Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1150/2023 03.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-nə əsassız yazılmış 1826,25 atrıq borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Şəmkir şəhərində 2013-cü il tarixdən "X4" hotelinin idarəetməsini həyata keçirir. (abonent nömrəsi **********88001, sayğac nömrəsi ********) xx.xx.2023-cü il tarixdə Cavabdeh İB Şəmkir RQİİ-nin və müəssisənin əməkdaşları tərəfindən tərtib edilmiş üzləşmə aktında həmin günə ümumilikdə borc 3260,75 manat göstərilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə müəssisəyə göndərilmiş 25 saylı hesabfakturada göstərilmişdir ki, xx.xx.2022-ci il tarixə abonentin borc məbləği 5087 manatdır. Beləliklə, abonentə 1826,25 manat atrıq borc məbləği yazılmışdır. Bu barədə Şəmkir RQİİ-yə müraciət olunmuş, həmin məbləğin müəssisəyə cərimə kimi yazıldığı məlum olmuş, lakin cərimənin hansı əsasla yazıldığı barədə əsaslandırılmış izahat verilməmişdir. 2022-ci il ərzində sayğaca hər hansı bir baxış və ya yoxlama aparılmamışdır. Artıq yazılmış məbləğin silinməsi üçün tərəflərindən xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nə pretenziya məktubu göndərilmişdir. Məktuba cavab olaraq "Azəriqaz” İB-nin xx.xx.2023-cü il tarixli cavab məktubunda texniki əsaslandırmalar göstərərək sayğacın yoxlanması və yenidən quraşdırılması zamanı bu kimi uyğunsuzluqların yarana biləcəyini göstərmişdir. Lakin qeyd edirlər ki, 2022-ci il ərzində müəssisənin sayğacına hər hansı bir baxış və ya yoxlama aparılmamışdır. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək e-2-2(115)-1150/2023 saylı iş üzrə mübahisələndirilən 1826,25 manat məbləğin, göstərilən faktlar və əsaslarla iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, istehlakçı “X10 Spa” MMC adına abonent qeydiyyatında olan obyektin-otelin hazırda mövcud olan 3177,50 manatıq borc məbləğinin 1351,25 manat hissəsi istehlak edilmiş təbii qaz sərfi dəyərinin ödənilməmiş qalan məbləğ, 1826,25 manat hissəsi isə müddət ərzində sayğac vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak edilmiş təbii qazın müəyyənləşdirlmiş həcminə görə qalan məbləğdir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak edilmiş qaz sərfiyyatını tam qeydə almadığı, istismarda olduğu dövr üçün abonentin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 1826,25 manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən tərtib edilmiş sənədləşmələrin və edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmamış ödəniş təmin edilməmişdir. Bundan əlavə sayğac müayinə olunarkən yəni xx.xx.2022-ci il tarixdə qüsur aşkarlanarkən istehlakçı tərəfindən heç bir icraat aparılmamış və əlavə tədbirlər görülməmişdir (yenidən müayinə, səbəbin dəqiqləşdirilməsi, mövcud olan sayğac göstəricisində artıq hesabatın müəyyənləşdirilməsi və s.). Beləliklə qeyd edilənləri eləcədə sayğac göstəricilərinə əsasən dövlət standartı ilə müəyyən edilmiş minimal, nominal, maksimal sərfiyyatın nisbətində müəyyənləşdirilmiş sərfiyyat borcu, hazırkı borc məbləği 1826,25 manat məbləğ abonentin borcu hesab edilməklə ödənişi tələb edilməkdədir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, qazdan istifadə ilə əlaqədar olaraq cavabdehlə aralarında müqavilə bağlanmışdır. Cavabdeh heç bir əsas olmadan onlara borc hesablamışdır. Səbəb kimi isə sayğacın düzgün işləmədiyini qeyd etmişdir. Lakin qaz idarəsi hər hansı yoxlama keçirmədən bu nəticəyə gəlmişdir. İki ədəd qaz sayğacı vardır. Biri obyetkin hasarına quraşdırılmışdır. Digəri isə qazanxanın hasarına quraşdırılmışdır. Akt yazılan vaxtı qaz idarəsinin nümayəndələri sayğaca texniki xidmət göstərilməsi üçün gəlmişər. Aylıq borc hesablanan zaman onların nümayəndəsi də qaz idarəsinin nümayəndəsi ilə birlikdə sayğacda göstərilən aylıq istifadə edilmiş qazın miqardarını qeyd etmişdir. Yazılan borcla əlaqədar olaraq qaz idarəsinə getmişlər, lakin onlar hər hansı əsas göstərə bilməyiblər. Onlar regional qaz idarəsinə dəfələrlə müraciət etsə də cərimənin nəyin əsasında yazılması barədə onlara məlumat verilməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 izahat verərək bildirdi ki, borc sayğacda uçotu pozulmuş qaz sərfiyyatı ilə əlaqədar yazılmışdır. Bu isə qazın minimal və maksimal sərfiyyatına əsasən hesablanmışdır və 7305 kub uçotdan kənarda qalmış qaz sərfiyyatının olması müəyyən edilmişdir. Uçotdan kənarda qalan sərfiyyat sayğacın yazmalı olduğu və hazırda nə qədər yazdığı sərfiyyat ilə müəyyən olunur. Müəyyən hesabat dövrünə əsasən, misal üçün 1 illik, 6 aylıq, sayğacın yazmalı olduğu qaz sərfiyyatı hesablanır. Onda olan məlumata əsasən sayğac yoxlanılmaq üçün laboratoriyaya getməmiş, sadəcə qaz sayğacının hesabatının təhili aparılmışdır. Sayğacda hər hansı təsir izi, müdaxilə olduğu halda metrologiya departamenti onlara bunu bildirir və bunun əsasında onların mütəxəssis müvafiq tədbir görür. Hazırki iş üzrə sayğacda hər hansı müdaxilədən söhbət getmədiyi üçün onların əməkdaş uçotu pozulmuş qaz sərfiyyatının təhlilini aparmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının müfəttişi X6 izahatında göstərdi ki, lazımi bütün sənədlər onda olmasa da onda olan sənədlərə əsasən qaz sayğacının qurşadırılması zamanı onun istismara yararlılığı barədə arayış verilir və orada növbəti dövlət yoxlamasının keçirilməsinin vaxtı göstərilir. Qaz paylayıcısı tərəfindən hər hansı şübhə yaranarsa növbədən kənar yoxlama keçirə bilər, o cümlədən istehlakçının da müraciəti əsasında növbədən kənar yoxlama keçirilə bilər. Təqdim edilmiş sənədlərdən görünür ki, sayğac 2016-cı ildə quraşdırılmışdır və növbəti yoxlama 2022-ci ildə keçirilməli idi. Abonentə yazılan borcla əlaqədar akta isə göstərilən qaz sərfiyyatının nəyin əsasında hesablandığı qeyd edilməmişdir. Hər bir halda sayğac dövlət yoxlamasına getməli idi və bundan sonra müvafiq tədbir görülməli idi. Hər bir sayğacın minimal və maksimal sərfiyyat ölçmə bacarığı vardır. Şübhə yarandığı halda bunu yoxlamaq üçün qaz paylayıcısının əməkdaşları içəri daxil olmalı, qaz qurğularına baxış keçirməli və həmin qurğuların 1 saat içində sərf etdiyi qazın sayğac tərəfindən qeyd edilə bilib-bilməməsini araşdırlmalı idilər. Lakin onlar sərfiyyatı belə hesablamamışlar. Hesab edir ki, qeyd edilən şəxslərin aktı tərtib etməyə səlahiyyəti olmamışdır. Hər bir sahənin özünün mütəxəssisi olduğu kimi, uçotu pozulan qaz sərfiyyatının miqdarını da mütəxəssis müəyyən etməli idi. Odur ki, hazırki iş üzrə tərtib edilən sənədin, yəni aktın heç bir əsası yoxdur. Qaz sayğacının uçotunun pozulması o deməkdir ki, qazın daxilində hər hansı problem yarandığı üçün o hesabatı düzgün aparmır. Buna görə də sayğac metrologiya departamentinə getməli idi. Bundan sonra verilən rəy əsasında hesabat aparılmalı idi. İş materiallarında olan 25 sentyabr 2019-cu il tarixli “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyətini keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 01 yanvar 2023-cü il tarixli aktlardan görünür ki, 2022-ci ilin dekabr ayı üzrə sayğaca əsasən qaz sərfi göstəriciləri-Elster G-160 RVG EK-220 markalı, zavod nömrəsi 75123640 nömrəli sayğacın təzyiq üzrə göstəricisi 0, son göstəricinin çıxarılma tarixi xx.xx.2022-ci il, son mexaniki göstəricisi 940551, son elekrton göstəricisi 987867, hesabat ayının mexaniki göstərici 952908, hesabat ayının elektron göstəricisi 1000647, fərq elektron göstərici isə 12780/3195 kub təşkil edir. Elster G-6T diafraqma markalı, zavod nömrəsi 28254328 nömrəli sayğacın təzyiq üzrə göstəricisi 0, son göstəricinin çıxarılma tarixi xx.xx.2022-ci il, son mexaniki göstəricisi 19778, son elekrton göstəricisi 0, hesabat ayının mexaniki göstərici 20041, fərq elektron göstərici isə 263/65,75 kub təşkil edir. İş materiallarında olan 31 dekabr 2022-ci il tarixli UP ******* nömrəli aktdan görünür ki, istehlakçı “X9 & Spa” MMC-nə məxsus yaşayış (qeyri-yaşayış) sahəsində təbii qazdan istifadə üzrə xx.xx.2022-ci il tarixində saat 15:30-da keçirilən yoxlanışda “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq G-160 markalı 75123640 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən olunmuş, 7305 m3 borc hesablanmış, aktın doğruluğunu istehlakçının nümayəndəsi Yolçuyeva Vüqar imza etməkdən imtina etmişdir. İş materiallarında olan “Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə” aktından görünür ki, istehlakçı “X9 & Spa” MMC-nin 31 dekabr 2022-ci il tarixə qalıq borcu cəmi 5087 manat təşkil etdiyi göstərilmiş, lakin istehlakçı “X9 & Spa” MMC həmin borcdan 3260,75 manatını qəbul edərək öz imzası ilə təsdiq etmişdir. Qalan 1826,25 manat borcun isə artıq göstərildiyini aktda qeyd etmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinə akt əsasında 1826,25 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının 27 sentyabr 2023-cü il tarixli 3-15-2-10/2-240/2023 saylı rəyinə əsasən Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-1150/2023 nömrəli iş üzrə toplanmış sənədlər təhlil olunan zaman məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən, Cavabdeh İB-nin X8 İstismarı İdarəsində (RQİİ) 29**********880 abonent kodu ilə qeydiyyatda olan “X9 & Spa” MMC-nə məxsus otelin qaz xətti üzərində quraşdırılmış G-160 markalı, 75123640 zavod nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixində Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən keçirilmiş vizual baxışın nəticəsi olaraq Cavabdeh İB-nin SOCAR**********00040020A00513 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcə də uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarəolunması üzrə Təlimatı”na əsasən xx.xx.2022-ci il tarixli, UP5700101 nömrəli akt tərtib edilərək 7305 m3 uçota alınmayan qaz həcminin hesabatı abonentin hesabına daxil edilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra qaydalar) 4.3-cü bəndinin tələblərinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli, UP ******* nömrəli akt tərtib edilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması qaydası və yoxlama nişanına dair Tələblər”in 1.3-cü bəndinin (Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra-Xidmət) tərəfindən verilir. Ölçmə vasitələrinin yoxlanılması sahəsində akkreditasiya olunmuş hüquqi şəxslər, hüquqi şəxslərin metroloji xidmətləri və fiziki şəxslər (bundan sonra akkreditasiya olunmuş orqanlar) tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir, 1.4-cü bəndinin (Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə Xidmət nəzarət edir), 1.5-ci bəndinin (Ölçmə vasitələrinin yoxlanılması Xidmət tərəfindən yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir), 1.6-cı bəndinin (Yoxlama ölçmə vasitələrinin tipinin təsdiqi üzrə sınaqların nəticələrinə əsasən texniki normativ hüquqi aktlara uyğun olaraq aparılır), 2.14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və 2.18-ci bəndinin (Ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir) tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Belə ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektinin qaz sayğacının göstəricilərinin oxunması zamanı həmin sayğacın qaz sərfini düzgün hesablayıbhesablamadığı qənaətinə gələrdisə bu yoxlamanı aparmaq səlahiyyəti olan qruma müraciət etməli, bundan sonra yoxlma aparmaq səlahiyyəti olan şəxslər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama həyata keçirməli idilər. Bundan başqa məhkəmə qeyd edir ki, sayğacın qaz sərfini dügün hesablayıbhesablamamasını, əgər düzgün hesablama aparılmırsa bunun səbəbini öyrənmək üçün sayğac labaratoriyaya göndərilməmiş, bu barədə akt tərtib edilməmişdir. İş materiallarından görünür ki, sayğaclar yalnız 2016-cı ildə dövlət yoxlanışından keçmişdir. Həmçinin akt “Qazdan istifadə qaydaları”nın 4.3-cü bəndinə istinad edilərək qaz sayğacının dövlət yoxlamasından keçirilərkən göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmaması ilə əsaslandırılmışdır. Məhkəmə hesab edir ki, qaz sayğacının normalara uyğun olmaması, qaz sərfiyyatını düzgün qeydə almaması istehlakçının təqsirli olması kimi qiymətləndirilə, buna görə də istehlakçıdan dəymiş ziyanın ödənilməsi tələb edilə bilməz. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 31 dekabr 2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 1826 manat 25 qəpik məbləğində borc 29**********880 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 31 dekabr 2022-ci il tarixli UP5700101 nömrəli akta əsasən “X9 & Spa” Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 1826 (bir min səkkiz yüz iyirmi altı) manat 25 (iyirmi beş) qəpik məbləğində borc 29**********880 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1150/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1150/2023
03.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver