Məhkəmə qərarları › İş №e-2-2(115)-2638/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2638/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2638/2025 11.02.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanuni əsası olmadan yazılmış 3192 manat cərimənin silinməsi və 52 manat odənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB ilə iddiaçı arasında AMX-1804/20 nömrəli qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə öhdəliklərinə əsasən hər ay istifadə edilən qazın dəyəri vaxtlı-vaxtında cavabdehin hesabına ödənilir. Lakin cavabdeh təşkilat tərəfindən ”Zirvə” MMC-nin istehlakçı hüquqları pozulmuş, heç bir hüquqi əsası olmayan akt tərtib edilərək qanunsuz olaraq 3192 manat məbləğində cərimə yazılmışdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə ******* saylı aktla İddiaçı MMC-nin inzibati binasına quraşdırılmış qaz sayğacı sökülərək yerinə müvəqqəti qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqındakı aktda qeyd edilmişdir ki, sayğac növbədən kənar dövlət yoxlamasına göndərilir. Qaz sayğacı sökülərkən sayğaca vurulan dövlət plombu üzərində olmuş və bu barədə də aktda qeyd edilmişdir. Bir müddət keçdikdən sonra cavabdehin nümayəndəsi məlumat verərək bildirmişdir ki, İddiaçı MMC-yə 3192 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Guya ki, qaz sayğacına müdaxilə edilmişdir. 08 iyul 2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında cərimə aktı əsasında dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmiş və həmin sənəd əsasında qanunsuz cərimə edimişdir. Aktda isə G-6 markalı 28256820 nömrəli sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi kimi rəy qeyd edilmişdir. Dövlət plombu üzərində olan qaz sayğacına müdaxilə edilməsi kimi rəy bildirmək qanunsuz və absurddur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, sayğac quraşdırılanda da qaz idarəsinin işçiləri quraşdırmış, söküləndə də onlar sökmüşdür. Ancaq Bakıya laboratoriyaya göndəriləndən bir müddət sonra onlara cərimə yazılmışdır. Ona demişlər ki, sayğacın içində nəsə aşkar edilmişdir. Qüsürla bağlı sayğacın borusunda nəsə olduğunu qeyd etmişlər. Laboratoriya yoxlanışı zamanı onu dəvət etməmişlər. Sayğacda nəsə qüsur olmasında onun heç bir təqsiri olmamışdır. O, sökülən zamanı tərtib edilən akta imza etmişdir. Sayğacda heç bir problem yox idi, özləri gəlib dəyişiblər. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, həmin müəssisədə yoxlama aparılması üçün əvvəlcədən reyesterdən çıxarış alınmış, qarşı tərəfin nümayəndəsinin iştirakı ilə yoxlama aparılmış, sayğacda nöqsan aşkar edilmiş və bununla bağlı akt tərtib edilərək qarşı tərəfdən dəymiş ziyan tələb olunmuşdur. Əməkdaşlar tərəfindən 08 iyul 2025-ci il tarixdə sayğaca baxış keçirilmişdir. Nəyə görə 22 may 2025-ci il tarixində baxış keçirilməsinin qeyd edilməsini isə bilmir. Aşkar edilmiş nöqsanla bağlı Agentliyə müraciət edilməmişdir. Qarşı tərəfin akta imzası olduğu üçün agentliyə müraciət edilməsinə zərurət olmadığını hesab edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AMX-1804/20 nömrəli qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı MMC-ni keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qaz sayğacının işlək və toxunulmaz vəziyyətdə olmasının müəyyən edilməsi və qazpaylayıcısı şəbəkəyə baxış keçirilməsi haqqında aktdan görünür ki, İddiaçı MMC-yə məxsus G-6 markalı 43384343 nömrəli sayğaca baxış keçirilmiş, baxış nəticəsində sayğacın işlək və toxunulmaz vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli DY Q.M 0714/2025/23 saylı qaz sayğacının yoxlanılması haqqında protokoldan görünür ki, İddiaçı MMC-yə məxsus plomb 02190738, G6T markalı, 28256820 zavod seriya nömrəli sayğac laboratoriya qaydasında yoxlanılmış, istismara yarasız olması qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 024 saylı yoxlama aktından görünür ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca baxış zamanı 21531658 nömrəli plomb qırılaraq quru açıldı. Sayğaca xx.xx.2025-ci il tarixdə saat 11:44-də ümumi viziual baxış keçirildi. Sayğacın çıxış plasmas borcusu fiziki təsir nəticəsində deşilib. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ******* saylı aktdan görünür ki, istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2025-ci il tarixdə saat 11:44-də ümumi vizual baxış keçirilmiş və yoxlanış nəticəsində sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində deşilməsi müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarxili “Dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən İddiaçı MMC-yə cəmi 11200 m3 qaz sərfiyyatı hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2025-ci ilin avqust ayına İddiaçı MMC-yə 3192 manat qalıq borc hesablanmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı MMC-də xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində yoxlama aparılması qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin qanunun 13.8-1-ci madəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, İddiaçı MMC Gəncə şəhəri Heydər Əliyev prospektində fəaliyyət göstərir. Onunla qaz paylayıcısı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən obyekt təbii qazla təmin edilmişdir. Müqavilədə quraşdırılmış qaz qurğuları, 1 ədəd kombi, 1 ədəd PQ 2, sayğac G-6 markalı 28256820 nömrəli, üzərindəki plombun nömrəsi 04549541 kimi qeyd edilmişdir. İstehlakçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış sayğaca xx.xx.2025-ci il tarixdə baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun fiziki təsir nəticəsində deşilməsi müəyyən edilmiş, sayğac laboratoriya qaydasında yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixdə qaz sayğacının yoxlanılması haqqında protokol tərtib edilmiş, İddiaçı MMC-yə məxsus G-6T markalı, 28256820 zavod seriya nömrəli sayğacın istismara yarasız olması müəyyən edilmişdir. Bundan sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən İddiaçı MMC-də xx.xx.2025xx.xx.2025-ci il tarixlərində yoxlama aparılması sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış, xx.xx.2025-ci il tarixdə akt tərtib edilmiş, həmin akta İddiaçı MMC-yə məxsus sayğacın markası G-6, nömrəsi isə 43384343 nömrəsi qeyd edilməklə istehlakçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2025-ci il tarixdə saat 11:44-də ümumi vizual baxış keçirildiyi, yoxlanış nəticəsində sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsinin müəyyən edildiyi bildirilmişdir. xx.xx.2025-ci il tarxidə xx.xx.2025-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB tərəfindən tələbnamə tərtib edilmiş dəymiş ziyan olaraq 11200 m3 qaz sərfiyyatı hesablanmış, 2025-ci ilin avqust ayına İddiaçı MMC-nin saldosuna 3192 manat qalıq borc daxil edilmişdir. Məhkəmə ilk öncə onu bildirir ki, İddiaçı MMC-yə məxsus sayğaca baxış, yəni sahibkarlıq obyektində yoxlama cavabdehin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə həyata keçirilmişdir. Sayğacla bağlı xx.xx.2025-ci il tarixdə həyata keçirilən yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmin vaxt akt tərtib edilməmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə baxış keçirilməsinə istinad edilməklə, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşilməsi qeyd edilməkə xx.xx.2025-ci il tarixdə akt tərtib edilmişdir. Akt tərtib edilərkən yoxlama aparılması vahid məlumat reyestrində qeydə alınmışdır. Bundan başqa məhkəmə bildirir ki, laborotoriyada yoxlanılmış sayğacla (İddiaçı MMCyə məxsus plomb 02190738, G6T markalı, 28256820 zavod seriya nömrəli sayğac) aktda qüsurlu olması göstərilən sayğac (21531658 plomb nömrəli, G-6 markalı, 43384343 nömrəli sayğac) eynilik təşkil etmir. İddiaçı MMC-nin nümayəndəsinin yoxlanılma zamanı iştirakı təmin edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, "Azəriqaz" İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə abonentə borc hesablamış, lakin müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müqaciət olunmamış, müvafiq icra hakimiyyəti orqanının qərarı alınmamış, abonentin barəsində təqsiri müəyyən edilmədən borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixli akt əsasında xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçıya hesablanmış 3192 manat məbləğində borc **********00093 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 52 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 52 dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçınə hesablanmış 3192 (üç min yüz doxsan iki) manat məbləğində borc **********00093 nömrəli abonent hesabından silinsin. Ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar