Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-603/2024 21.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 3920 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin əməkdaşları 20 noyabr 2023cü ildə "xxxx" MMC-yə məxsus sayğaca baxış keçirib akt tərtib etmişlər ki, guya onların sayğacdan kənar xətləri vardır. Halbuki bu xətt 2015-2016-cı illərdə Gəncə sexinə gedirdi. Onlar sexdə olmayan zaman işiq idarəsinin işçiləri gəlmiş, həmin xətti kəsmişdir və xətti dibindən möhürləmişdir. Sayğac 3 xətlidir. 3 xətt sayğaca girir, 3 xəttdə çıxır. Sayğacda hec bir problem yoxdur. 2 xətt üzrə enerji yazılır. 1 xətt üzrə yazılmır. Yəni kəsilmiş xəttə heç bir müdaxilələri yoxdur. Ona görə də 20 noyabr 2023-cü il tarixli akt üzrə "xxxx" MMC-yə hesablanmış 3920 manat enerji haqqı məhkəmə qaydasında silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən kənar xətt qoşulması ilə əlaqədar barələrində akt tərtib edilmişdir. Həmin xətt gəj zavoduna getmişdir. Lakin 2016-cı ildən həmin xətt kəsilərək blomblanmışdır. Sayğac obyektin içərisindədir. Sayğaca 3 xətt gəlir və sayğacdan 3 xətt çıxır. Burda əlavə xətt ola bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, onun obyektində heç bir kənar xətt olmamışdır. Qeyd edilən xətt onlardan qabaq gəj sexinə getmişdir. Onlar 2015-ci ildə fəaliyyətlərini dayandırmışlar, bundan sonra gəj sexi başqa yerdən özlərinə işıq xətti çəkmiş, onlardan gedən xətti isə işıq idarəsi kəsməmişdirə gəj sexi kəsmişdir. Onların sayğacdakı blombları da "xxxx" ASC kəsmişdir. Obyektinə sayğacdan kənar xətt çəkilməsi ilə əlaqədar ona məlumat verildikdən sonra o Gəncəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 izahat verərək bildirdi ki, obyektə baxış keçirilən zaman əlavə xətt aşkar edilmişdir. Həmin kənar xətt aşkar edilən zaman video qeyd aparılmışdır. Həmin görüntülərdə xəttin haradan çəkilməsi tam aydın görsənir. Obyektin nümayəndəsi də baxış keçirilən zaman iştirak etmişdir. Obyektdə sayğac var, qeyd etdiyi xətt sayğacdan kənar çəkilmişdir. Bakıdakı əməkdaşlar itirilmiş enerjinin dəyərini artıraraq 3920 manat müəyyən etmişlər. Elektrik enerjisindən istifadə qaydalarını rəhbər tutaraq "xxxx" ASC-nin baş idarəsi tərəfindən saldoda məbləğ artırılmışdır. Aktı Gəncədəki əməkdaşlar tərtib etsə də hesablamanı Bakıdakı əməkdaşlar aparmışdır. Akta əsasən 3920 manat pul hesablanmışdır. Yoxlamanın reyesterdə qeydiyyata alınması barədə sənəd mövcud deyildir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ayda 1 dəfə onların əməkdaşlar orada yoxlama aparırdılar. Qeyri-əhali sayğaclarına baxış keçirilən zaman "xxxx" MMC-nin ərazisinə daxil olmuşlar. Ərazidə yerləşən transformatora baxış keçirən zaman məlum olmuşdur ki, cərəyan transformatorundan qabaq bir faza, yəni “C” fazası cərəyan transformatoruna daxil edilməmişdir. Faktiki olaraq həmin xəttin üzərində kənar xətt yox idi, lakin istənilən vaxt ona müdaxilə edilə bilərdi. Həmin obyektdəki cərəyan transformatorundan başqa bir obyektə xətt verilmişdir, həmin xətt cərayan transofmratoruna qoşulsaydı sərfiyyatı iddiaçının sayğacı qeyd edəcəkdi, lakin həmin sayğacın sərfiyyatı hesablamaması üçün xətti cərəyan transformatorundan qabaq vermişlər. Həmin xətti istənilən vaxt cərəyana qoşmaq olardı. Beləcə gəc zavoduna elektrik gedə bilərdi. Kənar xətt obyektin içərisində olduğuna görə istədikləri vaxt ondan istifadə edə bilərdilər. Xəttin içərisində gərginlik olduğunu və xətt açıq olduğundan həmin xəttdən istənilən vaxt istifadə edilə biləcəyini müəyyən etmişlər. Xəttdə yük olmamışdır, lakin gərginlik olmuşdur, ona görə ondan istənilən vaxt istifadə edilə bilərlər. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının böyük müfəttişi, mütəxəssis X4 məhkəmə iclasında bildirdi ki, "xxxx" ASC 120 günü dəyişərək 180 gün üçün hesabat apara bilər. Belə ki, əvvəlcə Qərb RETSİ-nin komissiyası 120 gün üçün 2600 manat hesabat aparmışdır, "xxxx" ASC-nin komissiyası 120 günü 180 günə dəyişdirmişdir, ona görə də məbləğ 3600 manat müəyyən edilmişdir. "xxxx" ASC sayğacdan kənar xətt kimi qiymətləndirmişlər, lakin bu sübut olunmur. Çünki həmin xətt "xxxx" ASC-nin möhürünün altındadır. Belə olan halda ancaq sayğaca müdaxilə kimi qiymətləndirmə aparılmalı idi və 3 aydan artıq olmamaqla hesablama aparılmalı idi.. Sayğaca müdaxilə edilməsi videoda görsənmir. "xxxx" ASC-nin blombuna müdaxilə edilməmişdir. "xxxx" ASCnin əməkdaşları tərəfindən xəttdə elektrik enerjisinin olub-olmaması yoxlanılmamışdır. Xəttən yükün axması videodan müəyyən edilmir. Videodan hər hansı müdaxilənin edilməsi görsənmir. Sayğaca müdaxilə edildiyi halda 90 gündən artıq olmamaqla hesabat aparıla bilərdi. Digər obyektə xəttin nə vaxt çəkilməsi dəqiq müəyyən edilmir. Gərginliyin olması ondan istifadə edilməsi mənasını daşımır. Şahidin ifadəsindən belə başa düşülür ki, "xxxx" ASC-nin razılığı ilə digər obyektə xətt verilmişdir. Daha sonra ola bilsin ki, iddiaçı ilə gəj zavodu arasında olan hər hansı narazılığa görə xətt kəsilmişdir. Bu xətti də ancaq "xxxx" ASC ayıra bilərdi. Xəttin orada durması ondan istifadə edilməsi mənasına gəlmir. Həmin xəttdən istifadə olunub-olunmaması müəyyən olunmalı idi. "xxxx" ASC tərəfindən qanunvericiliyin tələbləri pozularaq reyestrdən çıxarış alınmaldan sahibkarlıq fəaliyyəti ilə əlaqədar yoxlama keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 filialının mütəxəssis rəyində qeyd edilmişdir ki, "xxxx" ASC-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Xaraba yeri ünvanında yerləşən obyektə məxsus 630 kva gücündə transformatorun 0,4 kv-luq tərəfində quraşdırılmış hesablaşma elektrik sayğacına baxış keçirilərkən transformatorun 0,4 kv-luq tərəfində 4x25 mm2 markalı alüminium kabel xəttinin çəkildiyi, həmin kabel xəttinin “C” fazasının elektrik sayğacını qidalandıran cərəyan transformatorundan öncə qoşulduğundan həmin fazanın cərəyanını sayğacın qeyd etmədiyi və həmin fazanın sayğac sxemindən kənar olması barədə R 058356 nömrəli akt tərtib edilmişdir. Aktda istehlakçının nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyi, qüsur barədə istehlakçıya məlumat verildiyi və keçən yükün olmadığı barədə qeydlər aparılmışdır. Güc transformatorunun ucluqlarında olan mövcud möhürlərin qırılması, yeni möhürlərin vurulması və sayğacdan əvvəl güc transformatorunun ucluqlarından çıxan kabel xəttinin ləğv olunması barədə xx.xx.2023-cü il tarixdə 592522 nömrəli protokol tərtib edilmişdir. Akt əsasında Qərb RETSİnin akt komissiyasında xx.xx.2023-cü il tarixində cərəyanın 75 A, obyektin işləmə müddəti sutkada 12 saat götürməklə 180 gün üçün dəyəri 3920,4 manat olmaqla 35640 kvts hesabat aparılmış və hesablanmış məbləğ borc olaraq abonentin hesabında daxil edilmişdir. Akt tərtib edilərkən qeydə alınmış video çəkilişdə kabel xəttinin sayğacdan kənar olmasını müəyyən etmək olmur. Belə ki, həmin xəttin üzərində yükün olmadığı, eyni zaman da cərəyan transformatorlarının ucluqlarının möhürlü olması məlum olur. Cərəyan transformatorlarının ucluqlarına vurulmuş möhürlər enerji təchizatı müəssisəsinə aid olduğundan məlum olur ki, göstərilən sxem də enerji təchizatı tərəfindən yığılmışdır. xx.xx.2023-cü il tarixli 058356 nömrəli akt tərtib edilərkən "xxxx" ASC-nin əməkdaşları tərəfindən cərəyan transformatorlarının ucluqlarında enerji təchizatı müəssisəsinə aid möhürlərin olduğu nəzərə alınmamış, eyni zaman da “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələbləri pozulmuşdur. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli R 058356 saylı aktdan görünür ki, E.E.İ.Q-na uyğun olaraq transformator məntəqəsində elektirik sayğacına baxış zamanı məlum olub ki, güc transformatorun 0,4 kv-luq tərəfində 4x25 mm2 alüminium güc kabel xətti çəkilmişdir. Həmin güc kabel xəttinin “C” fazası elektrik sayğacını qidalandıran cərəyan transformatorundan öncə qoşulduğundan həmin fazanın cərəyanını sayğac qeyd etmir və həmin faza sayğac sxemindən kənardır. Hal-hazırda yük yoxdur. Sayğac sxemindən kənar xətt ləğv olunsun və itirilmiş enerji bərpa olunsun. İş materiallarında olan 01 dekabr 2023-cü il tarixli icra vərəqindən görünür ki, transformatorun 0,4 kv-luq tərəfində kənar xətt vasitəsi ilə “C” fazası kənarlaşdırılmışdır, 2613,60 manat dəyər müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçıya 12 dekabr 2023-cü il tarixdə R 058356 saylı akta əsasən 3920,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin qaydaların 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları 20 noyabr 2023-cü il tarixdə"xxxx" MMC-yə məxsus transformator məntəqəsində elektirik sayğacına baxış keçirmiş, güc transformatorunun 0,4 kv-luq tərəfində 4x25 mm2 alüminium güc kabel xəttinin çəkildiyi, həmin güc kabel xəttinin “C” fazası elektrik sayğacını qidalandıran cərəyan transformatorundan öncə qoşulduğundan həmin fazanın cərəyanını sayğacın qeyd etmədiyi və hal-hazırda yükün olmaması qeyd edilməklə R 058356 saylı akt tərtib edilmiş, aktla sayğac sxemindən kənar xəttin ləğv olunması və itirilmiş enerjinin bərpa olunması qərara alınmışdır. Akt əsasında tərtib edilmiş icra vərəqi ilə abonentə itirilmiş enerjiyə görə 2613,60 manat borc hesablanmış və abonentin saldosuna isə 3920,40 manat borc daxil edilmişdir. Məhkəmə bildirir ki, enerjitəchizatı müəssisəsi tərəfindən yoxlama aparılmağına, transformator məntəqəsində elektirik sayğacına baxış keçirilməyinə və akt tərtib edilməyinə baxmayaraq kənarlaşdırılmış xəttin nə vaxt çəkilməsi, məhz istehlakçı tərəfindən çəkilməsi sübut edilməmişdir. Belə nəticəyə gələrkən məhkəmə həm də onu nəzərə alır ki, kənarlaşdırılan həmin xəttin üzərində yük olmamış, eyni zaman da cərəyan transformatorlarının ucluqları enerjitəchizatı müəssisəsinə məxsus möhrlə möhürlü olmuşdur. Abonentin təqsiri müəyyən edilmədən enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması qənaətinə gəlinmiş və sonuncuya borc hesablanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə də iddia təmin edilməli, cavabdehin əməkdaşları tətəfindən 20 noyabr 2023-cü il tarixli R 058356 saylı akta əsasən 01 dekabr 2023-cü il tarixli icra vərəqi əsasında iddiaçıya hesablanmış 3920 manat borc onun abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehdən 59,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 20 noyabr 2023-cü il tarixli NDQ 058356 nömrəli akta əsasən 01 dekabr 2023-cü il tarixli icra vərəqi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 3920 (üç min doqquz yüz iyirmi) manat borc **********90505 (**********) nömrəli abonent hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 59 (əlli doqquz) manat 20 (iyirmi) qəpik dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-603/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-603/2024
21.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver