Məhkəmə qərarları › İş №e-2-2(115)-1158/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1158/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1158/2024 28.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən **********4 nömrəli abonent kodu üzrə əsassız olaraq ona hesablanmış 1575,31 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları heç bir sənəd təqdim etmədən baxış keçirib və sayğacın düzgün işləmədiyini əsas gətirərək sayğacı söküb aparmışdırlar. Bununla bağlı 054439 nömrəli qanunsuz Akt tərtib edilmişdir. Həmin aktla sayğacın dəyişdirilməsi və laboratoriya şəraitində rəy verilməsi tələbi qoyulmuşdur. "xxxx" ASC-nin aidiyyatı komissiyasında göstərilən 14 fevral 2024-ci il tarixli akt müzakirə olunaraq 1575,31 manat əsassız olaraq borc hesablanmışdır. Göründüyü kimi bu akt və əlavə hesabat tamamilə əsassız və qanunsuzdur. Aktın tərtib olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na tamamilə ziddir. EEİQ-nın 8.33-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Lakin Yoxlamanı aparan şəxslərdə Sahibkarlıq sahəsində aparılan yoxlamaların vəhid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış olmayıb və onlar bu yoxlamanı qanunsuz aparıblar. "xxxx" ASC-nin göndərdiyi məktublardan göründüyü kimi sayğacın düzgün işləməməsinin istehlakçının təqsirindən olmadığı aydındır. Əlavə olaraq, EEİQ-nın tələbinin (Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir) əksinə olaraq, istehlakçının laboratoriya araşdırmasında iştirakı təmin olunmamışdır. EEİQ-nın 8.17-ci bəndində istehlakçının təqsirindən baş verə biləcək mümkün müdaxilələr göstərilib: hesablaşma uçot cihazlarının zədələnməsi (plomb qoparılması, baxış şüşəsi sındırılması və s.), uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yük qoşulması. İndiki halda isə nə sayğacın plombu qırılıb, şüşəsi sınıb, nə qoşulma sxemi pozulub, nə də kənar özbaşına yük qoşulub. Laboratoriya şəraitində araşdırılan zaman sayğacın daxili sistemində qüsur yarandığı aşkar olunub. Göründüyü kimi istehlakçının təqsirinin olması burada istisna olunur. Cavabdeh tərəfindən qeyd etdiyi bütün hüquq normaları pozulmuşdur. Belə ki, yoxlama zamanı ona heç bir xəbərdarlıq edilməmiş, yoxlama barədə qərarın surəti təqdim edilməmişdir. Bundan başqa qərara əsasən mənzildən kənarda yerləşən sayğaclara enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Onun obyektində də sayğac çöldə quraşdırılıb və buna cavabdeh enerjitəchizatı müəssisəsidir. Sahibkarlıq müəssisələrində yoxlama aparmaq üçün reyestr qeydiyyatından çıxarış yoxlamanı aparan şəxslərdə olmayıb və bu yoxlama qanunsuz aparılıb. Laboratoriyada istehlakçının iştirakı təmin edilməyib və cəmiyyətdə əsassız əlavə hesabat yazdığı məlum olan təşkilatın verdiyi rəy şübhəli xarakter daşıyır. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları sayğaca baxış keçiriblər və sayğacda gərginlik olduğunu bildiriblər. Sonradan məlumatları olmuşdur ki, onlar tərəfindən akt tərtib olunub və cərimə yazılıbdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli R № 054439 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın sxemində B faza və 0 xətti ilə yerləri dəyişmişdir. Kənar xəttdə axan cəyran 4,22 A olaraq qeyd olunmuşdur. Kənar xəttin ləğv olunması nəticəsinə gəlinmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus olan obyektdə aşkar edilmiş pozuntu nəticəsində 4066 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 447,26 manat məbləğində cərimə hesablanmışdır. Qeyri-əhali qrupuna aid İddiaçı abunə haqqında vərəqindən görünür ki, 1575,31 manat məbləğində pul vəsaiti RQ054439 nömrəli akt əsasında borc kimi abunə haqqında sənədə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: - 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2 Qaydaları”nın və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Ona görə də 1575,31 manat əsassız hesablanmış borc məbləği cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********4) hesablanmış 1575,31 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********4) hesablanmış 1575,31 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar