Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1302/2024 28.08.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən 08 iyun 2022-ci il tarixli 012756 nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 1578,05 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxsdir. Sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ona fiziki şəxsin Vergi Uçotu haqqında ********** nömrəli Qeydiyyat Şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının 29 may 2014-cü il tarixli 85 nömrəli Sərəncamı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Bərdə rayonunun Həsənqaya kəndi ərazisində icarəsində olan torpaq sahəsində təqdim etdiyi eskiz layihəsi əsasında tikintialtı sahəsi 372 m2 təşkil edən birmərtəbəli sahibkarlıq obyektinin tikintisinin aparılmasına icazə verilməsi qərara alınmışdır. Hazırda həmin mağazada qanuni əsaslarla sahiblik və istifadə hüquqlarını həyata keçirir. Eyni zamanda həmin mağazaya elektrik energisinin verilməsi ilə bağlı X4 İdarəsi arasında müqavilə bağlanmışdır. X4 İdarəsi “Mərkəzi Aran” X3 Satışı İdarəsinə tabedir. 08 iyun 2022-ci il tarixdə "xxxx" ASC Bərdə EŞ-i tərəfindən elektrik sayğacına baxış keçirilmış və bununla bağlı 012756 nömrəli akt tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, elektrik sayğacına baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir və tərəfilərindən xətdən axan yük ampermaşa vasitəsi ilə ölçüldü. Habelə qeyd edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin. Onun adına dövlət orqanları tərəfindən yoxlama açılmamış, o cümlədən bununla bağlı heç bir qeydiyyat yoxdur. Lakin məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatdan görünür ki, onun adına 1578,05 manat borc yazılmışdır. Yuxarıda qeyd edilənlərə istinadən bildirir ki, 1578,05 manat yazılmış borc məbləği əsassızdır. Ona görə də həmin məbləğ silinməlidir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı elektrik enerjisinin istehlakçısı (qeyri istehlakçı qrupu üzrə) kimi Bərdə EŞ-nin “Proqram bazasında” **********6 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla ona məxsus olan və Bərdə şəhəri, “Qaçqın” qəsəbəsində yerləşən mağazada elektrik enerjisindən xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək DDSYF 23B tipli, zavod nömrəsi №**********9 əvvəlcədən ödənişli smart kart sayğacı vasitəsi ilə istifadə etmiş, xx.xx.2023-cü il tarixdən hal-hazıra kimi Paud MP-306 tipli, zavod nömrəsi №**********6 olan 3 fazlı elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları Ceyhun Quliyev və Azər Cəfərov tərəfindən Bərdə EŞ-in “Qaçqın” qəsəbəsinə xidmət edən nəzarətçi mühəndis Ziya Əhmədovun iştirakı ilə iddiaçıya məxsus mağazanı elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinin “mini kompüter” vasitəsi ilə oxuyarkən elektrik hesablama sayğacının dövrədən keçən yükü düzgün qeyd etmədiyi müəyyən edilmişdir. Elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricisinin 276635 kvt olduğu müəyyən edilmişdir. Xətdən keçən yük xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə faktiki keçən yükün Pfakt=7,2 kvt sayğacdan keçən yükün isə Psayğac=5,1 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aşkar edilmiş enerji pozuntusu faktı ilə əlaqədar iddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq NDQ №012756 saylı akt tərtib edilmişdir. Sayğacın enerji sərfiyyatı göstəricilərinin oxunmasında və sayğaca baxış keçirilməsində iddiaçının nümayəndəsi kimi özünü mağaza müdiri kimi təqdim edən Əli Məmmədov adlı şəxs iştirak etmiş və tərtib edilmiş aktda enerji təchizatı müəssisənin əməkdaşları ilə birlikdə imza etmişdir. Aktın bir nüsxəsi Əli Məmmədova verilmişdir. İddiaçı barəsində tərtib edilmiş akta əsasən xx.xx.2023cü il tarixdə "xxxx" ASC-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən yenidən hesablama aparılaraq dəyəri 1578 manat təşkil edən, 14346 kvt saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. İddiaçı barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Qüsurlu elektrik hesablama sayğacı Bərdə EŞ-in anbarında 3 fazlı smart kart tipli sayğac olmadığından sayğac yalnız Bərdə EŞ-in sayğac quraşdırma üzrə texniki Tofiq Pənahov tərəfindən xx.xx.2023-cü il tarixdə “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” №286652 saylı akt tərtib edilməklə sənədləşdirilərək dəyişdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2011-ci il tarixli 383 №-li Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların və vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1343 saylı fərmanı ilə 1.05-2 bəndi əlavə edilmişdir. Həmin bəndin tələbinə görə enerji, su, istilik, konalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarların elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı aparılan yoxlamalara bu Əsasnamənin 3.2.3-cü, 3.3.6-cı, 3.3.7-ci, 3.4.4-cü, 3.4.9-cu, 3.4.10-cu, 3.4.12-ci, 3.4.15-ci, 5.1.7-ci, 5.1.8-ci, 5.1.9-cu və 5.1.13-cü yarımbəndləri şamil edilmir. Yuxarıda qeyd edilən enerji pozuntusu (sayğacın keçən enerjinin miqdarını düzgün qeyd etməməsi) iddiaçıya məxsus mağazanı elektrik enerjisi ilə təchiz edən elektrik hesablama sayğacını enerji sərfiyyatı göstəriciləri oxunarkən aşkar edildiyindən əməkdaşlar tərəfindən vahid məlumat reyestrindən qeydiyyatdan keçilməsi zərurəti yaranmamışdır. İddiaçı barəsində akt tərtib edilərkən və həmin akta əsasən yenidən hesablama aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, sayğac mağazanın yanındadır, yoxlama zamanı ona hər hansı məlumat verilməmişdir. Belə ki, sayğac yoxlanan zaman, sökülən zaman, o cümlədən laboratoriyada yoxlanan zaman sayğacın sahibi də bu prosesdə iştirak etməlidir. Nə sayğacın yoxlaması zamanı, nə onun sökülməsi zamanı onun tərəfindən heç kim iştirak etməmiş, ona hər hansı məlumat verilməmişdir. Sayğacı 2022-ci ilin iyun ayında dəyişilmiş, ona isə məlumat 2024-cü ilin may ayında verilmişdir. Ona qərar təqdim olunmamışdır. Məmmədov Əli adlı şəxsi isə tanımır. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, "xxxx" ASC-nin satışa nəzarət departementinin əməkdaşları tərəfindən iddiaçıya məxsus mağazanın enerjisini təchiz edən sayğacının enerji sərfiyyatının göstəriciləri həmin əraziyə nəzarət edən Ziya Əhmədovla birlikdə yoxlanılan zaman sayğacın qüsurla işlədiyi müəyyən olunmuşdur. Bununla bağlı olaraq akt tərtib olunmuşdur. Aktın tərtib olunmasında özünü mağazanın müdiri kimi təqdim edən Əli adlı şəxs iştirak etmiş, akt onun tərəfindən imzalanmışdır. Həmin dövrdə "xxxx" ASC-nin anbarında analoji tipli sayğac olmadığından sayğacın dəyişdirilməsi mümkün olmamışdır. Tam olaraq sayğacın dəyişdirilməsi bir il sonra baş tutmuşdur. Hesabat isə qüsur aşkar olunub, akt tərtib olunduğu vaxtdan sayğacın dəyişdirilmə vaxtına qədər olan dövrədək aparılıbdır. Nəticədə istehlak edilmiş, lakin qeydə alınmamış enerji olaraq 1578 manat dəyəri ödənilməmiş elektirik enerjisi sərf edilmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli NDQ 012756 nömrəli aktdan görünür ki, ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Ampermaşa ilə ölçü aparılmış xətdə olan yük P=7,2 kvts müəyyən olunmuşdur. Sayğacın yenisi ilə əvəz olunması, çıxarılan sayğaca laboratoriya şəraitində rəy verilməsi müəyyənləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2023-cü il tarixli NDQ №012756 saylı akt əsasında 1578 manat hesablama aparılmış, sayğacın yenisi ilə əvəz olunması qərara alınmışdır. İş materiallarında olan 29 iyul 2023-cü il tarixli sayğac sxemlərinin yoxlanılması, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, 012756 nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçıya xx.xx.2023-cü il tarixdə NDQ 012766 saylı akta əsasən 1578,06 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, enerji təchizatı müəssisəsinin əməkdaşları 08 iyun 2022-cü il tarixdə İddiaçı məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektirik sayğacına baxış keçirmişdir. Sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, obyektə məxsus elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Bununla bağlı NDQ 012756 nömrəli akt tərtib edilmişdir. Həmin sayğac 29 iyul 2023-cü il tarixdə yenisi ilə əvəz edilmişdir. NDQ 012756 nömrəli akt əsasında 24 oktyabr 2023-cü il tarixli icra vərəqi verilmiş, abonentə 1578 manat borc hesablanmışdır. Həmin tarixdə abonentin saldosuna NDQ 012766 saylı akta əsasən 1578,06 manat məbləğində borc daxil edilmişdir. Məhkəmə bildirir ki, qeyri-yaşayış sahəsinə quraşdırılmış sayğaca baxış zamanı hər hansı müdaxilə və ya qanunsuz qoşulma halları aşkar edilməmişdir. Akt sadəcə sayğacın dövrədən keçən yükü düzgün qeyd etməməsi ilə bağlı olmuşdur. Qeyd edilənlərlə bağlı abonentin təqsiri müəyyən edilməmişdir. Bundan başqa enerji təchizatı müəssisəsi tərəfindən yoxlama aparılmağına, abonentin elektirik sayğacına baxış keçirilməyinə və akt tərtib edilməyinə baxmayaraq sayğac çıxarılaraq laboratoriyaya göndərilməmiş, sayğac laboratoriya şəraitində yoxlanılmamış, qüsur varsa nədən yaranması müəyyənləşdirilməmişdir. Abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Buna baxmayaraq enerjitəchizatı müəssisəsin əməkdaşları sayğaca baxış keçirdiyi müddətdən bir ildən artıq müddət keçdikdən sonra sayğacı yeni sayğacla əvəz etmiş, baxış keçirilməsi 08 iyun 2022-cü il tarixindən sayğacın dəyişdirilməsi tarixi, 29 iyul 2023-cü il tarixinədək keçən müddət ərzində borc hesablamışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə də iddia təmin edilməli, cavabdehin əməkdaşları tətəfindən tərtib edilmiş 08 iyun 2022-ci il tarixli 012756 nömrəli akta əsasən 24 oktyabr 2023-cü il tarixli icra vərəqi əsasında hesablanmış 1578,05 manat borc abonent hesabından silinməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində 012756 nömrəli aktın ləğv edilməsini tələb etsə də həmin akt faktı təsdiq etməklə hər hansı bir hüquqi nəticə yatarmadığından aktın ləğv edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 iyun 2022-ci il tarixli NDQ 012756 nömrəli akta əsasən 24 oktyabr 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 1578 (bir min beş yüz yetmiş səkkiz) manat 05 (beş) qəpik borc 8701**********6 (**********6) nömrəli abonent hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1302/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1302/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver