Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-589/2020 14.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Şəmkir RQİİ-nə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə 864 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəmkir rayonunda yerləşən X3 adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə - “istixana”da quraşdırılmış G-4 markalı 11447942 nömrəli qaz sayğacında-göstərici olan rəqəmlər qarışmaqla və plastmas qapağın daxilində cızıq izləri aşkarlanmaqla müdaxilə edilmişdir. Bu fakt barədə “İddiaçı" İB-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün 4320 m3 təbii qaz sərfi, yəni 864,00 manat dəymiş ziyan hesablanmışdır. Həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 62 694,10 manat borcla bağlı da müvafiq qaydada xəbərdarlıqlar olunmuş, sənədləşmələr aparılmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən cavabdehə 01XN13HŞ-318 saylı xx.xx.2020-ci il tarixli borcun ödənilməsi haqqında pretenziya məktubu və müvafiq sənədləşmələr göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq ödəniş tam təmin olunmamışdır. Belə ki, 62 694,10 manatlıq debitor borc məbləği cavabdeh tərəfindən ödənilsə də qalan 864,00 manatlıq dəymiş ziyan məbləğinin ödənişi barədə heç bir tədbir görülməmişdir. Hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilmişdir. Odur ki, vəsaitin məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qismən müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izah verdi, əlavə olaraq göstərdi ki, cavabdehə məxsus istixanaya aid sayğacda nasazlıq olduğu üçün sayğac xx.xx.2019-cu il tarixdə iddiaçının işçiləri tərəfindən çıxarılaq müvəqqəti olaraq ******* nömrəli sayğac quraşdırılmışdır. Müvəqqəti sayğac isə xx.xx.2020-ci il tarixdə çıxarılaraq yoxlamaya göndərilmiş və əvəzinə 11447942 nömrəli sayğac quraşdırılmışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən quraşdırılmış ******* nömrəli sayğac laboratiyada yoxlanılarkən müəyyən edilmişdir ki, həmin sayğacın litr göstəricisi olan rəqəmlər qarışıb, plastmas qapağın daxilində cızıq izləri aşkar edilmiş, xətalar normaya uyğun deyil və nəticədə qaz itkisi yaranmışdır. Ona görə də, xx.xx.2020-ci il tarixli tələbnaməyə əsasən cavabdehə 4320 m3 yəni, 864 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə məxsus sayğac istixanadan kənarda yerləşsə də, sayğaca kənar şəxs müdaxilə etməz. Bundan başqa, cavabdeh etirafedici hərəkət edərək borcudan 833 manat 90 qəpik ödəniş etmişdir. Hazırda cavabdehin dəymiş ziyan üzrə borcu 30 manat 10 qəpik təşkil edir. Sayğac lobarotoriyaya yoxlanış üçün aparılan zaman abonentə məlumat verilməmiş çünki, abonentin şəxsən özü müraciət etməmişdir. Ona görə də, məhkəmə baxışı ərəfəsində cavabdehin etdiyi ödənişin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı tələbini qəbul etməyərək, izahatında bildirdi ki, sayğac yolun kənarında yerləşmişdir. Onlarda məişət sayğacı və qeyri-əhali sayğacı vardır. Məişət sayğacının sökülməsində iştirakı olmamışdır. Onun bildiyinə görə qüsur müvəqqəti sayğacda aşkar edilmişdir. Sayğacın nə vaxt yoxlanılmağa aparılması barədə məlumatı yoxdur. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Qazanxananın istifadə etdiyi qaza görə ayda təxminən 40-50 min manat ödəniş etdiyi halda, qaz plitəsinə görə 200-300 manat sərfiyyat yazan sayğaca müdaxilə edilməsinin heç bir mənası yoxdur. Əgər sayğaca müdaxilə etmək fikri olsayda onda, il ərzində 200 000 manat civarında sərfiyyat haqqını ödəməzdi. Məhkəmə baxışı ərəfəsində borcun ödənilməsinə gəldikdə, bu heç də, iddianı qəbul etdiklərinə dəlalət etmir. Belə ki, cavabdehlə bağlanmış qazın alqı-satqısı müqaviləsinin müddəti başa çatdığı üçün yeni müqavilə bağlamalı olmuşlar və ona görə də, əvvəllki müqavilə üzrə borcu ödəməli olmuşdur. Borcun ödənilməyəcəyi təqdirdə müqavilənin bağlanılmayacağı, bununla da, istixananın qazla təmin edilməyəcəyini nəzərə alaraq, borcu ödəmək məcburiyyətində qalmışdır. Onlara təcili qaz lazım olduğu üçün iddiaçı ilə yeni müqavilə bağlamış və bu zaman göstərilən borcu ödəməyə məcbur qalmışdır. Sayğaca heç bir müdaxilə etmədikləri üçün iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx xxxxxxxx 2018-ci il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 məxsus Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli aktların surətindən görünür ki, cavabdeh Ceyhun Əliyevə məxsus istixanaya xidmət göstərən Elster G 4” markalı ******* nömrəri qaz sayğacı xx.xx.2019-cı il tarixdə çıxarılaraq, “Elster G 4” markalı ******* nömrəri qaz sayğacı ilə müvəqqəti əvəz edilmiş, xx.xx.2020-ci il tarixdə isə müvəqqəti quraşdırılmış “Elster G 4” markalı ******* nömrəri qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin Şəmkir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs Ceyhun Əliyevə məxsus istixanaya aid “Elster G 4” markalı ******* nömrəli sayğacın litr göstəricisi olan rəqəmlərin qarışması və plastmas qapağın daxilində cızıq izləri aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı Şəmkir X9 İdarəsinin rəisi Xaliq Namazov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən fiziki şəxs Ceyhun Əliyevə (abonent kodu **********00001) məxsus istixanaya aid “Elster G 4” markalı ******* nömrəli sayğacın litr göstəricisi olan rəqəmlərin qarışmış, plastmas qapağın daxilində cızıq izləri aşkar olunmuş, xətalar normaya uyğun deyil, nəticədə qaz itkisi yarmış və 4320 m3 yəni, 864 manat məbləğində ziyan hesablanmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən iddiaçıya ziyan vurulmasının hesablanması qanuni sayıla bilzməz. İş materiallarından görünür ki, cavabdeh X3 təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində sayğaca müdaxilə edilməsini təsdiq edəcək mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-589/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-589/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver