Məhkəmə qərarları › İş №e-2-2(115)-123/2024

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-123/2024

17.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-123/2024 17.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yeləşən əmlak kompleksi kimi müəsissədə olan ½ hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yeləşən əmlak kompleksi kimi müəsissədə olan ½ hissə payının naturada ayrılması və əmlak kompleksi kimi müəsissənin Gəncə şəhəri, M.Şeyzamanov küçəsi istiqamətində olan girişinin, həmin girişdən başlayaraq əmlakın 0,2360 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5420 saylı ekspert rəyində İddiaçı aid hissədə göstərilmiş torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahələrinin rəydə göstərildiyi kimi onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-161/2023 saylı qərardadı ilə işin aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı nümayəndəsi və vəkili Əliyev Emin Cəfər oğlu kassasiya şikayəti verərək, qərardadının ləğv edilməsini və işə Gəncə Şəhər Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(125)-161/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin 02 fevral 2023-cü il tarixli e-2(125)- 161/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı mediasiya dair tələbləri yerinə yetirdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yeləşən əmlak kompleksi kimi müəsissədə olan ½ hissə payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasının gedişi zamanı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında barışıq əldə edildiyindən iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 noyabr 2022-ci il tarixli 10/5420 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı olan tədqiqatın dəyəri 50 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ekspertiza xərci olan məbləğ iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.4, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İş üzrə məhkəmə-tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar