Məhkəmə qərarları › İş №e-2-2(115)-682/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-682/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-682/2024 27.06.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs X2 iştirakları ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC və Qərb RETSİ-i tərəfindən yazılmış 2891,57 manat enerji borcunu qanunsuz hesablandığı üçün silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri H.Əliyev prospekti 15 ünvanda yerləşən “Əminə Market” mağazası fəaliyyət göstərir. “Əminə Marketə” 09 mart 2023-cü il tarixdə SMART SMS sayğacını "xxxx" Açıq Səhmdar Cəmiyyətin əməkdaşları quraşdırmışdır. “Əminə Marketə” quraşdırılan SMART SMS sayğacı əsasında işlətdikləri enerjini haqqı "xxxx" Açıq Səhimdar Cəmiyyətinə daima ödəmişlər, heç bir borcları qalmamşdır. 17 iyul 2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirildi və əməkdaşlar bildirdilər ki, sayğacda qüsür var, bu səbəbdən enerjini düzgün hesablamamışdır. O, onların iştirakı ilə sayğaca baxış keçirmişlər, sayğaca heç bir kənar müdaxilə edilməsi aşkar olunmamışdır. Sayğacın üzərinə vurulmuş, möhürlər tam yerində müşahidə olunurdu, əlavə müdaxilə müəyyən olunmurdu. Buna baxmayaraq "xxxx" ASCnin əməkdaşları, bildirmişlər ki, “Əminə Market” 2891,57 manat əlavə enerji haqqı ödəməlidir. O, onlara bildirmişdir ki, onların heç bir borcu yaranmamışdır, daima işlətdikləri enerjinin haqqını ödəmişlər, sonra istifadə etmişlər. "xxxx" ASC-yə ərizə ilə müraciət edərək, “Əminə Marketə” qanunsuz hesablanmış 2891,57 manat komisiyada baxılaraq silinməsini xahiş etmişdir. "xxxx" ASC-nin 13-13/2-2/17-M-6222-5/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli cavab məktubu ilə müraciətlərindən imtina edilmişdir. "xxxx" ASC-yə və Qərb RETSİ-n vəzifəli şəxsləri əsassız olaraq 2891,57 manat borc hesablanmışdır. Bu qanunsuz hesablanmanın silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-yə ödənilmiş 2891,57 manat məbləğin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya yazılan borc əsaslıdır. Yoxlama zamanı çəkilmiş videoyazıda da bunu açıq-aşkar görmək olar. 17 iyun 2023-cü ildə iddiaçının nümayəndəsi Məmmədov Maarifin iştirakı ilə "xxxx" ASC-nin Nəzarət Departamentinin Satışa Nəzarət İdarəsinin nümayəndələri tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış obyektində yerləşən sayğaca baxış keçirilmişdir. Yoxlama nəticəsində sayğacın A fazasından keçən yükü qeyd etmədiyi və uçot komplektdə “A” fazasında quraşdırılmış cərəyan transformatorundan sayğac sxeminə cərəyan axmadığı aşkar olunmuşdur. Bundan sonra qanuna müvafiq olaraq iddiaçıya borc hesablanmışdır. Əlavə olaraq qeyd etmək istərdi ki, 2013, 2019 və 2022-ci illərdə sayğac dəyişilib. İddiaçıya məxsus qeyri-yaşayış obyektində aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, 2023-cü ilin 8 mart tarixində onlar məcburi olaraq SMS sayğaca keçiriblər. O zaman onlar quraşdırılan sayğacın balansına 2030 manat məbləğində vəsait köçürmüşlər. "xxxx" ASC-nin onlara borcu olması səbəbindən sayğacın balansına pul köçürüblər. Üç ay sonra isə onlara borc yazıblar. Sayğac on yerdən möhürlənir və bu səbəbdən kənar müdaxilə olmayıb və ola bilməz. Sayğac onlar üçün fiziki əlçatan deyil. Bu səbəbdən qoyduqları sayğacın düzgün işləməməsi cavabdehin qüsurudur. Sonra onlara 2000 manat borc hesablanmışdır. Lakin bir ay ərzində o qədər sərfiyyat olmazdı. Məhkəmə iclasında müətəxəssis qismində dindirilmiş X4 izahatında bildirdi ki, SMS sayğac son bir-iki ildə istehlakçılara təqdim olunmuş müasir tipli elektron sayğacdır. SMS sayğaca əvvəlcədən ödəniş edilməlidir. Vəsait sayğacın balansına yükləndikdən sonra abonent işıqla təmin olunur. Sayğacın balansında vəsait qurtarana yaxın sayğac xəbərdarlıq edir və vəsait qurtardıqda elektrik enerjisinin təminatı dayandırılır. Sayğaca baş ofisdən nəzarət etmək mümkündür. İndi qoyulan müasir sayğaclar isteklakçının istifadə etdiyi aktiv enerjidən yanaşı reaktiv enerjini də qeydə alır. Reaktiv enerjinin sərfiyyatı normanı keçdikdə aktiv enerjinin sərfiyyatının 5 faiz miqdarında əlavə ödəniş hesablanır. Əvvəlcədən ödəniş edilməli sistem olduğundan istehlakçı akt üzrə hesablanmış borcu ödəyir və artıq yükləmiş vəsait qədər enerjidən istifadə edir. Məhkəmə işi gedən istehlakçıya səhv etmirsə ötən ilin iyul ayında akt tərtib edilib və akt üzrə hesablanmış ödəniş etdikdən sonra yenidən istifadəyə davam edib. Akt tərtib olunan zaman balansda vəsait varsa cərimə həmin məbləğdən silinir. Nəticə yazılmış borc abonentin hesabından silinmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi, akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 13 yanvar 2023-cü il tarixli, 316726 nömrəli tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti (istehsal sahəsini) elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünün (ayının) 20-dək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2023-ci il tarixli NDQ № 016416 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, elektrik sayğacı “A” fazasından keçən yükü qeyd etmir. Belə ki, uçot komplektdə cərəyan axmır. EEİQ-ya uyğun olaraq qüsur bərpa edilsin. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus olan obyektdə aşkar edilmiş pozuntu nəticəsində 26287 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 2891,50 manat məbləğində cərimə hesablanmışdır. Qeyri əhali qrupuna aid İddiaçı abunə haqqında vərəqindən görünür ki, 2891,57 manat məbləğində pul vəsaiti sayğaca yazılan aktın borcu kimi abunə sənədinə daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan "xxxx" Açıq Səhmdar Cəmiyyətinində fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində “X1 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1 Qaydaları”nın və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunsuz hesablanmış həmin məbləğ cavabdehin hesabına ödənilmişdir. Abonent tərəfindən ödənilmiş 2891,57 manat məbləğində pul vəsaiti əsassız varlanan cavabdeh tərəfindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış və İddiaçı tərəfindən ödənilmiş 2891,57 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış və İddiaçı tərəfindən ödənilmiş 2891,57 manat məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar