Məhkəmə qərarları › İş №e-2-2(115)-484/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-484/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-484/2024 31.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilata müraciət edərək bildirmişdir ki, ona məxsus Gəncə şəhəri Ə.Cəmil küçəsi "Sahildə görüş" yeməkxanası 1993-ci ildən fəalliyət göstərmişdir. Yeməkxana 2003-cü ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının idarə olunması və özəlləşdirilməsi deportamentinin 000722 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə tərəfindən özəlləşdirilmişdir. Ona məxsus yeməkxana 2011-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülmüşdür. Yeməkxananın elektrik enerjisinin hesabatı üçün Gəncə Elektrik şəbəkəsi 266 saylı transformator u/st-dah 0,4 paylayacısından qidalanırdı. Obyektin qanunsuz sökülməsi zamanı elektrik sayğacı da söküntü zamanı torpağın altında qalmışdır. Bu səbəbdən də iddiaçı ona məxsus obyektin enerji təchizatının bərpa olunmasını cavabdeh təşkilatdan xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də iddiacı İddiaçı Gəncə İnzibati Məhkəməsinə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq ünvan 1 ünvanda yerləşən ona məxsus obyektin enerji təchizatının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1708/2023 nömrəli qərarı ilə (hakim F.Hüseynov) iddia tələbi təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-546/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-1(114)-1708/2023 nömrəli qərarı ləğv edilərək, iddia tələbimümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərardadı onunla əsaslandırmışdır ki, tərəflər arasında mülki hüquq münasibətindən irəli gələn müqavilə bağlanılmış, hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Belə olan halda hazırki mübahisə tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyin icrası ilə bağlı yaranmış mübahisədir və həmin mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. İddiaçıya məxsus “Sahildə görüş” yeməkxanası 1993-ci ildən fəalliyət göstərmiş, obyektin elekrik sayğacı mövcud olmuş və obyekt 2011-ci ildə Gəncə şəhər İHti tərəfindən qanunsuz olaraq sökülərkən elekrik sayğacı iddaçının günahı olmadan məhv edilmişdir. İddaçı hazırda isə həmin mövcud olmuş elekrik sayğacın bərpa edilməsini xahiş edir. Cavabdeh təşkilatın isə istinad etdiyi Azərbaycan Respublikası NK-nin 2005-ci il 02 fevral tarixli 18 №-li qərarı ilə təstiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” yeni qurulan və istifadəyə verilən obyektlərə aiddi ki, həmin obbyektlərdə əvvəllər elekrik sayğac mövcud olmamışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, videogörüntü iddiaçı tərəfindən sayğacın alğı-satqı olunması ilə bağlı əsas kimi götürülə bilməz. Cavabdeh tərəfin fikri ilə razılaşmır və hesab edir ki, iddiaçının sayğacı məhv olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı öz iddia ərizəsində bildirir ki, 2011-ci ildə obyektin sökülməsi zamanı elektrik sayğacı torpağın altında qalmışdır. X4 Məhkəməsinə eyni tələblə müraciət ediblər. Həmin məhkəmə işi inzibati məhkəmədə olan zaman, o özü sayğacı nömrəsi ilə yoxlamışdır. Yoxlama zaman aydınlaşdırıldı ki, sayğac 2011-ci ildə məhv edilə bilməzdi, çünki, 2009-cu ildə sayğac başqa bir şəxsə satılmışdır. Bunu təsdiq edən video və foto sübutları yığmış, amma inzibati məhkəmənin hakimi sübutları qəbul etməmişdir. Bu məhkəmə işi daha sonra apellyasiya məhkəməsinə gedərək, onların xeyrinə qurtarmışdır. Sayğac bir fazlı yox, üç fazlı olması səbəbindən, nəzarət olub. Lakin, nəzarət edənlər ancaq işıq xəttlərinin cərəyan keçirib-keçirməməsini yoxlayıblar. Sayğacın başqa şəxsə satılması barədə video görüntülər vardır. Əvvəlcə, tərəflər arasında sayğacın notarial qaydada alqı-satqısı keçirilir, daha sonra sayğacın yeni sahibi qeydiyyata alınır. Hazırkı işdə sayğac iddiaçı tərəfindən satıldığından iddia rədd edilməlidir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, texniki şərt, abonent saldosu, şəhadətnamə, aktlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, əvvəllər Ələkbərova Sahibə məxsus olan sayğac qeyri-yaşayış obyekti söküləndə ona satılmışdır. Təxminən sayğacı 600-900 dollara almışdır. Əvvəllər bunu bildirməyə çəkinsə də sonradan "xxxx" ASC-nin əməkdaşları problem yoxdur demişdir. Onun obyekti ilə sökülən obyektin arasında 1 km məsafə vardır. Sayğacı ona iddiaçı özü gətirmişdir. İş materiallarında olan abonet saldosundan görünür ki, ********** nömrəli sayğac Şahid Ziyyədin oğluna məxsusdur. İş materiallarında olan 17 may 2013-cü il tarixli 7E-10-6304 nömrə ilə qeydə alınan ərizədən görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnaməsindən görünür ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yerləşən “Sahildə görüş”yeməkxanasının yerləşdiyi 757.5 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 1335 (bir min üç yüz otuz beş) manat təşkil edir. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 1ndə yerləşən “Sahildə görüş” yeməkxanası İddiaçı mükiyyətindədir. Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin 10 oktyabr 2023-cü il tarixli, 003661 nömrəli Texniki Pasportundan görünür ki, Ümumi sahəsi (398.7m2 ), Əsas sahəsi (179.1m2 ), Köməkçi sahəsi (219.6m2 ) Tikinti altı sahəsi (329.8m2 ) Təsərrrüfat hesablı “Sahildə görüş” yeməkxanası 1980-ci ildə tikilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0,0758 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. xx.xx.1996-cı il tarixli müqavilədən görünür ki, bu müqavilə elektrik enerjisinin verilməsi və istehlakı barədə Gəncə şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsi ilə “Sahildə görüş” yeməkxanasının sahibi İddiaçı arasında bağlanmış, müqavilənin şərtlərinə görə müəssisə istehlakçıya 50 kva (kvt) hüdudlarında fasiləsiz enerjinin 0.4 kB-lıq elektrik sayğacı ilə verilməsini öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 1.1-ci bəndinə əsasən müstəqil enerji istehsalçısı - dövlətə, müxtəlif təsərrüfat sahələrinə və özəl təşkilatlara mənsub olub, onlara məxsus enerji şəbəkəsi ilə dövlət elektroenergetika müəssisəsinin və ya enerjitəchizatı müəssisələrinin vasitəsilə istehlakçıları elektrik və istilik enerjisi ilə təchiz edən hüquqi şəxsdir. elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. 1.2-ci bəndinə əsasən bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın: 1.1 və 1.1.2-ci bəndinə əsasən Bu Qayda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin üçüncü hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər olan (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, enerji təchizatı layihəsinin hazırlanması və verilməsi, habelə elektrik şəbəkəsinə qoşulması üzrə prosedur və tələbləri müəyyən edir. 2.1-ci bəndinə əsasən məişət abonentlərinin və tələb olunan gücü 200 kVt-a qədər (200 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektinin ETŞ-yə qoşulması və ya əlavə enerji (güc) alması məqsədilə texniki şərtlərin və enerji təchizatı layihəsinin hazırlanması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrinə uyğun olaraq, bu Qaydanın 2.2-ci bəndində qeyd olunan məlumatları Sistemə daxil edir və ya həmin məlumatların Sistemə daxil edilməsi məqsədilə tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə xidmət nöqtələrində ETM-in nümayəndəsinə ərizə ilə (elektron və ya yazılı formada) müraciət edir. 2.2. Sistemə aşağıdakı məlumatlar daxil edilir: 2.2.1. sifarişçinin (məişət abonenti istisna olmaqla) VÖEN-i; 2.2.2. sifarişçinin şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi (VÖEN olmadıqda); 2.2.3. sifarişçinin ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinin və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinin ünvanı (olduğu yer) və həmin tikinti obyekti və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsi üzərində sifarişçinin mülkiyyət və digər əşya hüququnu təsdiq edən sənəd barədə məlumatlar (daşınmaz əmlakın dövlət reyestr nömrəsi və daşınmaz əmlakın qeydiyyat nömrəsi) və ya həmin sənədin skan olunmuş surəti (həmin məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda); 2.2.4. tələb olunan elektrik enerjisinin gücü, qoşulma gərginliyi, etibarlılıq üzrə kateqoriyası; 2.2.5. sifarişçinin mobil telefon nömrəsi, poçt və elektron poçt ünvanı (elektron poçt ünvanı olduqda). Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi Gəncə Şəhər İcra hakimiyyəti tərəfindən sökülmüşdür. İddiaçı cavabdehin hər hansı hərəkət və ya hərəkətsizliyi səbəbindən enerji təchizatından məhrum qalmamışdır. Sayğac iddiaçı tərəfindən başqa qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə satılmışdır. Bunu məhkəmədə şahid qismində iştirak edən Şahid ifadəsində bildirmişdir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı ********** nömrəli işıq sayğacınının onun adına olduğunu, lakin Şahid Ziyyədin oğlunun istifadəsində olduğu üçün Şahid Ziyyədin oğlunun adına rəsmiləşdirilməsi üçün ərizə vermişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz iddia ərizəsində ünvan 1 ünvanında yerləşən ona məxsus obyektin enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsindən, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarından da göründüyü kimi iddiaçının enerji təchizatının əvvəlki gücündə bərpa olunmasını tələb etdiyi qeyri-yaşayış sahəsi hal-hazırda mövcud deyildir. Sökülmüş və hal hazırda mövcud olmayan qeyri-yaşayış sahəsinə enerjinin verilməsinin bərpa olunması tələbi də əsassızdır. Digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Hazırki iş üzrə iddiaçının enerji təchizatından məhrum qalmasında cavabdehin hər hansı təqsiri olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli, 399 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tələblərinə əsasən enerji təchizatı şəbəkəsinə qoşulması üçün enerji təchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edillməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı enerji təchizatının əvvəlki gücündə bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar