Məhkəmə qərarları › İş №e-2-2(115)-2894/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2894/2025

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2894/2025 03.03.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2025-ci il tarixli ******* nömrəli akt əsasında ona hesablanmış 867 manat məbləğində borcun **********00152 nömrəli abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ilə aralarında bağlanmış müqaviləyə əsasən özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən istixanada quraşdırdığı qaz sayğacı ilə hesablanan sərfin məbləğini mütəmadi olaraq hər ay ödəmişdir. Cavabdeh tərəf sayğacın istismar müddəti bitdiyi üçün sayğacı dəyişdirəcəklərinə söz versələr də müxtəlif bəhanələrlə bunu etməmişlər. İstixanada ilin soyuq aylarında qaz sərfiyyatı gün ərzində 3-4 saat fasilə verməklə 18-20 saat istifadə olunduğu halda, cavabdehin əməkdaşları gün ərzində guya 10 saat müddətində qaz sərf olunduğu əsası ilə qaz sərfiyyatı qeydə alırlar. Bu barədə cavabdehin əməkdaşlarına dəfələrlə etiraz etsə də, heç bir faydası olmamışdır. Nəticədə guya istixanaya quraşdırılmış qaz sayğacının sərf olunan qazı ölçmə qabiliyyətində olmaması qənaətinə gəlinmiş, cavabdehin əməkdaşları istifadə olunan, ancaq ölçülməmiş qaz sərfiyyatı bəhanəsi ilə ona əsassız borc tətbiq etmişlər. Qazdan istifadə qaydalarının pozulması haqqında 22 yanvar 2025-ci il tarixli ******* nömrəli akt və xəbərdarlıq sənədinə əsasən saldo cədvəlində 2025-ci ilin fevral ayının sonunadək qalıq və aktlar qrafası üzrə barəsində 867 manat məbləğində borc olması qeyd edilmiş, ödənilməsi tələb edilmişdir. Cavabdehin əməkdaşları qaz sayğacının istifadə olunan qaz sərfiyyatını tam ölçməməsi bəhanəsi ilə barəsində əsassız olaraq borc yazmaqdansa, həmin sayğacın normal sayğacla əvəz edilməsinə dair təklifini yerinə yetirmələri daha məqsədyönlü olardı. Nəticədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilməzdi və həmin aktda istixanada istifadə olunan qaz qurğusunun qaz sərfi sayğacının maksimal ölçmə həddindən çoxdur ifadəsini və oxunması mümkün olmayan bəzi ifadələri, həmçinin dəymiş ziyanın müəyyən edilərək ödənilməsinin tələb edilməsi kimi ifadələr də qeyd edilməzdi. Cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görülməli olduğu halda, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin Cavabdeh İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt ilə ona borc hesablamış, lakin həmin aktla inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müraciət olunmadan və müvafiq icra hakimiyyəti orqanının qərarı alınmadan onun barəsində borc hesablanmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək xx.xx.2025ci il tarixli akt əsasında ona hesablanmış 867 manat məbləğində borcun **********00152 nömrəli abonent hesabından silinməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli təbii qazdan istifada qaydalanın pozulması haqqında ******* nömrəli aktda qeyd edilmişdir ki, istixanada istifadə olunan qaz sayğacının qaz sərfi saygacın maksimal ölçmə həddindən çoxdur. Sərfiyyat aşma-5,2 m3/saat qeyd edilmişdir. Qazdan istifadə qaydalarının 3.4.1-ci yarımbəndinin və istehlakçı və paylayıcı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2.3.5-ci yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfinin hesablanması, ödənişin təmin edilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərin maksimal sərfiyyatı 15.2 m3/saat-dır. Sayğacın maksimal saatlıq sərfiyyatından artıq olan və özbaşına quraşdırılmış qaz qurğuları ləğv edilməli, itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablanmalı, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunmalıdır. Nəticədə dəymiş ziyanın həcmi 3744 m3 hesablanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli sənaye üzrə inventar aktından görünür ki, sayğacın parametrləri G-6 nömrə 42674489 Mex: 41935, müəssisədə istifadə olunan qaz qurğuları qeyri-standart istilik qazanı- 1 ədəd, 15,2 m3/saat. İş materiallarında olan abonent saldosundan görünür ki, 2025-ci ilin fevral ayına abonentə 867 manat borc hesablanmış və həmin məbləğ abonent tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin qanunun 13.8-1-ci madəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin qaydaların 6.5-2-ci maddəsinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə G-6 42674489 nömrəli sayğaca "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, istixanada istifadə olunan qaz sayğacının qaz sərfi saygacın maksimal ölçmə həddindən çoxdur. Sərfiyyat aşma-5,2 m3/saat-dır. Həmin akt əsasında xx.xx.2025-ci il tarixdə tələbnamə verilmiş və abonentə təbii qazdan istifadə qaydalarının 6.5-2-ci bəndinə əsasən 3744 m3 qaz itkisinə görə dəymiş ziyan hesablanmış və abonentin saldosuna 867 manat borc daxil edilmişdir. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, "Azəriqaz" İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə abonentə borc hesablamış, lakin müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müqaciət olunmamış, müvafiq icra hakimiyyəti orqanının qərarı alınmamış, abonentin barəsində təqsiri müəyyən edilmədən borc hesablanmışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 867 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 30 dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 867 (səkkiz yüz altmış yeddi) manat məbləğində borc **********00152 nömrəli abonent hesabından silinsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar