Məhkəmə qərarları › İş №e-2-2(115)-569/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-569/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-569/2024 07.05.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X1 İdarəsinin Tərtər rayon filialının nümayəndələri tərəfindən qanunsuz hesablanmış 1080 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 dekabr 2021-ci il tarixdə cavabdeh X1 İstismar İdarəsinin Ağdam Xidmət sahəsinin əməkdaşları əvvəlcədən heç bir yazılı və ya şifahi xəbərdarlıq etmədən onun obyektinə gələrək obyektin qaz təchizatını təmin edən sayğaca baxış keçirmiş və bu barədə ******* saylı akt tərtib edərək getmişlər. Sözügedən aktda qeyd edilmişdir ki, qaz sayğacının kənar təsir nəticəsində hesablama mexanizminin rəqəminin oxu öz yerindən çıxıb və rəqəmlər qarışıb. Sayğac yenisi ilə əvəz olunmalıdır. Bu səbəbdən də 1080 manat cərimə borcunun olması barədə abonent saldosu verilmişdir. Borcun yaranmasında onun və ailə üzvlərinin heç bir təqsiri yoxdur. Belə ki, tərəfindən sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Həmin vaxtı sayğacın yenisi ilə əvəz edilməsi barədə akt tərtib edilmişdir. Sayğac dəyişildikdən sonra yenidən yoxlamaya aparılmış və məlum olmuşdur ki, mexanizm işləmir, hansı ki, sayğaca onun tərəfindən hər hansı bir müdaxilə edilməmişdir. Qaz sayğacı yerləşən ərazidə Bərdə-Ağdam yolunun çəkilməsi ilə əlaqədar tikinti işləri aparılmışdır. Tikinti işləri aparılan zaman sayğaca da təsir ola bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, o obyektində 2016-cı ildən qazdan istifadə edir və hər ay da qazdan istifadəyə görə yaranmış borcunu ödəyir. Onun obyekti Ağdam rayonunda dəmiryolunun sol tərəfində obyektin sayğacı isə yolun sağ tərəfində yerləşirdi. Ağdam rayonunda Bərdə-Ağdam yolu çəkiləndə sayğacın yola görə yolun sağ tərəfindən sökülərək sol tərəfinə köçürüləcəyi bildirilmişdir. Sayğac sökülən zaman ona ərizə verərək təzə sayğac almağını, sayğacın istismar müddətinin bitdiyini bildirmişlər. Ona görə də onun obyektinə müvəqqəti sayğac quraşdıracaqlarını demişlər. Təzə sayğac verilməsi üçün gedib ərizə vermiş və 70 manat pul köçürmüşdür. 10 gün sonra isə ona zəng edərək təzə müvəqqəti sayğac qoyduqlarını bildirmişlər. Aradan 5 gün keçdikdən sonra isə yenidən ona zəng etmişlər və yolda gedən tikinti nəticəsində sayğacın içinin töküldüyünü bildirmişlər. İki ay onun sərfiyyatı sıfırla getmişdir. Qazı bağladıqdan sonra sayğacın gəldiyini, özünün də iştirakı ilə quraşdırılacağını bildirmişlər. Borc təzə sayğaca əsasən deyil, müvəqqəti quraşdırdıqları sayğaca əsasən yazılmışdır. Sayğacı çıxarıb aparanda özü orda olmamışdır. Sayğacın plombu yerində olmuşdur. Həmin ərazidə olan bir qadın var onu gətiriblər, o qol çəkmişdir. Akt tərtib edilərkən də orda olmamışdır. Sayğacın laboratoriyada yoxlanması zamanı da onun iştirakı təmin olunmamışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış 11 dekabr 2020-ci il tarixli AMX-4103/20 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı Cavabdeh İB bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyöun olaraq istehlakçı İddiaçı keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 iyun 2016-cı il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, ELSTER tipli, G-4 markalı, ******* nömrəli sayğac çıxarılmış, əvəzinə ELSTER tipli, G-4 markalı, ******* nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, ELSTER tipli, G-4 markalı, ******* nömrəli sayğacın çıxış boğazında qaz sızması səbəbindən çıxarılmış, əvəzinə ELSTER tipli, G-4 markalı, 05051945 nömrəli sayğac müvəqqəti quraşdırılmışdır. İş materiallarında olan 28 oktyabr 2021-ci il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktdan görünür ki, ELSTER tipli, G-4 markalı, 05051945 nömrəli sayğac hesablayıcı mexanizmi düşüb, qaz sərfiyyatı qeyd etmir səbəbindən çıxarılmış, əvəzinə ZENNER tipli, G-4 markalı, **********3 nömrəli sayğac quraşdırılmışdır. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktdan görünür ki, ELSTER tipli, G-4 markalı 05031945 nömrəli sayğaca baxış keçirilmiş, baxışın nəticəsi olaraq Cavabdeh İB qeyri-əhali sayğacının xx.xx.2021-ci il tarixdə 2011640-02960-26 saylı aktda qeyd olunan rəyə əsasən kənar təsir nəticəsində hesablama mexanizminin rəqmlərinin oxu öz yerindən çıxıb və rəqəmlər qarışıb. Həmiçinin sayğacın dəyərini ödəməklə yenisi ilə əvəz olunması və sayğacın qeydə almadığı qazın hesablanması və abonent tərəfindən dəyərinin ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 30 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, 05031945 nömrəli sayğacın kənar təsiri nəticəsində hesablama mexanizminin rəqəmlərinin oxu öz yerindən çıxıb və rəqəmlər qarışıb. Nəticədə dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli MS-29/1640-02960-06 nömrəli qeyriəhali qaz sayğacının yoxlanılması haqqında aktdan görünür ki, G-4 markalı mexanika tipli qaz sayğacına 27 dekabr 2021-ci il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxışın nəticə olaraq kənar təsir nəticəsində hesablama mexanizmin rəqəmlərinin oxu öz yerindən çıxdığı və rəqəmlərin qarışdığı müəyyən olunmuş. Qüsura görə nəticənin müdaxilə qaz itkisi olması və sayğacın yararsız olması qeyd edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2021-ci il tarixə 1080 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, 27 dekabr 2021-ci il tarixdə 05031945 nömrəli sayğaca "Azəriqaz" İB-nin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, akt tərtib edilməklə sayğacın kənar təsir nəticəsində hesablama mexanizminin rəqəmlərinin oxunun öz yerindən çıxması və rəqəmlərin qarışması müəyyən edilmişdir. 30 dekabr 2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş, aktda ELSTER tipli, G-4 markalı 05031945 nömrəli sayğaca baxış keçirildiyi, baxışın nəticəsi olaraq kənar təsir nəticəsində hesablama mexanizmin rəqəmlərinin oxunun öz yerindən çıxdığı və rəqəmlərin qarışdığı müəyyən olunmuş, qaz itkisinin olması və sayğacın yararsız olması qeyd edilmişdir. Həmin akt əsasında tələbnamə verilmiş və abonentə 4320 m3 qaz itkisinə görə 1080 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, baxış keçirilmiş 05031945 nömrəli sayğac iddiaçının obyektinə müvəqqəti olaraq 02 sentyabr 2021-ci il tarixdə quraşdırılmış, həmin sayğac 28 oktyabr 2021-ci tarixdə yeni sayğacla əvəz edilmişdir. Qeyd edilən müddət ərzində, yəni 02 sentyabr 2021-ci il tarixdən 28 oktyabr 2021-ci tarixədək müvəqqəti quraşdırılmış sayğac qaz sərfini qeydə almamış, həmin aylar qaz sərfi 0 olaraq göstərilmişdir. Cavabdehin əməkdaşları iddiaçının obyektinə müvəqqəti quraşdırılmış sayğacın quraşdırıldığı vaxtdan qaz sərfini qeydə almamasını, quraşdırıldığı vaxtdan düzgün işləyib-işləməməsini nəzərə almadan sayğacda yaranan nasazlığın məhz abonentin təqsiri kimi göstərməklə akt tərtib etmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, 30 dekabr 2021-ci il tarixdə akt tərtib edilərkən iddiaçının obyektinə yeni sayğac quraşdırılmışdır. Yəni müvəqqəti sayğac 28 oktyabr 2021-ci tarixdə çıxarılaraq yeni sayğacla əvəz edilmişdir. 28 oktyabr 2021-ci il tarxidə çıxarılmış sayğaca 30 dekabr 2021-ci il tarixdə, yəni çıxarıldığı vaxtdan iki ay sonra harda və kimlərin iştirakı ilə baxış keçirilməsi isə müəyyən edilmir. Cavabdehin əməkdaşları tərəfindən akt tərtib edilərkən abonentin iştirakının təmin edilməsinə yönələn tədbirlərin görüldüyü iş materialları ilə müəyyən edilmir. Yalnız akta abonentin imza etməkdən imtina etməsi qeyd edilmişdir. Nə də ki, Metrologiya Departamentində baxış keçirilərkən abonentin iştirakı təmin olunmamışdır. Abonentin təqsiri müəyyən edilmədən barəsində məsuliyyət tədbiri tətbiq edilməklə borc hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, “Azəriqaz" İB tərəfindən İddiaçı məxsus obyektə quraşdırılmış G-4 markalı 05031945 nömrəli sayğacla bağlı yoxlama, baxış zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1080 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da məcburi köçkün olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat 80 qəpik dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 30 dekabr 2021-ci il tarixli ******* nömrəli akta əsasən 30 dekabr 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 1080 (bir min səksən) manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 30 (otuz) manat 80 (səksən) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar