Məhkəmə qərarları › İş №e-2-2(115)-737/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-737/2023

10.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-737/2023 10.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat borcun və ödənilmiş 712,33 manat rüsumun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Bundan sonra qeyd etdi ki, mediasiya barədə arayış mövcud qaydalara uyğun verilmişdir. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh mediasiya təşkilatına çağırılmamışdır. Onun iştirakı təmin olunmamışdır. Buna baxmayaraq qanunsuz olaraq arayış verilmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada mediasiya prosesinə düzgün əməl olunmadığından iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə qeyd edilən halları araşdıraraq hesab edir ki, iddia tələbi baxılmamış saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/16-195 nömrəli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışından görünür ki, Cavabdeh göndərilən bildiriş ünvan düzgün olmadığından geri qaytarılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, ilkin mediasiya sessiyasının keçirilmə vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildiriş təqdim edilmiş tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayış verir. Məhkəmə qeyd edir ki, müvafiq bildiriş tərəflərə təqdim edildikdən sonra onların mediasiya sessiyasınıda iştirak etmək imkanı yaranır. Tərəflə ilk öncə bu imkan yaradılmalıdır. Onların sonrakı davranışından asılı olaraq müvafiq sənəd tərtib edilməlidir. Bir halda ki, Cavabdeh ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yeri barədə bildiriş düzgün olmayan ünvana göndərilmişdir, belə olan vəziyyətdə həmin şəxs ilkin mediasiya sessiyasında iştirak etməyən tərəf hesab edilə bilməz. Qeyd olunanlara əsasən Bakı şəhəri 16 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışı “mediasiya sessiyasında iştirak edilməmə” barədə arayış kimi qəbul edilmir. Qanunla müəyyən olunmuş qaydalar çərçivəsində keçirilmiş ilkin mediasiya sessiyasının nəticəsi olaraq verilmiş arayış ərizəyə əlavə edilməklə məhkəmədə iddia qaldırmaq imkanını yaradır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Həmin Qanunun 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələblərinə əsasən isə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 260, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 312,33 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar