Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1594/2023 21.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq yazılmış 2073 manat 60 qəpik cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri N.Nərimanov küçəsində ona məxsus iaşə obyekti var və həmin obyektdə kommunallardan istifadə olunur və bununla bağlı təbii qaz sayğacı və digər sayğaclar quraşdırılıb. O cümlədən Cavabdeh İB-də təbii qazdan istifadə etdiyi üçün onun adına qaz sayğacı quraşdırıb. Onlar hər ay sərf olunan təbii qaza görə borclarını vaxtı-vaxtında ödəsələr də 04 noyabr 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları obyektə gələrək akt tərtib etmişlər ki, guya istifadə olunan təbii qaza görə qaz sərfiyyatı aşımı aşkar edilmişdir və həmin akt əsasında da qanunsuz və əsassız olaraq 2073 manat 60 qəpik məbləğində cərimə yazmışlar. Qeyd olunan cərimənin hansı əsasla yazılması tələb olunsa da cavabdeh orqan heç bir rəsmi məlumat vermir, yalnız sərfiyyat aşımının olmasını bildirir. Halbuki cavabdeh orqan tərəfindən quraşdırılmış sayğaca heç bir müdaxilə olunmayıb, sayğac üzrə istehlak olunan təbii qazın da dəyəri hər ay vaxtında ödənilib. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları qanunsuz əsassız olaraq cərimə yazmışlar. xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, 9.6 kub sərfiyyat aşımı aşkar edilib. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən qanunsuz və əsassız olaraq yazılmış 2592 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Daşdəmir oğlunun Cavabdeh İB-nə qarşı iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvanda istehlak edilmiş 2073,60 manat məbləğin silinməsini xahiş etmişdir. Qazdan istifadə nəticəsində hesablanmış borcun silinməli olduğunu hesab etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan ərizəyə etiraz edərək bildirilir ki, Cavabdeh İB ilə İddiaçı arasında AMX-3176/21 saylı, xx.xx.2021-ci il tarixli müqaviə bağlanmışdır. Müqavilə əsasında İddiaçı məxsus iaşə obyektində G-6T Diafraqma tipli tipli qaz sayğacı quraşdırılmış və iaşə obyekti təbii qazla təchiz edilmişdir. Lakin Göygöl şəhəri, N.Nərimanov küçəsində yerləşən, İddiaçı adına qeydiyyata alınmış iaşə obyektində müqavilə üzrə götürülmüş öhdəliyə əməl edilməmişdir. Belə ki, obyektin qaz xətti üzərində quraşdırılmış G-6T markalı, Diafraqma tipli 28099917 saylı qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və həmin sayğacdan müqavilə və texniki istismar sənədlərində (texniki şərt) göstərilmiş cihazlardan əlavə avadanlıqların quraşdırıldığı məlum olmuşdur. Abonentin layihə smeta sənədlərində, qaz sayğacının ilkin quraşdırma aktında, tərəflər arasında bağlanılmış müqavilə şərtlərində kompi 1 ədəd, radiator peçi 2 ədəd, odluğunun sayı dörd olmaqla 1 ədəd qaz plitəsi nəzərdə tutulduğu halda, layihə-smeta sənədlərində olmayan restoran tipli, odluğunun sayı 5 ədəd olmaqla 1 ədəd əlavə qaz plitəsindən istifadə edildiyi aşkarlanmışdır. Bu barədə müvafiq qaydada sənədləşmə aparılmış və ünvan üzrə sayğacdan keçmiş, lakin qeydə alınmamış saatlıq 9.6 m3 qazın ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 saylı qərarına 2 nömrəli əlavəyə uyğun hesabatı aparılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahat verərək göstərdi ki, hüquqlarını müdafiə etdiyi şəxs Göygöl rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla kafe işlədir. O, istifadə etdiyi qazın dəyərini hər ay ödəyir. İddiaçı məlumatı olmadan qazla əlaqədar yoxlama keçirmişlər və ona cərimə hesablamışlar. Qaz idarəsinin bildirdiyinə görə obyektdə əlavə avadanlıq olduğu üçün qazdan istifadə artmasına baxmayraq sayğac onu qeydə ala bilmir. Bundan başqa avadanlıq işlətmirlər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 24 iyun 2021-ci il tarixli AMX-3176/21 saylı müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə saat 12:50-radələrində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və yoxlanış nəticəsində markası G-6, zavod nömrəsi 28099917, mexaniki 41948 olan sayğacda 9,6 m3 sərfiyyat aşımı aşkar edilmiş və itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsinin təmin edilməsi müəyyən olunmuşdur. İş materiallarında olan 22 noyabr 2022-ci il tarxili “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən İddiaçı cəmi 10368 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2592 manat qalıq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı Göygöl şəhəri N.Nərimanov küçəsində ona məxsus iaşə obyektini işlədir. Onunla qaz paylayıcısı arasında 24 iyun 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən obyekt təbii qazla təmin edilmişdir. Müqavilədə quraşdırılmış qaz qurğuları, 1 ədəd kombi, 2 ədəd radiator peçi, 1 ədəd PQ-4 qeyd edilmişdir. İstehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2022-ci il tarixdə yoxlama aparılmış, sayğacda sərfiyyat aşımı aşkar edilməsi qeyd edilməklə akt tərtib edilmişdir. Akt əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş, istehlakçıya 10368 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarından görünür ki, quraşdırılmış sayğac işlək vəziyyətdədir, sayğaca hər hansı müdaxilə olunmamışdır. Həmçinin müqavilədə 4 odluğu olan qaz piltəsinin quraşdırlması barədə tərəflər razılığa gəlmiş, yoxlama zamanı isə 5 odluğu olan qaz piltəsinin aşkar edilməsi aktda qeyd edilmişdir. Bundan başqa tərəflər arasında bağlanmış müqavilədə quraşdırılmış qurğuların sərfiyyat gücü qeyd edilməmişdir. Tərtib edilmiş aktda isə 1 ədəd PQS-5-in enerji gücü 4 m3, 2 ədəd kombinin enerji gücü 13,8 m3, 1 ədəd QSQ-nın enerji gücü 1,8 m3 kimi göstərilmişdir. Hansı qurğunun istifadəsi nəticəsində sərfiyyat aşımı qeyd edilməmişdir. Müqavilə üzrə isə 4 odluğu olan qaz piltəsindən əlavə 3 ədəd qaz qurğusu quraşdırılmışdır. Qaz qurğularının sayı isə müqavilə üzrə də, yoxlama zamanı da 4 ədəd olmuşdur. O cümlədən yoxlama zamanı qaz piltəsinin əlavə aşkar edilmiş 1 ədəd odluğun işlək vəziyyətdə olub-olmaması, həmin odluqdan istifadə olunub-olunmaması müəyyən edilməmişdir. Qanunvericliyin tələbindən də göründüyü kimi qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır. Buna baxmayaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən İddiaçı cəmi 10368 m3 qaz sərfiyyatı aşımı aşkar edilərək abonentə borc yazılması və bunun iddiaçının təqsiri nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, 04 noyabr 2022-ci il tarixli akt əsasında 22 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya hesablanmış 2592 manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinməlidir. Bundan başqa Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaya etirazla məhkəməyə müraciət etmiş, etiraza müvafiq sənədlər əlavə etmişdir. Sahibkara məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılsa da, həmin yoxlamanın vahid məlumat reyestrində qeydə alınıb-alınmamasına dair hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Gəncə 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 65 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 65 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 45 manat 92 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 04 noyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında 22 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən Cavabdeh tərəfindən hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat məbləğində borc İddiaçı **********00000 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 45 (qırx beş) manat 92 (doxsan iki) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-1594/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1594/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver