Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2210/2025 11.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 yanvar 2025-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3801.60 (üç min səkkiz yüz bir manat altmış qəpik) manat borcun onun hesabından (abonent kodu -**********00030) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Şəmkir rayonu Təzəkənd kəndində özünə məxsus torpaq sahəsində istixanası var. Həmin istixanada kənd təsərrüfatı məhsullarını istehsal edib və həmin məhsulların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. Cavabdeh İB-nin əməkdaşları 09 yanvar 2025ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı Akt əsasında ona əsassız borc yazmışlar. Həmin akt əsasında onun hesabına 3801.60 manat borc yazılmışdır. Onun qaz sayğacına heç bir müdaxilə olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 09 yanvar 2025-ci il tarixli ******* nömrəli aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində sayğaca nəzarət edən şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonent saldosu, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydaarının pozulması haqqında aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni qoşulma tərəflərindən aşkar olunmuş, əlavə xətt istixanada istifadə olunur, istixana 6 sotdan ibarətdir. Dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2025-ci ilə qalıq və aktlar üzrə borcu 3801,60 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1dək dayandırılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8- 1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Normanının məzmunundan göründüyü kimi əgər cavabdeh tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edilərdisə, cavabdeh orqanın nümayəndələri bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidir. Bununla bağlı məhkəmə tərəfindən cavabdehə sorğu göndərilmiş, lakin cavabdeh orqan tərəfindən sorğu ilə tələb edilən materiallar məhkəməyə təqdim edilməmişdir. Buradan belə nəticəyə gəlmək olur ki, cavabdehin nümayəndələri tərəfindən tərtib edilmiş akt təqsirin müəyyən olunması üçün müvafiq qurumlara və ya məhkəməyə göndərilməmişdir. Yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki halda isə istehlakçının təqsiri müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmadığından cavabdehin həmin borcu istehlakçıdan tələb etmək hüququ yoxdur. Cavabdeh orqan tərəfindən 3801,60 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsi qanuna uyğun hesab edilmir. Belə ki, İddiaçı (abonent kodu: **********00030) hesablanmış 3801,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00030) hesablanmış 3801,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2210/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2210/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver