Məhkəmə qərarları › İş №e-2-2(115)-1291/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1291/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1291/2023 13.11.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1608 manat borcun silinməsini və vəkilə hüquqi yardım üçün ödədiyi 1000 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən 016458 saylı akt tərtib edilərək ona 1608 manat cərimə hesablanmışdır. Aktda göstərilir ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1 və i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lanmapasının yanması və “22” işarəsinin yanıb sönməsi ilə xarakterizə olunur. İlk öncə aktda göstərilən halların xüsusi bilik sahəsi ilə qüsur olması müəyyən edildikdən sonra, həmin qüsurun baş verməsində təqsiri müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, iddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir, onlarda sayğacın olduğu qutunun açarı olmamışdır. Sayğac smartkartla işləyən sayğaclardan deyildir, SMS vasitəsilə onlara borc barəsində məlumat daxil olduqdan sonra onlar sərf etdikləri işığın pulunu ödəyirlər. Qarşı tərəf aktda qeyd edilən təqsirin iddiaçı tərəfindən edildiyini də sübut etməlidi. Həmçinin sayğac iddiaçıya məxsus obyetkdən 60 metr uzaqda hasarın içində yerləşir. Buna görə də həmin sayğaca nəzarət etmək iddiaçının vəzifəsi olmamışdır. Hər hansı yoxlama aparılmasından da iddiaçının məlumatı olmamışdır. İddiaçının baxış zamanı iştirakı təmin edilməmiş və akt onlara təqdim edilməmişdir. Ancaq telefon ilə fotoşəkili əldə edilmişdir. Baxış zamanı video çəkən şəxs isə sadəcə öz mülahizələrini bildirmişdir. Bunu təsdiq etmək üçün laboratoriya şəraitində yoxlamadan sonra ekspert rəy verə bilərdi. Sayğaca kənar şəxs tərəfindən müdaxilə olmuş olsaydı belə, sayğacın obyektdən uzaq məsafədə yerləşməsi səbəbindən iddiaçının ona nəzarət etmək öhdəliyi olmamışdır. Qarşı tərəf sayğaca müdaxilə edilməsini onun qutusunu açandan sonra gördüklərini bildiriblər. O cümlədən sayğaca baxış keçirilən zaman sahibkarlıq fəaliyyət ilə əlaqədar yoxlama aparmaq üçün reyestrdən qeydiyyatdan keçməmişdir. Aktın hər hansı hüquqi əsası yoxdur. Borc əsassız hesablanmışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək göstərdi ki, hər bir sayğacda A,B,C adında 3 cərəyan transformatoru olur. Həmin transformatorlar ötürülən yüksək enerjini normallaşdırır. Bu cərəyan transformatordan biri işləməyənda sayğac ötürülən enerjini düzgün qeyd etmir. Cərəyan transformatorlarının xətləri birləşdirilmişdir. Belə olan halda sayğaca müdaxilə hesab edilmir. Sadəcə olaraq sxem bərpa edilməlidir. Cərəyan transformatorlarının yerini dəyişmək çətin məsələ deyildir. Sayğac qutunun içərisində olsa da qutunun açarı istehlakçının özündə olur. Sayğacın laboratoriyaya göndərilməsi üçün hər hansı səbəb olmamışdır. Sadəcə olaraq sayğacın sxemində xəta olmuşdur, hazırda sxemdə olan xəta aradan qaldırılmışdır. O cümlədən istehlakçı sərəncamında olan qurğu və avadanlıqların düzgün işləməsinə özü məsuliyyət daşıyır, bu o cümlədən müqavilədə də öz əksini tapır. Aktı tərtib edənlər satışa nəzarət departamentinin işçiləri olmuşdur. Aktı tərtib edən şəxslərin buna səlahiyyətli olmuşdur. Pozuntu olmasa idi onlar əsassız olaraq akt tərtib etməzdilər. Quraşdırılan sayğac smartkartla işləyən sayğacdır. İddiaçının saldosunda göstərilən borc akta əsasən yazılan borcdur. Smartkart tipli sayğaclarda abonentin borcu olduğu halda karta yüklənilən pul sayğac tərəfindən avtomatik olaraq borcdan silinir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, məhkəməyə təqdim edilmiş qüsur aktında da qeyd edildiyi kimi sayğaca daxil olan naqillərin yeri dəyişdirilərək çarpaz qoşulmuşdur, sayğacın üzərində ona müdaxilə edilməsini əks etdirən işarələr öz əksini tapır, bundan sonra akt tərtib edilərək sayğacın sxemi bərpa edilmiş və abonentə borc hesablanmışdır. Məhkəməyə təqdim edilmiş auido-video qeyd diskində də bu tam ətraflı öz əksini tapmışdır. Sayğaca müdaxiləni abonentin özü də edə bilər, ancaq çox hallara abonentlər bunu kiməsə etdirirlər. Bunun edilməsində səbəb sərfiyyatın aşağı salınmasıdır. Aktı tərtib edən əməkdaşlar Bakıdan gəlmişlər. Onların aktı tərtib etməyə səlahiyyəti olmuşdur. Onlar obyektlərdə yoxlama aparmaq üçün ərazilərə ezam olunmuş şəxslərdir. Aktda pozuntunun məzmunundan sonra tələb qoyulur, bu iş üzrə aktda sxemin bərpa edilməsi tələbi qoyulmuşdur. Əgər sayğacda gözə görünməyən qüsur olsa idi onu laboratoriya şəraitində yoxlamalı idilər. Zərurət olsa idi aktda sayğacın laboratoriya şəraitində yoxlanması barədə tələb olardı. Məhkəmədə mübahisə davam edən zaman iddiaçı mübahisələndirilən borc məbləğindən 300 manat ödəniş etmişdir. Hesab edir ki, abonent borcla razılaşdığı üçün ödəniş etmişdir. Sayğaca baxış keçirilən zaman ola bilər ki, abonentə məlumat verilmiş, lakin o gəlməmişdir, yaxud da o və ya onun nümayəndəsi baxış zamanı iştirak etmiş, lakin akta imza çəkməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı məxsusdur. İş materiallarında olan enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Enerji Satış Departamenti ilə İddiaçı arasında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli aktdan görünür ki, İddiaçı məxsus tamet, taxta sexi olan istehsalat sahəsində sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1, i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lampasının yanması və “22” işarəsinin yanıb, sönməsi ilə xarakterizə olunur. Saygac və cərəyan transformatorlarının yerləşdiyi xüsusi qutunun qapısına vurulmuş möhür-2173911, 2173912, sayğac sxemində olan aktiv güc Pfak =18,5 kvt, Psay = 6,2 kvt, P% = - 66% xəta ilə işləyir. Qoyulmuş güc güc transformatoruna görə S = 160 kvatəsir edir. Tələb: Sayğacın sxemi bərpa edilsin. Abonentin nümayəndəsi iştirak etmədi. Qeyd: Abonentə telefon vasitəsilə sayğac sxemində yaranmış qüsur barəsində məlumat verildi. İş materiallarında olan "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən 19 iyun 2023cü il tarixli NDQ 016458 nömrəli akta əsasən 22 iyun 2023-cü il tarixdə verilmiş icra vərəqəsində göstərilmişdir ki, baxış zamanı məlum oldu ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1, i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lampasının yanması və “i1” işarəsinin yanıb, sönməsi ilə xarakterizə olunur. (18,5 kvt – 6,2 kvt) x 12 saat x 109 gün = 16088 kvts Tarif (0,10 man) – 16088 kvts x 0,10 = 1608,80 manat olması qərara alınmış, sxemin bərpa edilməsi qeyd edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, abonentin sayğacı qapalı qutuda yerləşdirilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə NDQ 016458 nömrəli akta əsasən EİQ pozulması (0,10) qeyd edilməklə 1608,80 manat borc hesablandığı göstərilmişdir. Abonent tərəfindən xx.xx.2023-cü il tarixdə 20 manat, xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 10 manat, xx.xx.2023-cü il tarixdə 150 manat ödəniş edilmişdir. İş materiallarında olan audio və video çəkiliş diskindən görünür ki, İddiaçı məxsus sayğaca baxış keçirən şəxs sayğacın üzərində olan düymələri basaraq və üzərində olan məlumatları qeyd edərək cərəyan naqillərinin çarpaz qoşulmasını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəyə elektrik enerjisinin verilməsi ilə bağlı enerji təchizatı müəssisəsi ilə xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamışdır. "xxxx" ASC-nin əməkdaşları abonentin sayğacına baxış keçirmiş və 19 iyun 2023-cü il tarixli akt tərtib edilmiş və aktda “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1, i2 cərəyan naqillərinin sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulduğu qeyd edilmişdir. Həmin akt əsasında 22 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilmiş, abonentə 1608,80 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, enerji təchizatı müəssisəsi sayğaca baxış zamanı müəyyən etdiyi qüsurun istehlakçının təqsiri üzündən baş verməsini təsdiq edə bilməmişdir. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilir ki, sayğac açarla bağlanmış qapalı qutuda yerləşdirilmişdir. Sərf edilən elektrik enerjisinin dəyəri SMS vasitəsilə abonentə ötürüldükdən sonra abonent istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyir. Məhz sayğaca istehlakçının özünün də nəzarət etməsi, açarla bağlanmış qutuda yerləşən sayğaca müdaxilə etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının iştirakı ilə akt tərtib etməli, aktın bir nüsxəsini istehlakçıya təqdim etməli olduğu halda baxış zamanı istehlakçıya məlumat verilməsi, baxış zamanı onun iştirakının təmin edilməsinə yönələn hər hansı bir tədbirin görülməsini əks etdirən sənəd məhkəməyə təqdim edilməmişdir. Aktda yalnız abonentin iştirak etmədiyi və ona qüsur barəsində telefon vasitəsilə məlumat verildiyi qeyd edilmişdir. Halbuki, akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılmalı və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınmalı idi. Bundan başqa tərtib edilmiş aktda vurulmuş zərərin hesablanmış məbləği barədə ilkin məlumat əlavə etməli olduğu halda aktda belə bir qeydiyyat aparılmamış, yalnız sayğacın sxeminin bərpa edilməli olması göstərilmişdir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.1 və 3.2-ci maddələrinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları qeyri-yaşayış sahəsində yoxlama apararkən yuxarıda sadalanan qanunların tələblərinə əməl etməmişlər. Ona görə də iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 1608 manat məbləğində borc abonentin hesabından silinməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından görünür ki, iddiaçı hüquqlarının müdafiə edilməsi ilə bağlı vəkillə müqavilə bağlamış və xidmət haqqı olaraq 1000 manat pul ödəmiş və həmin məbləğin də cavabdehdən alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehdən 1000 manat hüquqi yardımla bağlı xidmət haqqı tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli akta əsasən 22 iyun 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 1608 (bir min altı yüz səkkiz) manat məbləğində borc **********6 nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1000 (bir min) manat hüquqi yardımla bağlı xidmət haqqı tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar