Məhkəmə qərarları › İş №e-2-2(115)-1652/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1652/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1652/2023 22.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" ASC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 21228,5 manat borcun və 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 2005-ci il tarixdən əhaliyə xidmət göstərir. Fəaliyyətləri müddətində hər hansı dövlət orqanı, müəssisəsi və fiziki şəxslərlə problemləri olmamışdır. Bu gün müəssisələrinin fəaliyyətinə cavabdeh "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş qanunsuz və əsassız akt əsasında mənfi təsir göstərmək istəyirlər. Belə ki, xx.xx.2023-cü il tarixli, 016905 saylı aktda göstərilir ki, sayğac dövriyyədən keçən yükü düzgün qeyd etmir. Bunu onunla əsaslandırırlar ki, komputer məlumat bazasında X-2000 olduğu halda, cərəyan transformatoru 100/5 olmasına baxmayraq, sayğac dövriyyəsində “A” fazasında quraşdırılmış cərəyan transformatoru 300/5 kvt-dır. Qeyd olunan aktı əsas götürərək 21228.5 manat əsassız borc hesablamışlar. Qeyd olunan akt əsasında hesablanmış borc əsassızdır. Belə ki, cavabdeh orqanın nümayəndələri tərəfindən elektrik sayğacına baxış keçirilərkən onlara hər hansı bir qərarın, baxış aktının surəti verilməmişdir. Həmçinin, yoxlama qeydiyyatdan keçməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacda baş verən xəta iddiaçının təqsiri ucbatından olmamışdır. İddiaçı tərəfindən sayğac əsasında aylıq sərfiyyata uyğun olaraq vaxtlı-vaxtında ödəniş edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, sayğac ötürülən enerjini düzgün qeyd etmədiyindən elektrik enerjisindən istifadə qaydalarının 8.15-ci bəndinə uyğun olaraq hesabat aparılmışdır. Odur ki, iddia əsaslı deyil. Məhkəmə tərəflərin izahatarını dinləyib, işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 016905 nömrəli aktdan görünür ki, EEİQ-nin tələblərinə uyğun olaraq baxış keçirilmiş və baxış zaman məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Xətdən axan yükün xüsusi ölçmə vasitəsi olan “Ampermaşa” ilə ölçüldükdə faktiki axan yükün Pfak=176 kvt, sayğacın qeyd etdiyi yükün isə Psay=121 kvt olması və sayğacın keçən enerjinin APxəta=31.25 % xəta ilə qeyd etməsi barədə qeydiyyat aparılmışdır. Aktın tələb hissəsində EEİQ-nin tələblərinə uyğun olaraq “uçot komplekti bərpa edilsin qeydiyyatı” aparılmışdır. xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Naftalan şəhərindı yerləşən Müalicə Sağlamlıq Mərkəzində baxış zamanı məlum olmuşdur ki, elektrik sayğacı dövrədən keçən yükü düzgün qeyd etmir. Belə ki, komputer məlumat bazasında K=2000 olduğu halda cərəyan trasformatoru 100/5 olmasına baxmayaraq sayğac dövrəsində A fazasında quraşdırılmış cərəyan transformatoru 300/5 kimidir.(289,99 göst-188,93 göstr) x 2000 əmsal=202120 kvts. Tarif(0.11 man)=202120 kvtsx0.11=22223 manat). 282633 nömrəli “Sayğac sxemlərinin yoxlanışı, qurşadırılması və dəyişdirilməsi üzrə” aktdan görünür ki, 016905 nömrəli akta əsasən sayğacın sxemi yoxlanılmış, dəyişdirilərək möhürlənmişdir. Abunə haqqında məlumatdan görünür ki, NDQ 016905 nömrəli akt üzrə xx.xx.2023cü il tarixə olan borc 22233.20 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 1220,34 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 6779,66 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2171,17 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 12062,03 manat "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli EBDP 149140 nömrəli elektron qaimədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 22233.20 manat borcu vardır. xx.xx.2023-cü il tarixli MŞG/MT/032/2023-01430 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.15-ci bəndinə əsasən ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə qeyd edir ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbindən göründüyü kimi istehlakçının abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda enerji təchizat müəssisəsi həmin qaydaların 8.16-cı bəndinin tələblərinə uyğun qaydada fəaliyyət göstərməli, istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun hesabat aparmalıdır. Bundan fərqli olaraq istehlakçı tərəfindən pozuntu törədilməsi halları aşkar edildikdə isə, həmin qaydaların 8.17-ci bəndinin tələblərinə uyğun tədbirlər görməlidir. Hazırkı iş üzrə, mübahisəsiz haldır ki, baş vermiş nasazlıq istehlakçının təqsiri olmadan yaranmışdır. Buna baxmayaraq enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara görə akt tərtib etmiş və vurulmuş zərər kimi borc hesablamışdır. Yuxarıda qeyd olunduğu kimi, akt tərtib edilməklə borc o halda hesablanır ki, istehlakçının təqsiri mövcud olsun. Baş vermiş pozuntu nəticəsində enerji təchizat müəssisəsi enerji itkisinə məruz qalmış olsa da belə, əgər burada istehlakçının təqsiri yoxdursa itkinin əvəzinin istehlakçıdan tələb olunması və yaranmış çatışmazlığın onun hesabına tamamlanması qanuni sayılmır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, görülmüş tədbir mövcud qaydaların pozulması yolu ilə həyata keçirildiyindən onun nəticələri etibarsızdır. Belə ki, Azərbaycan Respublikasının Konstitisyasının 24-cü maddəsinə əsaəsn hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1-ci maddəyə görə qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi, 560.3.2-ci maddəyə görə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadə sayılır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbi təmin edilməklə 21228,5 manat məbləğ istehlakçının hesabından silinməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 21228,50 (iyirmi bir min iki yüz iyirmi səkkiz manat əlli qəpik) manat borc və 200 manat mediasiya xərci tutularaq “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 153,68 (bir yüz əlli üç manat altmış səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar