Məhkəmə qərarları › İş №e-2-2(115)-616/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-616/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-616/2024 25.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş təbii qazın uçotunun pozulması haqqında xx.xx.2022-ci il tarixli UP ******* nömrəli akt əsasında hesablanmış 10584 manat 20 qəpik məbləğində borcun “X2 Təsərrüfatı” MMC-nin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Şəmkir rayonu Dəllər Cəyir kəndində 2 hektar torpaq sahəsində istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarını istehsal edir və həmin malların satışı ilə məşğul olur. 2011-cı ildən istixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ilin dekabr ayında qaz sayğacında yoxlamalar aparılmışdır. Yoxlamalar aparıldıqdan bir müddət sonra cavabdeh idarənin əməkdaşları onu Şəmkir RQİİ-nə çağıraraq bildirmişlər ki, guya sayğacda nasazlıq olduğu üçün sayğac göstəricisi sərf olunan qazı qeydə almamışdır. Buna görədə yaranmış fərqin onun tərəfindən ödənilməsini tələb etmişlər. O isə onların qeyd etdikləri ilə razılaşmamışdır. Bildirmişdir ki, o Cavabdeh İB-nin əməkdaşı tərəfindən sayğac üzrə sərf edilmiş və həmin sərfiyyat əsasında ona verilmiş bildiriş üzrə hər ay borcunu ödəmişdir və Cavabdeh ASC-yə heç bir borcu yoxdur. Lakin cavabdeh idarə tərəfindən onun hesabına 10584 manat 20 qəpik məbləğində borc yazılmışdır. Ona həmin borcu qısa müddətə ödəməyi, əks halda təbii qazın verilməyəcəyini bildirmişlər. O nə qədər cavabdeh idarənin əməkdaşları ilə razılığa gəlməyə çalışsada lakin cavabdeh idarə ona qanunusuz yazılmış pulu ödəməyini tələb etmişlər. 2023-ci il dekabr ayında o istixanaya məhsul əkmişdir. Həmin vaxt məhsulun yetişidirlməsi üçün istilik tələb olunmuşdur. Qazın açılması üçün cavabdeh idarəyə müraciət etdikdə ona əsassız yazılmış 10584 manat 20 qəpik borcunu ödədikdən sonra təbii qazın istifadəsinə razılıq verəcəklərini bildirmişlər. Cavabdeh idarənin əməkdaşlarından məhkəməyə müraciət edilməsi üçün vaxt istənilsədə lakin cavabdehin əməkdaşları tərəfindən heç bir vaxt verilməmişdir. Buna görə də, məcbur qalıb cavabdeh idarə ilə arasında qazın açılması üçün razılşama protokolu imzalamışdır. Əks halda məhsulu soyuqdan xarab olub ona küllü miqdara ziyan dəyəcəkdi. Həmin razılaşmaya əsasən o, qısa müddətdə 10584 manat 20 qəpik borcu ödəməli idi. 2023-cü ilin dekabr ayında həmin məbləğdən ilkin olaraq 2000 manatını ödəmişdir. Razılaşma protokoluna qaz idarəsinin hədələməsinə görə yəni təbii qaz verməyəcəyini bildirməsinə görə məcbur qalaraq imza etmişdir. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olan təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-616/2023 saylı mülki iş üzrə iddiaçı “X2 Təsərrüfatı” iddia ərizəsi verərək abonent qeydiyyatı üzrə hesablanmış 10584 manat 20 qəpik borcun əsassız olduğu üçün silinməsini qeyd etmişdir. Bununla əlaqədar bildirirlər ki, istehlakçı adına abonent qeydiyyatında olan obyektin-istixananın hazırda mövcud olan 25235 manat 92 qəpik borc məbləğinin 14651 manat 72 qəpik hissəsi sayğac vasitəsilə istehlak olunmuş təbii qazın dəyərinə görə ödənilməmiş qalan borc məbləği, 10584 manat 20 qəpik isə həmin sayğac vasitəsilə uçotu dəqiq aparılmayan, eləcə də uçota alınmayan istehlak edilmiş təbii qaz həcminə görə müəyyənləşdirilmiş məbləğdir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak edilmiş qaz sərfiyyatını tam qeydə almadığı, istismarda olduğu dövr üçün 10584 manat 20 qəpik hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Tərəflərindən tərtib edilmiş sənədləşmələrin və edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmamış, ödəniş təmin edilməmişdir. Bundan əlavə sayğac müayinə olunarkən yəni, xx.xx.2022-ci il tarixdə qüsur aşkarlanarkən istehlakçı tərəfindən heç bir icraat aparılmamış və əlavə tədbirlər görülməmişdir (yenidən müayinə, səbəbin dəqiqləşdirilməsi, mövcud olan sayğac göstəricisində artıq hesabatın müəyyənləşdirilməsi və s.). Beləliklə qeyd etdiklərinə, eləcədə sayğac göstəricilərinə əsasən dövlət standartı ilə müəyyən edilmiş minimal, nominal, maksimal sərfiyyatın nisbətində müəyyənləşdirilmiş sərfiyyat borcu, hazırkı borc məbləği 10584,20 manat məbləğ abonentin borcu hesab edilməklə ödənişi tələb edilməkdədir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Cavabdeh tərəfindən ona məxsus olan qaz xətti əsas xətdən ayrılmış və 2023-cü ildə Ali Məhkəmənin qərarı ilə bərpa edilmiş, həmin dövrdə istixanada, ümumiyyətlə qazdan istifadə edilməməsinə baxmayaraq cavabdehin işçiləri tərəfindən 2022-ci ilin dekabr ayında qaz sayğacında yoxlamalar aparılaraq ona əsassız olaraq borc yazılmışdır. Saldodan da görünür ki, onlar həqiqətən 2021-2022-ci illərdə qaz istifadə etməmişlər. 2023-cü ildə işə başlamazdan əvvəl idarəyə müraciət edəndə onlara adlarına cərimə olduğu deyilmişdir. Ona borcun 2022-ci ilin dekabrın 30-na olduğu bildirilmişdir. Cərimənin silinməsi ilə bağlı dəfələrlə müraciət etmişdir. Həmçinin, Cavabdeh İB-nin sədrinin qəbulunda da olmuşdur. Ona texniki səhv olduğu, köməklik göstəriləcəyi bildirilsə də, lakin heç bir köməklik olunmamışdır. Həmçinin bildirdi ki, sayğac istixanadan 850 m kənarda, qaz paylayıcı şəbəkədə yerləşir. Həmin yerdə başqa 5-6 nəfərin də sayğacı var. 2022-ci ildə qazdan istifadə etməmələrini təsdiq edən sənəd, qaz sayğacının bağlanma və açılma sənədləri də mövcuddur. Onun istifadə etdiyi sayğac sonuncu dəfə xx.xx.2021-ci ildə yoxlanmağa aparılıb, xx.xx.2021-ci ildə yoxlamadan qaytarılmışdır. 10584 manat 20 qəpik borcun hansı səbəbə görə hesablandığı məlum deyildir. Hal-hazırda 30000 manat borcdan 12000 manat borcu ödəmişdir və 10584 manat 20 qəpik cəriməni ondan o şərtlə tutublar ki, məhkəmədə iddia tələbi təmin edilsə, həmin borcu siləcəklər. Odur ki, yazılmış borc əsassız olduğundan həmin borcun silinməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X1 məhkəmənin hazırlıq iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sayğacda hər hansı bir kənar təsir və ya zədə yoxdur, uçotu pozulmuş qazın sərfiyyatına görə borc abonentin hesabına yazılmışdır. İddiaçıya yazılan cərimə ilə bağlı həmin dövrdən qalan yeganə sənəd qaz təminatının dayandırılması sənədidir. Başqa heç bir sənəd aşkar edilməmişdir. Həmin sənədlər olubsa da reysterdən keçirilməmişdir. Sayğac fiziki yoxlamadan keçirilməyib, sadəcə 2020-ci il ərzində qaz sayğacında qazın sıxılığı, həcmi, göstəriciləri müqayisə olunaraq 48100 kub qaz sərfiyyatının sayğacdan kənar qaldığı müəyyən olunmuşdur. İstehlakçının heç bir qanunazidd hərəkəti və günahı yoxdur. Bunları təsdiq edən hər hansı bir sənəd təəssüf olsun ki hal-hazırda mövcud deyil. Həmin sayğac təsərrüfat qeydiyyata alınandan isifadə edilən sayğacdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli AMX-7130/19 nömrəli tərəflər arasında bağlanmış qazın alğı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus G-400 markalı 80093066 nömrəli sayğac Şəmkir QİS-nin nümayəndələri tərəfindən istixananın başlanğıc hissəsində quraşdırılmış, sayğaca yerində xidmət göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus G-400 markalı 80093066 nömrəli sayğac təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 06018 nömrəli qaz təminatının dayandırılması haqqında aktdan görünür ki, istehlakıçı- “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən qeyriyaşayış sahəsinin 115381 manat 84 qəpik debitor borcu olduğu üçün qaz təminatı plomb vasitəsilə dayandırılmışdır. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini Qismət Əskərov tərəfindən təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazın uçotunun pozulması haqqında” aktdan görünür ki, G-400 markalı 80093066 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı aşkar olunmuş, 48110 m3 “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin, eləcədə uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi, hesablanması və idarə olunması üzrə” Təlimata əsasən uçota alınmayan qaz həcminin yenidən hesablannması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, hüquqi şəxs “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci il dekabr ayına qalıq və aktlar üzrə borcu 10584 manat 20 qəpik təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Cavabdehnə məhkəmə tərəfindən ünvanlanan məktubdan görünür ki, iddiaçının nümayəndəsi məhkəmənin hazırlıq iclasında ona məxsus qaz xəttinin cavabdehin işçiləri (Şəmkir RQİİ) tərəfindən 2020-ci ildə əsas xətdən ayrılıb 2023-cü ildə bərpa edildiyini, həmin dövrdə istixanada, ümumiyyətlə qazdan istifadə edilmədiyinə baxmayaraq, cavabdehin işçiləri tərəfindən 2022-ci ilin dekabr ayında qaz sayğacında yoxlamalar aparılaraq əsassız yerə ona borc yazıldığını bildirmişdir. Cavabdehin nümayəndəsi bu halı araşdırıb məhkəməyə məlumat verəcəyini, qazın kəsilmə və bərpa sənədlərini və iş üzrə digər sübutları təqdim edəcəyini bildirsə də, sübutları təqdim etməmişdir. Odur ki, yuxarıda göstərilən hallara dair münasibət bildirilməsi, o cümlədən iddiaçıya verilən qazın dayandırılması və bərpası ilə bağlı sənədləri, xx.xx.2022-ci il tarixli ******* saylı aktla iddiaçıya hesablanmış 48110 kub metr qaz həcminin hesablanmasına əsas və ya aid olmuş sənədlərin və iddiaçıya məxsus obyektdə aparılmış yoxlamanın rəsmi reyestrdən keçdiyini təsdiq edən sənədləri xx.xx.2024-cü il tarixədək elektron kabinet vasitəsilə məhkəməyə təqdim olunması təklif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in və “Yoxlama haqqında şəhadətnamənin forması”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 2.14-cü bəndinə əsasən dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır. Həmin qərarın 2.18-ci bəndinə əsasən ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus G-400 markalı 80093066 nömrəli qaz sayğacı cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yəni, iddiaçı təbii qazla təmin edilmədiyi vaxtda təbii qazın uçotunun pozulması haqqında aktla yoxlamadan keçirilmiş, sayğac göstəricilərinin xətasının normalara uyğun olmadığı aşkar olunmuş, uçota alınmayan qaz həcmi yenidən hesablanaraq 48110 m3 müəyyən edilmiş və onun dəyəri olan 10584 manat 20 qəpik borc kimi iddiaçının hesabına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarına görə iddiaçı hüquqi şəxs olaraq sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşısa da, sayğac xətasının nədən ibarət olduğu, uçota alınmayan qaz həcmi yenidən hansı qaydada hesablanaraq məhz 48110 m3 müəyyən olunduğuna görə cavabdehə dəyən ziyanla iddiaçının hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə tərəfindən təbii qazın uçotunun pozulması haqqında aktın verilməsinə əsas olmuş sənədlərin tələb edilməsinə baxmayaraq, həmin sənədlər məhkəməyə təqdim edilməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında həmin sənədlərin tapılmadığını bildirmişdir. Bununla da, borcun hesablanmasına əsas olmuş halları məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən borcun hesablanmasına əsas olmuş sənədləri təqdim etmədən (sayğacla müəyyənləşdirilən hesab istisna olmaqla) istehlakçı hüquqi şəxsə borcun hesablaması qanuni sayıla bilməz. Əks halda, qaz paylayıcısı tərəfindən sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşıyan hər bir hüquqi şəxs olan istehlakçıya istədiyi məbləğdə borc hesablaya bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: **********00000) hesablamış 10584 manat 20 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı “X2 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə (abonent kodu: **********00000) hesablamış 10584 manat 20 qəpik məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar