Məhkəmə qərarları › İş №e-2-2(115)-161/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-161/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-161/2025 21.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 216959 manat 58 qəpik vəsaitin və ödənilmiş 579 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********9955001922 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış AMX-6155/19 saylı təbii qazın alğı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X1 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2024-cü il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 216959 manat 58 qəpik borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə ********** saylı xx.xx.2024-cü il tarixli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Bu istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmiş, yaranmış borcu könüllü ödəməkdən yayınmışdır. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən təbii qazdan istifadəyə görə yaranmış 216959 manat 58 qəpik borc məbləğinin ödənilməsi tələbi ilə Gəncə Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Ümumi məbləğin sərfiyyat aktları yazılan, abonent saldosunun 2024-cü ilin “Qalıq və Aktlar” bölümündə qeyd olunan 83717 manat 48 qəpik hissəsinin cavabdeh tərəfindən digər aidiyyatı məhkəmədə mübahisələndirilməsi ilə əlaqədar iş üzrə iddia tələbi həcminin dəqiqləşdirilməsi zərurəti yaranmış və hazırda iddia məbləği 133242 manat 10 qəpik müəyyənləşdirilmişdir. Cavabdeh məhkəməyə vəsatət göndərərək hazırkı iş üzrə icraatın Bakı Kommersiya Məhkəməsində işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə icraatın dayandırılması barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2024-cü il ərzində sayğac işləməyib. İddia tələbində qeyd olunan borc sayğacın işlək vəziyyətdə olduğu dövr üçün hesablanmışdır. Cavabdeh tərəfindən digər aidiyyatı məhkəmədə mübahisləndirilən məbləğ iddia tələbindən çıxılmışdır və bununla bağlı da iddia tələbinin həcminin azaldılması barədə ərizə verilib. Buna görə də yalnız sayğac göstəricilərinə əsasən hesablanan borc tələb edilir. Bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, bu iş üzrə qarşılıqlı iddia ilə müraciət edilməli idi. Ancaq cavabdehin hüquqşünası olmadığı üçün qarşılıqlı iddia vermək müddəti ötürülmüşdür. Buna görə də, Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Odur ki, iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş iddiaçı ilə sənaye qaz qurğusu istifadəçisi olan cavabdeh arasında bağlanmış 27 sentyabr 2019-cu il AMX-6155/19 saylı alğı-satqı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki, cavabdeh "xxxx" MMC-nin 2024-cü ilin may ayına 216959 manat 58 qəpik borcu yaranmışdır. Bu borcun 83717 manat 48 qəpik hissəsi qalıq və aktlar üzrə olan borcdur. İş materiallarına əlavə edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, cavabdeh "xxxx" MMC-nin 30 aprel 2022-ci ilin tarixinə 214045 manat 26 qəpik borcunun olması tərəflərin imzası ilə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, 27 sentyabr 2019-cu il AMX-6155/19 saylı alğı-satqı müqaviləsindən, abonentin saldosundan, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, cavabdeh "xxxx" MMC Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan istifadə etmiş, təbbi qazdan istifadəyə görə 216959 manat 58 qəpik borcu yaranmış, daha sonra iddiaçının nümayəndəsi iddia həcminin azaldılması barədə ərizə verərək həmin borcun 83717 manat 48 qəpik hissəsi digər məhkəmədə mübahisləndirildiyindən 133242 manat 10 qəpik məbləğində borcun ödənilməsini tələb etmişdir. İstifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcunu tam ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 579 məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 423 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 156 manat ödənilmiş dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsində göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı "xxxx" MMC sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 133242 manat 10 qəpik məbləğində borc və ödənilmiş 423 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 156 manat hissəsi İddiaçınə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 133242 manat 10 qəpik məbləğində borc və ödənilmiş 423 manat dövlət rüsumu cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 156 manat hissəsi İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar