Məhkəmə qərarları › İş №e-2-2(115)-1927/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1927/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1927/2024 25.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsində qazdan istifadəyə görə əsassız hesablanmış 4824 m qaz sərfiyyatının və buna uyğun hesblanmış 1206 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə bağlanmış müqaviləyə əsasən mülkiyyətində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsində istifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu ödəməlidir. X4 Qaz İstismarı İdarəsinin əməkdaşları qeyri-yaşayış sahəsinə gələrək yoxlama keçirmişlər xx.xx.2024-cü il tarixli akt tərtib etmişlər ki, nəzərdə tutulan qaz sərfiyyatından əlavə istifadə edilmişdir və bununla bağlı 1206 manat cərimə olunmuşdur. X4 Qaz İstismarı İdarəsinin mülki hüquq pozuntusu nəticəsində qeyri-yaşayış sahəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. Bu hal sahibkar kimi fəaliyyətinə mənfi təsir edir. İstifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu hər ay vaxtı-vaxtında ödəmişdir. Heç bir hüquqi əsas olmadan ona 1206 manat cərimə hesablablanmışdır. Cavabdeh "Azəriqaz" İB məhkəmə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmiş, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İB ilə bağladığı qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı Bərdə rayonu Ü.Hacıbəyov küçəsindəki qeyri-yaşayış (obyektinə) sahəsinə baxış keçirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış qaz sayğacı G-6 m3 maksimal qaz sərf 10 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 16.7 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 6.7 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 6.7 m3 x 12 (saat) x 60 (gün) = 4824 m3 Tarif şurasının qərarına uyğun olaraq 4824 m3 x 0.25 manat = 1206 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanması və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 1206 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yeməkxana işlədir. 08 may 2024-cü il tarixdə qaz idarəsinin nümayəndələri akt tərtib etmişlər. Həmin akt əsasında 1206 manat cərimə yazılmışdır ki, cərimə ilə razı deyillər. Hər hansı əlavə xətdən, əlavə istifadədən söz gedə bilməz. Nə istifadə olunubsa həmin qazın dəyəri ödənilmişdir. O cümlədən qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə baş verən qaz axımından istehlakçı cavabdeh deyildir. Müqavilədən əlavə hər hansı avadanlıq quraşdırlmamışdır. Yeməkxana şəhərin kənarında yerləşir, orada qazan yeməkləri çox bişirilmir, əsas kabab bişirilir. Yay aylarında müştəri çox olsa da qışda müştərisi olmur, yəni həmin avandanlıqların artılmasının mənası yoxdur. Odur ki, yazılmış borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı 2023-cü ilin 8-ci ayından fəaliyyətə başlamışdır, növbəti aylarda az-az ödəniş etmişdir, sonradan yoxlama zamanı sayğacda sərfiyyat aşımı müəyyən edilmişdir. Tərəflərindən qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektdə tam qanuni şəkildə yoxlama aparılmışdır. Əlavə avadanlıq quraşdırıldığı üçün sərfiyyat aşımı olmuşdur. Müqavilədə 3 olduq və 2 ədəd kombi nəzərdə tutulmuşdur. Qazanaltı 3 gözlü olmalıdır, ancaq 8 gözlü müəyyən edilmiş, o cümlədən PQ4 avadanlığı artıq quraşdırılmışdır. Əlavə avadanlıqlar qurqşdırıldığı üçün sərfiyyat aşımı olmuşdur. İnzibati xəta tərkibi ilə bağlı araşdırma aparılması üçün müraciət edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan istehlakçı İddiaçı ilə paylayıcı Cavabdeh İB arasında bağlanmış 01 sentyabr 2023-cü il tarixli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəşisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 07 may 2024-cü il tarixli KY242107429 saylı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində yoxlama aparılması qeydiyyata alınmışdır. İş materiallarında olan 08 may 2024-cü il tarixli yoxlama aktından görünür ki, nəzərdə tutulmuş qaz xətti üzərində quraşdırılan qaz cihazlarının mövcud saatlıq qaz sərfi 10 m3 təşkil etdiyi halda aşkar edilən cihazların saatlıq maksimal qaz sərfi 16,7 m3 təşkil edir. Yəni 6,7 m3 sərfiyyatı aşır. İş materiallarında olan 01 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın həcminin hesablanmasının aparılması nəticəsində 4824 m3 yəni 1206 manat cərimə hesablanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, 2024-cü ilin iyun ayına abonentə 1206 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının xx.xx.2024-cü il tarixli "Azəriqaz" İB-nin Tərtər RQİİ-nə ünvanladığı məktubdan görünür ki, İddiaçı qazdan qanunsuz istifadəyə görə "Azəriqaz" İB-nə dəymiş zərərin əvəzinin ödənilməsi üçün sahibkarın inzibati qaydada tənbeh edilməsi üçün müvafiq tədbir görülməsi ilə bağlı müraciət araşdırılmış və İddiaçı barəsində hər hansı qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin qanunun 13.8-1-ci madəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, istehlakçı İddiaçı ilə qaz paylayıcısı Cavabdeh İB arasında 01 sentyabr 2023-cü il tarixdə qazın alqı-satqısı müqavilə bağlanmış, müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. 08 may 2024-cü il tarixdə isə İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sayğacına "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçməklə baxış keçirilmiş, akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, qaz xətti üzərində quraşdırılan qaz cihazlarının mövcud saatlıq qaz sərfi 10 m3 təşkil etdiyi halda aşkar edilən cihazların saatlıq maksimal qaz sərfi 16,7 m3 təşkil edir. Yəni 6,7 m3 sərfiyyatı aşır. Həmin akt əsasında tələbnamə verilmiş və abonentə 4824 m3 qaz itkisinə görə 1206 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunun tələblərinə əməl edilməmiş, müvafiq akt tərtib edildikdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, abonentin qazın talanmasında təqsirli olması barədə həmin orqanın qərarı olmamışdır. Abonentin qazın talanmasında təqsirli olması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan və onun təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilmədən borc hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, "Azəriqaz" İB-nin əməkdaşları 01 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə abonentə borc hesablamış, borcu hesabladıqdan sonra 18 sentyabr 2024-cü il tarixdə, yəni iki aydan çox müddətdən sonra müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmiş, lakin abonentin barəsində hər hansı qərar qəbul edilməmişdir. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1206 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 08 may 2024-cü il tarixli ******* nömrəli akta əsasən 01 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 1206 (bir min iki yüz altı) manat məbləğində borc **********00908 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar