Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-542/2024 22.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə. İddiaçı cavabdeh X1rşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 70 ha taxıl sahəsinin quraqlıqdan məhv olması səbəbindən ona dəymiş zərərə görə 140525 manatın ( 15780 manat xərc + 124745 manat əldən cıxmış fayda) və dövlət rüsumu üçün ödənilmiş 442 manatın cəmi 140967 manatın cavabdeh “AYSEL” SİB-dən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıya məxsus çıxarışı olan 70 ha torpaq sahəsində taxıl əkilib və taxıl sahəsinə mütəmadi su verilməsi üçün cavabdeh şirkətlə müqavilə bağlanılıb. İddiaçı ilə cavabdeh arasında olan müqaviləyə görə qrafik əsasında su verilməli idi. Faktiki su verilməyib və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının taxıl sahəsi yararsız vəziyyətə düşüb və məhsul əldə etmək mümkün olmayıb. İşin məhkəmə aiddiyəti üzrə göndərilməsi məsələsinə etiraz etdiyini bildirdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir, hər ayın tarixləri üzrə suyun verilmə qrafikləri var. İddiaçı tərəf iki dəfə subsidiya alıb. Subsidiya isə məhsul götürülməyən torpağa verilmir. İddiaçı öz əkin sahəsindən məhsul götürüb ki, ona da subsidiya hesablanaraq verilib. İşin məhkəmə aiddiyəti üzrə göndərilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar; “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 14-cü bəndində qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Həmin Qərarın 22-ci bəndində qeyd edilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti, hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir və məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Eyni zamanda tərəflər arasında mübahisə məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Göründüyü kimi, qanunvericiliyin sahibkarlıq fəaliyyətinə verdiyi anlayışın xüsusi dispozitiv şərti, başlıca meyarı bu fəaliyyətin əsas məqsədinin mənfəət (gəlir) götürülməsindən ibarətdir. Yəni, əsas məqsədi mənfəət (gəlir) götürülməsi olmayan fəaliyyəti qanunvericilik sahibkarlıq fəaliyyəti, o cümlədən kommersiya fəaliyyəti kimi qəbul etmir. “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsində qeyd olunur ki, X4 (Birlik) - istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət göstərdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə kənd təsərrüfatı istehsalçıları tərəfindən bu Qanuna uyğun yaradılan və fəaliyyət göstərən qeyri-kommersiya qurumunun xüsusi formasıdır. Həmin Qanunun 30-1 –ci maddəsinə əsasən birlik bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun olaraq qeyri-kommersiya qurumunun xüsusi formasında yaradılır və fəaliyyət göstərir. Birlik öz fəaliyyəti nəticəsində əldə etdiyi mənfəəti üzvləri arasında bölüşdürmədən istifadəsində olan meliorasiya və irriqasiya sistemlərinin saxlanmasına və inkişafına yönəldir və bu məqsədlə fond yaradır. Həmçinin iş materiallarında olan 21 aprel 2011-ci il tarixli Aysel X4nin 2-ci redaksiyada nizamnaməsinin 1.2-ci bəndinə əsasən Aysel X4 bu nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüququ bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən, istifadəsinə verilən meliorasiya və irriqasiya sistemlərini idarə etmək və xidmət etdiyi ərazidə əkinləri suvarma suyu ilə təmin etmək məqsədi ilə torpaq istifadəçiləri tərəfindən “Melorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikası qanununa uyğun yaradılan və fəaliyyət göstərən qeyri- kommersiya qurumunun xüsusi formasıdır. Hazırki mübahisədə cavabdeh Aysel X4 qeyri-kommersiya qurumunun xüsusi forması olduğundan və onun fəaliyyəti yalnız qeyri-kommersiya xarakteri daşıdığından məhkəmə hesab edir ki, hazırki hüquq münasibətlərinin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyildir və bu səbəbdən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2010-cu il tarixli Qərarında qeyd olunur ki, Qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə aid olduğu üçün iş aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh hüquqi şəxsin ünvanının olduğu yer Ağstafa rayonu, Köçəsgər kəndidir. Məhkəmə tərəflərə izah edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda sadalanan 18 sentyabr 2020-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, MPM-ə əlavə edilmiş 403-1-ci maddənin tətbiqi kassasiya instansiyası ilə yanaşı birinci instansiya məhkəmələrinin üzərinə də müəyyən prosessual vəzifələr qoymaqla, onlar tərəfindən məhkəmə aidiyyəti ilə bağlı yaranan fikir ayrılıqlarına dair qərardadların qəbulundan fərqli olaraq, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər hər bir halda vəkil tərəfindən tərtib edilməli, habelə müvafiq order əlavə edilməlidir. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə bu şikayətlər vəkil tərəfindən tərtib edilmədikdə və ona vəkilin orderi əlavə olunmadıqda, MPM-in 403-1.4-cü maddəsindən çıxış edilməklə, həmin Məcəllənin apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərinə aid edilmiş 408.1.3-cü maddəsinin müddəaları tətbiq edilib, şikayət geri qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, MPM-in 403-1.4-cü maddəsinə əsasən şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair bu qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24-26, 32, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-542/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-542/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver