Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-265/2025 14.04.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2” MMC Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış 5800 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən “X2” MMC-yə məxsus qaz sayğacının nasazlığı ilə əlaqədar bu nasazlığın səbəbinin günahkarı kimi onlara 5800 məbləğində cərimə yazılmışdır. “X2” MMC ilə İddiaçı arasında olan icarə müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan qeyri-yaşayış sahəsi tərəflərindən icarəyə götürülərək istifadə edilməkdədir. Dəfələrlə müraciət etmələrinə baxmayaraq cavabdeh orqan tərəfindən qaz sayğacı onların adına rəsmiləşdirilməməklə abonent kimi “X2” MMC qeydiyyata alınmamaqdadır. Sözügedən pul məbləğinin yaranmasına əsas səbəb kimi qazpaylayıcı təşkilat bildirir ki, hüquqi şəxs olduqları üçün paylayıcıya dəymiş zərərin əvəzinin ödənilməsi öhdəliyi istehlakçının üzərindədir. Bu belə olsa belə Cavabdeh tərəfindən tətbiq edilən qazın sərfinə dair həyata keçirdiyi hesablama metodu, qanunvericiliyə söykənməyən, Nazirlər Kabineti tərəfindən təsdiqlənməyən üsuldan istifadə edilməklə həyata keçirilmişdir. Hansı metod və vasitədən istifadə etdikləri anlaşılan deyil. Hətta Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə görə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi hallarda sərf edilmiş qazın hesablanma metodu göstərilmişdir ki, həmin müddəalardada sərfiyyatın hesablanmasımetodikası göstərilmişdir. Həmin müddəlarda qeyd edilir ki, sərf edilmiş qaz əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası, 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri və onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Halbuki, tərəflərindən nə sayğaca müdaxilə edilmiş, nədə ki, qanunsuz qoşulma nəticəsində qazdan istifadə halı baş vermişdir. Cavabdeh cərimə hesablayarkən tətbiq etdiyi metod qanunvericiliklə tənzimlənmir, yalnızca bildirirlər ki “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda bu hal öz əksini tapmışdır. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinin tələbləri baxımından qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Bundan başqa xüsusi ilə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə təsdiq olunan həmin Əsasnamənin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Lakin Cavabdeh “X2” MMC-nin hüquqlarımı kobud surətdə pozmaqla sözügedən məbləği cərimə kimi yazmışdır. Daha sonra iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddiaçı “X2” MMC əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddia tələbi məhkəməyə verilərkən qazdan istifadə qaydalarının pozulmasına görə yazılmış pul məbləğinin 5800 manat olması və həmin məbləğin silinməsi xahiş edilmişdir. Lakin araşdırma nəticəsində məlum olmuşdur ki, həmin məbləğ 5777 manat 20 manat qəpik edir. Odur ki, 5777 manat 20 qəpik məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri H.Hüseynov küçəsində yerləşən iaşə obyektinə (çörək sexi) quraşdırılmış İddiaçı adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına baxış keçirilən zaman qaz sayğacının istifadə edilmiş qaz həcmini düzgün qeydə almadığı və istehlak olunmuş təbii qazın uçotunun pozulduğu aşkar edilmişdir. Fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və müəssisə nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2022-ci il tarixli 57/00105 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən müəssisədə uçotu pozulmuş təbii qazdan istifadə edildiyi üçün Şəmkir RQİİ-nə 26260 m3 itirilmiş təbii qaz sərfi, yəni 5777 manat 20 qəpik dəymiş ziyan müəyyənləşdirilmişdir. “Qaz təchizatı haqqında” Qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən-istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq halhazıra qədər həmin məbləğ ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəmə iclası kifayət qədər təxirə salınmışdır və iddianın mahiyyəti cavabdeh tərəfə göndərilmişdir. Cavabdeh tərəfə tələbnamənin mövcud olduğu tədqirdə dəfələrlə müraciət edilməsinə baxmayaraq, onlara təqdim edilməmişdir, sadəcə iddia tələbinə etiraz ərizəsi göndərməklə kifayətlənmişlər. Etirazda qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş, hansı ki, həmin aktın mötəbərliyi kifayət qədər şübhə altındadır. Hesab edirlər ki, həmin akt 2022-ci il tarixdə deyil, məhkəmə iclasından bir gün qabaq tərtib olunmuşdur, formal aktdır, həqiqəti əks etdirmir. Sayğac yerindən çıxarılaraq laboratoriyaya təqdim olunmalı olduğu təqdirdə, laboratoriyaya təqdim olunmamışdır. Sadəcə cavabdehin işçiləri tərəfindən süzgəcin çirkli olmadığı təqdirdə süzgəc təmizlənmiş və bu barədə akt tərtib olunmuşdur, hansı ki, onlar o aktı məhkəməyə təqdim etmişlər. Bundan əlavə iddia tələbinə etiraz yazsalarda, sayğacın yerindən çıxarıldığını iddia etsələr də, bunu təsdiq edən heç bir akt yoxdur. Əgər varsa da, dəfələrlə müraciət edilməsinə baxmayaraq nə məhkəməyə, nə də iddiaçıya təqdim edilməmişdir. Bundan başqa, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yoxlama keçirilməsi üçün bu barədə çıxarış təqdim olunmalı olduğu təqdirdə heç bir məlumat verilməmişdir. İddiaçının cavabdehin işçilərini təsdüfən görməsi nəticəsində yoxlamadan xəbəri olmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-2981/19 saylı qazın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB və Şəmkir XS-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, İddiaçı məxsus çörək sexində quraşdırılmış “G-100 markalı 80106357 nömrəli sayğaca yerində xidmət göstərilmiş və sayğacın süzgəcinin giriş və çıxış hissəsi yuyularaq təmizlənmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB və Şəmkir XS-nin nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktından görünür ki, İddiaçı məxsus çörək sexində quraşdırılmış “G-100 markalı 80106357 nömrəli sayğaca baxış zamanı müəyyən edilmişdir ki, qaz buraxmadığı üçün sayğac plombları qırılaraq yenidən texniki xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-100 markalı 80106357 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 26260 m3 (5777 manat 20 qəpik) “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2022-ci il dekabr ayına qalıq və aktlar üzrə borcu 5777 manat 20 qəpikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.14-cü bəndinə əsasən dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Həmin qərarın 2.18-ci bəndinə əsasən ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus G-100 markalı 80106357 nömrəli qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təbii qazın uçotunun pozulması haqqında aktla yoxlamadan keçirilmiş, sayğac göstəricilərinin xətasının normalara uyğun olmadığı aşkar olunmuş, uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 26260 m3 müəyyən edilmiş və onun dəyəri olan 5777 manat 20 qəpik borc kimi iddiaçının hesabına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarına görə iddiaçı sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşımadığı halda, sayğac xətasının nədən ibarət olduğu, uçota alınmayan qaz həcmi yenidən hansı qaydada hesablanaraq məhz 26260 m3 müəyyən olunduğuna görə cavabdehə dəyən ziyanla iddiaçının hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, qaz sayğacının laboratoriya şəraitində yoxlamadan keçirilmədən, yerində yoxlama aparılmaqla dəymiş ziyanın həcmi hesablanaraq qaz paylayıcısı tərəfindən abonentin hesabına 5777 manat 20 qəpik məbləğində borc hesablanmışdır. Məhkəmə hesab edir ki, həmin yoxlama qanunvericiliyin yuxarıda sadalanan tələblərini pozmaqla aparıldığından, nəticələri qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə tərəfindən təbii qazın uçotunun pozulması haqqında aktın verilməsinə əsas olmuş sənədlərin tələb edilməsinə baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Bununla da, borcun hesablanmasına əsas olmuş halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: **********00080) hesablamış 5777 manat 20 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00080) hesablamış 5777 manat 20 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-265/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-265/2025
14.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver