Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2760/2025 25.12.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X6 qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı "xxxx" Müəssisəsinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Müəssisəsi Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh struktur qurumu olan X7 İstismarı İdarəsi tərəfindən Bərdə rayonu "xxxx" Müəssəsi barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli aktın qanunsuz hesab edilməklə həmin akta əsasən Müəssisəyə hesablanmış 4968 m qaz itkisinin bərpası üçün (dəymiş zərərin əvəzi) 1242 manatın Bərdə rayonu "xxxx" Müəssisənin **********00010 №-li abonent hesabından silinməsinə və hazırkı iddia ərizəsinə baxılması üçün ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehdən alınaraq Bərdə rayonu "xxxx" Müəssisəsinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi təsisçisi və rəhbəri olduğu Bərdə rayonu "xxxx" Müəssisəsi (bundan sonra Müəssisə adlanacaq) ünvan 1i ünvanında yerləşir və müəssisənin fəaliyyət istiqaməti müxtəlif çeşidli şirniyyat məhsullarının tədarükünü və satışını həyata keçirməkdən ibarətdir. Müəssisənin qaz təhcizatı qüvvədə olan texniki şərtlərə və qaydalara tam uyğun surətdə 2022-ci ilin iyun ayında Cavabdeh İBnin X7 İstismarı İdarəsi tərəfindən həyata keçirilməklə təbii qaz verilməsinə başlanmışdır. Müəssisəyə qaz verilişi 1 ədəd Elster tipli G-6 markalı 40384191 №-li qaz sayğacı vasitəsi ilə tənzimlənir. Müəssisənin qaz istifadəçisi kimi Abonent kodu **********00010-dur. Müəssisə ilə təbii qazın satıcısı “AzəriQaz İB-nin X7 İstismarı İdarəsi arasında münasibətlərin tənzimlənməsi isə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Müqavilə ilə həyata keçirilir. Cavabdeh İB tərəfindən X7 İstismarı İdarəsinin mütəxəssisləri vasitəsi ilə 06 yanvar 2025-ci il tarixdə keçirilmiş Plandankənar (növbədənkənar) yoxlamanın nəticəsinə dair xx.xx.2025-ci il tarixli DYQM 1831/02 nömrəli “Qaz sayğacının yoxlanılması haqqında” protokol tərtib edilmişdir. Protokolda göstərilir ki, G-6T markalı 40384191 nömrəli, Almaniya istehsalı olan sayğaca xx.xx.2025-ci ildə saat 16:53-də ümumi vizual baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində cızıq izləri aşkar olundu. Giriş yeri birləşmə deformasiyaya uğrayıb. Yoxlama nəticəsi: Sayğac istismara yararsızdır (müdaxilə) Həmin protokol əsasında Cavabdeh İB-nin Tərtər RQİİ-nin Bərdə Xidmət sahəsinin mütəxəssisləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 iyun 2025-ci il tarixli ******* №-li Akt tərtib edilərək Müəssisəyə 4968 m həcmində təbii qaz itkisi hesablanmışdır. Bu aktda göstərilir ki: “Baxış zamanı aşkar olunmuş nöqsanlar barədə Qeyd: Protokol № DYQM 1831/02-ə əsasən. Sayğaca xx.xx.2025-ci il saat 16:53-də ümumi vizual baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cırıq izləri aşkar olundu. Dəymiş ziyan hesablansın. Abonent tərəfindən ödənilsin”. Sözügedən Akt əsasında Cavabdeh Kommersiya Departamenti tərəfindən təsisçisi və rəhbəri olduğu Bərdə rayon "xxxx" Müəssisəsinə 4968 m həcmində təbii qaz itkisinə görə "xxxx" xx.xx.2025-ci il tarixli Tələbnamə ilə Müəssisəyə 1242 manat cərimə hesablanmış və həmin cərimə məbləği müəssisənin abonent hesabına daxil edilmişdir. Müəssisənin təsisçisi və rəhbəri olmaqla həmin cərimənin əsassız tətbiq edildiyini və 1242 manat cərimənin Müəssisənin abonent hesabından silinməli olmasını məhkəmənin diqqətinə çatdırır: 1. xx.xx.2025-ci il tarixdə Müəssisənin qaz sayğacının yoxlanılması faktiki olaraq müəssisənin Cavabdeh İB ilə olan xx.xx.2025-ci il tarixli Müqavilə şərtlərinə əməledilməsi vəziyyətinin yoxlanılması olmaqla Müəssənin sahibkarlıq fəaliyyətinin qanunsuz yoxlanması olmuşdur. Çünki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarıın müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli Fərmanı ilə sahibkarlıq subyektlərinə münasibətdə bu cür yoxlamalar, xüsusən də onların özlərinin razılığı və iştirakı olmadan aparılmış yoxlamalar qanunsuz və sahibkarların fəaliyyətinə müdaxilə hesab edilir, belə yoxlamaların nəticəsinin hüquqi əhəmiyyəti isə yoxdur. 2. xx.xx.2025-ci il tarixdə Müəssisənin qaz sayğacına baxış keçirilərkən heç bir üzürlü səbəb olmadan Müəssisənin nümayəndəsinin iştirakı təmin edilməmişdir və həmin baxışın nəticəsinə dair Protokol Müəssisənin təsisçisi və rəhbəri kimi ona təqdim edilməmişdir. Bu protokol barədə bir neçə gün bundan əvvəl məlumat almışdır. 3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli ******* №-li akt yuxarıda göstərilən qanunsuz protokolun köçürülməsindən ibarətdir, yəni həmin Protokol əsasında tərtib edilmişdir, bu barədə Aktın özündə də qeyd edilib. Bundan başqa həmin Aktda “İstehlakçının nümayəndəsi” qismində iştirak etmiş şəxs kimi yalnız adı göstərilmiş Namiq adlı şəxsi tanımır və tərəfindən bu şəxsə səlahiyyət verilməmişdir ki, baxışda iştirak etsin. 4. Müəssisənin qaz sayğacı quraşdırılarkən Cavabdeh İB Tərtər RQİİ-nin Bərdə xidmət sahəsinin əməkdaşlarına bildirmişdir ki, sayğacın yol kənarında-küçədə quraşdırılması düzgün deyildir, bura əhalinin gediş-gəlişinin çox olduğu yerdir, ərazinin özü isə “narahat” ərazi hesab edilir, problemli ərazidir, burada qanunsuz hərəkətlər çox olur və xahiş edmişdir ki, sayğacı müəssisənin hasarının içəri tərəfində quraşdırsanlar. Lakin dediklərinə əhəmiyyət verilməmişdir. Hesab edir ki, əgər həmin sayğacın üzərində hər hansı bir zədə, cızıq və s. varsa bunu yoldan ötüb keçənlər, narahat vətəndaşlar və ya azyaşlılar etmiş olar. 5. Sayğac quraşdırılarkən onun üzərində hər hansı bir plomb vurulmayıb. Bunun səbəbini bilmir. 6. Sayğaca onun tərəfindən, yaxud müəssisənin hər hansı bir əməkdaşı tərəfindən heç bir müdaxilə edilməyib, yaxud ona fiziki təsir edilməmişdir. Protokolun tərtib edildiyi xx.xx.2025-ci il tarixədək də sayğac normal və işlək vəziyyətdə olmuşdur. 7. Sayğacın laborotoriyada yoxlanılması da Müəssisənin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Odur ki, laborotoriya yoxlamasının nəticələrini qəbul etmir. Cavabdeh məhkəməyə etiraz göndərərək, iddiaçı X2 Cavabdehnə qarşı 1242 manat borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X4 Cavabdehnə qarşı borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün ləğv olunmalıdı. Çünki İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alğı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən "xxxx" Müəssisəsinin Bərdə rayonu Alaçadırlı kəndində yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən G-6 markalı, 40384191 nömrəli qaz sayğacının çıxış yivli birləşməsində sızma olduğu məlum olmuşdur.Bu səbəbdən sayğac açılaraq Dövlət Yoxlamasına göndərilmişdir/’Azərbaycan Metrologiya İnstitutu” PHŞ "xxxx" MMC-nin qaz sayğacının yoxlanması haqqında 1831/02 saylı protokoluna əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi, daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması məlum olmuşdur. Bu səbəbdəndə abonentə 4968 m3 (4968x0.25=1242 manat) itirilmiş qaz hesablanmışdır. Odur ki, iddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən "xxxx" Müəssisəsində sayğaca baxış keçirilərkən, sayğaca müdaxilə ehtimalı aşkar edilmişdir. Bu səbəbdən də sayğac xx.xx.2024-cü ildə açılaraq, dövlət yoxlamasına göndərilmişdir. Dövlət yoxlamasının rəyinə əsasən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulağcıqlarda fiziki təsirin nəticəsində əzik-cızıq izlərinin olduğu aşkar edilmişdir. Eyni zamanda sayğacın giriş yivli birləşməsi deformasiyaya uğramışdır. Sayğaca müdaxilə laboratoriya rəyi ilə təsdiq olunur. Bu səbəbdən də abonentə 1242 manat məbləğidə itirilmiş qaz hesablanmışdır. 27 noyabr 2024-cü il tarixdə yoxlama aparılan zaman sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmamışdır. Reyestrdən çıxarış 18 iyun 2025-ci ilin iyun ayında alınmışdır. Sayğac laboratoriyaya 10 dekabr 2024-cü il tarixdə təqdim edilib. Qaz sayğcının yoxlanılması haqqında protokola əsasən yoxlama 22 yanvar 2025-ci il tarixdə keçirilib. Yoxlama aparılan zaman iddiaçının nümayəndəsinin iştirakı təmin olunmamışdır. Yoxlama aparılmasının yeri və vaxtı barəsində iddiaçının nümayəndəsinə məlumat verilməyib. Müdaxilənin iddiaçı tərəfindən edilməsi ilə bağlı dəqiq sübutları yoxdur. X1 Agentliyindən şəxsin təqsirli bilinməsi ilə bağlı rəy alınmamışdır. İddia tələbinin rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X4 məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, idda tələbini müdafiə etdiklərini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatının dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə "xxxx" Müsəssisəsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli AMX-3091/2022 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarından görünür ki, “Azərbaycan Metrologiya İnstitu” PHŞ tabeliyindəki "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli DYQM 1831/02 nömrəli “Qaz sayğacının yoxlanılması haqqında” protokoldan görünür ki, Elster tipli G-6 markalı 40384191 №-li qaz sayğacı dövlət yoxlanılmasına qəbul edilmişdir. Yoxlama nəticəsində istismara yararsız olması(müdaxilə) qeyd edilmişdir. Sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cırıq izləri aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin Tərtər RQİİ-nin Bərdə Xidmət sahəsinin mütəxəssisləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 iyun 2025-ci il tarixli ******* №-li aktdan görünür ki, DYQM 1831/02 nömrəli protokola əsasən Müəssisəyə məxsus “Elster” tipli G-6 markalı 40384191 №-li qaz sayğacına xx.xx.2025-ci il tarixdə vizual baxış keçirilmiş və 4968 m həcmində təbii qaz itkisi hesablanmışdır. Baxış zamanı sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cırıq izləri aşkar olunmuşdur. Dəymiş ziyan hesablanması və abonent tərəfindən ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” tələbnamədən görünür ki, Bərdə rayonu, Alaçadırlı kəndində yerləşən Müəssisəyə məxsus G-6 markalı 40384191 №-li qaz sayğacına itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ziyan 4968 m3 (1242 manat) hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonet saldosundan görünür ki, "xxxx" Müəssisəsinin 2025-ci ilin iyul ayına qalıq və aktlar üzrə 1242 manat borcunun olduğu göstərilmişir. İş materiallarından görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarış xx.xx.2025-ci il tarixdə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus G-6 markalı 40384191 №-li qaz sayğacı cavabdeh tərəfindən yoxlamadan keçirilmiş, yoxlama nəticəsində sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzildiyi və daxili qulaqcıqlarında fiziki təsir nəticəsində əzik-cırıq izlərinin olması aşkar olunmuş, Müəssisəyə məxsus G-6 markalı 40384191 №-li qaz sayğacına itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1242 manat borc iddiaçının hesabına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarına görə iddiaçı hüquqi şəxs olaraq sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşısa da, sayğaca qanunsuz müdaxilə nəticəsində uçota alınmayan qaz həcminin hansı qaydada hesablanaraq 4968 m3 həcmində müəyyən olunduğuna görə cavabdehə dəyən ziyanla iddiaçının hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının sayğaca müdaxilə edilmə halına görə təqsirinin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiq edilmədən sonuncunun hesabına cərimə tətbiq etmişdir. Belə ki, iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsi iş materialları ilə öz təsdiqini tapmır. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iddiaçı Müəssisəyə məxsus obyektə quraşdırılmış sayğaca baxış keçirilərək yoxlama aparılmış və həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanlarla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 1242 manat borc hesablanmışdır. Lakin həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində vaxtında qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Həmçinin, iddiaçıya məxsus “Elster” tipli G-6 markalı 40384191 №-li qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə yoxlamaya aparılmış, lakin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” xx.xx.2025-ci il tarixdə alınmışdır. Eyni zamanda yoxlama keçirilən zaman iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmişdir. Qanunverciliyən də tələbindən də göründüyü kimi yoxlama nümayəndənin iştirakı ilə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, "xxxx" Müəssisəsinə (abonent kodu: **********00010) hesablamış 1242 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, ödənilmiş 33 manat dövlət rüsumu Cavabdehndən iddiaçı "xxxx" Müəssisəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Müəssisəsinə (abonent kodu: **********00010) hesablamış 1242 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Ödənilmiş 33 manat dövlət rüsumu Cavabdehndən iddiaçı "xxxx" Müəssisəsinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-2760/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2760/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver