Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-53/2024 05.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-i tərəfindən tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış 2700 manat 80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh idarənin əməkdaşları mərhum atasının istifadəsində olan uzun müddətdir ki, işləməyən yeməkxanaya gələrək qaz sayğacına baxış keçirtmişdir. Baxış zamanı həmin yeməkxanada olan qaz sayğacının işləmədiyini biliblər lakin, daha sonra məlum olub ki, 2700 manat 80 qəpik məbləğində ona cərimə yazılmışdır. Həmin vaxtı həmin yeməkxanın qaz pulu borcu olmamışdır. Cərimə yazılan zaman ona heç bir akt təqdim olunmamışdır. Onda yalnız bildiriş, xəbərdarlıq mövcuddur. Qaz idarəsinin əməkdaşı onun yaşadığı evə gələrək yeməkxanada olan qaz sayğacına 2700 manat 80 qəpik məbləğində qaz pulu borcu olduğunu deyib. O, həmin ödəniş ilə tamamilə razı deyil. Bununla bağlı Cavabdeh ASC-nin Tovuz idarəsinə müraciət etmişdir. Onlardan cərimənin yazılmasına səbəb olmuş tərtib olunmuş aktı tələb etmişdir ki, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etsin. Qeyd edir ki, onun heç bir zaman qaz pulu borcu olmamışdır. Hazırda ona qanunsuz və əsassız olaraq 2700 manat 80 qəpik məbləğində qaz pulu yazılmışdır. Əlavə olaraq bildirir ki, cərimə yazılmış olan yeməkxana işləmir, bundan əvvəl işlədiyi zamanlarda isə o hər ay qaz pulunu vaxtıvaxtında ödəmişdir. Bu barədə müvafiq sübutları vardır. Yazılmış həmin saxta və əsassız ödənişi ödəməyə maddi imkanı yoxdur. Qaz sayğacına hec bir müdaxilə etməmişdir. Qaz pulu borcunun olmamasına dair sübutları var. Bu qədər qaz pulu ödənişinin gəlməsi ağıla batan deyil, çünki o, hər ay qaz pulunun ödənişini ödəmiş və ora işləməyən yeməkxana olmuşdur. Odur ki, akt əsasında yazılmış cərim silinməlidir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-53/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərtib olunmuş aktın və onun əsasında yazılmış cərimənin silinməsi tələbinə dair iş üzrə icraata tərtib olunmuş aktın silinməsi hissəsində xitam verilmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh X3 nümayəndəsi iddia ərizəsinə dair etiraz verərək, guya iddia tələbinin əsassız olduğunu qeyd etmişdir. Belə ki, cavabdeh X3 nümayəndəsi yazmış olduğu etirazında xüsusi olaraq qeyd etmişdir ki, qaz sayğacı yanğın zamanı yararsız vəziyyətə düşmüşdür. İşin bu halını Fövqəladə Hallar Nazirliyinin aktı da təsdiq edir. Yəni qaz sayğacının yanaraq yararsız vəziyyətə düşməsində abonentin heç bir təqsiri yoxdur. Belə ki, içtimai iaşə obyektinə quraşdırılmış qaz sayğacı obyektdən kifayət qədər aralı məsafədə, yəni obyektdən kənarda yerləşir. Belə ki, iaşə obyektinin ətrafı əkin sahələri olduğundan və bitki qalıqlarının yandırılması və ya hər hansı bir təbii hadisənin (ildırım düşməsi) nəticəsində baş vermiş yanğın zamanı qaz sayğacı yanaraq yararsız vəziyyətə düşmüşdur. Həmin hadisənin təfərrüatları iddia ərizəsində kifayət qədər əsaslandıraraq qeyd edilmişdir. Ona görə də hesab edirlər ki, iddia tələbləri əsaslı və qanunidir. İş üzrə müvafiq vərəsəlik hüququna dair şəhadətnamə də alınmışdır. Odur ki, yuxarıda qeyd etdikləri nəzərə alınıb işə onların iştirakı olmadan baxıb iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol kəndində yerləşən iaşə obyektinə quraşdırılmış, X1 adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacının plastmas qapağı, hesablama mexanizmi, zavod nömrəsi olan lövhəsi eləcə də sayğacın membranını hərəkətə gətirən qollar və çıxış plastmas borusu istilik nəticəsində əriməklə müdaxilə edilmişdir. Müdaxilə faktı barədə Şəmkir RQİİ-nin mütəxəssisləri tərəfindən abonentin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2023-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 10803 m3 təbii qaz sərfi, yəni 2700,00 manat dəymiş ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü madəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2-ci hissəsinə əsasən istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Həmin borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16-cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qaz sayğacı obyektin çölündə yerləşir. Qaz sayğacının yandığını gördükdən sonra məlum olub ki, qaz sayğacını düzəldərkən naqili yaxşı bağlamadıqlarından belə bir hal yaranıbdır. Sayğacı düzəldəcəklərini ona bildiriblər. Sayğacın təmir olunması üçün yerinə müvəqqəti olaraq başqa sayğac yerləşdirmişlər. Sayğac yeməkxanaya xidmət edir. Yeməkxana və qaz sayğacı barədə müqavilə mərhum atasının adınadır. Həmin müqaviləni məhkəməyə təqdim edəcəklər. Vərəsəlik məsələsi barədə 6 ay ərzində onlara məlumat verəcəklərini bildiriblər. O, hal-hazırda qazdan istifadə etmir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, abonent saldosunu borcun hesablanmasından əvvəl əldə etmişlər. Yeni abonent saldosunu məhkəməyə təqdim edəcəklər. İddiaçı obyektdə abadlaşdırma işlərini həyata keçirmək istəyir. Sənədləri növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim edəcəklər. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil oğlu məhkəməyə elektron qaydada ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, 22 aprel 2016-cı il tarixli 60/0098 nömrəli Cavabdeh ilə X4 arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli abonent saldosundan görünür ki, X1 2023-cü ilə qalıq və aktlar üzrə borcu 2700 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, X2 məxsus sayğaca ümumi baxış keçirilmiş və istilik nəticəsində sayğacın plasmas qapağı, hesablama mexanizmi zavod nömrə olan gövdəsi üst hissədən menbiran hərəkətə gətirən qolları və çıxış plasmas borusu ərimiş, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın sərfini qeyd etmir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 məxsus G-6 markalı qaz satğacının maksimal qaz sərfi 10 kubmetr orta günlük iş rejimi 12 saat və hesab müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, dəymiş ziyan 10800 kubmetr müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, X2 məxsus sayğac göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanl sayğaca müdaxilənin müəyyən edilməsi, insanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin daxil olması, habelə kütləvi informasiya vasitələrinə məlumatların yayılması plandankənar yoxlamanın təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər, öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxsdən tələb etmə hüququ, müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki prosessual qanunvericilyiə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur. İş materiallarından göründüyü kimi qazın alqı-satqısı müqaviləsi iş üzrə tərəflər arasında yox, cavabdeh ilə iddiaçının mərhum atası arasında bağlanılmış, iş üzrə tərəflər arasında hər hansı bir öhdəlik münasibətləri mövcud olmamış, iddiaçının miras qalmış daşınmaz əmlaka vərəsəlik hüququnu təsdiq edən sənəd isə məhkəməyə təqdim edilməmişdir. Hesablanmış borc məbləği vəfat etmiş X2 məxsus yeməkxanaya aiddir ki, hazırkı iddia İddiaçı tərəfindən qaldırıla bilməzdi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməməklə yanaşı, onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə olduğu taqdirdə, iddia təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-53/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-53/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver