməz. Sayğacın üzərində olan 336 kub metr onu göstərir ki, onların bugünə kimi istifadə etdiyi suyun pulu cəmi 336 manatdır. Bugünə kimi bu barədə heç bir bildiriş almasalar da, indi almış olsalar belə istifadə etdikləri suyun pulu tərəflərindən ödənilməlidir. E-su.az saytına baxıldıqda 2023-cü ildə 20 manat, 2024-cü ilin noyabr ayına qədər isə 30 manat su pulu ödənilmişdir. Yəni, 336 manat su pulu borcundan 50 manat ödənilmiş, 286 manat su pulu borcları isə hazırda da qalmaqdadır və onu da ödəyəcəklər. Cəmi 286 manat pulun 2352 manat olması mümkünsüzdür. Tərəflərindən su idarəsinə edilən zənglər isə bu məsələyə heç bir köməklik etməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, obyekt hazır olanda sayğacı su idarəsinin işçiləri gəlib qurlaşdırmışdır. Su idarəsi ilə bağladığı müqaviləni tapa bilmədiyindən məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlamanın keçirilməsindən məlumatı olmamışdır. İki dəfə orada yoxlama keçirilsə də onlara xəbər verilməmiş, hər iki yoxlama iştirakları olmadan keçirilmişdir. Obyektdə hər hansı kənar xətt qoşulmamışdır. Cavabdeh işçilərini yenidən göndərsinlər, harada problem var o müəyyən edilsin. Belə hesab edir ki, sayğac səhv qoşulmuşdur. Orada suyun verilmə saatları qeyd olunsa da suyun qeyd olunan saatlar suyun verilmə saatlarına uyğun deyil. Həftələrlə olub ki, obyektə su gəlməyib. Su gəlmədiyi halda qanunsuz olaraq borc yazılmışdır. Digər su boruları bağlandıqdan sonra son aylar hesablanan borc 18 manat təşkil edir. Ona 2024-cü ildən sonra çeklər təqdim olunub. Ondan əvvəl hər hansı çek gəlməyib. Odur ki, hesablanmış 2066 manat borc qanunsuz və əsassızdır. Yazılan cərimənin silinməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı ilk növbədə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir, məhkəmədə çəkiliş diskini təqdim etdmişlər. Yoxlama zamanı cavabdehin ünvanında sayğacdan kənar xətt aşkar edilmişdir. Sayğac qeyri-yaşayış sahəsindədir. Sayğac suyun çənə vurulduğu hissədə qoşulmuşdur, çənə hansı həcmdə su vurulmasını hesablayır. Həmin yerdə boru güc tətbiq etməklə bağlansa da həmin yerdən yenə də su gəlir. İddiaçın dediyi kimi əməkdaşlar tərəfindən bəzi prosessual pozuntulara yol verilmişdir. Ancaq videodan da göründüyü kimi sudan qanunsuz istifadə olunmuşdur. Bununla bağlı auido-video disk vardır. Çəkilişdə əməkdaşlar hansı ünvanda yoxlama apardıqlarını qeyd edirlər. Yoxlama aparılması zamanı tərəfin iştirakı təmin edilməmişdir. Tərəfə cərimə yazılmışdır. Yoxlamanın reyesterdən qeydiyyatdan keçirilib-keçirilmədiyini bilmir. Qeydiyyatdan keçməkləri ilə bağlı çıxarış yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri, Natəvan qəsəbəsində yerləşən qeyri-yaşayış binası İddiaçının mülkiyyətindədir. İş materiallarında olan 02 aprel 2024-cü il tarixli 602088 nömrəli aktdan görünür ki, Bərdə şəhəri, Natəvan qəsəbəsində yerləşən ticarət obyetinə İddiaçı adına akt tərtib edilmiş, aktda abonentin sayğacdan kənar su xəttindən istifadə etdiyi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı məxsus abonent kodu 44209043 olan saldodan görünür ki, abonentə 04/2024-cü il tarixə 2052 manat borc hesablanmışdır. İş materiallarında olan video diskdən görünür ki, çəkiliş aparan İddiaçı məxsus qeyriyaşayış sahəsinə tərəf gedir, qeyri-yaşayış sahəsinin arxa tərəfinə keçərək sayğacı göstərir, su borusunda suyu kəsdiyini deyir, sonra ayaq yoluna keçərək orada olan krantı açıq və suyun gəldiyini qeyd edir, həmçinin həyətdə olan su krantından su gəldiyini qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Sudan istifadə qaydaları”nın 3.1.1-ci bəndinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüquqlarına aid edilmişdir. Həmin qaydaların 5.1.1-ci bəndinə əsasən qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək istehlakçıların hüquqlarına aid edilmişdir. Həmin qaydaların 6.18-ci bəndinə əsasən STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, Bərdə şəhəri, Natəvan qəsəbəsində yerləşən qeyri-yaşayış binası İddiaçının mülkiyyətindədir. Cavabdehlərin əməkdaşları tərəfindən qeyri-yaşayış binasına baxış keçirilmiş, baxış zamanı audio-video çəkiliş aparılmış, 02 aprel 2024-cü il tarixli akt tərtib edilmiş, aktda abonentin sayğacdan kənar su xəttindən istifadə etdiyi qeyd edilmiş, abonentə 04/2024-cü il tarixə 2052 manat borc hesablanmışdır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdehin əməkdaşları 02 aprel 2024-cü il tarixdə qeyri-yaşayış sahəsinə baxış keçirərək akt tərtib etmişlər, lakin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi baxış keçiriləcəyi barədə məlumatlandırılmamış, aktın tərtibində iştirakı təmin edilməmiş, aktla bağlı məlumat verilməmiş, akt əsasında cərimə hesablansa da bu barədə qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə hər hansı sənəd təqdim edilməmişdir. Bundan başqa cavabdehin əməkdaşı audio-video çəkiliş aparsa da qanunsuz qoşulma hallarının nədən ibarət olmasını müəyyən etməmiş, sayğacdan kənar su xəttinin nədən ibarət olmasını aşkar etməmiş, sadəcə boru üzərində krantı bağlamaqla suyun axdığını, bununla da kənar xəttin olduğunu qeyd etmiş, suyun axması ilə birlikdə sayğacın hesablama aparıb-aparmamasını çəkməmişdir. Göründüyü kimi akt qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsində yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, akt əsasında yazılmış borc silinməlidir. Məhkəmə həmçinin bildirir ki, iddiaçı akt əsasında hesablanmış 2066 manat borcun silinməsini xahiş edir. Abonentin saldosundan görünür ki, abonentə 04/2024-cü il tarixə 2052 manat borc hesablanmışdır. Ona görə də 2052 manat borc abonentin hesabından silinməliidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 5 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 602088 nömrəli akta əsasən İddiaçı yazılmış 2052 (iki min əlli iki) manat borc onun hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar