Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-292/2024 08.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərişıq" ASC tərəfindən əsassız hesablanmış 10213,80 manat borcun silinməsi və ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı kənddə 30 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müxtəlif kənd təsərrüfatı bitkiləri əkib becərir. Balıqçılığın inkişafı ilə əlaqədar həmin torpaq sahəsində göl yaradaraq balıqçılıqla da məşğul olur. Bütün bunlar üçün təbii ki, ona su mənbəyi lazım olmuşdur. Bunun üçün sahədə qanuni əsaslarla, abonent kodu **********4 artezian quyusu qazdırmışdır. Ona görə də yaşadığı ərazidə "xxxx" ASC-nin Goranboy rayon şöbəsinin abonentidir və enerji istifadəçisidir. İstifadə etdiyi enerjinin pulunu həmişə vaxtlı-vaxtında gecikdirmədən ödəmişdir. Heç vaxt "xxxx" ASC-nin nümayəndələri ilə aralarında mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. Sonuncu dəfə, yəni 06 mart 2023-cü il tarixdə istifadə etdiyi enerjinin pulunu ödəyərkən 1602 manat əvəzinə 1700 manat ödəmişdir. Ona isə bildirmişlər ki, 10000 manat "xxxx" ASC-yə borcu var. Bunu aydınlaşdırmaq üçün "xxxx" ASC-nin Goranboy rayon şöbəsinə 06 mart 2023-cii il tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəməyə təqdim etdiyi, X9 Enerji Təchizatı və Satışı İdarəsi X4nin 07 mart 2023-cü il tarixli 230 saylı məktubu ilə ona bildirmişlər ki, abonent kodu **********4 olan artezian quyusunun elektrik sayğacı yandığı üçün qüsurun aradan qaldırılmasına görə X6 Şöbəsi tərəfindən xx.xx.2023cü il tarixli 052213 saylı akt tərtib edilmişdir. "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin əməkdaşları ərazidə baxış keçirən zaman xx.xx.2023-cü il tarixdə 014897 saylı akt tərtib etmişlər. Onların göstərişi ilə ona məxsus artezian quyusu şəbəkədən açılmış və ona 10213,8 manat itirilmiş enerjinin əvəzi hesablanmışdır. Ona 10213,80 manat borc qanunsuz və əsassız hesablanmış və həmin məbləğdəki borc silinməlidir. Belə ki, istər Goranboy rayon Elektrik Şəbəkəsinin işçiləri tərəfindən, istərsə də "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydaları yoxlandıqda ona bildirilməmiş və onun bundan xəbəri olmamışdır. Həmiçinin ona hər-hansı bir qərarın, baxış aktının surəti verilməmişdir. Tərtib edilən aktdan da görünür ki, aktların heç birində onun imzası yoxdur və bu barədə heç bir qeyd də yoxdur. Həmçinin yoxlama qeydiyyatdan keçməmişdir. İş üzrə cavabdeh "xxxx" ASC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın əsassız və qanunsuz olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz ərizəsi belə əsaslandırılmışdır ki, Goranboy EŞ-nin əməkdaşları Ş.İbrahimov, S.Nəsibov və N.Əsədov tərəfindən 15 fevral 2023-cü il tarixdə İddiaçı məxsus Goranboy rayonunun Baxçakürd kəndində yerləşən torpaq sahəsini və həmin sahədə yaradılmış balıqartırma gölünü elektirik enerjisi ilə təchiz edən elektirik hesblama sayğacının ay ərzində istehlak edilmiş elektirik enerjisinin göstəriciləri oxunarkən 3 fazalı elektirik hesablama sayğacının yanaraq istismara yararsız vəziyyətə düşdüyü və sayğacın texniki parametrlərinin oxunmadığı müəyyən edilmişdir. Aşkar edilmiş faktla əlaqədar EEİQ-nin tələblərinə uyğun olaraq iddiaçı barəsində R052213 saylı akt tərtib edilmiş və faktla bağlı "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinə məlumat verilmişdir. Məlumata əsasən "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları M.Ağayev və E.Hüseynov tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus təsərrüfatı elektirik enerjisi ilə təchiz edən yanaraq istismara yararsız vəziyyətə düşmüş elektirik hesablama sayğacına təkrar baxış keçirilmişdir. İddiaçı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi 12 saylı Gəncə Ərazi Vergilər Departamentində ********** saylı VÖEN qeydiyyatda olduğundan baxış keçirilməzdən əvvəl enerji təchizatı müəsissəsinin əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrin”də qeydiyyatdan keçmişlər. Sayğaca baxış keçirilməsində özünü iddiaçının nümayəndəsi kimi təqdim edən İsrafil Abdullayev adlı şəxs iştirak etmişdir. Baxış zamanı balıqartırma təsərrüfatına məxsus gücü 63 kva olan güc transformatorunun 0.4 kv-luq tərəfində quraşdırılmış elektirik sayğacının tam yandığı və işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu müəyyən edilərək xətdən axan yükün Pfak=33 kvt, Psay=0 kvt olduğu, qoyulmuş gücün isə transformatorun nominalına əsasən Pqoy=63 kva təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlar tərtib edilmiş NDQ014897 saylı aktda öz əksini tapmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən aktlar üzrə komissiya tərəfindən xx.xx.2023-cü il tarixli NDQ014897 saylı akta əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 161 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 10213,80 manat təşkil edən 102138 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektirik enerjisi bərpa edilmişdir. Aşkar edilmiş pozuntu faktının enerji təchizatı müəsisəsinin əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Hesabat (44,1 kvt x (0,7) x 24 saat x 161 gün) – 17144 kvt saat = 102138 kvt saat, tarif (0,10 manat) – 102138 kvts x 0,10 = 10213,80 manat, cəmi 10213,80 manat olaraq aparılmışdır. İddiaçı tərəfindən istehlak edilmiş elektirik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında məlumatda yanaraq sıradan çıxmış elektirik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinin xx.xx.2023-cü il tarixdə oxunarkən 31 gün ərzində sayğacın dəyəri 1562,40 manat 15624 kvt saat miqdarında elektirik enerjisinin istehlakını qeyd etdiyi müəyyən edilir. Qüsurlu elektirik hesablama sayğacı xx.xx.2023-cü il tarixdə Goranboy EŞ-nin əməkdaşları S.Musayev və R.Rəhimov tərəfindən sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 274252 nömrəli akt tərtib edilməklə dəyişdirilmişdir. İddiaçı barəsində EEİQ-nin tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektirik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. İddiaçı iddia ərizəsində qeyri-səmimiliyə yol verərək ona məxsus təsərrüfatın elektirik enerjisi ilə təchizatına baxış keçirilməsindən və barəsində akt tərtib edilməsindən xəbərsiz olduğunu bildirərək məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə ona məxsus təsərrüfatın elektirik enerjisi ilə təchizatına baxış keçirilməsində yuxarıda onun nümayəndəsi qismində özünü təsərrüfatın işçisi qismində təqdim edən İsrafil Abdullayev adlı şəxs iştirak etmiş və iddiaçı barəsində EEİQ-nın tələblərinə uyğun olaraq tərtib edilmiş akta imza etmişdir. İddiaçı Goranboy EŞ-nin proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə istehlak edilmiş elektirik enerjisinin miqdarı, dəyəri və ödənişini əks etdirən abunə haqqında məlumatdan onun barəsində Goranboy EŞ-nin əməkdaşları tərəfindən N.Məmmədov, Ş.İbrahimov və S.Nəsirov tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus təsərrüfatın elektirik enerjisi ilə təchizatına baxış keçirildiyi, baxışın abonentin xx.xx.2022-ci il tarixli Asan Xidmət mərkəzinə müraciəti əsasında keçirildiyi, obyekti elektirik enerjisi ilə təchiz edən DTSYF-23 B tipli 3 fazlı Smart kart sayğacının daxilində baş vermiş qısaqapamadan yanması və sayğacın 63 kva transformatorun 0,4 kv-luq paylayıcı qurğusunda quraşdırıldığı müəyyən edilmişdir. Qeyd olunanlar İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli R047397 saylı aktda öz əksini tapmışdır. Hesablanmış 2768 manat məbləğində enerji haqqı dəyəri xx.xx.2022-ci il tarixdə “Kapital Bank” vasitəsi ilə "xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus təsərrüfatı elektirik enerjisi ilə təchiz edən elektirik hesablama sayğacının enerji sərfiyyatı göstəriciləri oxunarkən sayğacın 31 gün ərzində dəyəri 1562,40 manat təşkil edən 15624 kvt saat miqdarında elektirik enerjisinin istehlakını qeyd etdiyi müəyyən edilir. xx.xx.2023-cü il tarixdə ifrat yükləmədən yanaraq istismara yarasız vəziyyətə düşmüş elektirik hesablama sayğacı yeni LUN 23 tipli 25931599 zavod nömrəli 3 fazlı elektirik hesablama sayğacı ilə əvəz edilmişdir. İddiaçı ona məxsus olan təsərrüfatı elektirik enerjisi ilə təchiz edən elektirik hesablama sayğacının yanaraq istismara yararsız vəziyyətə düşməsi barədə enerji təchizatı müəsissəsinə, yəni Goranboy EŞ-nə rəsmi qaydada müraciət etməli olduğu halda bunu etməmişdir. Obyektə xx.xx.2023-cü il tarixdə yeni sayğacı quraşdırıldıqdan sonra xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə Goranboy EŞ-nə müraciət etmişdir. Müraciət istehlakçılardan daxil olan ərizə və şikayətlərin qeydiyyatı jurnalında 77 sayla qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan təsərrüfat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan 47 gün ərzində elektirik enerjisi ilə qanunsuz təchiz edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, işığın verilməsi ilə əlaqədar müqavilə bağlamışlar. Transformator gölün yaxınlığında yerləşir. Sayğac da transformatorun içərisindədir. o Rusiyadan 2023-cü ilin fevral ayında gəlmişdir. Gəldikdən sonra əkin sahəsində işıqların yanmadığını görmüş və 1600 manat borcun olduğunu bilmişdir. Goranboy rayonunda olan işıq idarəsinə getmiş, orda ona işıq xətlərinin Bakıdan gələn əməkdaşlar tərəfindən ayrıldığını bildirmişlər. Bununla bağlı qaynar xəttə zəng etmiş və 1600 manat borcuna görə ona xətlərin kəsildiyini bildirmişlər. 1700 manat ödəniş edəndə isə ona məlum olmuşdur ki, təxmini olaraq 11000 manat borcu vardır. Bu barədə Goranboy rayonundakı işıq idarəsinə, daha sonra isə qaynar xəttə məlumat vermişdir. Qaynar xəttdən ona nəsə porblem olduğunu və problemin həll ediləcəyini bildirmişlər. Aktlar tərtib edilərkən o Azərbaycanda olmamışdır. İşıq idarəsinin öz əməkdaşları sayğac xarab olduğu üçün gəlib sayğacı dəyişmişlər. Sayğacın işləməməsi ilə əlaqədar isə o kiməsə müraciət etməmişdir. İşıq idarəsinin işçiləri özüləri sayğacın yandığını görmüşdür. Dəyişdirilən sayğac öz-özünə yanmışdır, işıq idarəsindən özləri gəlib həmin sayğacı aparıb labarotoriyada yoxlamışlar, hər hansı müdaxilə olması təsdiq edilməmişdir. Yanmış sayğac artezianın işlədilməsi üçün standartlara uyğun olmuşdur. Sayğacın yanmasına səbəb ildırım olmuşdur. İşıq xətti hazırda quraşdırılmış, enerjinin verilməsi bərpa edilmişdir. Sayğac çıxarıldıqdan sonra həmin xətti birbaşa yalnız işıq idarəsinin özü qoşmuşdur. O, Azərbcaydanda olmadığına görə işıq idarəsindən işıq xəttini tez qoşmalarını xahiş etmiş, ancaq xəttin kim tərəfindən birbaşa qoşulduğunu bilmir. Bu hal 5 gün davam etmişdir, həmçinin fevral ayında artezian işlədilməmişdir. Çünki həmin artezianı onlar ancaq yayda su olmayan zaman istifadə edirlər. Qış aylarında elektrikdən onlar yalnız işıqlandırma üçün istifadə edirlər. Bununla bağlı akt tərtib ediblər, çəkiliş aparıblar və elektrik xəttini sayğacsız quraşdırıblar. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçının yaşadığı kənddə 30 hektara yaxın əkin sahəsi vardır. Orada eyni zamanda balıqçılıqla məşğul olur. Həmin ərazidə iddiaçının şəxsi artezian quyusu vardır. 2022-ci ildə artizanın sayğacında problem olduğu üçün ərazi üzrə Goranboy rayonunun enerji idarəsinə məlumat vermişdir. Bununla əlaqədar gəlib baxış keçirib akt tərtib etmişlər. İddiaçının ərizəsi əsasında ona X4 tərəfindən rəsmi qaydada xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. Həmin sayğaca ancaq ixtisaslı mütəxəssis müdaxilə edə bilərdi, həmin xətti birbaşa yalnız işıq idarəsinin özü qoşmuşdur. Bu hal 5 gün davam etmişdir, həmçinin fevral ayında artezian işlədilməmişdir. Aylıq sərfiyyata görə borcun olması qəbzlərdən aydın görünür, ancaq həmin akt əsasında borcun hansı qaydada hesablanması barədə hər hansı sənəd yoxdur. Sayğacın yanmasına səbəb şimşək çaxması olmuşdur, bu təbii hadisədir. Tərərflər arasında müqavilə vardır, belə olan halda iddiaçıya hər hansı cərimə yazıla bilməzdi. Cavabdehin nümayəndəsi sayğacın yanmasının iddiaçının təqsirinə görə baş verməməsini etiraf edir. 47 günə 10000 manat dəyən zərər hesablana bilməzdi. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 izahat verərək bildirdi ki, 15 fevral 2023-cü il tarixdə sayğacın enerji göstəricilərini yoxlamaq üçün əməkdaşlar sayğaca baxış keçirən zaman sayğacın yandığını görüblər. Bu barədə akt tərtib edib satışa nəzarət idarəsinə məlumat verilib. Həmin idarənin əməkdaşları da reyesterdən qeydiyyatdan keçərək yoxlama aparmışlar və sayğacın həqiqətən də yanaraq yararsız hala düşdüyünü görüblər. Hesab edir ki, sayğac həddindən artıq yükləmədən yana bilər. Bunu müəyyən etməkdən ötrü sayğacı yoxlamaq lazımdır, lakin sayğac tamamilə yanıb məhv olmuşdur. Sayğacın ildırım çaxması nəticəsində yanması heç nə ilə təsdiq olunmur. İddiaçının müraciəti 07 mart tarixində daxil olmuşdur. İddiaçının təqsiri sübut olunmadığına görə sayğacın dəyəri ondan tutulmamışdır. Həmin obyektin əvvəlki sayğacı da anoloji qaydada yanmışdır. Sayğacın dəyəri tutulmasa da istifadə edilmiş enerjiyə görə haqq müəyyən edilməlidir. İşıq xətti birbaşa iddiaçı tərəfindən qoşulmuşdur. Obyektin sahibindən başqa onu kimsə qoşa bilməz, çünki buna marağı olan odur. Nəyə görə itirilmiş enerjinin dəyəri kimi qeyd edilən məbləğdə sərfiyyatının hesablandığını isə bilmir. Kənar xəttdən istifadə olunan hallarda 12 ayadək hesablanma aparıla bilər. Transformator iddiaçının mülkiyyətindədir, sayğac da transformatorun yanında quraşdırılmışdır. Transformatora gələn xəttin ayrıcı vardır, o ayrıcı açdıqda transformatora artıq enerji gəlmir, bundan sonra asanlıqla sayğac üzərində istədiyin hərəkəti etmək olar. Hesab edir ki, xətti birbaşa iddiaçı qoşmuşdur, çünki enerjinin verilməsində maraqlı olan odur. İşıq xətti enerjitəchizatı müəssisəsi tərəfindən birbaşa qoşulsaydı mütləq qaydada bu aktda qeyd edilməli idi. Yoxlama bir aydan sonra edilmişdir, lakin sayğacın dəqiq yanmasını bilmək qeyri-mümkün idi. Odur ki, elektrik enerjisi 47 gün ərzində sayğacsız istifadə olunduğuna görə həmin tarix ərzində onun sərfiyyatı müəyyən edilsə daha ədalətli olar. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filalının böyük müfəttişi, mütəxəssis X3 məhkəmə iclasında bildirdi ki, elektrik enerjisindən istifadə qaydaların 8.16-cı maddəsində elektrik sayğacının istehlakçının günahı olmadan yararsız vəziyyətə düşməsi halında akt tərtib edilsə də hesabat aparılmır. Enerjinin dəyəri yalnız sayğac yararsız vəziyyətə düşməmişdən qabaqkı, ya da yararlı vəziyyətə salındıqdan sonrakı bir ay ərzində sərfiyyata uyğun olaraq hesablanır. Bu qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Hazırkı iş üzrə hesablama aparılmamalı idi. Ancaq ya yanvar, ya da mart ayının 31-dək sərf olunan enerjinin dəyəri əsas götürülə bilərdi. İstehlakçının günahı olmadığına görə hesabat aparılmamalı idi, ancaq əvvəlki və ya sonrakı 1 ayın sərfiyyatına uyğun haqq müəyyən edilməli idi. Sayğac yanmamışdan qabakı yoxlama zamanı müəyyən edilmiş aylıq sərfiyyat dəyərini 1 aylıq haqq kimi nəzərə alına bilərdilər. Ona görə də elektrik enerjisindən istifadə qaydalarının tələbləri pozulmuşdur. Sayğacın yararsız vəziyyətə düşməsinə dair istehlakçı tərəfindən məlumat verilməməsinə görə elektrik enerjisindən istifadə qaydalarında istehlakçı barəsində hər hansı məsuliyyət nəzərdə tutulmamışdır. Bu hal sayğacdan kənar hal sayılmır, çünki sayğac yandığından sayğac sxemada olmamışdır. Və bu Elektrik enerjisindən istifadə qaydalarının 8.17 və 8.17-1-ci bəndələrinin təsiri altına düşmür. Enerjitəchizatı müəssisəsi belə hal baş verəndə istehlakçının enerjisini dayandıra bilməz, ona müvəqqəti olaraq sayğacsız enerji verməlidir. Sayğac bərpa olunanadək, hər bir halda bir aydan artıq olmayan müddətə günlük ortalama istifadəyə uyğun hesablama aparıla bilər. Lakin sayğacı enerjitəchizatı müəssisəsi gec qoyarsa yenə də 1 aydan artıq sərfiyyat müəyyən edilə bilməz. Bu zaman da hər hansı hesablama aparıla bilməz, ancaq əvvəlki və ya sonrakı ayın sərfiyyatına uyğun dəyər müəyyən edilə bilər. 14 yanvarda müəyyən edilmiş 1562.40 manat və ya mart ayının sərfiyyatı əsas götürülə bilərdi. Sayğacı vaxtında quraşdırmaq enerjitəchizatı müəssisəsi vəzifəsi idi. 1562.40 manat 31 gün müddətində sərf etdiyi enerjinin dəyəridir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli 052213 nömrəli aktdan görünür ki, EEİQ-nə uyğun olaraq yoxlama zamanı müəyyən olunmuşdur ki, 3 fazalı elektron sayğac yanıb, əriyib, parametrlər oxunmur. İstismara yararsız vəziyyətə düşüb. Hesabat su nasosunun gücünə uyğun aparıldığı qeyd edilmişdir. Həmiçinin EEİQ-nin uyğun sayğac yenisi ilə əvəz olunması və hesablanacaq məbləğin mütləq ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 052213 nömrəli icra vərəqindən görünür ki, 15 fevral 2023-cü il tarixli akta əsasən sayğacın yandığı və onun yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli 014897 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, balıqartırma təsərrüfatına məxsus gücü 63 kva olan güc transformatorunun 0,4 kvt-luq tərəfində quraşdırılmış elektirik sayğacı tam yanmışdır, işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı xəttən çıxan yük: P=33 kvt, Psayı=0 kvt. Qoyuluş güc tr-nın nominalına əsasən Pqey2 63 kva təşkil edir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli icra vərəqindən görünür ki, 21 fevral 2023-cü il tarixli akta əsasən baxış keçirilən zaman balıqartırma təsərrüfatına məxsus gücü 63 kva olan güc transformatorunun 0,4 kvt-luq tərəfində quraşdırılmış elektirik sayğacı tam yandığı, işlədicilərin şəbəkəyə birbaşa qoşulduğu qüsur olaraq müəyyən edilmişdir. Həmiçinin 10213,80 manat məbləğində borcun hesablandığı qərara alınmaq, yeni elektirik sayğacının quraşdırıldığı qeyd edilmişdir. İş materiallarında olan sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 274352 nömrəli aktdan görünür ki, xx.xx.2023-cü il tarixli 052213 nömrəli akta və xx.xx.2023-cü il tarixli 014897 nömrəli akta əsasən sağacın dəyişdirildiyi və yenidən möhürləndiyi qeyd edilmişdir. Həmiçinin bu aktın xx.xx.2023-cü il tarixdə 2 nüsxə olaraq müştərinin nümayəndəsinin iştirakı ilə tərtib olunduğunu və imzalandığını da qeyd etmişlər. İş materiallarında olan X9 Enerji Təchizatı və Satış İdarəsi Goranboy Elektirik şəbəkəsinin İddiaçı ünvanladığı 07 mart 2023-cü il tarixli 230 nömrəli cavab məktubundan görünür ki, abonent kodu **********4 olan artezian quyusunun elektirik sayğacı yandığı üçün qüsurun aradan qaldırılmasına görə X6 şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 052213 saylı akt tərtib edilmiş, lakin "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin əməkdaşları ərazidə sayğaclara baxış keçirən zaman xx.xx.2023-cü il tarixdə 014897 saylı akt tərtib olunmuş, 10213,80 manat hesabat aparılmış, onların göstərişi və iştirakı ilə artezian quyusu şəbəkədən açılmışdır. Hal-hazırda 10120,40 manat debitor borcu var. Debitor borc ödənildikdən sonra artezian quyusunun şəbəkəyə qoşulması tərəflərindən təmin olunacaqdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, 14 yanvar 2023-cü il tarixdə abonentə 31 günə enerji sərfiyyatına görə 1562,40 manat borc, 03 mart 2023-cü il tarixdə 014897 saylı akta əsasən 10213,80 manat məbləğində borc, 14 aprel 2023-cü il tarixdə isə 31 günə enerji sərfiyyatına görə 16,50 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, Goranboy rayonu Bağçakürd kəndində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində gücü 63 kva olan güc transformatorunun 0,4 kvt-luq tərəfində quraşdırılmış elektirik sayğacına 14 yanvar 2023-cü il tarixdə sərfiyyatla bağlı baxış keçirilmiş, həmin tarixə sayğacın 31 gün ərzində elektrik enerjisindən sərfiyyatına görə 1562,40 manat məbləğ hesablanmışdır. 15 fevral 2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları sayğaca baxış keçirmiş, 3 fazalı elektron sayğacın yanması, əriməsi, parametrlərin oxunmaması və istismara yararsız vəziyyətə düşməsi ilə bağlı akt tərtib etmişlər. 21 fevral 2023-cü il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrin”də qeydiyyatdan keçməklə sayğaca baxış keçirmiş, quraşdırılmış elektirik sayğacının tam yanması, işlədicilərin şəbəkəyə birbaşa qoşulması qeyd edilməklə akt tərtib etmişlər. Həmin akt əsasında abonentə 03 mart 2023-cü il tarixli icra vərəqi əsasında 10213,80 manat borc hesablanmışdır. 01 mart 2023-cü il tarixdə abonentə yeni sayğac quraşdırılmışdır. Həmin tarixədək işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Bundan başqa sayğacın hansı səbəbdən yanması və nə vaxt yanması müəyyən edilməmişdir. Sayğacın yanmasında abonentin hər hansı bir təqsirinin olması enerjitəchizatı müəssisəsi tərəfindən müəyyən edilməmiş və iş materialları ilə də təsdiq edilmir. Sayğac yanması səbəbindən çıxarılmış və işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Məhkəmə bildirir ki, abonentin təqsiri olmadan uçot müvəqqəti pozulduğundan və işlədicilər şəbəkəyə birbaşa qoşulduğundan sərf edilən elektrik enerjisinin məbləği tərəflərin razılığına əsasən uçot pozulana qədər, yəni 14 yanvar 2023-cü il tarixdə 31 gün ərzində sərfiyyata görə hesablanmış 1562,40 manat məbləğ, yaxud da ucot bərpa edildikdən sonra, yəni 01 mart 2023-cü il tarixdən sonra 31 gün ərzində sərfiyyata hesablanmış məbləğə uyğun müəyyən edilməli idi. Lakin enerjitəchizatı müəssisəsi abonentin təqsiri olmadan onun elektrik enerjisindən istifadə qaydalarını pozması nəticəsinə gəlmiş və ona əsassız olaraq 10213,80 manat borc hesablamışdır. Məhkəmə həmçinin bildirir ki, sayğacın yanması vaxtı müəyyən edilməsə də 14 yanvar 2023-cü il tarixdə baxış keçirilən zaman sayğac işlək vəziyyətdə olmuş, sayğac yeni sayğacla 01 mart 2023-cü il tarixdə əvəz edilmişdir. Həmin müddət 47 gün təşkil etsə də abonentə işlədicilərin birbaşa qoşulması səbəbindən sərfiyyata uyğun hesablama bir aydan artıq aparıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 14 yanvar 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixdək işlədicilərin şəbəkəyə birbaşa qoşulması səbəbindən istifadə edilmiş elektrik enerjisinin sərfiyyatı uçot pozulana qədər bir ay üçün hesablanmış məbləğdə müəyyən edilməli, həmin məbləğin 1562,40 manat təşkil etməsi nəzərə alınaraq həmin məbləğ icra vərəqəsi əsasında hesablanmış 10213,80 manat borcdan çıxılmalı və 8651,40 manat məbləğində borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan Goranboy 1 saylı mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmiş, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci ödənildiyi qeyd edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 200 manat mediasiya xərci də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilməli olan 106 manat 51 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 fevral 2023-cü il tarixli NDQ 014897 nömrəli akta əsasən 03 mart 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 10213 manat 80 qəpik borc məbləğdən 8651 (səkkiz min altı yüz əlli bir) manat 40 (qırx) qəpik hissəsi **********42567 (**********4) nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 (iki yüz) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 106 (bir yüz altı) manat 51 (əlli bir) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-292/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-292/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver