Məhkəmə qərarları › İş №e-2-2(115)-1145/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1145/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1145/2024 22.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o fiziki şəxs kimi vergi uçotuna alınaraq, Bərdə rayonu, Şatırlı kəndi inzibati ərazidə yerləşən, kommersiya məqsədləri ilə yaradılmış istixanada kənd təsərrüfatı məhsullarını yetişdirir. İstixanada quraşdırılmış su qızdırıcı qazanının qaz yanacaqı ilə təchiz edilməsi üçün Cavabdeh ilə xx.xx.2022-ci il tarixli AMX-6363/23 nömrəli müqavilə bağlamışdır. İstixanada xx.xx.2021-ci ildə G-250- RVG EK-220 tipli 27820 nömrəli qaz sayğacı quraşdırılıb və həmin vaxtdan istismar olunur. 2024-cü ilin yanvar ayında sayğaca baxış keçirərkən aşkar etmişdir ki, sayğacın elektron hissəsi işləmir və dərhal X4 zəng vurub yaranmış problem barədə məlumat vermişdir. Tərtər XS-si məlumatı alandan sonra ona bildirmişdir ki, onlar tərəfindən xx.xx.2024-cü il tarixdə X5 İstismarı İdarəsinə yazılı məlumat göndərilib. Tərtər RQİİ-si Tərtər XS-nin müraciətini xx.xx.2024-cü ildə Cavabdeh İB-nə yolladı və ona bildirildi ki, yaxın zamanda yararsız sayğacın dəyişdirilməsi üçün müvafiq tədbirlər görüləcək. O, arxayın olaraq yeni elektron qaz sayğacının quraşdırılmasını gözləmiş və hesab etmişdir ki, bundan sonrakı qaz sərfiyatı mexaniki sayğacın göstəricilərinə əsasən təyin olunacaq. Lakin sayğac sökülüb aparılandan və yerinə quraşdırılandan sonra, Tərtər RQİİ-nin əməkdaşları gəlib sayğacın mexaniki göstəricilərini ona məlum olmayan əmsala vurub özlərinin tətbiq etdiyi üsul ilə qazın sərfini 107914 m həcmində müəyyən edib buna uyğun olaraq ödəniş hissəsini də 25 237.00 məbləğində təyin etdilər. Bu haqda 29 fevral 2024-cü il tarixli akt tərtib olundu. Belə bir hesablama ilə razı deyil, hesab edir ki, hesablama düzgün aparılmayıb və qazın sərfi iki dəfəyə yaxın həddə artıq göstərilib. Bunu sadə müqahisə üsulu ilə təyin etmək çətin deyil. Belə ki, sonuncu abonent saldosunun göstəricilərinə əsasən müəyyən olunur ki, 2023-cü ilin fevral ayında istixanada 56570 m qaz sərf olunub. Həmin dövrdən bu günədək istixanada quraşdırılmış su qızdırıcı qazanın və istixananın ərazisi eyni həcmdə qalıb. Hətta keçən ilin dekabr ayında havaların daha soyuq keçməsinə baxmayaraq qazın sərfi daha aşağı həcmdə olub, həmçinin bu ilin fevral ayında anomal isti hava şəraiti müşahidə olunub və istiliyə olan ehtiyac qat-qat aşağı olub. Göstərilənlərə əsasən, aparılmış hesablamalarla razı olmadığını nəzərə alaraq, 2024-cü ilin fevral ayında hesablanan qaz sərfinin yenidən hesablanması və 2023-cü ilin eyni dövrünə uyğun olaraq təyin olunması üçün müvafiq tədbirlərin görülməsindən ötrü Cavabdehnə müraciət etmişdir. Cavabdeh tapşırığına əsasənTərtər RQİİ tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirildi ki, 2024-cü ilin fevral ayının son mexaniki sərfiyyatı 61208 m3 ilə 1,7630742 əmsalın hasili 107914 m3 olmuşdur. Nəticədə 107914 m3 ilə 61208 m3 -in fərqi 46706 m3 qaz həcmi hesablanmışdır ki, bu da qazın 1 m 22 qəpikdən hesablansa 10 275.00 manat təşkil edir. Beləliklə də, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktda göstərilənləri bir daha təsdiq edib onun xahişinə imtina cavabı vermişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabımdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini dəqiqləşdirərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktına əsasən hesablanmış 46706 m3 artıq qaz həcminə görə 10275 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki iddiaçı onunla Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı müəssisəsinə quraşdırılmış ona məxsus G250 markalı 27820 nömrəli rotor tipli “ELESTER” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən İstehlakçının iştiraçı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı elektron hissəsi korektor sönüb, əvəzləmə sayğacı quraşdırılana qədər istifadə etdiyi təbii qazın hesablanması sayğacın mexaniki göstərici ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma aşağıdakı kimi aparılmışdır. 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.76307424 xx.xx.2024-cü ildə mexaniki göstəricisi 440 461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501 669 m3 olmuş 501 669 m3 – 440 461 m3 =61 208 m3 * 1.76307424 = 107 914 m3 elektron göstəricisi nəzərə çatdırılır ki, qeyri-əhali istehlakçıları ilə hesablaşma elektron göstəricisinin sərfiyyatıla aparılır bu səbəbdən elektron göstəricisini müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107 914 m3 mexaniki göstəricis 61 208 m3 = 46 705 m3 2024-cü ilin fevral ay üzrə 46 705 m3 Tarif şurasının qərarına uyğun olaraq 46 705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 10 275 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Hüquqi məsələlər: Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda İddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X2 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. ARNK-nin xx.xx.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASİNİN Qanunun 2.3-cü bəndinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsənin 21.1-ci maddəninə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli, 356 saylı Fərmanın 9-cu bəndində limitlərdən artıq istifadə edilməsinə yol verməsinlərqeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alsınması tapşırılmışdır. Yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası MM-nin 21.1, 442, 448.1, 385.1 və MPM-nin 4, 154cü maddələrini rəhbər tutaraq məhkəmədən İddiaçı Cavabdehnə qarşı 46706 m3 həcminin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, hər iki tərəfin nümayəndəsi, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, təbii X2 pozulması haqqında akt, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, abonent saldosu, qaz sayğaclarının yoxlanılması protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 30 dekabr 2022-ci il tarixli, AMX-6363/22 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş 29 fevral 2024-cü il tarixli aktdan görünür ki, sayğacın elektron hissəsi işləmədiyi üçün 46706 m3 qaz sərfi aktlar bölməsindən abonet hesabına işlənmişdir. İş materiallarında olan "xxxx" MMC-nin Y 0840 nömrəli qaz sayğacların yoxlanılması haqqında protokolundan görünür ki, İddiaçı məxsus qaz sayğacı yoxlanılmış və sayğacın istismara yararsız olduğu nəticəsinə gəlinmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, sayğacın elektron hissəsi söndüyündən yerinə müvəqqəti olaraq G250 saylı sayğac quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Bundan başqa, məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulması nəticəsində itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləğini qanuni hesab etmir. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləği daxil edilmişdir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 30 dekabr 2022-ci il tarixli, AMX-6363/22 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində sayğacın elektron hissəsinin işləməməsi səbəbindən hesablanmış borc müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********0010) hesablanmış 10275 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********0010) hesablanmış 10275 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar