Məhkəmə qərarları › İş №e-2-2(115)-68/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-68/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-68/2024 21.02.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə. İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB-yi tərəfindən ona qarşı qanunsuz və əsassız hesablanmış 3456 manat cərimənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o təbii qaz abonentidir və adına **********00050 saylı abonent saldosu vardır. Hazırda Cavabdeh tərərfindən ona 3456 manat qanunsuz cərimə olaraq pul hesablanmışdır. İstifadəsində olan təbii qaz sayğacına aktla dəymiş ziyan hesablanmış və qanunsuz cərimə yazılmışdır. Belə ki, qaz sayğaclarına Cavabdeh tərəfindən 1 ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi heç bir tədbir görülməmişdir. Belə ki, cavabdeh təşkilatın özü tərəfindən onun istifadəsində olan qaz saz sayğacının dəyişdirilməsindən sonra o, həmin sayğacdan istifadə etmədiyinə baxmayaraq, cavabdeh təşkilat tərəfindən yalandan yerə onun güya ki qeyri- istifadə olunan qaz qurğusunun ümumi qaz sərfi sayğacın maksimal buraxma qabiliyyətindən çoxdur, olması barədə qanunsuz və əsassız cərimə yazaraq onun hüquqlarını pozmuşdur. Hansı ki, həmin obyektdə onların cərimə yazılarkən heç bir fəaliyyəti olmamışdır. Bunu həmin vaxtı cərimə yazan şəxslərin özləri də görmüşdür. Yeni quraşdırılan cihazdan belə istifadə etmədikləri halda cavabdehin nümayəndəsi ona demişdir ki, cərimə yaz deyirlər o da yazır, əmrdən qırağa çıxa bilməz demişdir. Onu qeyd edir ki, cərimənin yazıldığı vaxt yaz ayıdır və havalar isə istidir və həmin vaxtıda onların həmin obyektdə heç bir fəaliyyəti olmamışdır. Onlar yalandan qazı yandırıb havaya buraxmamışdırlar. O, heç vaxt təbii qazdan qanunsuz istifadə etməmişdir və daim istifadə etdiyi qazın dəyərini vaxtı-vaxtında ödəmişdir. Belə ki, əgər abonent saldosuna nəzər salınsa görülər ki, heç vaxt qaza borcu olmamışdır. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Qüvvədə olan "Qaz təhcizatı haqqında" Azərbaycan Respublikasının Qanununa və Qazdan istifadə Qaydalarına əsasən, qaz paylayıcı olaraq " Azəriqaz" İB-nə ümumiyyətlə istehlakçılar barəsində hər hansısa məsuliyyət tədbiri tətbiq edilməsi səlahiyyəti və ya hüququ verilməmişdir. Cərimə blankları cavabdeh təşkilatın özü tərəfindən sadə üsulla kompüter vasitəsilə çap edilərək, heç bir Maliyyə İdarələri ilə razılaşdırılmamış şəkildə kor-koranə şəkildə öz arzu və istəklərinə uyğun şəkildə tərtib olunmuş və qeyri-qanuni hesablamalara əsasən yazılmışdır. Cərimələrin yazılması istiqmətində isə "Azəriqaz" İB-nə heç bir səlahiyyət verilməmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-1687/2023 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi verərək Şəmkir RQİİ-nə borclu olduğu ümumilikdə 3456 manat borcun əsassız olduğu üçün silinməsini qeyd etmişdir. Bununla əlaqədar ilk növbədə bildirirlər ki, istehlakçı İddiaçı halhazırda Şəmkir RQİİ-nə 3555,75 manat borcu mövcuddur. Həmin məbləğin də 99,75 manatı 2023-cü il tarixə qədər ünvanda istehlak edilmiş qaz sərfinin dəyərinə görə, 3456 manatı isə dəymiş ziyana görə müəyyənləşdirilmiş borc məbləğidir ki, bunun da hissəhissə ödənilməsi üçün möhlət verilmişdir. İddiaçı tərəfindən qeyd olunan dəymiş ziyan məbləği qaz təsərrüfatının layihə smeta sənədlərində nəzərdə tutulmamış-layihədən kənar cihazlardan istifadə edilməklə yüklənmiş, eləcə də normal işləməsinə süni maneçilik yaradılmış sayğac vasitəsilə istehlak olunmuş və uçotu dəqiq aparılmayan təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, Ağstafa rayonu ərazisində yerləşən İddiaçı məxsus obyektə təsdiqlənmiş layihə-smeta sənədlərinə uyğun quraşdırılmış maksimal saatlıq qaz sərfiyyatı 6m3 olan G-4 markalı qaz sayğacına baxış keçirilərkən saatlıq qaz sərfinin 3 dəfə artıq yəni 18,8 m3 olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacı vasitəsilə əlavə qaz işlədici avadanlıqlarda qazdan qanunsuz istifadə edilmişdir. Qanunsuz fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (aktda imza etməkdən imtina barədə qeyd aparılmaqla) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün ümumilikdə 13824m3 itirilmiş qaz sərfi, yəni 3456 manat (üç min dörd yüz əlli altı manat) dəymiş ziyan hesablanmışdır. Beləliklə əlavə qaz işlədici avadanlıqlarda istifadə edilməklə yüklənmiş sayğacın istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı qeyri-müəyyən dövrlərə ümumilikdə 3456 manatlıq qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Bu əsasda tərəflərindən abonentə edilmiş xəbərdarlıqların bir nəticəsi olmamış, rəsmi qaydada sənədləşdirilmiş borc məbləğinin ödənişi təmin edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4-cü bəndinə uyğun olaraq (4.1) Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra - SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. (4.2.) Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. (4.8.) Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin “Qaydalar”ın 5-ci bəndinin tələblərinə görə (5.3) istifadə olunan qazın dəyəri yalnız bank və poçt şöbələri vasitəsilə ödənilir. (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd etdiklərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən cavabdeh kimi etirazlarının nəzərə alaraq e-2-2(115)-1687/2023 saylı iş üzrə mübahisələndirilən 3456, manat məbləğin silinməsinə dair iddia tələbinin göstərdikləri faktlar və əsaslarla təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, 2014-cü ildə mülki etibarnaməsi olduğu üçün qazın alqı-satqı müqaviləsinə o, imza atmışdır, amma layihə onun adına deyil. O, sayğacın dəyişilməsində və sair işlərdə iştirak etməmişdir. Təsərrüfat obyekti xalası oğlunun adınadır. Təsərrüfat obyektinin növünü dəyişəndə smetanın dəyişikliyi olub. Layihəni təsərrüfat obyektinin sahibi olan xalası oğlu özü hazırlayıb, ancaq özü Bakı şəhərində olduğu üçün o, imzalamışdır. Onlarda ancaq bir soba qaz ilə təmin olunub. Aktda olan 9 dəmir soba, PQ3 və sair avadanlıq qaz sisteminə qoşulu olmamışdır. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, dövlət reyestrində qeydiyyata alındıqdan sonra təsərrüfat obyektində yoxlama keçirilib. Obyektə yerləşdirilmiş 4m3-luq sayğac güc artımı ilə istifadə olunub. 4m3-luq sayğacın istehlak sərfiyyatının qeydə almaq imkanı saatda 6m3-ə qədərdir. Sözü gedən təsərrüfat obyektində qaz istehlakı üç dəfə çox olduğundan, qanunvericiliyin tələbləri nəzərə alaraq 90 gün müddətində olan artıq sərfiyyat hesablanaraq abonentin sayğacına yazılmışdır. İddiaçı bu gün bildirə bilər ki, o ünvanla əlaqəsi yoxdur, amma onlar müqaviləni onunla imzalayıb və abonent kimi onlar İddiaçıı tanıyırlar. Narazılıq olduğu halda o, ərizə ilə müraciət edərək qaz təminatını saxlatmalı idi. xx.xx.2023-cü il tarixdə onlarda yoxlama olub, xx.xx.2023-cü il tarixdə isə sayğac dəyişilib. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023- cü il tarixli Akta əsasən təsərrüfat obyektində qaz işlədici 9 dəmir soba, 1 ədəd PQ3, 1 restoran tipli PQ və qeyri standart 32 litrlik su qızdırıcısı olmuşdur. Tərəf podratçı təşkilatla müqavilə bağlayaraq, güc artımı olduğu üçün müvafiq qaz-tikinti işlərinin layihəsinin hazırlanması barədə razılığa gəliblər. Güc artımı ilə bağlı müvafiq sənədlər hazırlandıqdan sonra yeni sayğacın alınması ilə bağlı “Azəriqaz “ İB-nə müraciət olunur. Amma bu onlara imkan vermir ki, güc artımı olduğundan yeni sayğac quraşdırılana qədər mövcud sayğacı əlavə güc artımı ilə işlətsinlər. Hətta yeni yerləşdirilən 6 m3 -lik sayğac tərəfin qaz sərfiyyatından az keçirici gücə malikdir. Texniki şərtin sorğu blankı podratçı şirkət tərəfindən təqdim edilir. Qazın artıq güc sərfiyyatını nəzərə alan layihə hazırlanaraq, qaz-tikinti işləri keçirilir. Qaz-tikinti işləri başa çatıb təhvil veriləndən sonra onlar əməkdaşlarının iştirakı ilə sayğac quraşdırılır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, 03 noyabr 2022-ci il tarixdə onlar sayğacın dəyişdirilməsi üçün müraciət etmişdirlər. Lakin cavabdeh orqanın nümayəndələri sayğacın dəyişilməsini 2023-cü ilin aprel ayına qədər yubatmışlar. Noyabr ayında müraciətlərindən sonra sayğac dəyişilmədiyindən, o müvəqqəti olaraq fəaliyyətini dəyandırmışdır. Aprel ayında isə cavabdeh orqanın nümayəndələri yeni sayğac quraşdırdılar. Bu zaman ərzində smeta layihəsi üç dəfə dəyişilib. 500 manat məbləğində rüsum ödənişi edərək yeni sayğac quraşdırmışlar. Bununla belə həmin sayğac da mövcud vəziyyətdə onların quraşdırmaq istədiyi qaz qurğularının maksimal sərfiyyatını ölçmək qabiliyyətinə malik deyil. Göründüyü kimi əgər düzəltdirdikdiləri qaz sobalarını qaz xəttinə qoşsalar, növbəti yoxlama zamanı yenə də sayğaca eyni əsasa görə cərimə yazılacaqdır. Bütün bunlar da cavabdeh orqanın işçilərinin öz işlərinə necə səhlənkar yanaşdıqlarını göstərir. Qış aylarında onlar fəhlələr üçün yemək isitmək üçün soba quraşdırmışlar. Qaz artımı barədə deyə bilərlər ki, təxminən yanvar ayında yük maşını onların qaz xəttini qırmışdı və onlar qaz idarəsinə bu barədə məlumat vermişlər. Lakin cavabdeh orqanın nümayəndələri bu zamanda öz işlərinə laqeyd yanaşaraq, xeyli müddət sonra həmin yerə baxış keçirmişlər. Noyabr ayında kustar üsulla iran sobalarının hissələrindən istifadə edərək 5 ədəd soba hazırlamışlar. Hal-hazırda 9 ədəd sobası var, amma heç biri qaz sisteminə qoşulmayıb. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filalının 17 yanvar 2024-cü il tarixli 3-15-2-10/2-22/2024 nömrəli rəyində qeyd olunmuşdur ki, Ağstafa rayonu, Bakı-Qazax avtomobil yolunun sol tərəfində yerləşən, Cavabdeh (İB) X9 İstismarı İdarəsində (bundan sonra - RQİİ) **********00050 abonent kodu ilə qeydiyyatda olan fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış sahəsində xx.xx.2023- cü il tarixli, KY231911276 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a (bundan sonra - Çıxarış) əsasən RQİİ tərəfindən plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama üçün əsas “insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” götürülmüşdür. Araşdırma üçün təqdim olunmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, RQİİ tərəfindən Çıxarışa əsasən adı çəkilən qeyri-yaşayış sahəsində yoxlamanın təyin edilməsi üçün əsas götürülən məsələlər üzrə yoxlama aparılmamışdır. Belə ki, yoxlama zamanı obyektdə sayğaca müdaxilə və ya sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edilməmişdir. Buna baxmayaraq, RQİİ tərəfindən obyektdə istifadə olunan qaz qurğularının ümumi saatlıq qaz sərfinin (18,8 m3/saat) quraşdırılmış G-4 markalı qaz sayğacının maksimal ölçmə qabiliyyətindən (6,0 m3/saat) çox olması barədə xx.xx.2023cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib olunaraq, dəyəri 3456 manat (3824 m3) olan “itirilmiş təbii qaz həcmi”nə görə hesabat aparılmış və həmin məbləğ qanunvericiliyin tələblərinə zidd olaraq vətəndaşa məxsus qeyri-yaşayış sahəsinin abonent saldosuna daxil edilmişdir. Göründüyü kimi aparılmış yoxlamanın nəticəsi Azərbaycan Respublikası Prezidentinin 1410-İVQ nömrəli 20 oktyabr 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun (bundan sonra - Qanun) tələbləri pozularaq rəsmiləşdirilmişdir. Həmin Qanunun 3.1-ci bəndinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən bildirik ki, Ağstafa rayonu, Bakı-Qazax avtomobil yolunun sol tərəfində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsində RQİİ tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində “dəymiş ziyanın bərpası” adı altında itirilmiş qaz həcminin hesablanması müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, abonent saldosu, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, yoxlamanın aparılması haqqında qərar, dəymiş ziyanın bərpasına dair tələbnamə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt, lizenziya, texniki şərt, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 26 noyabr 2018-ci il tarixli GA-616 nömrəli tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli 14-2-2-13(3-11-941) 2023 nömrəli yoxlamanın aparılması haqqında qərardan görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16.1.3-cü və 17-ci maddələrini rəhbər tutaraq, habelə 12 aprel 2023-cü il tarixli KY231911276 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsaslanaraq fiziki şəxs İddiaçı (VÖEN: **********) istifadəsində olan Ağstafa rayonu, Bakı-Qazax yolunda yerləşən qeyri-yaşayış sahəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının müəyyən edilməsi məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparılması, yoxlama 12 aprel 2023-cü il tarixində başlanılması və 14 aprel 2023-cü il tarixində başa çatdırılması, Cavabdeh İstehlakçılara satılan qaza nəzarət şöbəsinin böyük mühəndisi X1 həvalə edilməsi, yoxlanılan sahibkara yoxlayıcı orqanın və sahibkarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hüquq və vəzifələri izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydaarının pozulması haqqında aktdan görünür ki, müəssisədə istifadə olunan qaz qurğularının ümumi qaz sərfi sayğacın maksimal buraxma qabiliyyətindən çoxdur, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarışa əsasən yoxlama aparılmış və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 14 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsas götürülərək “Qazdan istifadə Qaydaları” nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 6 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 18.8 m3/saat, hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat forması aşağıdakı kimi aparılmışdır: 18.8-6=12.8x12x90=13824m3 İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2023-cü ilə qalıq və aktlar üzrə borcu 3456 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yoxlamanın aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmış və çıxarışda yoxlamanın təyin edilməsi üçün əsas insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlərin (məlumatların) daxil olması, habelə kütləvi informasiya vasitələrində məlumatların yayılması, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının müəyyən edilməsi olmuşdur. Həmin tarixdə də yoxlama aparılmış və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla müəyyən edilmişdir ki, müəssisədə istifadə olunan qaz qurğularının ümumi qaz sərfi sayğacın maksimal buraxma qabiliyyətindən çoxdur. Göründüyü kimi cavabdeh orqanın əməkdaşları tərəfindən çıxarışa əsasən yoxlamanın təyin edilməsi üçün əsas götürülən məsələlər üzrə, yəni qaz sayğacının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları üzrə yoxlama aparılmamışdır. Belə ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktla yuxarıda qeyd olunan halların aşkar edilməsi müəyyən edilmir. Buna baxmayaraq, cavabdeh orqanın nümayəndələri tərəfindən obyektdə istifadə olunan qaz qurğularının ümumi saatlıq qaz sərfinin (18,8 m3/saat) quraşdırılmış G-4 markalı qaz sayğacının maksimal ölçmə qabiliyyətindən (6,0 m3/saat) çox olması barədə xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib olunaraq, dəyəri 3456 manat (3824 m3) olan “itirilmiş təbii qaz həcmi”nə görə hesabat aparılmış və həmin məbləğ qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçının abonent saldosuna daxil edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan da göründüyü kimi 2025-ci ilin yanvarın 1-dək yalnız enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər. Göründüyü kimi cavabdeh orqan tərəfindən çıxarışın alınması üçün əsas olmuş məsələlər üzrə yoxlama aparılmamış və aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanununun” tələblərinin pozulması ilə rəsmiləşdirilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Normanının məzmunundan göründüyü kimi əgər cavabdeh orqan tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edilərdisə, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməlidi. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, indiki halda qanunsuz qoşulma halı baş verməmiş və bu səbəblə tərtib edilmiş akt təqsirin müəyyən olunması üçün müvafiq qurumlara göndərilməmişdir. Sadalanan xüsusatlar onu göstərir ki, 12 aprel 2023-cü il tarixli 14-2-2-13(3-11-941) 2023 nömrəli qərarla fiziki şəxs İddiaçı (VÖEN: **********) istifadəsində olan Ağstafa rayonu, Bakı-Qazax yolunda yerləşən qeyri-yaşayış sahəsində insanların həyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının müəyyən edilməsi məqsədilə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınsa da, yoxlamada göstərilən məqsəd ilə bağlı olan hal baş vermədiyi halda həmin məqsəddən kənar hal ilə bağlı yoxlama aparılmış və dəymiş ziyan hesablanmışdır. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın maksimal ölçmə qabiliyyətinin çox olması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 3456 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.1-ci bəndinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ağstafa rayonu, Bakı-Qazax avtomobil yolunun sol tərəfində yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsində RQİİ tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində “dəymiş ziyanın bərpası” adı altında itirilmiş qaz həcminin hesablanması müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. 29 avqust 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 54,56 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00050) hesablanmış 3456 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, Cavabdehndən 54,56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00050) hesablanmış 3456 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 54,56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar