Məhkəmə qərarları › İş №e-2-2(115)-607/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-607/2020

11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-607/2020 11.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 83561 manat 10 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə istehlakçı - fiziki şəxs X8 arasında bağlanmış AMX-5252/19 saylı xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X12 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur.xx.xx.2019-cu il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 63815,70 manat ( altmış üç min səkkiz yüz on beş manat 70 qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qaşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən 01 XN-13HŞ-342 saylı xx.xx.2020ci il tarixli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, sonradan təbii qazdan istifadə edilməklə debitor borc məbləği artırılaraq 83561,10 manat (səksən üç min beş yüz altmış bir manat 10 qəpik) olmuşdur. Məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Halhazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəfimizdən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh borcundan 26998 manat 60 qəpik məbləğində ödəniş etmiş və xx.xx.2020-ci il tarixə borcu 56562 manat 50 qəpik təşkil edir. Ödənişin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini qəbul edərək izahatında bildirdi ki, cavabdehin borcundan 26998 manat 60 qəpik məbləğində ödəniş edilmişdir. Hazırda cavabdehin borcu 56562 manat 50 qəpik təşkil edir. Maddi vəziyyəti ilə bağlı qalan borcu birdəfəlik ödəyə bilmirlər. Borcu hissə-hissə ödəyəcəklər. Ona görə də, iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-5252/19 saylı qazın alğısatqısı müqaviləsindən, xx.xx.2020-cu il tarixli abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh X8 (VÖEN: **********) Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 83561 manat 10 qəpik borcu yaranmış, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcunu tam ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixli abonentin saldolarından görünür ki, cavabdeh 83561 manat 10 qəpik borcundan 26998 manat 60 qəpik məbləğində ödəniş etmiş və hazırki borcu 56562 manat 50 qəpik təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı X1 müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 56562 manat 50 qəpik məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin istehlak edilmiş təbii qaza görə borcu 83561 manat 10 qəpik deyil, 56562 manat 50 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 56562 manat 50 qəpik məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X3 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar