Məhkəmə qərarları › İş №e-2-2(115)-701/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-701/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-701/2025 05.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC dövrünə aid 5964 manat 40 qəpik məbləğində inteqrasiya dövr borcu, həmçinin "xxxx" ASC dövründə ona məxsus soyuducu anbarına quraşdırılmış elektrik hesablama sayğacına X1 qaydalarının pozulmasına dair tərtib olunmuş 10 noyabr 2021-ci il tarixli, NDQ № 010606 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 1214 manat, xx.xx.2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1234 manat 80 qəpik, X1 qaydalarının pozulmasına görə tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, 061964 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik olmaqla, cəmi 13542 manat 17 qəpik məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunun Keçili kəndində kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar inşa etdirmişdir və hazırda da istifadəsindədir. Soyuducu anbarda quraşdırılmış avadanlıqlar elektrik enerjisi ilə çalışır. Bunun üçün texniki şərt əsasında cavabdeh tərəfindən enerji təhcizatı həyata keçirilir və quraşdırılmış sayğac vasitəsilə istehlak olunmuş enerjinin dəyəri cavabdehə ödənilir. Cavabdehin tabeliyində olan X8 Təchizatı və Satışı İdarəsindən "xxxx" ASC dövrünə aid 5964 manat 40 qəpik məbləğində inteqrasiya dövr borcu, həmçinin "xxxx" ASC dövründə ona məxsus soyuducu anbarına quraşdırılmış elektrik hesablama sayğacına X1 qaydalarının pozulmasına dair tərtib olunmuş 10 noyabr 2021-ci il tarixli, NDQ № 010606 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 1214 manat, X1 qaydalarının pozulmasına görə tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, 061964 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik olmaqla, cəmi 12307 manat 37 qəpik əsassız borc hesablanmışdır. Bundan başqa abunə haqqında cədvələ əsasən xx.xx.2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1234 manat 80 qəpik borc əsassızdır. O səbəbdən ki, onun 2015-ci ildə heç bir fəaliyyəti olmayıb və enerji sərfiyyatına yol verilməyib. Yuxarıda qeyd edilən¸vaxtı keçmiş borclar ondan tələb edilməklə istifadəsində olan soyuducu anbarın elektrik enerjisi təminatı vaxtaşırı kəsilir. Bu da sahibkar olaraq fəaliyyətini həyata keçirməkdə maneələr yaradır. Bu şəkildə işləmək mümkün deyildir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək bildirmişdir ki, 25 sentyabr 2012-ci l tarixli, 006498 nömrəli aktdan görünür ki, X1 qaydalarının pozulmasına görə abonent olaraq ona 8812 manat 80 qəpik ziyan hesablanmışdır. Qeyd edilən akt "xxxx" MMC-nin dövründə tərtib edilməsinə baxmayaraq hazırkı "xxxx" ASC-nin nümayəndələri tərəfindən həmin pullar ondan tələb edilir və əks halda elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirlir. Odur ki, 25 sentyabr 2012-ci l tarixli, 006498 nömrəli aktla X1 qaydalarının pozulmasına görə abonent olaraq ona hesablanmış 8812 manat 80 qəpik məbləğində borcun silinməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz göndərərək iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə toplanmış sənədlərə təsdiq olunur ki, 10 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus soyuducu anbarı üçün quraşdırılmış sayğac uçot dəstinə iddiaçının nümayəndəsinin iştirakı ilə baxış keçirilən zaman soyuducu anbarına sayğac sxemindən kənar xətt daxil olduğu aşkar edilmişdir. Həmin kənar xətt Suvarma Sistemləri İdarəsinə (SSİ)-nə məxsus (TM № 5043431) transformatorundan bir-başa götürülüb. Belə ki, həmin TR-da quraşdırılmış uçot dəstində (S/N 2801508) quraşdırılmış “A” faza cərəyan TR-u yanıb və xətt birbaşa qoşulub. Kənar xətt isə həmin birbaşa qoşulmuş xətdən götürülüb. Aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşlar tərəfindən iddiaçı barəsində “EEİQ”nın tələbinə uyğun olaraq 10 noyabr 2021-ci il tarixli, AKT NDM № 010606 nömrəli akt tərtib olunmuşdur. Tərtib olunmuş sözügedən akt əsasında "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən aktlar üzrə Komissiya tərəfindən iddiaçıya dəyəri 1214 manat təşkil edən 365 gün üçün 13.490 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Göstərilən akt və akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış məbləğ "xxxx" ASC-nin ORACLE məlumat satış bazasında **********7 sayla abonent kodu ilə qeydə alınmış iddiaçı-abonent İddiaçı istehlakçı koduna işlənmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 21 fevral 2024-cü il tarixli, AKT R № 061964 saylı aktdan görünür ki, həmin gün əməkdaşlar tərəfindən iddiaçının sahibi olduğu soyuducu anbarı üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış zamanı “abonentin elektrik sayğacı yarımstansiyada quraşdırılmışdır. Lakin abonent soyuducu anbarının yanındakı suvarma sistemləri idarəsinin sayğacından (BN-127 zavod nömrəsi-********) kənar xətt çəkərək X1 edir. Kənar xətdən çıxan yük İ=21 A P=4,61 kvt qüsuru faktı aşkar olunmuşdur. Aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşlar tərəfindən “EEİQ”-nın tələbinə uyğun olaraq 21 fevral 2024-cü il tarixli, AKT R № 061964 saylı akt tərtib olunmuşdur. Aktın nəticə hissəsində “kənar xətt ləğv olunsun. Hesablanacaq məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın” tələbi qoyulmuşdur. Tərtib olunmuş həmin akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik məbləğ istehlakçı İddiaçı istehlakçı koduna işlənmişdir. İddiaçı iddia tələbində xx.xx.2015-ci il tarixə 1234 manat 80 qəpik məbləğində borcun silinməsi tələbini də qoymuşdur. Bununla bağlı qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1045 saylı Sərəncamından sonra “Bakı Elektrik Şəbəkə”sinin adı dəyişdirilərək "xxxx" ASC yaradılmışdır.” 2015-ci ilin aprel ayından "xxxx" ASC fəaliyyətə başlamışdır. 2015-ci ilin aprel ayından 2015-ci ilin dekabr ayının axırına olan 1234 manat 80 qəpik borc istehlakçının aylıq sərf etdiyi sayğac üzrə yaranmış elekrtrik enerjisinin dəyərinin borcudur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin ORACLE məlumat bazasında İstehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyyə cədvəlində göstərilir ki, xx.xx.2015 ci il tarixdə 20580 kvt.saat sərfiyyat borcunun fərqi olan dəyəri 1234 manat 80 qəpik təşkil edən borcundan abonent tərəfindən xx.xx.2015-ci il tarixdə 750 manat və xx.xx.2015-ci il tarixdə isə 250 manat məbləğində ödəniş edilmişdir. Son nəticədə abonent tərəfindən sərfiyyat borcundan cəmi 1000 manat məbləğində ödəniş etmişdir. Digər tərəfdən iddiaçı iddia ərizəsində "xxxx" ASC dövrünə aid 5964 manat 40 qəpik məbləğində borcunun da silinməsi tələbini də qoymuşdur. Bununla bağlı qeyd edirlər ki, ”Azərişıq” ASC "xxxx" ASC-nin hüquqi varisi deyildir. ”Azərenerji” ASC bu gün də müstəqil hüquqi şəxs kimi fəaliyyət göstərir. "xxxx" ASC dövrünə aid borcları heç kimdən, o, cümlədən hazırkı iş üzrə İddiaçı da tələb edilmir. Ona görə də hesab edirlər ki, iddiaçının aylıq enerji sərfiyyatından yaranmış sayğac üzrə olan 1234 manat 80 qəpik və "xxxx"ASC dövrünə aid borcun silinməsi barədə göstərdikləri əsassız olduğundan rədd edilməlidir. Toplanılmış sənədlərə əlavə olunmuş istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən Abunə haqqında dövriyyə cədvəlindən görünür ki, iddiaçıya məxsus soyuducu anbarı enerjitəchizatı müəssisəsi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq elektrik hesablama sayğacı ilə təmin olunmuşdur. Göründüyü kimi, norma enerjitəchizatı müəssisəsinə əlavə sərfiyyat aparmasına o halda hüquq verir ki, göstərilən hallardan ən əsası biri mövcud olsun. Qeyd olunan hazırki işdə də toplanılmış sənədlərlə təsdiq olunur ki, iddiaçı qanunsuz olaraq ayrı-ayrı vaxtlarda iki dəfə süvarma sistemləri idarəsindən sayğacdan kənar xətt götürərək X1 etmişdir.. Məhz bu səbəbdən də sayğac uçot dəstinə baxış zamanı aşkar olunmuş enerji pozuntularına dair iddiaçı haqqında “EEİQ”-nın tələbinə uyğun olaraq aktlar tərtib edilmiş və tərtib olunmuş aktlara əsasən iddiaçı barəsində əlavə sərfiyyat hesablanmışdır. iş üzrə toplanılmış sənədlərə əlavə olunmuş istehlakçının aylıq enerji sərfiyyatının miqdarını, dəyərini və ödənişini özündə əks etdirən abunə haqqında dövriyə cədvəlindən görünür ki, hazırda iddiaçının cəmi 24252 manat 62 qəpik məbləğində ödənilməmiş borcu vardır. Həmin borcdan yuxarıda qeyd edilən kimi barəsində tərtib olunmuş 10 noyabr 2021-ci il tarixli, AKT NDM № 010606 nömrəli akt üzrə 1214 manat, 21 fevral 2024-cü il tarixli, AKT № 061964 saylı akt üzrə 5128 manat 97 qəpik, cəmi 1214 manat + 5128 manat 97 qəpik= 6342 manat 97 qəpikdir. Deməli, 24252 manat 62 qəpik - 6.342 manat 97 qəpik=17909 manat 65 qəpik. Həmin 17909 manat 65 qəpik- 5964 manat 40 qəpik ("xxxx"ASC borcu) =11945 manat 25 qəpik məbləğində olan borcundan 843 manat 64 qəpik reaktiv enerjiyə görə yaranan borcudur və qalan 11100 manat 91 qəpik məbləğində isə iddiaçının sayğac üzrə aylıq sərf etdiyi elektrik enerjisinə görə yaranan borcdur. Qeyd olunan 11945 manat 25 qəpik borc abonent tərəfindən ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, arteziandan anbarın həyətində olan ağacları suvarmaq məqsədi ilə istifadə etmişdir, sayğacdan kənar istifadəyə yol verməmişdir. 31 dekabr 2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş, 1234 manat borc əsassızdır, çünki onun 2015-ci ildə heç bir fəaliyyəti olmayıb, həmin dövrdə soyuducu heç işləməmişdir. Anbarın sayğacı var, ancaq anbardan ən azı 3 km məsafədə yerləşdiyinə görə onun öz sayğacından xətt çəkmək mümkün deyil. Anbara çox yaxın məsafədə Sub Artezian İdarəsinin sayğacı və transformatrı var. O da anbarın həyətində olan ağacları suvarmaq məqsədi ilə həmin arteziandan xətt çəkmişdir. Sözügedən arteziandan tək o istifadə etmir, ondan istifadə edən başqa şəxslər də var və istehlak olunan enerjinin dəyəri dövlət tərəfindən ödənilir. xx.xx.2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1.234 manat 80 qəpik borcu ödəməmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh tərəf yazılmış borcdan sui-istifadə edərək anbara verilən elektrik enerjisini kəsir, maneələr yaradır. İnteqrasiya dövrü ilə əlaqədar yazılmış borcla bağlı akt onlarda yoxdur, amma təxminən 2015-ci ildən əvvəl yazılıb. İddiaçı anbarın həyətində olan ağacları suvarmaq məqsədi ilə arteziandan xətt çəkib və təyinatına uyğun istifadə edib. Sayğacdan kənar elektrikdən istifadə olunmayıb, enerjinin istifadə olunması sayğacda görünür və dövlət tərəfindən ödənir. Sadəcə ərazinin suvarılması üçün xırda nasosdan istifadə olunub. Artezian dövlətin balansındadır. Daha dəqiq desək artezianın təyinatı suvarma və əhalinin istifadəsi üçündür. Orada sayğacdan kənar xətt çəkmək mümkün deyildir. Hesab edirlər ki, artezianın dövlət balansında olması və orada istehlak olan enerjinin əvəzinin dövlət tərəfindən ödənilməsi borcun silinməsi üçün əsasdır. Bir halda ki, enerjinin dəyəri dövlət tərəfindən ödənir, burada heç bir qanun pozuntusundan söhbət gedə bilməz. "xxxx" ASC hesab edir ki, çəkilmiş xətt kənar xətdir, qanunsuzdur, bunun üçün də kənarlaşdırıb. Soyuducu anbarın öz sayğacı var, ancaq yüksək gərginliyi olduğu üçün ordan xətt götürmək mümkün deyil. 31 dekabr 2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1234 manat 80 qəpik borc yazılan dövrdə soyuducu anbar fəaliyyət göstərməyib. İddiaçı bildirir ki, o ümumiyyətlə həmin dövrdə enerjidən istifadə etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçı "xxxx" ASC dövründə tərtib olunmuş aktları mübahisələndirir. İddiaçı 2015-ci ilin dekabrında tərtib olunmuş akt üzrə 1234 manat 80 qəpik sərfiyyat borcunu ödəyib. 2 dəfə iddiaçının soyuducu anbarı ilə bağlı eyni qüsur üzrə akt tərtib olunub. Belə ki, iddiaçı iki dəfə kənar xətdən istifadə edib. Hesab edirlər ki, iddiaçı borcunu ödəməlidir, çünki iddiaçıya borcunu ödəməsi ilə bağlı hesabat təqdim olunub. 1234 manat 80 qəpik sərfiyyat borcudur. Borc sayğacın göstəricilərinə əsasən yazılıb. 21 fevral 2024-cü il tarixli akt üzrə yazılmış dövriyyə cədvəlində əks olunmuş 5128 manat 97 qəpik itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmışdır. 5964 manat 40 qəpik inteqrasiya borcudur. Ancaq bu məbləğ "xxxx" ASC dövründə yazıldığı üçün bu borcu məhkəmədə mübahisələndirib, tələb edə bilmirlər. "xxxx" ASC tərəfindən tərtib olunmuş abunə sənədində həmin borcu onlar qeyd etməlidirlər. Ancaq nə 5964 manat 40 qəpik borcu nə də 8812 manat 80 qəpik borcu tələb etmirlər. Onların o borcu tələb etmək hüquqları yoxdur. Çünki, onlar "xxxx"nin hüquqi varisi deyillər. 1214 manat və 5128 manat 97 qəpik borclar üzrə tərtib olunmuş aktlar isə abonent kənar xətdən istifadə etdiyi üçün tərtib olunmuşdur. Lakin pozuntu var, əməkdaşları aktların tərtib olunmasında müəyyən pozuntulara yol veriblər. Onun üçün də 10 noyabr 2021-ci il tarixli və 21 fevral 2024-cü il tarixli aktlar üzrə borcların silinməsinə etirazları yoxdur. Cavabdeh qanunsuz qoşulmaya görə təqsirli bilinərək nə inzibati nə də cinayət məsuliyyətinə cəlb olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filialının mütəxəssisi X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, "xxxx" ASC-nin dövründə hesablanmış 5964 manat 40 qəpik inteqrasiya dövrü üzrə borca dair sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X8 Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən təqdim edilmədiyinə görə ("xxxx" ASC dövründə yaranmış ETAİS proqram bazasına Qərb RETSl-nin baxış yetkisi olmadığı bildirilmişdir) borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”na (bundan sonra-Qaydalar) uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. xx.xx.2012-ci il tarixli 006498 nömrəli akt əsasında hesablanmış 8812 manat 80 qəpik borc "xxxx" ASC dövründə yaranmışdır və sözegedən akt tərtib edilərkən Qaydaların həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbi pozularaq hal şahidlərinin iştirakı təmin edilməmişdir. ETAİS proqram bazasına Qərb RETSl-nin baxış yetkisi olmadığı üçün sözügedən akta əsasən hesablanmış 8812 manat 80 qəpik məbləğin abonent dövriyyəsinə daxil edilib edilməməsini müəyyən etmək mümkün olmamışdır. 11.2021-ci il tarixli NDQ 010606 nömrəli və 21,02.2024-cü il tarixli 061964 nömrəli aktlar tərtib edilərkən Qaydaların 7.18-ci, 7.19-cu və 8.17-2-ci bəndlərinin tələbləri pozulmuşdur. Elektrik enerjisinin sərfiyyatı olaraq qeyd edilmiş 1234 manat 80 qəpik borc xx.xx.2015- ci il tarixdən xx.xx.2015-ci il tarixinədək olan sayğac göstəricisinə əsasən yaranmışdır. "xxxx" ASC tərəfindən Qaydaların 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən hesablaşma dövrü bir qayda olaraq bir ay qəbul olunur. Qərb RETSİ-yə və X4 ünvanlanmış şifahi sorğu əsasında vətəndaşın sözügedən məsələ ilə bağlı rəsmi müraciətinin olmadığı məlum olmuşdur. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmiş mütəxəssis X3 rəyə əlavə olaraq bildirmişdir ki, "xxxx" ASC dövründə yaranmış 5964 manat 40 qəpik inteqrasiya dövrü üzrə hesablanmış borca dair sənədlər "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin X8 Təchizatı və Satış İdarəsi tərəfindən təqdim edilmədiyinə görə, borcun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş X1 Qaydaları”na uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Səbəb olaraq isə, "xxxx" ASC dövründə yaranmış ETAİS proqram bazasına Qərb RETSİ-nin baxış icazəsinin olmadığını qeyd etmişdir. Qeyd edilənləri görmədikləri üçün rəy verə bilmirlər. İkinci olaraq, xx.xx.2012-ci tarixli 006498 akt əsasında hesablanmış 8812 manat 80 qəpik borc "xxxx" ASC dövründə yaranmışdır və sözügedən akt tərtib edilərkən Qaydaların həmin dövr üçün qüvvədə olan 8.33-cü bəndinin tələbi pozularaq hal şahidlərinin iştirakı təmin edilməmişdir. ETAİS proqram bazasına Qərb RETSİ-nin baxış yetkisi olmadığı üçün sözügedən akta əsasən hesablanmış 8812 manat 80 qəpik məbləğin abonent dövriyyəsinə daxil edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Üçüncü olaraq, xx.xx.2021-ci il tarixli NDQ 010606 nömrəli və xx.xx.2024-cü il tarixli 061964 nömrəli aktlar tərtib edilərkən Qaydaların 7.18-ci, 7.19-cu və 8.17-2-ci bəndlərinin tələbləri pozulmuşdur. Dördüncü olaraq, elektrik enerjisinin sərfiyyatı olaraq qeyd edilmiş 1234 manat 80 qəpik borc xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək olan sayğac göstəricisinə əsasən yaranmışdır. "xxxx" ASC tərəfindən Qaydaların 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Bu bəndlərin tələbinə görə sahibkarlıq subyektinin enerji təchizatında yoxlamaların aparılması üçün reyestrdən çıxarış olmalıdır. 10 noyabr 2021-ci il tarixli və xx.xx.2024-cü il tarixli aktların hər ikisi sözügedən pozuntu ilə tərtib olunub. Belə ki, Qaydalara əsasən hesablaşma dövrü bir qayda olaraq bir ay qəbul olunur. Qaydalar dedikdə “X1 Qaydaları” nəzərdə tutulur. Qərb RETSİ-yə və X4 ünvanlanan şifahi sorğu əsasında isə vətəndaşın sözügedən məsələ ilə bağlı rəsmi müraciətinin olmadığı məlum olmuşdur. "xxxx" ASC dövrünə məxsus borcun silinməsi "xxxx" ASC-dən tələb edilə bilməz. “Azərişıq ASC” keçmiş borclardan istifadə edib, işıq təchizatını dayandıra bilməz. 1234.80 manat borc sayğac göstəricilərinə uyğun hesablanıb, lakin "xxxx" ASC tərəfindən “X1 Qaydaları”nın 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Düzdür dəyərində fərq etmir, ancaq qayda pozulub. Cərimə deyil, sayğac göstəricilərinə uyğun hesablanıb və bu sənədlərdən də görünür ki, borc iddiaçı tərəfindən ödənilib. Sayğac bir aydan bir oxunmalı olduğu halda üç aydan bir oxunub. Abonent hər ay borcundan ödəməli, "xxxx" ASC isə hər ay sayğacı oxuyub abonentə məlumat verməlidir ki, bir ay ərzində nə qədər istifadə etmisən. Məhkəmə tərəflərin izahatlarını, mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə İddiaçı (abonent kodu:**********7) arasında bağlanmış enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq abonenti elektrik enerjisi ilə təmin edir, abonent isə aldığı elektrik enerjisinin dəyərini hesabat dövrünün (ayının) 25-dək ona təqdim etmiş edilmiş ödəniş sənədinə əsasən ödəyir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC X5 Şəbəkəsi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2012-ci tarixli 006498 nömrəli aktdan görünür ki, İddiaçı məxsus soyuducu anbarı üçün quraşdırılmış sayğaca baxış keçirilmiş və baxış zamanı soyuducu anbar sayğacsız şəbəkəyə qoşulduğu və baxış keçirilən zaman anbarın şəbəkədən təzə açıldığı müşahidə olunmuş və 8812 manat 80 qəpik məbləğində borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC Nəzarət Departamenti və Satışa Nəzarət İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli NDQ 01066 nömrəli aktdan görünür ki, İddiaçı məxsus soyuducu anbarına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sayğac sxemindən kənar xətt daxil olur. Həmin kənar xətt Suvarma Sistemləri İdarəsinə (SSİ)-nə məxsus (TM № 5043431) transformatorundan bir-başa götürülüb. Belə ki, həmin TR-da quraşdırılmış uçot dəstində (S/N 2801508) quraşdırılmış “A” faza cərəyan TR-u yanıb və xətt birbaşa qoşulub. Kənar xətt isə həmin birbaşa qoşulmuş xətdən götürülüb”. Aktın nəticə hissəsində “kənar xətt ləğv olunsun” tələbi qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən verilmiş icra vərəqindən görünür ki, xx.xx.2021ci il tarixli 01066 nömrəli akt üzrə 365 gün üçün 13.490 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmış və 1.214 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 061964 nömrəli "xxxx" ASC tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus soyuducu anbarı üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, “abonentin elektrik sayğacı yarımstansiyada quraşdırılmışdır. Lakin abonent soyuducu anbarının yanındakı suvarma sistemləri idarəsinin sayğacından (BN -127 zavod nöm.-********) kənar xətt çəkərək X1 edir.Kənar xətdən çıxan yük İ=21 A P=4,61 kvt.”qüsuru faktı aşkar olunmuşdur. Aktın nəticə hissəsində “kənar xətt ləğv olunsun. Hesablanacaq məbləğ ödənilsin, əks halda şəbəkədən açılsın” tələbi qoyulmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, xx.xx.2024-cü il tarixli 061964 nömrəli akt üzrə itirilmiş enerjinin bərpası məqsədi ilə hesabat aparılmış və 5128 manat 97 qəpik borc hesablanmışdır. İş materiallarında olan abunə haqqında cədvəldən görünür ki, xx.xx.2015-ci il tarixli akt əsasında 5964 manat 40 qəpik məbləğində inteqrasiya dövr borcu, 10 noyabr 2021-ci il tarixli, NDQ № 010606 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 1214 manat, xx.xx.2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1234 manat 80 qəpik, X1 qaydalarının pozulmasına görə tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, 061964 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik borc qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlama qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı məxsus soyuducu anbarına quraşdırılmış sayğaca baxış keçirilərək yoxlama aparılmış və həmin yoxlama nəticəsində aşkar edilmiş nöqsanlarla əlaqədar dəymiş ziyanın həcmi hesablanaraq abonentin hesabına 10 noyabr 2021-ci il tarixli, NDQ № 010606 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 1214 manat, X1 qaydalarının pozulmasına görə tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, 061964 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik məbləğində borc hesablanmışdır. Lakin həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Belə olan halda, aparılmış yoxlamanın heç bir hüquqi nəticəsi yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin Qanunun 20.1 və 20.2-ci maddələrinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Bu Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 7.19-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Beləliklə məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerdə aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmadan aparıldığından və bu yoxlamanın hüquqi nəticəsi olmadığından, 10 noyabr 2021-ci il tarixli, NDQ № 010606 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 1214 manat, X1 qaydalarının pozulmasına görə tərtib olunmuş 21 fevral 2024-cü il tarixli, 061964 saylı akt əsasında itirilmiş enerjinin bərpası məqsədi ilə hesablanmış 5128 manat 97 qəpik yoxlama nəticəsində hesablanmış borc məbləği silinməlidir. Eyni zamanda cavabdehin nümayəndəsi də məhkəmə iclasında yuxarda qeyd olunan aktların tərtib olunması zamanı pozuntulara yol verildiyini etiraf etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı (abonent kodu: **********7) 10 noyabr 2021-ci il tarixli NDQ 010606 nömrəli akt əsasında hesablamış 1214 manat və 21 fevral 2024-cü il tarixli 061964 nömrəli akt əsasında hesablanmış 5128 manat 97 qəpik məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2015-ci il tarixə sərfiyyat olaraq qeyd edilmiş 1234 manat 80 qəpik məbləğində borcun silinməsi ilə bağlı məhkəmə qeyd edir ki, elektrik enerjisinin sərfiyyatı olaraq qeyd edilmiş 1234 manat 80 qəpik borc xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək olan sayğac göstəricisinə əsasən yaranmış borcdur. Qanunvericiliyin də tələbindən görünür ki, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı hər ay istehlakçıya bununla bağlı məlumat təqdim etməlidir. Ona görə də, məhkəmə hesab edir ki, sayğac göstəricilərinə əsasən hesablanmış 1234 manat 80 qəpik məbləğində sərfiyyat borcunun silinməsi üçün qanuni əsas olmadığından, iddia həmin hissədə təmin edilə bilməz. İş materialları ilə həmçinin təsdiq olunur ki, 5964 manat 40 qəpik məbləğində inteqrasiya dövr borcu və xx.xx.2012-ci tarixli 006498 akt əsasında hesablanmış 8812 manat 80 qəpik borc "xxxx" ASC dövründə hesablanmış borcdur. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC dövrünə aid borcun silinməsi "xxxx" ASC-dən tələb edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********7) 10 noyabr 2021-ci il tarixli NDQ 010606 nömrəli akt əsasında hesablamış 1214 manat və 21 fevral 2024-cü il tarixli 061964 nömrəli akt əsasında hesablanmış 5128 manat 97 qəpik məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar