Məhkəmə qərarları › İş №e-2-2(115)-24/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-24/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-24/2025 14.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə ilk və iddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 344124,57 manat borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC tərəfindən Samux rayonu, İstixana kəndində olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı istehlakçı kimi Cavabdeh İB-lə abonent müqaviləsi bağlanılmışdır. Hazırda cavabdeh tərəfindən istehlakçı "xxxx" ASC-yə aidiyyəti olmayan, əsassız və qanunsuz olaraq 344124,57 manat borc hesablanmışdır. Borcun hesablanması ilə bağlı onlara hər hansı sənədlər təqdim edilməmişdir. Borcun mövcudluğunu cavabdeh, tərəflərindən onlara qarşı iddia tələbi irəli sürülən başqa kommersiya mübahisəsi zamanı təqdim etdiyi qarşılıqlı iddia ərizəsində də bildirmişdir. İstehlakçıya borcun hesablanması qanunsuz və əsassız olduğu üçün hesablanmış borc cavabdeh tərəfindən silinməlidir. İddiaçı "Azəriqaz" İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd olunmasına, istifadə edilmiş və məhkəmədə mübahisələndirilən təbii qaza görə yaranmış 344124,57 manat debitor borcun "xxxx" ASC-dən tutularaq "Azəriqaz" İB-nin müvafiq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, "Azəriqaz" İB-lə ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə əsasında iddiaçı "xxxx" ASC-yə məxsus istixanaya “Elster” G-1600TRZ EK-230, “Elster” G-1600TRZ EK-230 və “Elster” G-16 RVG EK-220 markalı sayğaclar quraşdırılmış və istixana təbii qazla təchiz edilmişdir. "xxxx" ASC bağlanmış müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 344124,57 manat, xx.xx.2024-cü il tarixinə isə sayğac üzrə 756689,18 manat borcu yaranmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, iş üzrə cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi təqdim edilmiş və 2019-cu il tarixli müqaviləyə əsaslanaraq öhdəliyin yerinə yetirilməsi tələb edilmişdir. Bu tələblərə iddia müddəti tətbiq edilir və bu səbəbdən, qeyd edilən müqavilə üzrə müddətlər nəzərə alınaraq, qarşılıqlı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Vəkil ilkin iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, əvvəlki borcun ödənilməsi, sonradan yenə borc yaranması saldodan görünmür. Saldodan da görünür ki, hər dəfə borc artaraq ildən ilə keçmişdir. Qarşı tərəf 2019-cu ilin müqaviləsi əsasında iddia qaldırmışdır. Tələb olunan borclar 2019-cu ildən gələn borclardır. 2020-ci ildən borc tam bağlanmamışdır, həmin borc yeni ildə yaranan borcun üzərinə gəlmişdir. Burada iddia müddəti tətbiq olunmalıdır. 2019-cu ildə olan borclara əvvəlki illərdən yaranan borclar da daxildir. Qarşı tərəf də özü bildirir ki, ödəniş qismən edilmişdir, yəni illər üzrə borclar tam ödənilməmiş, digər illərə keçmişdir. Ona görə də ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Azəriqaz" İB-nin nümayəndəsi X3 izahatında göstərdi ki, xx.xx.2024-cü ilə qədər olan borcu tələb edirlər. Borc 2023-cü ilin may ayına qədər yaranmışdır, sonradan dəyişməmişdir. Qarşı tərəflə 2015-ci ildən müqavilə bağlanmışdır, sadəcə olaraq 2019-cü ildə yeni müqavilə bağlanmış və əvvəlki illərdə olan borc da 2019-cu ilə keçmişdir. İllər ərzində istifadə olan qazın dəyəri tam ödənilməsə də qismən ödənilmişdir. Abonent heç vaxt qalan borc məbləği ilə razı olmadığına dair onlara müraciət etməmişdir. Məsələn, 2020-ci ildə 361000, 2021-ci ildə 452000, 2022-ci ildə 382000 manat ödənişlər etmiş, debitor borclarını ödəmiş və sonradan yenə qaz sərfiyyatı yaranmışdır. Ödəmə istifadə edilmiş qaz sərfiyyatından az olduğu üçün hər il qalıq borc artmışdır. Digər qətnamə üzrə "xxxx" ASC-nin borcundan 475807 manat abonent kodu **********00000 olan saldo üzrə silinmişdir. 344124,57 manat borc sırf abonent kodu **********00000 olan saldo və abonent kodu **********00001 olan saldo ilə bağlıdır, digər saldo, abonent kodu **********00068 olan saldo üzrə borc olsa da həmin borc hazırda mübahisələndirilməmişdir. 344124,57 manat borc həm ödəmə, həm də istifadə ilə yaranan borcdur. Qarşı tərəf dəfələrlə razılaşma protokollarına imza çəkmişdir, həmçinin illər üzrə ödəniş edərək borcla razı olduğunu göstərmişdir. Qarşı tərəf ödəmələr edir, lakin onun istifadə etdiyi qazın dəyəri çox olduğu üçün ödəmədən daha artıq borc yaranır. Ona görə də ilk iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh İB-lə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə AMX-4957/19 saylı müqavilə bağlanmış, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Azrus-Dostluq" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Gəncə RQİİ-nin Samux SX üzrə qeyri-əhali sektorunda 510046 KP kodu və **********00068, **********00000 və **********00001 hesab kodları altında qeydiyyatda olan “Azrus-Dostluq" ASC-nin Cavabdeh İB-nə xx.xx.2021-ci il tarixinə ümumi KP üzrə borc 358713,23 manat olmuşdur. “Azrus-Dostluq" ASC-nin **********00068 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********** nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 732093,40 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2021-ci il tarixində **********00068 hesab koduna işlənilmişdir. xx.xx.2021-ci il tarixində ümumilikdə 1090810,14 manat borc ilə “Azrus-Dostluq" ASC ilə Cavabdeh İB-nin Gəncə RQİİ arasında razılaşma protokolu təsdiq edilmişdir. Razılaşma protokoluna əsasən “Azrus-Dostluq" ASC tərəfindən 150000 manat ödənilmişdir. “Azrus-Dostluq" ASC-nin **********00000 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********* nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 227694,50 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2021-ci il tarixində **********00000 hesab koduna işlənmişdir. “Azrus-Dostluq" ASC-nin **********00068 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********** nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 248113,14 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2023-cü il tarixdə **********00068 hesab koduna işlənmişdir. “Azrus-Dostluq" ASC-nin **********00068 hesab koduna işlənmiş 732093,40 manat dəyərində itirilmiş qaz məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsinə əsasən 2023-cü ilin avqust ayında 682093,40 manat **********00068 hesab kodundan silinmişdir. “Azrus-Dostluq" ASC-nin **********00068 hesab koduna 248113,14 manat və **********00000 hesab koduna işlənilmiş 227694,50 manat itirilmiş qaz məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsinə əsasən 2024-cü ilin noyabr ayında 248113,14 manat **********00068 hesab kodundan, 227694,50 manat isə **********00000 hesab kodundan silinmişdir. xx.xx.2024-cü il tarixinə “Azrus-Dostluq" ASC-nin ümumi KP üzrə borcu 617276,80 manat olmuşdur. Bu borcdan 3259,16 manat **********00001 hesab kodunda, 340864,91 manat **********00000 hesab kodunda, 273152,73 manatı isə **********00068 hesab kodunda olan borcdur. **********00001 və **********00000 hesab kodlarına yaranmış ümumilikdə 344124,07 manat borc xx.xx.2023-cü il tarixinə təbii qazın sayğacla hesablanmış dəyərinin natamam ödənilməsi nəticəsində yaranmışdır. **********00068 və **********00000 hesab kodlarına hesablanmış 3 dəymiş ziyan məbləği məhkəmə qətnaməsinə əsasən silinmişdir. İş materiallarında olan “Azrus-Dostluq" ASC-yə məxsus abonent kodu **********00001 olan saldodan görünür ki, abonentə 05/2023-cü il tarixə 3259,16 manat borc hesablanmışdır. Həmin saldo üzrə qaz sərfiyyatı 04/2022-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan “Azrus-Dostluq" ASC-yə məxsus abonent kodu **********00000 olan saldodan görünür ki, abonentə 05/2023-cü il tarixə 840211,65 manat borc hesablanmış, 23539,10 manat ödəniş edilmiş, 2024-cü il tarixə 816672,55 manat məbləğində borc keçmişdir. Həmin saldo üzrə qaz sərfiyyatı 02/2023-cü il tarixdən dayandırılmışdır. 11/2024cü il tarixdə 475807,64 manat silinmə aparılmış və borc məbləği 340864,91 manat qalmışdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, “Azrus-Dostluq" ASC Cavabdeh İB-lə razılığa gəlmişlər ki, təbii qazdan istifadəyə görə “Azrus-Dostluq" ASC Cavabdeh İB-nə xx.xx.2021-ci il tarixinə 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat on dörd qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. Həmin borcdan hər ya istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq xx.xx.2021-ci il tarixdə 150000 manat, qalan 940810,14 manat borcun 50000 manat hissəsini xx.xx.2021-ci il tarixdə, 150810,14 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini isə xx.xx.2022-ci il tarixədək Cavabdeh İB-nə ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İB-nə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, “Azrus-Dostluq" ASC-nin Cavabdeh İB-nə həmin tarixə 940810,14 manat borcun qalmasını “Azrus-Dostluq" ASC təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" ASC əsassız hesablanmış 344124,57 manat borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "Azəriqaz" İB isə məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etmiş, iddia tələbində xx.xx.2024-cü il tarixə yaranmış 344124,57 manat borcun “Azrus-Dostluq" ASCdən tutularaq "Azəriqaz" İB-nə ödənilməsini xahiş etmişdir. "Azəriqaz" İB 344124,57 manat borcun abonentin **********00001 və **********00000 hesab kodlarına əsasən yarandığını bildirmişdir. Belə ki, qarşılıqlı iddiaçı 344124,57 manat borcun 3259,16 manat hissəsinin **********00001 hesab koduna işlənmiş və ödənilməmiş borc olduğunu, 340864,91 manat hissəsinin **********00000 hesab koduna işlənmiş və ödənilməmiş borc olduğunu qeyd etmiş, iddia tələbində 344124,57 manat borcun ödənilməsini tələb etsə də arayışda abonentin 344124,07 manat borcunun qaldığını qeyd etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, “Azrus-Dostluq" ASC-nin üç sayğac üzrə ayrıayrılıqda abonent saldosu olmuş, ilk iddiaçı ümumlikdə 344124,57 manat borcun silinməsini məhkəmədən xahiş etmiş, qarşılıqlı iddiaçı isə üç saldodan ikisi üzrə, yəni **********00001 hesab kodu və **********00000 hesab kodu ilə olan saldolar üzrə yaranmış borcun ödənilməsini xahiş etmişdir. Abonent kodu **********00001 olan saldoya nəzər salındıqda görünür ki, saldo üzrə abonentin qaz sərfiyyatı 04/2022-ci il tarixdən dayandırılmış, 05/2023-cü il tarixə 3259,16 manat borc hesablanmış və ödənilməmişdir. Abonent kodu **********00000 olan saldoya nəzər salındıqda görünür ki, həmin saldo üzrə abonentin qaz sərfiyyatı 02/2023-cü il tarixdən dayandırılmış, 05/2023-cü il tarixə 840211,65 manat borc hesablanmış, həmin tarixə 23539,10 manat ödəniş edilmişdir. Ödəniş edildiyi tarixdən sonra 816672,55 manat borc qalmış, həmin borc məbləği 2024-cü il tarixə keçmiş, 11/2024-cü il tarixdə 475807,64 manat silinmə aparılmış və borc məbləği 340864,91 manat qalmışdır. Göründüyü kimi təbii qazdan istifadə nəticəsində “Azrus-Dostluq" ASC-nin abonent kodu **********00001 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 3259,16 manat, abonent kodu **********00000 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 340864,91 manat, ümumilikdə 344124,07 manat borcunun yaranması təsdiq olunur. Ona görə də ilk iddia tələbinin borcun olmaması ilə bağlı dəlilləri əsassızdır və ilk iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi isə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı 344124,57 manat borcun tutulmasını xahiş etsə də xx.xx.2024-cü il tarixə borcun 344124,07 manat olması təqdiq edilir. Ona görə də həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ilk iddia üzrə iddiaçının iddia müddətini tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd edir ki, abonent kodları üzrə saldolara nəzər yetirdikdə görünür ki, abonent kodu **********00001 olan saldo üzrə 01/2020-ci il tarixinə əvvəlki ildən 1412,43 manat borc keçmişdir. Həmin tarixdən sərf edilən təbii qazın həcmi, məbləği və ödənişlər göstərilməklə 05/2023-cü il tarixə 3259,16 manat borc qaldığı göstərilmişdir. Digər abonent kodu **********00000 olan saldo üzrə 01/2020-ci il tarixə əvvəlki ildən 182159,99 manat borc keçmişdir. Həmin tarixdən sərf edilən təbii qazın həcmi, məbləği və ödənişlər göstərilməklə 05/2023-cü il tarixə 840211,65 manat borc hesablanmış, həmin tarixə 23539,10 manat ödəniş edilmişdir. Ödəniş edildiyi tarixdən sonra 816672,55 manat borc qalmış, həmin borc məbləği 2024-cü il tarixə keçmiş, 11/2024-cü il tarixdə 475807,64 manat silinmə aparılmış və borc məbləği 340864,91 manat qalmışdır. Göründüyü kimi abonentin təbii qazdan istifadəsinin 01/2020-ci ildən əvvəldən başlaması, dövri olaraq sərfiyyat və ödəniş olması abonentin hər iki saldosundan görünür. Davamlı olaraq sərfiyyat və ödəniş aparıldığı üçün 344124,07 manat borc məbləğinin məhz hansı illəri əhatə etməsi isə iş materialları ilə müəyyə edilmir. Buna baxmayaraq “Azrus- Dostluq" ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nə 1090810,14 manat məbləğində borcunun olmasını qəbul etmiş, borcu etiraf edərək hissə-hissə ödənilməsi ilə bağlı Cavabdeh İB-lə razılaşmışdır. Abonentin hər üç saldosona nəzər saldıqda görünür ki, 11/2021-ci il tarixə abonent kodu **********00000 olan saldo üzrə 302942,78 manat, abonent kodu **********00068 olan saldo üzrə 732093,60 manat, abonent kodu **********00001 olan saldo üzrə 431,43 manat borcun olması göstərilir. Hazırda mübahisələndirilən iki saldo üzrə borc məbləğləri xx.xx.2021-ci il tarixdə “Azrus-Dostluq" ASC tərəfindən etiraf edilən borc məbləğlərinə aiddir. Qarşılıqlı iddia üzrə iddiaçı qeyd edilən tarixdən, yəni xx.xx.2021-ci il tarixdən üç illik iddia müddətini ötürmədən xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 344124 (üç yüz qırx dörd min yüz iyirmi dörd) manat 07 (yeddi) qəpik borc məbləği tutularaq Cavabdeh Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülsün Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar