Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-173/2024 30.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Gözəl Naftalan” MMC Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 11040,25 manat borcun abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan tərəfindən qanunsuz olaraq ona 11040,25 manat debitor borcu hesablanmışdır. Borcun hesablanması əsası kimi isə xx.xx.2023-cü il tarixli, ******* sayla akta istinad edilmişdir. Həmin aktda göstərilir ki, sayğaca baxış keçirilən zaman korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 218765 kub metr qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumatların cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə daxil edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh təşkilat “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş olduğundan hazırkı mübahisə üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildiriş isə xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı-Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı-İddiaçı MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli “uçotu aparılmayan qazın həcminin hesablanmasına dair tələbnamə”-dən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt üzrə G-25 markalı 75149410 nömrəli sayğac üzrə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 36443 m3 qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli “təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, korrektorun sönməsi nəticəsində mexaniki hissədən keçən 218765 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. Tələb hissəsində qeyd edilmişdir ki, 402233/351186=1.14, C=1.14. 402033-401917=116 m3 göstərici fərqi 123092 x 1.65 1100=2031 m3 uçotu pozulmuş, 218765 x 1.14=249392+116+2031=251539 m . 251539-215106=36433 m3. 3 Metrologiya Departamenti Sayğacların müayinəsi Laboratoriyası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli SS № 14-2-2/3-5-8108 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” aktında qeyd edilib ki, ilkin baxış zamanı sayğacın daxili çirkli və yağlı olduğu müəyyən edildi. Korrektor sönüb. İmpuls ötürücüsü normaldır. Sayğaca hava vuruldu, hesablayıcı mexanizm işləyir. Sayğac yuyuldu, təmizləndi, hava vuruldu, mexaniki hissə işləkdir. Ehtiyat baterya quraşdırıldı, korrektor xx.xx.2021-ci il tarixində sönüb. T 0 3, 3 əks olundu. baza=20 C, Pbaza=101325 bar. Göstəricilər Vbt=402033 m Vt=351186 m Batereya yoxlandı, gərginliyi 0 V. Korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 218765 m3 qaz həcmi elektron hissədə qeydə alınmamışdır. İmpuls ötürücüsü yoxlanıldı yoxlama zamanı verilən impulslar qeydə alındı. İmpuls ötürücüsü işləyir. Korrektorun dövrəsində cərəyan şiddəti yoxlanıldı, gözləmə rejimində cərəyan şiddəti 77 mkA qeydə alındı. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çevriciləri normaldır. Nəticə hissəsində qeyd edilmişdir ki, minimal sərfiyyatda xəta normaya uyğun deyil. Baterya tələb olunur. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borc ilə bağlı xəbərdar edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə qeyd edir ki, qeyd olunan qaydaların tələbindən göründüyü kimi istehlakçı istifadə etdiyi təbii qazın dəyərini adi halda sayğac göstəricilərinə əsasən ödəməlidir. Digər qaydada istehlakçıya o halda pul hesablana bilər ki, istehlakçı tərəfindən mövcud qaydalarda nəzərdə tutulmuş pozuntuya yol verilmiş olsun və onun təqsiri sübuta yetirilsin. Məhkəmə onu da qeyd edir ki, sayğacda yaranmış qüsurların və ya pozuntuların səbəblərini araşdırmaq və müəyyən etmək cavabdeh təşkilatın səlahiyyətlərindən irəli gələn məsələdir. Həmçinin, pozuntunun baş verməsində cavabdehin təqsirinin ehtimal olunması məsuliyyətin yaranması üçün yetərli deyildir və güman olunanlar da sübuta yetirilməlidir. Əgər pozuntu cavabdehin nəyi isə etməsi və ya etməməsi səbəbindən baş vermişdirsə bunlar aşkar şəkildə görünməli, hərəkətsizlik etmiş şəxsin hərəkət etməyə sövq edən xüsusi əsaslar dəqiq olmalıdır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlərə əsaslanmaqla irəli görülən tədbir əsaslı sayılmır. Göründüyü kimi, sayğacın korrektorun sönməsində və bunun nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmamasında istehlakçının hər hansı bir hərəkət və ya hərəkətsizliyinin dayanması aşkar olunmur. Sayğacın mexanizminin işləməməsi ilə istehlakçının hərəkəti və ya hərəkətsizliyi arasında hər hansı bir səbəbli əlaqə mövcud deyildir. Buna baxmayaraq itirilmiş sərfiyyat zərər qismində istehlakçıdan tələb olunur. Belə ki, həmin məbləğ itirilmiş, yəni əldən çıxmış təbii qazın əvəzi kimi tələb olunur. “Azəriaz” İstehsalat Birliyi təbii qazın itkisinə məruz qalmış olsa da belə, bu itkinin yaranmasında abonentin təqsiri yoxdursa həmin itkinin əvəzi ondan tələb oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliklə öz üzərinə düşən vəzifədən irəli gələrək cavabdeh iddia tələbini qəbul etmədiyi halda, bunu əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli 11040.25 manat borcun 9108.25 manat hissəsi istehlakçının hesabından silinməlidir. Belə ki, mübahisəli borcu müəyyən edən müvafiq akt əsasında 36433 m3 qaz sərfiyyatı hesablanmışdır ki, onun da dəyəri 9108.25 manat təşkil edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 9108.25 (doqquz min yüz səkkiz manat iyirmi beş qəpik) manat borc iddiaçı “Gözəl Naftalan" Məhdud Məsuliyyətli Cəmiyyətinin abonent hesabından silinsin. Cavabdehndən 111.08 (bir yüz on bir manat səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-173/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-173/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver