Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-178/2025 13.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qanunsuz hesablanmış 10652,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10 ilə əvəz olunmasına etirazı olmadığını bildirmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası ona məxsusdur və xx.xx.2010-cu il tarixdə həmin əmlakın onun mülkiyyətinə verilməsinə dair çıxarış verilmişdir. Həmin qeyri-yaşyış binasına çıxarış aldıqdan sonra, işi ilə əlaqədar Rusiya Federasiyasına getməli olmuş, sonuncu səfər isə yəni, 2014-cü il tarixdə Rusiya Federasiyasın olduğu müddətdə Kamerova vilayəti Novokuznetsk şəhərinin Kuybışev Rayon Məhkəməsinin 26 iyun 2014-cü il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin buna baxmayaraq bu yaxınlarda ona Gəncə şəhəri “Su Kanal” TSC tərəfindən abonent haqqında məlumatı əks etdirən sənəd vermişlər və bildirmişlər ki, bəs onun 10652,50 manat borcu var. Hesab edir ki, mülkiyyətində olan qeyri-yaşayış binasına dair cavabdeh orqan tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir. Belə ki, cavabdeh orqan tərəfindən ona verilmiş abonent haqıında məlumatı əks etdirən sənəddə qeyd edilmişdir ki, müəssisə Barına Natalyanın adınadır və avtoyuma kimi fəaliyyət göstərsə də, 2016-cı ildən 2024-cu ilə kimi su pulu ödənilməmişdir. Halbuki, Moskva vilayəti Balaşixa Məhkəmə dairəsinin xx.xx.2016cı il tarixli qiyabi qərarı ilə onun X6 arasında bağlanmış nikah qeydi ləğv edilmişdir. Həmçinin yuxarıda qeyd etdiyi kimi 2014-cü ildən məhkəmə qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə həmin qeyriyaşyış binası onun mülkiyyətinə keçdikdən sonra fəaliyyət göstərməyib və həmin müddətdə orada avtoyuma olmayıb. Belə olan təqdirdə cavabdeh orqan tərəfindən hesablanmış borc əsassız olduğundan silinməlidir. İddiaçı məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, iddia tələblərini müdafiə edirlər. 2023-cü ilin iyun ayında Azərbaycana gəlmişdir. Qeyri-yaşayış sahəsinə suyun çəkilməsi ilə əlaqədar idarəyə müraciət etmişlər. İdarədən ona borcunun olduğunu bildirmişlər. Borcu ödədikdən sonra suyun verilməsi ilə bağlı məsələnin həll olunacağını bildirmişlər. O, onlara uzun müddət Azərbaycanda olmadığını və obyektin ümumiyyətlə fəaliyyət göstərmədiyini bildirmişdir. Onlar ona obyektə suyun çəkilməsi ilə bağlı həyat yoldaşının adından bağlanılmış müqavilə olduğunu bildirmişlər. Lakin həyat yoldaşının belə bir müqavilənin bağlanmasından məlumatının olmadığını söyləmişdir. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, şəxsin özünün harada olduğunu bilmirlər. Lakin su təchizatını dayandırmamışlar. Ümumi artezianı dayandıra bilməzlər. Çünki su təchizatını fərdi qaydada dayandırmaq olar. Sayğac da mənzilin içərisində olurdu. Qanunun 61-ci maddəsinə görə də sudan istifadə edilib edilməməsindən asılı olmayaraq ödəniş edilməlidir. Sərfiyyat 2023-cü ilin iyulundan sonra dayandırılıb. Həmin adamla müqavilələri yoxdur. İddiaçı həyat yoldaşı həmin adamla gəlmişdi. Soyadının oxşarlığı ilə və çıxarışı şəxsən özü gətirdiyi üçün onlar bildirlər ki, bu xanım onun həyat yoldaşıdır. Nikah kağızlarını və digər sənədləri təqdim etməsini tələb edə bilməzlər. 2020-ci ildə aylıq hesablanma aparılırdı, lakin sonradan sistemdə dəyişikliklər oldu və günlük proqramla oxundu. Buna görə də hesablamalarda fərqliliklər var. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, abonent saldosu, mülkiyyət sənədləri, qərarlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan Barin Natalya və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” TSC arasında xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sullarının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müəssisə istehlakçının tələbatına uyğun onu məişət (təssərüfat) – içməli və istehsalat məqsədli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. İstehlakçı isə müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim edilmiş hesabfakturaya əsasən ödəyir. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında olan müəssisə ilə bağlı abonent kimi 41110868:801633 abunə kodu ilə Barin Nataliya qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2010-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 455.9 m2 olan əmlak kompleksi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak kompleksinin hüquq subyekti İddiaçı Haris oğludur. İş materiallarında olan Kemerovo vilayətinin Novokuznetsk şəhərinin Kuybışevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Barin X9 Federasiyası Cinayət Məcəlləsinin 188.4, 30.1 və 228.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Moskva vilayəti Balaşixa Məhkəmə dairəsinin xx.xx.2016-cı il tarixli qiyabi qərarından görünür ki, İddiaçı ilə X6 arasında 28 iyul 1999-cu il tarixdə Türkiyə Respublikasının İğdır Əhali və Vətəndaşlıq İdarəsində qeydə alınmış nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyun 2008-ci il tarixli Plenum Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir hüququna istinad etməlidir. Subyektiv hüquqlara, xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də adi qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Hazırkı halda isə iddiaçı nə Konstitusiya ilə, nə qanunlarla, nə də ki, digər normativ aktlarla hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə dair hər hansı subyektiv hüququnun olmasını əsaslandırmır. Mülki prosessual qanunvericiliyə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İş materiallarından göründüyü kimi xx.xx.2010-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 455.9 m2 olan əmlak kompleksi İddiaçı mülkiyyətindədir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, həmin əmlak kompleksi onun mülkiyyətinə keçdikdən sonra orada hər hansı bir fəaliyyət göstərməmişdir. Daha sonra işi ilə əlaqədar Rusiya Federasiyasına getmiş və Kemerovo vilayətinin Novokuznetsk şəhərinin Kuybışevsk rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 188.4, 30.1 və 228.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən Azərbaycan gələ bilməmişdir. Qayıtdıqdan sonra ona məlum olmuşdur ki, həmin əmlak kompleksində avtoyuma fəaliyyət göstərmiş və Barin Natalyanın adına borc hesablanmışdır. Həmin qanunsuz hesablanmış borcu silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi Barin Natalya və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Gəncə Sukanal” TSC arasında xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sullarının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış və müəssisə istehlakçının tələbatına uyğun onu məişət (təssərüfat) – içməli və istehsalat məqsədli su ilə təmin etməyi və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə müəssisə tərəfindən göstərilmiş su təchizatı və kanalizasiya xidmətlərinin haqqını təqdim edilmiş hesab-fakturaya əsasən ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən müəssisə istehlakçını su ilə təmin etmiş və Barin Natalyanın adına abonent kodu verilmişdir. İddiaçı isə iddia ərizəsində Barin Natalyaya hesablanmış borcun silinməsini tələb edir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçı cavabdehlə hər hansı müqavilə münasibətlərində olmamış və tərəflər arasında öhdəlik münasibətləri yaranmamışdır. Sözügedən əmlak kompleksi iddiaçının mülkiyyətində olsa belə, iddiaçının Barin Natalyanın abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Çünki cavabdehlə Barin Natalya arasında xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sullarının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmış və öhdəlik münasibətləri onlar arasında yaranmışdır. Bundan sonra istehlak olunmuş su həcminə görə Barin Natalyanın abonent hesabına borc hesablanmışdır. X7 sözügedən borcun silinməsi ilə bağlı məhkəməyə şəxsən və ya qanunla müəyyən edilmiş qaydada nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Ona görə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10nə qarşı hazırkı iddianı qaldırmaq üçün İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10nə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X10nə qarşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-178/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-178/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver