Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-169/2025 05.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadəyə görə yaranmış 72220,83 manat borcun və ödənilmiş 327 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ**********99550019b2a2nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış AMX-0333/23 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X4 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2024-cü il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə 72220,83 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə xx.xx.2024-cü il tarixli ********** saylı borcun ödənilməsi haqqında bildiriş göndərilmiş, cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək göstərdi ki, cavabdehin borcu 2024-cü il üzrə yaranan borcdur. Cavabdeh digər məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 125151 manat borcu da öz üzərinə götürmüşdür. Nurlan Məmmədov etibarnamə ilə obyektə qeydiyyata düşsə də obyektin əsas sahibi Cavabdehdur. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AMX 0333/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, paylayıcı İddiaçı İB bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi ilə Cavabdeh tərəfindən imzalanmış qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh 31 mart 2024-ci ilə qalıq borcu 221248,07 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh aid abonentin saldosundan görünür ki, 01/2023-cü il tarixə abonentin 129123,60 manat borcu qeyd edilmiş, qeyd edilən tarixdən abonentin 06/2024-cü ilədək 205249,22 manat dəyərində sərfiyyatı olmuş, 137000,59 manat ödəniş etmiş, onun 68248,63 manat borcu qalmışdır. 06/2024-cü il tarixə abonentin ümumilikdə 97372,23 manat borcu olması qeyd edilmişdir. İş materillarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(115)-457/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı istifadə edilmiş qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, 125151,40 qəpik borc, ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X1 iddiaçı Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı İB arasında xx.xx.2019-cu il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanılmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borc məbləğini iddiaçıya tam ödəməmişdir. Belə ki, saldo üzrə abonentin 01/2023-cü il tarixə 129123,60 manat borcu yaranmış, həmin borc məbləğinin 125151,40 manatı məhkəmə qətnaməsi ilə tutulmuş, həmin tarixə 3972,20 manat ödənilməmiş borc qalmış, 01/2023-cü il tarixdən 06/2024-cü ilədək 205249,22 manat dəyərində sərfiyyat olmuş, 137000,59 manat ödəniş edilmiş, abonentin 68248,63 manat borcu qalmışdır. Ümumilikdə 3972,20 manat ödənilməmiş borc da nəzərə alınmaqla abonentin xx.xx.2024-cü il tarixinə 72220,83 manat borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçı yaranmış borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır və 72220,83 manat borc cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 327 manat məbləğində pul ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 327 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə olunmuş təbii qaza görə yaranmış 72220 (yetmiş iki min iki yüz iyirmi) manat 83 (səksən üç) qəpik borc məbləği və 327 (üç yüz iyirmi yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-169/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-169/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver