Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1284/2025 02.09.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əməkdaşları tərəfindən tərtib edilən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt və xx.xx.2025-ci il tarixli bildiriş-xəbərdarlıq sənədi üzrə qaz sərfiyyatına dair saldo cədvəlinin 2025-ci ilin fevral ayına görə qalıq və aktlar qrafası üzrə barəsində hesablanmış 1253 manat məbləğində borcun əsassız hesab edilərək hesabından silinməsi bərədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ilə onun arasında bağlanmış müqaviləyə əsasən özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən istixanada quraşdırılan qaz saygacı ilə hesablanan sərfin məbləğini mütəmadi olaraq hər ayda ödəmişdir. Həmin sayğac son dəfə cavabdehin əməkdaşları tərəfindən 2019-cu ildə quraşdırılmış, sayğacı dəyişəcəklərini vəd etsələr də müxtəlif bəhanə ilə dəyişdirməmişlər. İstixanada ilin soyuq aylarında qaz sərfiyyatı sutkada 3-4 saat fasilə verilməklə 20 saat istifadə olunduğu halda, cavabdehin əməkdaşları istixanada sutkada guya 10 saat müddətində qaz sərf olunması əmsalı ilə qaz sərfiyyatını qeydə alırdılar. Bu barədə cavabdehin əməkdaşları ilə dəfələrlə mübahisələri olmasına bazmayaraq yenə də sutkada 10 saatdan artıq qazdan istifadə etməyini nəzərə almırdılar. Nəticədə guya istixanaya quraşdırılmış qaz sayğacının sərf olunan qazı ölçmə qabiliyyətində olmaması qənaətinə gələn cavabdehin əməkdaşları istifadə olunan, ancaq ölçülməmiş qaz sərfiyyatı bəhanəsi ilə ona qarşı əsassız borc tətbiq edirlər. Bu baxımdan cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli xx.xx.2020-ci il tarixli akt və xx.xx.2020-ci il tarixli bildiriş-xəbərdarəlq sənədi üzrə tərtib etdikləri qaz sərfiyyatına dair saldo cədvəlində 2020-ci ilin mart ayının sonunadək qalıq və aktlar qrafası üzrə barəsində 1296,10 manat məbləğində əsassız borc olması qeyd edilərək ödənməsı tələb edilmişdi. Həmin borcun əsassız hesab edilərək silinməsi tələbinə dair X1 cavabdehə qarşı qaldırdığı iddia, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli 2-2(115)-774/2020 saylı qətnaməsi ilə təmin edilmişdir. Cavabdehin əmkdaşları tərəfindən istixanaya quraşdırılmış qaz sayğacının istifadə olunan qaz sərfiyyatını tam ölçməməsi bəhanəsi ilə barəsində əsassız borc yazmaqdandırsa, həmin sayğacı normal sayğacla əvəz edilməsinə dair təkliflərini yerinə yetirə bilərdilər. Hələ də cavabdeh tərəfindən təklifi təmin edilməmiş, yenə də istehlakçılara qarşı məkrli oyunlarını davam etdirməkdədirlər. Nəticədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib etmiş, həmin aktda istixanada istifadə olunan qaz qurğusundan keçən qazın qaz sayğacının minimal ölçmə həddindən çoxdur ifadəsini və oxunması mümkün olmayan bəzi ifadələri, həmçinin dəymiş ziyanın müəyyən edilərək ödənilməsinin tələb edilməsi kimi ifadələr qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli bildiriş-xəbərdarlıq sənədi üzrə tərtib etdikləri saldo cədvəlində 2025-ci ilin fevral ayının sonunadək qalıq aktlar üzrə barəsində 1253 manat məbləğində borcun olması qeyd edilərək ödənməsi ondan tələb edilmişdir. Həmin borcun cavabdeh tərəfindən əsassız hesab edilərək silinməsinə dair cavabdehə pretenziya qaydasında etdiyi müraciətinin təmin edilməməsinə görə cavabdehə qarşı iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təbii qazdan istifada qaydalanın pozulması haqqında ******* nömrəli aktda qeyd edilmişdir ki, istixanada istifadə olunan qaz sayğacının qaz sərfi saygacın maksimal ölçmə həddindən çoxdur. Sərfiyyat aşma-7,5 m3/saat qeyd edilmişdir. Qazdan istifadə qaydalarının 3.4.1-ci yarımbəndinin və istehlakçı və paylayıcı arasında bağlanmış qazın alqı satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfi hesablanması, ödənişin təmin edilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərin maksimal sərfiyyatı 17,5 m3/saat-dır. Saygacın maksimal saatlıq sərfiyyatından artıq olan və özbaşına quraşdırılmış qaz qurğuları ləğv edilsin. İtirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Nəticədə dəymiş ziyanın həcmi 5400 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sənaye üzrə inventar aktından görünür ki, saygacın parametrləri G-6 nömrə 28101339 Mex: 21552, müəssisədə istifadə olunan qaz qurğuları qeyri-standart istilik qazanı- 1 ədəd, 17,5 m3/saat. İş materiallarında olan abonent saldosundan görünür ki, 2025-ci ilin fevral ayına abonentə 1253 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin qanunun 13.8-1-ci madəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə G-6 28101339 nömrəli sayğaca "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, istixanada istifadə olunan qaz sayğacının qaz sərfi saygacın maksimal ölçmə həddindən çoxdur. Sərfiyyat aşma-7,5 m3/saat-dır. Həmin akt əsasında xx.xx.2025-ci il tarixdə tələbnamə verilmiş və abonentə təbii qazdan istifadə qaydalarının 6.5-2-ci bəndinə əsasən 5400 m3 qaz itkisinə görə dəymiş ziyan hesablanmış və abonentin saldosuna 1253 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, "Azəriqaz" İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə abonentə borc hesablamış, lakin müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müqaciət olunmamış, müvafiq icra hakimiyyəti orqanının qərarı alınmamış, abonentin barəsində borc hesablanmışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1253 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 1253 (bir min iki yüz əlli üç) manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1284/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1284/2025
02.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver