Məhkəmə qərarları › İş №e-2-2(115)-1697/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1697/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1697/2023 14.12.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1054 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilat tərərfindən ona məxsus inşaat materialları mağazasında sayğac quraşdırılmış, aylıq işıq sərfiyyatına görə ödənişləri vaxtında ödəmişdir. 2022-ci ilin may ayında cavabdeh təşkilatın əməkdaşları tərəfindən inşaat materialları mağazasına baxış keçirilmiş, baxış zamanı obyektə quraşdırılmış sayğacın rəqəmlərinin ilişdiyi aşkar olunmuşdur. Bundan sonra onun dəfələrlə müraciətinə baxmayaraq cavabdeh təşkilat tərəfindən sayğacda olan qüsurun aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndələri yenə də obyektə gələrək baxış keçirmişlər. Sayğacda qüsur olduğunu, lakin bu işdə onun heç bir təqsiri olmadığını bildirərək çıxıb getmişlər. Sonradan məlum olmuşdur ki, cavabdeh tərəf onun barəsində əsassız olaraq akt tərtib edərək onu cərimə etmişdir. Bununla bağlı işıq idarəsinə müraciət etmiş, orada isə səhv olub deyərək məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumatların cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə daxil edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh təşkilat “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş olduğundan hazırkı mübahisə üzrə 23 noyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş 27 oktyabr 2023-cü il tarixdə, 14 dekabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildiriş isə 23 noyabr 2023-cü il tarixdə cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin hallarını, iddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. "xxxx" ASC-nin nümayəndələri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X2 məxsus obyektə baxış keçirilmiş və baxış zamanı elektrik sayğacınının keçən yükü qeyd etmədiyi və implus lampasının dayandığı göstərilmişdir. Aktın qeyd hissəsində sayğacın yenisi ilə əvəz olunması və çıxarılan sayğacın labaratoriya şəraitinə göndərilməsi qeyd edilmişdir. "xxxx" ASC-nin Abunə haqqında məlumatından görünür ki, 2021-ci ilin noyabr ayından 2023-cü ilin may ayına qədər X2 məxsus obyektin aktiv sayğac göstəricilərindəki sərfiyyata aid rəqəmlər 20880, məbləğə aid rəqəmlər 0,00 olmaqla dəyişilməz qalmışdır. xx.xx.2023-cü il tarixdə obyektdə yeni sayğac quraşdırılmış və bundan sonra hər bir ay üzrə sərfiyyat hesablanmışdır. xx.xx.2023-cü il tarixli NDQ 015294 nömrəli, “EİQ pozulması” qeydli akta əsasən 1015,20 manat borc hesablanmışdır. Beləliklə, abonentə sayğacın hesabladığından əlavə olaraq elektrik enerjisindən istifadə qaydalarının pozulması əsası ilə tərtib olunmuş akt üzrə 1015,20 manat borcun hesablanmış olması faktı təsdiqini tapır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 8.2-ci maddəsinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-2-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qeyd olunan qaydaların tələbindən göründüyü kimi istehlakçı istifadə etdiyi enerjinin dəyərini sayğac göstəricilərinə əsasən ödəməlidir. Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan pozuntulara yol verildiyi aşkar edildikdə isə müvafiq akt tərtib olunur və aktda zərər kimi hesablanmış məbləğ barədə ilkin məlumatlar qeyd olunur. Yuxarıda qeyd olunduğu kimi xx.xx.2023-cü il tarixli, NDQ 015294 nömrəli akta əsasən 1015,20 manat borc hesablanmışdır. Bir halda ki, borc akta əsasən hesablanmışdır, belə olan vəziyyətdə ilk növbədə enerji təchizatı müəssisəsinin nümayəndələrinin akt tərtib etməklə bağlı fəaliyyəti mövcud qaydalar çərçivəsində aparılmış olmalı, sonrakı növbədə isə istehlakçının təqsiri tam şəkildə sübuta yetirilmiş olmalıdır. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci maddəsinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-cu maddəsinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Məhkəmənin qənaətinə görə "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə onu da qeyd edir ki, sayğacda yaranmış qüsurların səbəblərini araşdırmaq və müəyyən etmək cavabdeh təşkilatın səlahiyyətlərindən irəli gələn məsələdir. Cavabdehin nümayəndələrinin tərtib etdiyi aktda qüsurun baş vermə səbəbləri qeyd olunmamışdır. Bir halda ki, sayğacın normal işləməməsinin səbəbləri bəlli deyildir. Baş vermə səbəbi bəlli olmayan hadisəyə görə məsuliyyətin istehlakçının üzərinə qoyulması yolverilməzdir. Həmçinin, pozuntunun baş verməsində cavabdehin təqsirinin güman olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar da sübuta yetirilməlidir. Əgər pozuntu cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar dəqiq olmalıdır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli görülən tədbir əsaslı sayılmır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliklə öz üzərinə düşən vəzifədən irəli gələrək cavabdeh iddia tələbini qəbul etmədiyi halda, bunu əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Cavabdeh mübahisəli borcu müəyyən edən aktın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmış yoxlamanın nəticəsi kimi tərtib olunmasını və cavabdehin təqsirinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən 1054 manat borcun 1015,20 manat hissəsinin əsaslı və qanuni olması təsdiqini tapmadığından iddia tələbi qismən təmin edilməklə həmin məbləğ istehlakçının hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1015,20 (bir min on beş manat iyirmi qəpik) manat borc iddiaçı X1 abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,15 (otuz manat on beş qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar