Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1525/2023 12.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 2020,94 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 70 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC-yə məxsus ** JA *** dövlət qeydiyyat nişanlı Hyundai HD78 markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" MMC Qazax TKQ-yə məxsus dirəklərə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdehin sürücüsü Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı DYP əməkdaşı tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Tərtib olunmuş zərər aktına əsasən 2020,94 manat məbləğində zərər müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktlarına əsasən dəymiş zərərin bərpası üçün 2020,94 manat sığorta ödənişinin zərərçəkənə köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdeh(lər)ə ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş lakin cavabdeh(lər) tələb olunan məbləği ödəməmişdir. İş üzrə Cavabdeh1 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-nə qarşı qaldırılmış iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 2020,94 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 70 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutuluması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 MMCnə qarşı qaldırılmış iddia tələbi əsassızdır və iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, ərizədə qeyd edilənlər ümumi sözlərdən başqa bir şey deyildir və göstərilənlərin hüquqi əsası yoxdur. Həmiçinin cavabdeh qismində göstərilmiş sürücü Cavabdeh2 halhazırda Cavabdeh1 MMC-də işləmir və onunla heç bir əlaqləri də yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh2 hazırda onların işçisi deyildir. Belə bir hadisənin olması barədə məlumat onlara gec bildirilmişdir. Vaxtında onlara məlumat verilsəydi dəyən ziyanı işçiyə ödətdirərdilər. Lakin hadisə barədə məlumat onlara işçi işdən çıxadıqdan sonra bildirilmişdir. “İcbari sığortalar haqqında” qanuna əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Odur ki, iddia tələbinin Cavabdeh1 MMC-yə aid olan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Cavabdeh2 isə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatlardan görünür ki, Cavabdeh1 MMC-nə məxsus ** JA *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ markalı, HD78 modelli, istehsal ili 2013-cü il olan avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan 10 may 2020-ci il tarixli “Rabitə xətt və avadanlıqlarına zərər vurulması barədə” aktdan görünür ki, 09 may 2020-ci il tarixində saat 09:30 radələrində Qazax rayonu, Hüseynbəyli kəndi ərazisində istismarda olan tpp200x2 tipli hava rabitə xətti və 4 ədəd dirək avadanlıqlarının yük avtomobilinin ilişməsi hadisəsi nəticəsində sıradan çıxmışdır. Nəticədə Hüseynbəyli kəndi istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında TP3664033 nömrəli qərarın surətindən görünür ki, ** JA *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ markalı, HD78 modelli yük avtonəqliyyat vasitəsini idarə edən Cavabdeh2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 02 iyun 2020-ci il tarixli Qazax şəhərindən Hüseynbəyli kəndi istiqamətində yol kənarı hava rabitə kabelinin bərpası üçün lokal smeta xərci sənədindən görünür ki, vurulmuş zərərin dəyəri 2020,94 manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən dəymiş maddi zərərə görə "xxxx" MMC Qazax TKQ-yə 2020,94 manat məbləğində sığorta ödənişinin edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Kapital Bank vasitəsilə "xxxx" MMC Qazax TKQ-nin bank hesabına 2020,94 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. Həmin qanunun 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2- ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 MMC-də sürücü kimi fəaliyyət göstərmiş və həmin müəssisəyə məxsus ** JA *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ markalı, HD78 modelli yük avtonəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə etmişdir. xx.xx.2020-ci il tarixdə həmin nəqliyyat vasitəsi ilə Qazax rayonu, Hüseynbəyli kəndi ərazisində istismarda olan tpp200x2 tipli hava rabitə xətti və 4 ədəd dirək avadanlıqlarının yük avtomobilinin ilişməsi nəticəsində sıradan çıxarmışdır. Nəticədə Hüseynbəyli kəndi istiqamətləri üzrə rabitə və digər xidmətlər tamamilə kəsilmişdir. Bununla da sıradan çıxan avadanlıqların dəyəri və xidmətlərdə yaranmış fasilə nəticəsində rabitə müəssisəsinə maddi zərər dəymiş, həmin hadisənin baş verməsində Cavabdeh2 təqsirli bilinərək inzibati qaydada tənbeh edilmişdir. Hadisə nəticəsində "xxxx" MMC Qazax TKQ-yə məxsus istismarda olan tpp200x2 tipli hava rabitə xətti və 4 ədəd dirək avadanlıqlara 2020,94 manat maddi ziyan dəymişdir. "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış sığorta müqaviləsi əsasında "xxxx" ASC tərəfindən “Kapital Bank” vasitəsilə "xxxx" MMC Qazax TKQ-nin bank hesabına 2020,94 manat məbləğində ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh2 digər Cavabdeh1 MMC-də sürücü kimi fəaliyyət göstərmiş və həmin müəssisəyə məxsus ** JA *** dövlət qeydiyyat nişanlı, HYUNDAİ markalı, HD78 modelli yük avtonəqliyyat vasitəsini yol vərəqəsi əsasında, həmin hüquqi şəxsin nəzarəti altında idarə etmiş və yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, iddiaçı cavabdehlərə qarşı ödəmiş olduğu sığorta ödənişi məbləğində subroqasiya qaydasında tələb irəli sürməkdə haqlıdır və həmin məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, xx.xx.2023-cü il tarixli 366715 nömrəli elektron qaiməyə əsasən iddiaçı tərəfindən 70 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 70 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı mediasiyaya dair xərci ödədiyindən dövlət rüsumu ödəməkdən azad edilmiş, ona görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40,20 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 2020 (iki min iyirmi) manat 94 (doxsan dörd) qəpik pul və ödənilmiş 70 (yetmiş) manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada 40 (qırx) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1525/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1525/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver