Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1424/2025 18.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 aprel 2022-ci il tarixli 238849 nömrəli rəy protokolu əsasında hesablanmış 2042 manatın, 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli akt əsasında hesablanmış 5031,18 manatın və 07 iyun 2024-cü il tarixli R 062199 nömrəli ikinci akta əsasən hesablanmış 145 manat cərimə məbləğinin 36,40 manat hissəsi çıxıldıqdan sonra qalan 108,60 manatın, ümumilikdə 7181,78 manat cərimə məbləğlərinin **********90533 nömrəli abonent kodundan silinməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 91 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Şəmkir rayonu Yeniabad kəndi ərazisində yaşayır. Şəmkir rayonu, Kür qəsəbəsində özünə məxsus 2 ha meyvə bağı təsərrüfatı var. X5 İdarəsinə məxsus subartezian quyusu vasitəsi ilə suvarılır. Həmin bağda ona məxsus üç fazlı əvvəllər mexaniki, xx.xx.2022-ci il tarixindən üç fazlı cin smartı adlı sayğac quraşdırılmışdır. Həmin sayğac əvvəlcədən ödəniş vasitəsi ilə elektrik enerjisinin istifadəsini həyata keçirir. Əvəzləşmədən sonra 14 aprel 2022-ci il tarixli 238849 nömrəli rəy protokoluna əsasən onun abonent kodu **********90533 olan hesabına 2042 manat əlavə pul məbləği hesablanmışdır. Bu məbləğin heç bir yazılma səbəbi və sübutu olmamış, 238849 nömrəli rəy protokolu altında hesabat aparılmışdır. Bununla bağlı cavabdehin əməkdaşları ilə arasında böyük mübahisə yaranmışdır. Həmin məbləğin səhvən yazıldığını, müraciət əsasında silinəcəyini bildirmişlər. 2023-cü ilin dekabr ayında ona akt tərtib edilmiş, həmin sayğacın 3 ABC fazalarından C fazasında sayağacın daxilində yaranmış kontakt probleminə görə həmin fazada gərginlik çıxışı olmamışdır. O həmin bağ təsərrüfatında ancaq mövsümü olaraq 2 ədəd 3 kv saat gücündə bitgilərin üzvü maddələrlə qidalandırmaq üçün suda həll olaraq kompres vasitəsi ilə ağacların gövdə hissəsinə damcı yolu ilə verilməsi üçün kompressor avadanlığı var. Həmin avadanlıqlar ancaq 3 faza gərginlik altında işləyir. Lakin sayğac tələb olunan gərginliyi vermədiyi üçün o qış yemləməsi üçün sayğacın dəyişdirilməsi və ya təmir edilməsi ilə bağlı cavabdehin X3 təkrar müraciət etmişdir. Əməkdaşlar sayğaca baxmağa gəlmiş, öz növbəsində həmin sayğacın alt qapaq dövlət blomunu sındıraraq yoxlama aparmışlar. Məlum olmuşdur ki, qüsur sayğacın C fazasındadır. Sayğac gərginliyi buraxmır. Eyni tipli sayğacın olmamasını bildirərək ona həmin sayğacın C fazasının giriş hissəsindən cavabdehə məxsus xüsusi sip zajimindən istifadə edərək sağyacın C fazasının girişi və çıxışını birbaşa vermişlər. Onsuz da sayğac dəyişəndə digər fazaların sərfiyyatının cəbri cəminin 1/3 hissəsini itki kimi abonent koduna əlavə ediləcəyini bildirərək təsərrüfatı 3 fazlı elektrik enerjisi ilə təmin edib getmişlər. Qüsur birbaşa cavabdehin avadanlığının qüsuru olmuşdur. Lakin onun xəbəri olmadan 19 dekabr 2023-cü il tarixdə guya "xxxx" ASC-nin Bakı şəhəri üzrə nəzarət qrupu yoxlama apararkən təsadüfən onun təsərrüfatına baxış keçirmiş, həmin qüsuru aşakar edib NDQ 017860 nömrəli akt tərtib etmişlər. Akta əsasən 5031,18 manat cərimə məbləği hesablamışlar. Aktda yuxarıda qeyd etdiyi səbəbləri göstərməklə, prosesi nöqsan kimi qiymətləndirərək akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, guya həmin xəttinin N kəsiyi diametri 1x16 mm ölçüdədir. Həmin ölçüdən guya 36.3 kv. saat enerji oğurluğu qeyd olunmuşdur. Həmin vaxt sözügedən bağda heç bir işçi heyyəti olmamışdır. Həmin an enerji istifadəsinə ehtiyyac yox idi. Elektrik enerjisinin istifadəsinə mövsümü olaraq fevral ayından başlanılır və hər ay qrafikə uyğun olaraq ayın 3 günü elektrikdən istifadə olunur. Kompressor vasitəsi ilə həll olunmuş dərman mayesi bitgilərə çatdırılır. Aktda qeyd olunan 36 kv. saat gücü tam enerji istifadə qaydalarına zidd olaraq aparılmışdır. P sayğac = 36.3 kv. saat əldə etmək üçün birinci növbədə sayğacın hər üç fazasından axan cərəyanın miqdarı bəlli olmalıdır. (A) Həmin cərəyanların fazalar üzrə hər fazadan keçən elektrik cərəyanı toplanmalı, 3-ə bölünməli, sonda 3 faza üçün 380 volta vurulmalıdır. (Yəni P sayğac = (A+B+C):3x380. ) Əgər axan cərəyanın ölçü meyarı yoxdursa birbaşa P faktikini əldə etmək tam qanunsuzdur və enerji istifadəsi hesablanma qaydalarına ziddir. Aktda qeyd edilmişdir həmin naqil 1x16 mm-dir. Sənədlərə əlavə etdiyi elektrik enerjisi kabellərinin ölçülərinə uyğun maksimum daşıya biləcəyi elektrik enerjisi yüklərinin ölçü meyarlarını əks etdirən cədvələ nəzər salınsa məlum olar ki, 1x16 mm diametrlik kabeldən maksimum 63 amper cərəyan axa bilər. Akta isə qeyd edilənlərin çox böyük şişirtmə olması, yuxarıda qeyd etdiyi riyazi hesablamadan açıq şəkildə görünür. Yəni aktda inanılarsa 1x16 mm diametrlik kabeldən maksimum 63 amper cərəyan axa biləcəyi halda, akt əsasən 1x16 mm diametrlik kabeldən maksimum 165 amper cərəyan axdığı qeyd edilir. (36.3 kv.saat bölünsün 1 faza üçün 220 volta, o da 165 amperə bərabər gəlir). Bu da dünyada müəyyən edilmiş standartlardan təxminən 3 qat artıqdır. Bu da onu göstərir ki, aktdakı rəqəmlər xəyali olaraq heç bir hesablanma aparılmadan şişirdilərək qərəzli şəkildə yazılmışdır. Akt tərtib edildikdən sonra 3 gün müddət keçmədən qüsur aradan tam qaldırılaraq xüsusi nömrəli icra protokolu ilə aktın icrası təmin edilməli idi. Çünki aktda birinci tələb qüsur aradan qaldırılsın tələbi qoyulmuşdur. Lakin heç bir qüsur aradan qaldırılmamışdır. Həmin aktdan təminən 6 ay sonra, yəni qüsur aradan qaldırılmadan 07 iyun 2024-cü il tarixli R 062199 nömrəli ikinci akt tərtib edilmişdir. Həmin akta əsasən 145 manat cərimə tətbiq edilmişdir. Həmin aktda onun təkrar olaraq cavabdehin X1 ciddi narazılıqla etmiş olduğu şikayətindən sonra təkrar baxış keçirib ərizənin əvvəlində göstərdiyi qüsurları sonuncu aktda qeyd etmişlər. Hər iki aktda (yəni 14 aprel 2022–ci il tarixli 238849 nömrəli rəy və 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli) sayğacın zavod nömrəsi **********3 olmaqla eynidir. Hər iki tarixdəki sayğac göstəriciləri fərqi sonuncu aktda 4485, əvvəlinci aktda isə 3643 olmuşdur. Yəni 4485- 3643=842 kv.saat enerjisərf edilmişdir. Buradan aydın görünür ki, onun 3 fazlı sayğac üzrə 2 faza üzrə rəqəm fərqi 842 kv. saatdır ki, o da 0.13 manata vurulmaqla 109 manat elektrik enerjisinin 2 faza üzrə qanuni olaraq işlətmişdir. X2 əməkdaşları tərəfindən yaradılmış olan 1 fazanın sayğacdan kənar istifadə etmiş olduğu enerjinin dəyəri 2 fazanın, yəni 842 kv. saatın 1/3 qədər nəzərə alınmalı idi. Lakin belə olmamışdır. Yəni sayğacdan kənar 280 kv.saat=36,40 manat dəyərində enerjini cavabdehin səhlənkarlığı ucbatından 6 ay ərzində istifadə etmişdir. Əks halda 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli akt əsasında hesablanmış işlətmədiyi halda belə 10 gün ərzində hesablanmış 5031,18 manat cərimə məbləği tam əsassızdır. Həmçinin əsası və səbəbi bilinməyən 14 aprel 2022-ci il tarixli 238849 nömrəli rəy protokolu əsasında hesablanmış 2042 manat cərimə məbləği də qanunsuzdur. 07 iyun 2024–cü il tarixli R 062199 nömrəli ikinci akta əsasən hesablanmış 145 manat cərimə məbləğinin 36,40 manat hissəsi çıxıldıqdan sonra digər məbləğlər tamamilə əsassızdır. Hesablanmış borc məbləğinin silinməsi ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Aktın məzumununda görünür ki, aktın tərtib olunmasında mənim iştirakı təmin edilməmişdir. Akta olan imza mənə məxsus deyil. Həmçinin SMS tipli sayğaclarla adi sayğacların akt tərtibatı üsulundan kənara çıxılmaqla sayğacların fərqinə varılmayıb. Çünki SMS tipli sayğac əvvəlcədən istifadə edilmiş və ya edilməmiş enerji dəyərini əvvəlcədən ödədən sayğacdır. Buna görə də o məsuliyyət daşıya bilməz. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, o ancaq yaz aylarında dərman vurmaq üçün işıqdan istifadə edir. Sayğac yananda o özü xəbər vermişdir ki, gəlib sayğacı dəyişsinlər. Fazanın biri işləməyəndə də özü məlumat vermişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahatında göstərdi ki, abonentin sayğacı yanmış, sayğac artıq yüklənmədən yanmış, əməkdaşlar gedib baxış keçirmiş, sayğacın göstəricilərinə baxdıqda ödənilməyən enerji dəyərinin olması müəyyən edilmiş, həmin məbləği yeni sayğac quraşdırılanda borc kimi yazmışlar. Sayğac laborotoriyada yoxlanılmış və rəy tərtib edilmişdir. Rəydə sayğacın qızmadan yanması bildirilir. Protokolda əvvəlki sayğacın qüsurlu olması qeyd edilmişdir. əvvəlki sayğacdan qalan borc abonentə yazılmışdır. Abonentin saldosunda olan 2042 manat borc əvvəlki sayğacın üzərində olan debitor borcdur. Digər iki məbləğ isə aktlar əsasında yazılmışdır. xx.xx.2022-ci il tarixdə saldoda qeyd edilmişdir. 2022-ci il fevral ayından sonra sayğac dəyişdirilərək smart kart tipli sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixli akt ona görə tərtib edilmişdir ki, sayğacdan kənar faza aşkar edilmişdir. Kənar xətt aşkar edildiyindən akt tərtib edilmişdir. Həmin baxış keçirilən zaman audio-video çəkiliş aparılmadığından məhkəməyə disk təqdim edə bilmir. 2024-cü ildə sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, smart kart tipli sayğacdan faza çıxış vermir. Faza işləməyən zaman abonentin istəyi üzrə, yəni razılığı ilə sayğaca baxış keçirildiyinə görə yoxlama zamanı reyestrdən çıxarış əldə edilməmişdir. Təqsirin müəyyən eidlməsi üçün müvafiq orqana araşdırma aparılması üçün məlumat verilməmişdir, çünki həmin vaxt belə bir tələb yox idi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sayğacların və cərəyan transformatorunun yoxlanılması haqqında 238849 npmrəli protokoldan və sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 247605 nömrəli aktdan və abonentin saldosundan görünür ki, sayğac yoxlanılan zaman dəyişdirilmiş sayğacın üzərində 2042 manat debitor pul vəsaiti var, saldoya xx.xx.2022-ci il tarixdə cin smarti borcu olmaqla 2042 manat borc daxil edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli NDQ 017860 saylı aktdan, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən və abonentin saldosundan görünür ki, baxış zamanı məlum oldu ki, obyektə və həyətyanı sahədəki fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur. Kənar faza xətti sayğacın giriş naqilinin izolyasiyası pozularaq budaqlanma yolu ilə götürülərək sayağcın çıxış fazasının üzərində quraşdırımış avtomat ayrıcısına verilmişdir. Naqilin en kəsiyinə əsasən hesabat verilmiş, 36,3 kvt x (0,7) x 10 saat x180 gün =45738 kvts tarif (0,11 man)-45738 kvts x 0,11 manat =5031 manat, cəmi 5031 manat hesablanmış, saldoya xx.xx.2023-cü il tarixdə EOQ pozulmasına görə 5031,18 manat borc daxil edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli R 062199 nömrəli aktdan, xx.xx.2024-cü il tarixli 854524 nömrəli protokoldan, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən, abonentin saldosundan görünür ki, abonentin müraciətinə əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, 3 fazalı smart kart tipli sayğacda vəsait olduğu halda birinci faza çıxış vermir. Sayğacın sıxacları qızmadan yanıb, üzərində pul vəsaiti yoxdur. W=(1217 kvt.s :70 gün) x 77 gün-20 kvt.s = 1319 kvt.s x 0,11 manat, dəyəri 145,09 manat təşkil edir. Saldoya EİQ pozulmasına görə 145,09 manat borc daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iddiaçı iddia tələbində 14 aprel 2022-ci il tarixli 238849 nömrəli rəy protokolu əsasında hesablanmış 2042 manat, 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli akt əsasında hesablanmış 5031,18 manat borcu və 07 iyun 2024-cü il tarixli R 062199 nömrəli akta əsasən hesablanmış 145 manat cərimə məbləğinin 36,40 manat hissəsi çıxıldıqdan sonra qalan 108,60 manatını mübahisələndirmişdir. Məhkəmə 238849 nömrəli rəy protokolu əsasında hesablanmış 2042 manat borcla bağlı bildirir ki, xx.xx.2022-ci il tarixli sayğacların və cərəyan transformatorunun yoxlanılması haqqında 238849 npmrəli protokol və sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 247605 nömrəli akt tərtib edilmiş abonentin sayğacı yeni sayğacla əvəz edilmiş, dəyişdirilmiş əvvəli sayğacın üzərində abonentin 2042 manat debitor pul vəsaiti olmuş, bu səbəbdən həmin məbləğ abonentin saldosuna xx.xx.2022-ci il tarixdə cin smart borcu olmaqla daxil edilmişdir. Həmin məbləğ abonetin istifadə edilmiş elektrik enerjisinə görə sayğac vasitəsilə hesablanmış debitor borcudur. Həmin borcun silinməsi üçün hər hansı əsas yoxdur. Məhkəmə 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli akt əsasında hesablanmış 5031,18 manat borcla bağlı bildirir ki, abonentin sayğacına baxış keçirilmiş, baxış zamanı sayğac sxemindən kənar faza xəttinin daxil olması qeyd edilməklə akt tərtib edilmiş, həmin akt əsasında isə obonentə 5031 borc hesablanmış, saldoya xx.xx.2023-cü il tarixdə EOQ pozulmasına görə 5031,18 manat borc daxil edilmişdir. Məhkəmə bildirir ki, sayğacdan kənar xəttin quraşdırılması, sayğacdan kənar elektrik enerjisindən istifadə edilməsi ilə bağlı abonentin təqsiri iş materialları ilə müəyyən edilmir. Tərtib edilmiş akt abonentin özünün iştirakı təmin edilmədən tərtib edilmiş, audio-video görüntü aparılmamış, kənar xəttin olması, abonentin təqsirli olması ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Həmçinin cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə 19 dekabr 2023-cü il tarixli NDQ 017860 nömrəli akta əsasən 28 dekabr 2023-cü il tarixli icra vərəqi əsasında iddiaçıya hesablanmış 5031,18 manat borc abonentin hesabından silinməlidir. Məhkəmə xx.xx.2024-cü il tarixli R 062199 nömrəli akt əsasında yazılmış borcla bağlı bildirir ki, abonentin özünün müraciətinə əsasən sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, 3 fazalı smart kart tipli sayğacda birinci faza çıxış vermir. Sayğacın sıxacları qızmadan yanmışdır. Həmin akt əsasında icra vərəqəsi verilmiş abonentin saldosuna EİQ pozulmasına görə 145,09 manat borc daxil edilmişdir. Sayğacın hansı səbəbdən yanması və nə vaxt yanması müəyyən edilməmişdir. Sayğacın yanmasında abonentin hər hansı bir təqsirinin olması enerjitəchizatı müəssisəsi tərəfindən müəyyən edilməmiş və iş materialları ilə də təsdiq edilmir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə bildirir ki, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğundan sərf edilən elektrik enerjisinin məbləği tərəflərin razılığına əsasən uçot pozulana qədər, yəni xx.xx.2024-cü il tarixdən əvvəl xx.xx.2024-cü il tarixdə hesablanmış bir aylıq sərfiyyatın məbləği olan 39 manat məbləğ, yaxud da ucot bərpa edildikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə bir aylıq müddət ərzində sərfiyyata hesablanmış 68,60 manat məbləğə uyğun müəyyən edilməli idi. Lakin enerjitəchizatı müəssisəsi abonentin təqsiri olmadan onun elektrik enerjisindən istifadə qaydalarını pozması nəticəsinə gəlmiş və ona əsassız olaraq bir aydan artıq hesablama aparılmış və 145,09 manat borc hesablamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sayğacın yanması səbəbindən abonentə ucot bərpa edildikdən sonrakı bir ay ərzində sərfiyyat, yəni 68,60 manat məbləğ nəzərə alınmaqla sərfiyyat məbləği hesablanmalı, cavabdeh tərəfindən hesablanmış 145,09 manat borc məbləğindən 68,60 manat məbləğ çıxılmalı və artıq hesablanmış 76,49 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 90,60 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 71,08 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 19 dekabr 2023-cü il tarixli AKT NDQ 017860 nömrəli akta əsasən 28 dekabr 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 5031 manat 18 qəpik borc, 07 iyun 2024-cü il tarixli AKT R 062199 nömrəli akta əsasən 12 iyul 2024-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 145 manat 09 qəpik borc məbləğinin 76 manat 49 qəpik hissəsi, cəmi hər iki akt üzrə 5107 (beş min yüz yeddi) manat 67 (altmış yeddi) qəpik borc məbləği **********90533 (**********3) nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 71 (yetmiş bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1424/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1424/2025
18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver