Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-204/2024 17.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Firmasının nümayəndələri X1 və X2, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Firmasının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 yanvar 2023-cü il tarixində enerji sərfiyyatı barədə tərtib edilmiş akta əsasən hesablanmış 6138 manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli qərarının 8.16-cı maddəsinə əsasən dürüstləşmə aparılması, əsassız hesablanmış 3417 manatın silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ”Nəsimi”firması 1997-ci ildən fəaliyyət göstərir və elektrik istehlakçısı kimi (kod:**********8) "xxxx" ASC ilə müqavilə əsasında ökdəliklərini yerinə yetirmişlər. 19 noyabr 2022-ci il tarixdə onlara məxsus elektrik sayğacı yanmış və bu barədə akt tərtib olunmuşdur. 10 yanvar 2023-cü il tarixində (niyə bu qədər gec) keçən müddət üçün istifadə edilən enerji sərfiyyatı barədə akt tərtib etmişlər ki, həmin akta əsasən 6138 manat ödəniş hesablanmışdır. Sonra yenidən sayğac quraşdırılmış, o da səhəri gün sıradan çıxmışdır. Həmin sayğacın sıradan çıxması haqqında akt tərtib olunmuşdur. 15 fevral 2023-cü ildə təzdən sayğac qoyulmuş və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi tərtib olunmuş akta əsasən 2194 manat məbləğ hesablanmışdır. Sonradan "xxxx" ASC-yə 26 mart 2023-cü il tarixli 492 saylı məktub ünvanlamışlar. Həmin məktubu xx.xx.2023-cü il tarixdə "xxxx" ASC qəbul etməkdən imtina etmiş və məktub geri qaytarılmışdır. Onlar yenidən "xxxx" ASC-yə müraciət etmişlər. Müraciətdə akta göstərilən məbləğlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 8.16-cı maddəsinə əsasən (İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerji təchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerji təchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır) yenidən hesablanmasını xahiş etmişlər. Onların müraciətlərinə baxılarkən təkcə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi tərtib olunmuş akta əsasən 2194 hesablanmış məbləğ dəqiqləşdirilərək 1027 manat azaldılmışdır. Lakin xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış 6138 manata heç cür dürüstləşmə aparmaq istəməmişlər. Odur ki, həmin akta əsasən 3417 manat borcları yaranmışdır. İddiaçı Firması iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx"ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin işçiləri tərəfindən 10 yanvar 2023-cü il tarixində onlara elektrik enerjisinin birbaşa (sayğacsız) verildiyi müddət üçün istifadə edilən enerji sərfiyyatı barədə akt tərtib etmişlər, həmin akta əsasən 6138 manat borc hesablanmışdır. Tovuz rayonu İddiaçı Firmasının ərazisində elektrik enerjisinindən istifadə müddəti gün ərzində 10 saat deyil, 5 (səhər saat 800-dan saat 13:00-a kimi) həyata keçirilir. Bütün bunları İddiaçı Firmasının elektron portalda olan ödəniş cədvəllərində olan rəqəmlərdən də aydın görmək olur. Odur ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş 10 yanvar 2023-cü il tarixində enerji sərfiyyatı barədə tərtib edilmiş akta əsasən İddiaçı Firmasına qarşı hesablanmış 6138 manatın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarının 8.16-cı maddəsinə əsasən dürüstləşmə aparılması və əsassız hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi, əlavə olaraq göstərdi ki, sayğacların yanmasında onların heç bir təqsiri yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi X7 izahat verərək bildirdi ki, "xxxx" Firması Tovuz rayonunda yaradılmış və yaradılan zaman Şəmkir rayonunda vergi orqanında qeydiyyatdan keçmişdir. Onlara məxsus olan sayğacın yanması ilə əlaqədar işıq idarəsinə məlumat vermişlər, ərazi üzrə işıq idarəsinin nümayəndələri gələrək akt tərtib etmişlər. Onlar isə sayğacı öz hesablarına olmaqla yenisi ilə əvəz edilməsini xahiş etmişlər. İşıq xəttləri isə birbaşa qoşulmuşdur. Bu hal iki ay davam etmişdir. Yanvar ayında işıq idarəsinin nümayəndələri gəlib akt tərtib edərək 6138 manat dəyərində 2 ay ərzində istifadə olunmuş işıq enerjisinin dəyərini hesablamışlar. Onlar da öz etirazlarını bildirmişlər. İşıq idarəsinin nümayəndələri də onlara məsələni araşdıracaqlarını bildirmişlər. Lakin bir müddət sonra təzə qoyulmuş sayğac da yanmış, onlar isə yenidən məktub yazaraq enerji sərfiyyatını qarşılaya biləcək gücdə sayğac quraşdırılmasını xahiş etmişlər. Yenidən akt tərtib edilmiş, 2194 manat enerji sərfiyyatı hesablanmışdır. Hər iki akt barədə işıq idarəsinə müraciət etmişlər, ikinci akta düzəliş edilmiş və 1020,14 manat azaldılmışdır. Birinci aktla isə onlara 6138 manat cərimə yazılmışdır. Birinci aktla hesablanmış 6138 manat cəriməni mübahisələndirmişlər. İkinci aktla bağlı hər hansı mübahisələri yoxdur. Onların bu günədək ay üzrə işıq enerjisi sərfiyyatı ilə əlaqədar ödədikləri ən çox məbləğ 1600 manat olmuşdur. Buna əsasən 2 ay üçün təxmini olaraq 3417 manat dəyərində sərfiyyat hesablamışlar. İddiaçı Firmasının nümayəndəsi X7 izahatında həmçinin bildirdi ki, onlar “Azər Enerji” nin əməkdaşlarına onların sayğacının əmsalının 40 olmasını bildirmişlər, onlar isə təzə sayğaclar çıxdığını, həmin sayğaclarda əmsalın bir olduğunu və yükü götürdüyünü bildirmişlər. Onlar isə bu barədə razılığa gələrək sayğacın pulunu ödəmişlər və həmin sayğac gətirilib quraşdırılmışdır. Quraşdırılandan sonra iyul ayından noyabr ayına kimi normal işləmiş, noyabr ayında sayğac yanmışdır. Onlar yenidən müracət etmişlər. Sonradan görmüşlər ki, bu sayğaclar özünü doğrultmur, təzədən 40 əmsala qayıtmışlar. Belə ki, sayğac birinci dəfə 19 noyabrda yanmışdır, onların müraciətinə əsasən enerji xətti birbaşa qoşulmuş, yanvar ayında 6138 manat cərimə ilə əlaqədar akt tərtib edilmiş və sayğac quraşdırılmışdır. Bir gün sonra həmin sayğac da yanmışdır. Sayğacların yanmasında onların heç bir təqsiri olmamışdır. Fevral ayında yenidən akt tərtib edilmiş və 2194 manat onlara sərfiyyat hesablanmışdır. Onların müraciəti əsasında fevral ayında hesablanan sərfiyyata düzəliş edilmiş, lakin yanvar ayında hesablanan sərfiyyata düzəliş edilməmişdir. İki sayğac da yanandan sonra onlar müraciət edərək əmsalın əvvəlki varianta qaytarılmasını xahiş etmişlər. İddiaçı Firmasının nümayəndəsi X7 izahatında həmçinin bildirdi ki, Teymur Bağırov rəhmətə gedib, hazırda məhkəmə prosesində iştirak edən onun oğlu Nəsimi Bağırovdur. 2021-ci ilin sentyabrın 1-də İddiaçı X10 adına keçmışdir. Müqavilələr bağlanarkən Teymur Bağırov özü sağ olmuş, ona görə də sayğac onun öz adına qeydə alınmışdır. Hazırda isə X11 adına qeydə alınmışdır. Odur ki, iddianın təmin edilməsini və onlara əsassız hesablanmış borcun silinməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 izahat verərək bildirdi ki, onların tərəfdən tərtib edilən aktların hamısı Teymur Bağırov adına tərtib edilmişdir. Teymur Bağırov onlarda istehlakçı kimi də qeydiyyatdadır. Enerjinin alqısatqısına dair müqavilə də onunla bağlanıbdır. Həmin şəxsin həyatda olub-olmamasını bilmirlər. Subyektiv hüquq məsələsinə əsasən firmanın rəhbəri Teymur Bağırovun özü iştirak etməli idi. Teymur Bağırov rəhmətə gedibsə, oğlunun mirası qəbul etməsi məsələsi araşdırılmalıdır. Bazada mirası kim qəbul edibsə onunla bağlı olaraq dəyişikliklər olmalı idi. Mülki qanunvericliyin tələbinə əsasən vətəndaş öləndən sonra 6 ay müddətində notarial qaydada mirası qəbul edilməlidir. Əgər qarşı tərəf mirası qəbul etmişdirsə, istehlakçı kimi Asan xidmətə gedib, ölən şəxsin ölüm haqqında şəhadətnaməsini, mülkiyyətin ona mənsub olmasına dair sənədi və mirası qəbul edən şəxs özünün şəxsiyyət vəsiqəsini təqdim edərək dəyişiklik edilməsini xahiş etməli idi. Həmiçinin aktlara nəzər saldıqda görünür ki, sayğaclar yanıb kül olduğu qeyd edilib və xx.xx.2022-ci il tarixli aktda yazılıb ki, abonentin Asan xidmətə müraciəti olub ki abonentin əmsalı ləğv olunsun. Əmsalı 40-dan 1-ə salıblar, ona görə də sayğac yanıbdır. 28 iyul 2022-ci il tarixli aktda qeyd edilib ki, abonentin müraciətinə əsasən sayğaca baxış keçirilib, baxış zamanı müəyyən edilib ki, sayğac normal qaydada işləyir. Abonentin müraciəti əsasında sayğacın əmsalı 40-dan 1-ə salınıb. Həmin sayğacı da yükləyiblər və sayğac həmin yükə tab gətirə bilmədiyi üçün yanıb kül olub. Yanıb kül olduğu üçün onu labarotoriyada yoxlanıla bilməyib. Adətən abonentin özünün müraciəti əsasında əmsal aşağı salınır. Abonent özü müraciət edir ki, yükü azdı ona görə əmsalı salın. Buna əsasən də abonentin xahişi ilə əmsal aşağı salınır. Vətəndaşın özünün müraciətinə əsasən əmsalı aşağı salıblar. Bu obyektə 6 dəfə sayğac quraşdırııb. 5 dəfə sayğac yanıb kül olub. Sayğac 2013-cü ildə 40 əmsalla obyektə quraşdırılıb. 2017-ci ildə əmsalı salıblar 1-ə, sonra birdə əmsalı qaldırıblar 40-a, 2022-ci ildə təzədən 1-ə salıblar, 2023-cü ildə qaldırıblar əmsalı 40-a. Sual yaranır ki, obyektin yükü az idisə və sayğac işləyirdisə niyə əmsalı tez-tez aşağı salıb sonradan yenidən yuxarı qaldırıblar. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 izahatında həmçinin göstərdi ki, Firmanın özünün elektirik montiyoru var. Firma öz işçilərinə müracət edib məsləhətləşməli idi ki, əmsal yendirilsin ya yox. Sonra əmsalı salmalı idilər. Digər tərəfdən bunlar bir dəfə əmsalı aşağı salandan sonra sayğac yanıb kül olub. Sonradan niyə ikinci dəfə əmsalı qaldırmayıblar. Əmsalı yuxarıdan aşağı salıblar sonra da yükləyiblər, sayğac da yanıb. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının böyük müfəttişi, mütəxəssis X12 məhkəmə iclasında bildirdi ki, Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli sərəncamına əsasən həmin sərəncam qüvvəyə minənədək sayğac quraşdırılmış obyektlərə texniki şərtin müddəaları tətbiq edilmir, əgər güc artımı olarsa tətbiq edilir. 19 fevral 2023-cü ildən sayğac quraşdırılmışdır. İndi cərəyan transformatoru ilə qoyulub, lakin əvvəl əmsalla qoyulmuşdur. 2013-cü ilin may ayında qoyulan sayğac əmsalla qoyulmuşdur. Cərəyan transformatoru güc həddini artırmaq, avadanlıqları və şəxsləri yüksək gərginlikdən qorumaq üçündür. İddiaçının sayğacı quraşdırılandan 4 il sonra yanmışdır. Əmsalı 1-ə salıb daha sona yenə 40-a qaldırıblar. Ancaq bunu 1-ə qaytarmamalı idilər. Yoxlama keçirmədən əmsalı dəyişdirmək olmaz. Güc aktı enerji təchizatı müəssisəsi tərəfindən təqdim olunur. Sayğac dəyişdirilərkən yoxlanılmalıdır ki, bu sayğac yanacaq yoxsa yox. Əgər bir dəfə əmsal dəyişmişdisə onu yenidən 40-a qaytarmalı deyildilər, güc artımı ilə əlaqədar yenidən baxış keçirilməli idi. 10 yanvar 2023-cü il tarixli aktda sayğacın yanaraq sıradan çıxması qeyd edilmişdir. Onun yanmasına səbəb sayğacın düzgün seçilməməsi olmuşdur. Sayğac həmin gücə tab gətirə bilməmişdir. Sayğac quraşdırılan zaman enerji yükü yoxlanılmalıdır ki, müəyyən edilsin ki, sayğac həmin yükü götürəcəkdir, yoxsa yox. Sayğacın daxilindəki yaddaş qurğusu yandığına görə müəyyən edilmir ki, kimin günahı ucbatından sayğac yanmışdır. Ola bilər ki, obyektə əlavə avandalıqlar quraşıdırılmış və enerji yükü artdığına görə sayğac yanmışdır. Yoxlama zamanı obyektə 93 kv enerji axımı müəyyən edilmişdir. 93 kv-a tab gətirə bilən sayğac quraşdırılmamışdır. Yəni yanan sayğac həmin yükə tab gətirə bilən sayğac olmamışdır. Həmin sayğac 93 kv gücə uyğun sayğac olmadığına görə o yanmalı idi. Əmsalın 40 və ya 1 olmasında fərq onun ölçü həddindədir. Ola bilər ki, 1 gün ilə işləyib yanan sayğacı hesabata daxil etməyiblər. Sayğacı quraşdıranda həmin gücə uyğun olub-olmadığını yoxlamaq olardı. Sayğac 4 il 40 əmsalla işləmişdir, 2017-ci ildə sayğacı 1 əmsala saldıqdan 3 ay sonra o yanmışdır. Bundan sonra yenidən 40 əmsala qaldırılmışdır. Təbii ki, orada artıq yüklənmə olmuşdur. Ola bilərdi ki, sayğac əvvəl həmin yükü götürsün, lakin daha sonra əlavə avadanlıqlar quraşdırılması ilə yük artımı olsun. Ola bilər ki, həmin sayğac quraşdırılan zaman həmin yükə tab gətirə bilən sayğac olmuşdur, lakin daha sonra yük artırıldığına görə yanmışdır. Hər bir halda sonradan da baxış keçirilməli idi. Sayğacın beyni yandığına görə hansı səbəbdən yandığı müəyyən edilə bilməzdi. Sayğac bir dəfə yanmışdısa bunun barəsində tədbir görülməli idi, əgər bir dəfə güc əmsalı dəyişilmişdisə ikinci dəfə dəyişməli deyildi. Saldo ilə əvvəlki aylara münasibətdə sərfiyyat müəyyən edilə bilər. İtirilmiş enerjiyə görə müəyyən edilmiş məbləğ çox yazılmışdır. İş materiallarında olan enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektirik enerjisinin alqı-satqısına dair 383654 nömrəli birtipli müqavilədən görünür ki, “Qərb” RETSİ enerjitəchizatı müəssisəsi ilə İddiaçı Firması (firmanın adından müqaviləni Teymur Bağırov bağlamışdır) arasında elektirik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan 14 oktyabr 2022-ci il tarixli 239356 nömrəli enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektirik enerjisinin alqı-satqısına birtipli müqavilədən görünür ki, "xxxx" ASC-nin Enerji Satış Departamentinin enerjitəchizatı müəssisəsi ilə İddiaçı firması arasında elektirik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. İş materiallarında olan AZ-İİ 319074 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 21 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İddiaçı Firmasının 1-ci redaksiyada nizamnaməsindən və hüquqi şəxs haqqında məlumatdan görünür ki, firma xx.xx.1997-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2004-cü il tarixdə vergi orqanı tərəfindən VÖEN verilmiş, xx.xx.2021-ci il tarixdə 14 saylı ərazi vergilər idarəsi tərəfindən ********** nömrəsi ilə yenidən qeydiyyata alınmışdır. Rəhbəri isə X4r. İş materiallarında olan 23 iyul 2022-ci il tarixli 013285 saylı aktdan görünür ki, E.E.İ.Qna əsasən abonentin xx.xx.2022-ci il tarixli asan xidmət mərkəzinin "xxxx" bölməsinə müraciətinə əsasən elektirik sayğacının uçot dəstinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, uçot dəsti normaldır. Sayğac keçən enerjini tam qeyd edir. Abonentin ərizəsinə əsasən əmsal ləğv olunsun. Birbaşa üç faralı sayğac quraşdırılsın. Tərəflərindən amper maşa vasitəsilə ölçü aparılmışdır. Tələb olaraq isə əmsalın ləğv edilməsi, birbaşa üç fazalı elektirik sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli torpaqlayıcıların keçirmə müqavimətinin ölçülməsi və avadanlıqları ilə torpaqlama konturunun metalik əlaqələrinin yoxlanması haqqında 1 nömrəli protokoldan görünür ki, 416-1M tipli cihazla sınağdan keçirilmişdir. Nəticə olaraq istismara yararlı olduğu qeyd edilmişdir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli transformatorların yoxlanılması haqqında 2 nömrəli protokoldan görünür ki, transformator növü TM 250/6 kVA, gücü 250 kVA, gərginliyi 6 kV olan transformatorun istismara yararlı olduğu qeyd edilmişdir. İş materiallarında olan 20 avqust 2022-ci il tarixli kabellərin izolyasiya müqavimətinin sınağı haqqında 3 nömrəli protokoldan görünür ki, sınağın nəticəsi olaraq kabellərin istismara yararlı olduğu qeyd edilmişdir. İş materiallarında olan 19 noyabr 2022-ci il tarixli 052980 nömrəli aktdan görünür ki, obyektin sayğacına baxış zamanı müəyyən oldu ki, elektirik sayğacı tamamilə yanaraq yararsız hala düşüb, sayğacın giriş-çıxış xətləri əridiyindən ölçmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan baxış aktından görünür ki, İddiaçı Firmasının Tovuz rayonu, M.Musayev ünvanında yerləşən şəbəkənin balansında olan elektirik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi məqsədilə tərəflərindən baxış keçirilmişdir: -transformatorun təftiş edilməsi, - KTM-də 10/04 kv.luq izolyatorların tozdan təmizlənməsi, - transformatorun tozdan təmizlənməsi, - Bolt birləşmələrinin bərkidilməsi, - 10 kv.luq 5A-lik qoruyucular qeyri standartdır, - KTM tam olaraq rənglənməlidir, - Dispedçir yazılarının yazılması və təhlükəsiz plakatlarının asılması, - Xəttin operatoru olaraq açılıb-qoşulması əməliyyatları. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli 014703 saylı aktdan görünür ki, elektrik sayğacına baxış zamanı məlum olub ki, sayğac tamamilə yanaraq kül olmuşdur. Bu səbəbdən işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı xəttən axan yüklər T1=163A, T2=190A, T3=73A, Psay= 0kvt, Pfac=93kvt təşkil etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı sayğacın tamamilə yanaraq kül olduğu və bu səbəbdən işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu aşkarlanan qüsur olaraq qeyd edilmişdir. Həmiçinin qeyd hissəsində 83 kvt x 10 saat x 60 gün =55800 kvts, tarif (0,11 man)- 55800kvts x 0,11= 6138 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli 336038 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, 014703 nömrəli akta əsasən sayğac yeni sayğacla əvəz olunub möhürlənmişdir. Həmiçinin sayğac tamamilə yanmışdır. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli 014720 saylı aktdan görünür ki, E.E.İ.Q-na uyğun elektirik sayğacına baxış zamanı məlum olub ki, sayğac tamamilə yanmışdır. Bu səbəbdən işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı xəttən axan yüklər Psay= 0kvt, Pfac=95kvt təşkil etməsi müəyyən olunmuşdur. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli icra vərəqindən görünür ki, sayğaca baxış zamanı qüsur olaraq sayğacın tam yandığı və təqdim olunmadığı qeyd edilmişdir. Həmiçinin eyni qüsura görə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş NDQ 014703 saylı akt üzrə hesabat verildiyi qeyd edilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli 369210 nömrəli məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, sayğac yeni sayğacla əvəz olundu və möhürləndi. İş materiallarında olan 24 fevral 2023-cü il tarixli icra vərəqindən görünür ki, sayğacın tamamilə yandığı və bu səbəbdən işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu qüsur olaraq qeyd edilmişdir. Qərar hissəsində 95 kvt x 10 saat x 21 gün=19950 kvts, tarif (0,11 man)- 19950 kvts x 0,11=2194,50 manat olduğu qeyd edilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli xx.xx.2023-cü il tarixli 519 nömrəli məktuba cavabdan görünür ki, elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılması barədə "xxxx" ASC-nə daxil olmuş təkrar müraciətə müştəri xidmətləri idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bir daha bildirilir ki, **********8 saylı kod üzrə abunə vərəqi təhlil olunmuş, elektrik sayğacı tamamilə yandığına görə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş NDQ 014703 saylı akta əsasən 55800 kVt.s-6138 manat məbləğində hesabat verildiyi müəyyən edilmişdir. NDQ 014703 saylı aktın hesabatı “Elektrik enerjisindən istifadə Qaydaları” na əsaslanaraq, xətdən axan faktiki yükə uyğun olaraq aparılmışdır. Həmiçinin bildirilir ki, xx.xx.2023-cü il tarixdə müştəri xidmətləri idarəsinin nəzdnində fəaliyyət göstərən komissiyada NDQ 014720 saylı akta əsasən verilmiş hesabata yenidən baxılaraq, MXİ 0353 saylı protokol tərtib olunmuş, kompüter məlumat bazasında 9274 kVt.s (1020,14 manat) elektirik enerjisi dəyərində dürüstləşmə aparılmışdır. İş materiallarında olan 29 dekabr 2023-cü il tarixli icra vərəqindən görünür ki, parametirləri S/n-2799565, Viko, 380, k=40, D/m-var, A/m-var, gös-25801 olan sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, uçot dəsti normaldır, Sayğac keçən enerjini tam qeyd edir. Abonentin ərizəsinə əsasən əmsal ləğv olunsun. Qərar hissəsində abunə haqqında bildiriş vərəqinin təhlilini nəzərə alaraq, xx.xx.2022-ci il tarixli 013285 saylı akta görə abonentə əlavə ödəniş sənədinin təqdim edilmədiyi qeyd edilmişdir. Həmiçinin qeyd hissəsində isə sayğacın yenisilə əvəz olunması qeyd edilmişdir. İş materiallarında olan 215335 nömrəli aktdan görünür ki, transformatorun 0,4 kv.luq tərəfində yaranmış qüsur aradan qaldırılmış, yenidən möhürlənmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçıya 25 yanvar 2023-cü il tarixdə 10 yanvar 2023-cü il tarixli 014703 saylı akta əsasən 6138 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, enerjitəchizatı müəssisəsi ilə İddiaçı Firması arasında elektirik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqaviləni firmanın adından X9 bağlamış, firmaya quraşdırılan sayğac onun adına qeyd edilmişdir. X9 21 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı Firmasının rəhbəri isə X4r. İddiaçı Firmasının müraciətinə əsasən enerjitəchizatı müəssisəsi 23 iyul 2022-ci il tarixdə elektirik sayğacının uçot dəstinə baxış keçirmiş, uçot dəstinin normal olması, sayğacın keçən enerjini tam qeyd etməsi ilə bağlı akt tərtib etmiş, abonentin ərizəsinə əsasən əmsalın ləğv olunması, birbaşa üç fazalı sayğac quraşdırılması qərara alınmışdır. Sayğacın tamamilə yanaraq kül olması ilə bağlı xx.xx.2022-ci il tarixdə akt tərtib edilmiş, sayğacın yenisi ilə əvəz edilməsi qərara alınmışdır. Yenidən sayğacın tamamilə yanaraq kül olması ilə bağlı 10 yanvar 2023-cü il tarixdə akt tərtib edilmiş, işlədicilərin şəbəkəyə birbaşa qoşulması qeyd edilməklə uçotun bərpa edilməsi qərara alınmışdır. Həmin akt əsasında abonentə 6138 manat borc hesablanmış, xx.xx.2023-cü il tarixdə yeni sayğac quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə sayğac tamamilə yanması barədə akt tərtib edilmiş, həmin akta əsasən abonentə 2194,50 manat borc hesablanmış, qeyd edilən borc məbləği enerjitəchizatı müəssisəsi tərəfindən 1020,14 manat azaldılmışdır. 15 fevral 2023-cü il tarixdə yeni sayğac quraşdırılmışdır. Göründüyü kimi enerjitəchizatı müəssisəsi abonentin ərizəsinə əsasən əmsalı ləğv edərək birbaşa üç fazalı sayğac quraşdırmış, həmin sayğac yanmış, yanma səbəbi müəyyən edilməmişdir. Sayğac yandıqdan sonra işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Həm sayğacın yanması, həm də işlədicilərin şəbəkəyə birbaşa qoşulması səbəbi ilə abonentə 6138 manat borc hesablanmışdır. Yoxlama aparılmağına, sayğaca baxış keçirilməyinə və akt tərtib edilməyinə baxmayaraq sayğacın hansı səbəbdən yanması müəyyən edilməmiş, sayğacın yanmasının məhz abonentin təqsiri üzündən yaranması sübut edilməmişdir. Həmçinin elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulma halları olmamış, sayğac yandığı üçün işlədicilər şəbəkəyə birbaşa qoşulmuş, qoşulma da abonentin özü tərəfindən həyata keçirilməmişdir. Abonentin təqsiri müəyyən edilmədən enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması qənaətinə gəlinmiş və sonuncuya borc hesablanmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi sayğaclar quraşdırılarkən quraşdırılmış sayğacın enerji yükünə uyğun olub-olmamasını müəyyən edilməli idi, sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməli idi. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə də iddia təmin edilməli, cavabdehin əməkdaşları tətəfindən 10 yanvar 2023-cü il tarixli NDQ 014703 nömrəli akta əsasən 25 yanvar 2023-cü il tarixli icra vərəqi əsasında iddiaçıya hesablanmış borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Tovuz 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 21 manat 38 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 10 yanvar 2023-cü il tarixli NDQ 014703 nömrəli akta əsasən 25 yanvar 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı Firmasına hesablanmış 6138 (altı min yüz otuz səkkiz) manat məbləğində borc **********8 (**********311001) nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 21 (iyirmi bir) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-204/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-204/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver