Məhkəmə qərarları › İş №e-2-2(115)-165/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-165/2023

07.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-165/2023 07.04.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 8642,92 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, ödənilmiş 100 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz göndərərək, iddia tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan torpaq sahəsində istixana fəaliyyəti ilə məşğul olur, müqavilə əsasında Cavabdeh İstehsalat Biriliyindən qaz yanacağı alır. Cavabdeh “Azəriqaz İB”-in əməkdaşları tərəfindən istixanada olan qaz sayğacı batareyanın istifadə müddəti bitdiyindən xx.xx.2022-ci il tarixli 02904 saylı akt əsasında açılaraq labaratoriyaya göndərilmişdir. Labaratoriyada onun iştirakı olmadan yoxlama aparılmışdır. Yoxlamanın nəticəsinə dair “Azəriqaz İB”-nin Meterologiya Deportamentində tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda göstərilir ki, yoxlama üçün sayğaca hava vurulmuş, hesablayıcı mexanizm işləyir, göstəricilər arasında fərq var, Termonaqilin termoyatağa birləşən izolyasiya qatı pozulub. Daha sonra yoxlayıcı qənaətə gəlib ki, sayğac minimal təzyiqdə sərfiyyatı qeydə almır. Aktın müayinənin göstəriciləri hissəsində heç bir rəqəm və hesablamalar, ölçmələr göstərilmədən məlum olmayan rəqəmlərlə “477393-361438=115855 və 115855x0,3391=39286 kub.m.” yazılmışdır. Bundan sonra tərtib eilmiş xx.xx.2022-ci il tarixli aktda sayğac göstəricilərinin xətasının Azrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilməsi yazılmaqla əvvəlki aktda qeyd edilən hesablama rəqəmləri yenidən eyni qaydada qeyd edilməklə “minimal sərfiyyatda sayğacın hesabat aparmaması” yazısı əlavə edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixli,1124 saylı “Hesab Faktura” ilə ona cəmi 8.642,92 manat məbləğində əlavə qaz sərfiyyatına görə borc hesablanmışdır. Qazsayğacının lobaratoriyada yoxlanması zamanı ona məlumat verilməmiş, yoxlamada onun iştirakı təmin edilməmişdir. Bundan başqa lobaratoriya yoxlama zamanı iddia olunan nasazlıq nəticəsində minimal təzyiqlə qeydə alınmayan qaz sərfiyyatının hesablanması da mülahizələr əsasında həyata keçirilmişdir. İstehlak etdiyi qazın hansı hissəsinin minimal təzyiq altında verilməsi fiksasiya edilmədiyindən, sonradan ümumilikdə istehlak edilmiş qazın neçə kub metrinin hansı təzyiq altında keçməsini, hansı tarixdən sözügedn “nasazlığın” yaranmasının təqribi hesablama ilə məyyən edilməsi qanunsuz və əsassızdır. İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir. Belə ki, Cavabdeh əməkdaşları tərəfindən qaz sayğaçı yoxlama üçün sökülüb aparılmış, yoxlama zamanı ona sayğacın yararsız olduğu bildirilmiş və yenisi ilə əvəz edilmişdir. Lakin, sonradan məlum olmuşdur ki, əsassız olaraq cərimə yazılıb. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, borc əsaslıdır. Belə ki, iddiaçı sayğacı işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Hazırkı borc istifadə olunan təbii qazın dəyəridir, lakin sayğac qüsurla işlədiyinə görə sərfiyyat qeydə alınmamışdır. Həmçinin bildirdi ki, sayğaca ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, SS 29/1640-01744-18 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktın surətindən görünür ki, yoxlamanın nəticə hissəsində qeyd edilib ki, ilkin baxış zamanı sayğacın daxili çirkli olduğu müəyyən edildi. İmpuls ötürücüsü daxildədir. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Göstəricilər arasında fərq var. Termonaqilin termoyatağa birləşən hissədən izolyasiya qatı pozulub. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.15 bar, korreksiya olunmuş maksimal qaz həcmi 0.1 m3, korreksiya olunmamış qaz həcmi 0.2 m3 qeydə alınmışdır. Arxivə əsasən son sərfiyyat xx.xx.2022-ci il tarixində qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 0.95-0.98 bar civarında dəyişmişdir. Batareyanın istismar müddətinin sonuna 772 gün qalıb. Temperatur və təzyiq çevriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 351 m3 çıxdur. Pbaza=1.01325 bar, Tbaza=200 C. Minimal sərfiyyatda sayğac hesabat aparmır. Baterya tələb olunur. xx.xx.2022-ci il tarixli 1124 nömrəli hesab-fakturadan görünür ki, İddiaçı akt üzrə olan borcu 8642.92 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 439 nömrəli “İlkin dövlət yoxlamasına gətirilmiş qaz sayğacının təhvil-qəbul” aktından görünür ki, sayğac gövdəsi ilkin dövlət yoxlamasına gətrilib. Gövdə yenidir. Rotorlar işləkdir. Yağ abonetə təhvil verildi. G-25 ********** əvəzinə gətirilmişdir. xx.xx.2022-ci il tarixli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, sayğac göstəricilərinin xətasının Aərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir, aktın qeyd hissəsində “minimal sərfiyyatda sayğac hesabat aparmır” qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli abonent saldosundan görünür ki, abonent İddiaçı 2022-ci il sentabr ayı üzrə qalıq və aktlara görə 8642.92 manat borcu qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli 05707 nömrəli ilkin mediasiya sessiasında iştirak edilməməsi barədə arayış iş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli 10 nömrəli ödəniş qəbzindən görünür ki, 100 manat mediasiya ödənişi edilmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sahibkara məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq obyektinə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Qeyd olunanlardan əlavə olaraq məhkəmə aşağıdakıları qeyd edir: “Qazdan istifadə Qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qaydaların 3.1.3-cü maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamaq vəzifələri yerinə yetirməlidir: Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Qanunvericliliyin tələbinə görə qaz paylayıcısının sayğacının göstəricilərinə əsasən hesablanan borcu və istehlakçının təqsiri nəticəsində dəymiş zərəri tələb etmək hüququ vardır. İşin hallarından göründüyü kimi şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halları aşkar edilməmişdir. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğacın daxili çirkli olması və göstəricilər arasında fərq olması göstərilmişdir ki, bunların abonentin təqsiri nəticəsində baş verməmisi sübutlarla təsdiqini tapmamışdır. Zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Belə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 8642.92 (səkkiz min altı yüz qırx iki manat doxsan iki qəpik) manat borcun əsaslı və qanuni olması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 8642.92 (səkkiz min altı yüz qırx iki manat doxsan iki qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdeh tərəfindən 106,42 (bir yüz altı manat qırx iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar