Məhkəmə qərarları › İş №e-2-2(115)-48/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-48/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-48/2024 18.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdehlər Cavabdehnə və Cavabdeh Şəmkir X5 İdarəsinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi və akta əsasən hesablanmış məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmki rayonu Dəllər-Cırdaxan kəndində ona məxsus iaşə obyektində qaz sayğacının yaxınlığında yerləşən reduktordan havaya qaz sızması ilə bağlı 2022-ci ilin əvəllərində "xxxx" QSC-nin işçiləri və sahə nəzarətçisi həmin əraziyə gələrək xarab olmuş reduktoru düzəltmişlər. "xxxx" QSC-nin işçiləri gəlib sayğaca baxış keçirərkən möhürü zədələmişlər. Sayğacın möhürü zədələndikdən sonra işçilərdən biri digərinə onların bu sayğaca müdaxilə etməyə səlahiyyəti olmadığını, "Azəriqaz" İB-nin digər qurumunun işçilərinin səlahiyyətli olduğunu bildirmişdir. "xxxx" QSC-nin işçiləri ona narahat olmamağını, bu səhvlə bağlı "Azəriqaz" İB-nə məlumat verəcəklərini bildirmişlər. Sahə nəzarətçisi əməkdaşlara və ona sayğaca yenidən qanuna müvafiq şəkildə plomb vuracağını bildirmişdir. Lakin bir müddət sonra yoxlama zamanı bu səbəbdən sayğaca müdaxilə kimi ona 2165 manat məbləğində cərimə yazılmış və mübahisəli akt tərtib edilmişdir. Müraciəti əsasında Təmiz Qaz” QSC-nin işçiləri bildirmişlər ki, onun günahı yoxdur. "Azəriqaz" İB-nin özünün nəzdində olan "xxxx" QSC-nin işçilərinin səhvi nəticəsində ona yazılmış cəriməni qərəzli və əsassız hesab edir. İddiaçı sonuncu dəfə 12 noyabr 2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbin hər iki cavabdehə Cavabdehnə və Şəmkir X5 İdarəsinə qarşı olmaqla ******* nömrəli xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış 2160 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir RQİİ-də qeyri-əhali abonenti kimi qeydiyyatda olan, istehlakçı İddiaçı məxsus iaşə obyektinin qaz sayğacının plastmas qapağının gövdədən tamamilə aralanması, eləcə də plastmas plombun üzərində cızıq izlərinin mövcudluğu aşkarlanmışdır. Müdaxilə faktı barədə Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 8640 m3 təbii qaz sərfi, yəni 2160 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən İddiaçı izahat verərək göstərmişdir ki, kəndlərinin qaz nəzarətçisi Şahid1 ona zəng edərək "xxxx" QSC-nin əməkdaşlarının gəldiyini və onun qaz xəttində olan sızıtını aradan qaldıracaqlarını bildirmişdir. Belə ki, qaz idarəsindən gəlib sızıntı olan qaz xətlərinə işarə qoyurlar, daha sonra isə onu digər əməkdaşlar gəlib düzəldirlər. Onun qaz xəttində olan sızıntını "xxxx" QSC-nin əməkdaşları sayğacı sökərək aradan qaldırıblar, daha sonra onların buna səlahiyyətlərinin olmadığını başa düşüblər. Blombu "xxxx" QSC-nin əməkdaşları sındırıblar. Blombları kəsərkən "xxxx" QSC-nin əməkdaşları ona yenidən blomb vuracaqlarını bildiriblər. Aidiyyəti üzrə qaz idarəsinə zəng vurmuşlar. Qaz idarəsindən isə onun heç bir günahının olmadığı, bu barədə Bakıya məlumat verəcəklərini bildirmişlər. Blomb sındırıldıqdan 2-3 ay sonra cərimə tətbiq edilməsi barədə akt tərtib edildi. Daha sonra isə qeyd edilən hadisə nəticəsində ona cərimə yazıldı. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil izahat verərək göstərdi ki, qaz sayğacı obyektdən 30-40 metr uzaqda yerləşir. İddaçı sızıntı ilə əlaqədar qaz idarəsinə müraciət vermiş, bundan sonra qaz idarəsinin əməkdaşları əraziyə gələrək sayğacda olan nöqsanı aradan qaldırmaq üçün sayğaca müdaxilə etmişlər və bu barədə qaz idarəsinə məlumat verəcəklərini bildirmişlər. İddiaçı tərəfindən qaz sayğacına hər hansı müdaxilənin edilməməsinə baxmayaraq onu cərimələyiblər. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək göstərdi ki, iddia ərizəsində də göründüyü kimi sayğaca müdaxilə edilməsi aşkardır. Lakin "xxxx" QSC-nin Cavabdeh İB-nə hər hansı aidiyyətı yoxdur. Blomb sayğaca müdaxilənin qarşısının alınması üçündür, hər bir şəxs bilir ki, o blombu qırmaq olmaz. "xxxx" QSC-nin əməkdaşlarının işi ilk növbədə sızmanı aşkar etməkdir. Daha sonra sızma barəsində Cavabdeh İB-nə məlumat verməlidirlər. Onlara icazə verildiyi halda onlar sızmanı aradan qaldıra bilərlər. Əks halda onlar müvafiq orqana sızmanın aradan qaldırılması və blombun sındırılıb daha sonra yenisi ilə əvəz edilməsi üçün sifariş verərdilər. Aktda blombun həqiqətən yerində olmaması qeyd edilmişdir, iddiaçı özü də bu akta qol çəkmişdir. İddiaçı iddia tələbini "xxxx" QSC-yə qarşı qaldırlmalı və borcun ödənilməsini ondan tələb etməli idi. "xxxx" QSC işə cəlb edilməli və hadisənin halları dəqiqləşdirilməlidir. Bu hadisə ilə bağlı iddiaçının ərizəsi əsasında onlarda araşdırılma aparılmışdır, "xxxx" QSC blombun onlar tərəfindən kəsildiyini etiraf etmişdir. Ancaq blombun sındırılmasının səbəbini onlar bilmirlər. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 ifadə verərək bildirdi ki, "Azəriqaz" İB-də qaz avadanlığının istismarı və təmiri üzrə çilingər vəzifəsində çalışır. Qeyd edilən sayğac çayxanın qabağında, ondan 20-30 metr uzaqda yerləşir. Sayğacın qutusu yoxdur. "xxxx" QSC-nin əməkdaşları əraziləri gəzərək qaz sızıntısı olan yerlərdə belə nöqsanları aradan qaldırırlar. Bu hadisə baş verən zaman onu çağırmışlar və ona vətəndaşa da məlumat verməyini bildirmişlər. O da Rahibə məlumat vermişdir. "xxxx" QSC-nin əməkdaşları onların yanında sayğacı söküb sızıntını aradan qaldırmışdır. Blombu "xxxx" QSCnin əməkdaşları sındırmışdır. Lakin sonradan anladılar ki, bu sayğac qeyri-yaşayış obyektinə aid olan sayğacdır və onların buna müdaxilə etmək səlahiyyəti yoxdur. Aktı "xxxx" QSC-nin əməkdaşları özləri tərtib etmişlər. Qaz idarəsinin müdiriyyətinin bu hadisədən məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 ifadə verərək bildirdi ki, "Azəriqaz" İB-nin Şəmkir RQİİ-də mühəndis vəzifəsində çalışır. Dəqiq tarixi yadında olmasa da hadisə baş verən gün axşam İddiaçı ona zəng edərək "xxxx" QSC-nin əməkdaşlarının sayğaca müdaxilə etdiyini bildirmişdir. O axşam işdən çıxdıqdan sonra gəlib sayğaca baxmış və onun blomblarının kəsildiyini görmüşdür. Həmin blombları ancaq Bakıda vururlar, heç bir regional qaz idarəsinin əməkdaşının həmin blomba müdaxilə etməyə səlahiyyəti yoxdur. İddiaçı ona "xxxx" QSC-nin əməkdaşlarının gəldiyini bildirmişdir, o cümlədən onların tərtib etdiyi akta da baxmışdır. Sayğaca baxarkən blombun kəsildiyini görmüş, İddiaçı nə baş verdiyini soruşduqda isə "xxxx" QSC-nin əməkdaşlarının blombu kəsdiyini bildirmişdir. Axşam "xxxx" QSC-nin əvvəlki baş mühəndisi olan Qabil müəllimə zəng etmiş, o da ona əmakdaşların hesabat verdiklərini və sabah ona daha dəqiq məlumat verəcəklərini bildirmişdir. O da sabah ona zəng etmiş və ona sayğaca əməkdaşları tərəflərindən müdaxilə edildiyini və akt tərtib edildiyini bildirmişdir. Sayğacda olan sızmanın aradan qaldırıldığını bildirmişdir. Qabil müəllim ona özü blombun sındırıldığını bildirmiş, ərizə yazıb "Azəriqaz" İB-nə göndərəcklərini, İddiaçı cərimə yazılmayacağını, yazılsa belə həmin cərimənin onlar tərəfindən ödəniləcəyini bildirmişdir. Qabil müəllimə dəfərlərlə müraciət etmişlər, o, ərizə yazılacağını, əməkdaşlardan izahat alınacağını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadə verərək bildirdi ki, "Azəriqaz" İBnin Şəmkir RQİİ-də satış şöbəsində nəzarətçi işləyir. Dəqiq tarix yadında qalmasa da həmin hadisə zamanı orada olmuşdur. Orada üç nəfər "xxxx" QSC-nin əməkdaşları və bir nəfər isə kəndin qaz nəzarətçisi olan Elçin olmuşdur. Nə baş verdiyini soruşduqda "xxxx" QSC-nin əməkdaşları sayğacda qaz sızıntısı olduğunu və onu aradan qaldıracaqlarını bildirmişlər. Sayğacı tamamilə sökmüşdülər. Blombu qırmadan sayğacı çıxarmaq olmur. Qeyri-əhali sayğaclarında iki ədəd blomb olur. Onun biri dövlət blombudur. Həmin sayğacı blombun birini sındırmadan da sökmək olardı. İddiaçı bu məslədə heç bir günahı olmamışdır. İş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 18 mart 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Zenner tipli G-4 markalı, **********9 nömrəli, mexaniki göstəricisi 10582 m3 olan sayğac növbədənkənar dövlət yoxlaması nəticəsində çıxarılmış, Elson tipli, G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. Həmiçinin aktda sayğac tez-tez kipləşir, qaz buraxmır, sayğacın xüsusi nömrəli plombu Təmiz qaz tərəfindən kəsildiyi qeyd edilmişdir. İş materiallarında olan qeyri-əhali qaz sayğacının yoxlanması haqqında 25 may 2022-ci il tarixli MS-29/1640-01007-18 nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin Socar **********31791640X01007 saylı 20 aprel 2022-ci il tarixli məktubuna əsasən 22 aprel 2022-ci il tarixində Şəmkir RQİİ-dən dövlət yoxlamasına gətirilmiş G-4 markalı, zenner-mexanika tipli qaz sayğacına 06 may 2022-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və AZMİ-nin möhürü və nömrəli plomb aşkar edilməmiş, plastmas qapaq alt tərəfdən plomb olan hissədən gövdədən aralanmış, zavod plastmas plombunun üzərində cızıq izləri müəyyən olunmuşdur. Həmiçinin sayğaca ümumi baxış nəticəsində xətaların normaya uyğun olmadığı, qüsura görə nəticənin müdaxilə nəticəsində qaz itkisinə səbəb olduğu və sayğacın yarasız olduğu qeyd edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 iyun 2022-ci il tarixli ******* nömrəli aktda qeyd edilmişdir ki, Cavabdeh İB-dən daxil olan xx.xx.2022-ci il tarixli MS 29/1640-01007-18 saylı aktına əsasən AZMİ-nin möhürü və nömrəsi plomb aşkar edilməmiş, plastmas qapaq alt tərəfdən plomb olan hissədən gövdədən aralanmış, zavod plastmas plombunun üzərində cızıq izlərinin olduğu, həmiçinin sayğaca ümumi baxış nəticəsində xətaların normaya uyğun olmadığı müəyyən edilərək dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 26 iyun 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. Həmiçinin qaz sərfiyyatının cəmi 8640 m3 olması qeyd edilmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 27 dekabr 2023-cü il tarixli 870 nömrəli məktubundan görünür ki, "xxxx" QSC Cavabdeh İB ilə bağlanmış satınalma müqaviləsinə əsasən xarici yeraltı, yerüstü qaz xətlərinə, onların üzərində olan qurğu və avadanlıqlara texniki baxış keçirərək müxtəlif səviyyəli qaz sızmalarını aşkar edir.12 noyabr 2021-ci il tarixində Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində yerləşən İddiaçı məxsus sayğacın yaxınlığında yerləşən qaz xəttində müxtəlif səviyyəli sızmalar aşkar edilmiş və bununla bağlı raport hazırlanaraq Cavabdeh İB-nə təqdim edilmişdir. 2022-ci və 2023-cü illər ərzində İddiaçı məxsus sayğacın yaxınlığında yerləşən qaz xətlərində sızma aşkar edilməmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı 2160 manat qalıq borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bundan başqa Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. 24 iyun 2022-ci il tarixdə İddiaçı məxsus iaşə obyektinin qaz sayğacına baxış keçirilməsi nəticəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, aktda AZMİ-nin möhürü və nömrəsi plombun aşkar edilmədiyi, plastmas qapağın alt tərəfdən plomb olan hissədən gövdədən aralandığı, zavod plastmas plombunun üzərində cızıq izlərinin olduğu qeyd edilmiş, xətaların normaya uyğun olmadığı müəyyən edilərək, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Həmin akt əsasında qaz sərfiyyatının 8640 m3 olması barədə tələbnamə tərtib edilmiş və istehlakçıya 2160 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarını pozması, qaz sayğacına müdaxilə etməsi, möhürün kəsilməsi və ya qopardılması, möhürün üzərində olan cızıq izlərinin onun tərəfindən edilməsi, ümumiyyətlə onun təqsiri ilə bağlı hər hansı bir hala istinad edilməmişdir. İddiaçı təqsiri müəyyən edilmədən və sübuta yetirilmədən onu məsuliyyətə cəlb edən akt tərtib edilmişdir. Halbuki, iş materiallarında olan 18 mart 2022ci il tarixli ******* nömrəli aktda sayğacın xüsusi nömrəli plombunun Təmiz qaz tərəfindən kəsildiyi qeyd edilmişdir. O cümlədən cavabdehin nümayəndəsi araşdırma aparılarkən "xxxx" QSC-nin əməkdaşlarının plombun onlar tərəfindən kəsilməsini etiraf etdiklərini bildirmişdir. Həmçinin cavabdeh təşkilatın əməkdaşları olan şahidlər ifadələrində plombun "xxxx" QSC-nin əməkdaşları tərəfindən kəsildiyini bildirmişlər. Belə olan halda İddiaçı təbii qazdan istifadə qaydalarını pozması, borcun onun təqsiri nəticəsində yaranması öz təsdiqini tapmamışdır. Odur ki, 24 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanmış 2160 manat məbləğində borc **********00045 nömrəli abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 24 iyun 2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı hesablanmış 2160 (iki min yüz altmış) manat məbləğində borc **********00045 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar