Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-780/2025 20.05.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Üçüncü şəxs X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X6 cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X10 tərəfindən əsassız hesablanmış 2893,10 manat borcun silinməsi və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası onun istifadəsindədir. Sahibkarlıq fəaliyyətini həmin qeyri-yaşayış binasının mülkiyyətçisi İddiaçı ilə bağladığı icarə müqaviləsi əsasında həyata keçirir. Məşğul olduğu sahibkarlıq sahəsi Gözəllik salonlarının fəaliyyəti ilə əlaqəlidir. 2011-ci ildən başlayaraq 2017-ci ilədək ona əsassız olaraq istifadə etmədiyi suya və çirkab suyun axıdılmasına görə borclar hesablanmışdır. Həmin dövrlərdə Gəncə şəhəri, Atatürk prospektində aparılmış təmir işləri ilə əlaqəli salona gələn su və kanalizasiya boruları zədələnmişdir. Bunun nəticəsində binaya suyun verilməsi və çırkab suların axıdılması dayandırılmışdır. Hər dəfə suya ehtiyac olanda su daşıyan maşınlar ilə su almışdır. xx.xx.2017- ci il tarixinə əsasız hesablanmış su üçün borcu 2332 manat və çirkab su üçün borcu 941.1 manat, cəmi 3273.1 manat olmuşdur. Həmin borcdan müxtəlif tarixlərdə ödənişlər etdiyi üçün hazırda cəmi borcu 2893.10 manatdır. İstifadə etmədiyi suya və çirkab suyun axıdılmasına görə ödəniş etməməlidir və əsassız hesablanmış borc silinməlidir. Daha sonra iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı məhkəmə iclasında izahatında bildirmişdir ki, sayğacı quraşdırmaq üçün borcu ödəmək lazımdır. O, isə ödəniş etmişdir, lakin sayğac hələ də quraşdırılmayıb və o sudan istifadə edə bilmir. Üçüncü şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, obyekti o, işlətmişdir. Ondan ayda 20 manat məbləğində pul alınırdı. Ona 200 manat məbləğində borc barədə qəbz veriləndə o, qəbzi imzalamışdır, lakin sonradan bilmişdir ki, 200 manat məbləğində aylıq borc yazılırmış. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı ilə xx.xx.2001-ci il tarixdə müqavilə bağlanaraq su ilə təchiz olunmuşdur. Abonentə aylıq ödənişlərin edilməsi üçün 6 rəqəmli kod verilmişdir. Abonent haqında məlumatdan görünür ki, qeyri-əhali abonentlərinə münasibətdə sayğaclar onların öz vəsaiti hesabına quraşdırılır. Lakin iddiaçı sayğacın alınması ilə bağlı hər hansı addım atmamışdır. Yalnız 2016-cı ildə etdiyi müraciətdən sonra iddiaçıya xx.xx.2016-cı il tarixdə sayğac quraşdırılıb. Həmin zamana qədər sayğac quraşdırılmadığına görə “Sudan istifadə Qaydaları”nın 4 saylı Əlavəsinə əsasən borunun iç diametrinə əsasən satış verilmişdir. Həmin Əlavədən də göründüyü kimi iddiaçının fəaliyyəti kommersiya yönümlü fəaliyyət olduğundan borunun iç diametri 20 mm, saatlıq su sərfi 1,14 m3, hər gün 5 saat, iş günlərinin sayı 30 gün, aylıq sərfiyyat isə 171 m3 kimi müəyyən olunmuşdur. İddiaçı tərəfindən 2015-ci ildə 78 manat, 2016-cı ildə 50 manat, 2017-ci ildə 30 manat, 2019-cu ildə 100 manat, 2022-ci ildə isə 250 manat məbləğində ödəniş edilsə də, borc tam olaraq ödənilməyib. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonent haqqında məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin: 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması. 2-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələridir. 6.5-ci bəndinə əsasən istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. 7.1-ci bəndinə əsasən suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 7.5-ci bəndinə əsasən suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 7.10-cu bəndinə əsasən istehlakçının eyni və yaxud ayrı-ayrı ərazilərdəki müxtəlif tarif qruplarına məxsus olan obyektləri üzrə verilən suya və axıdılan tullantı sularına görə hesablaşmalar onların hər birinin aid olduğu istehlakçı qrupu üçün müəyyən olunmuş tarifə uyğun aparılır. Bir ünvanda verilən suya və axıdılan tullantı sularına görə yaranmış borcla əlaqədar istehlakçıya məxsus borcu olmayan digər sahələrin su təchizatı və tullantı sularının axıdılması xidməti borc tam ödənilənədək dayandırıla bilər. Həmin Qaydaların 4 saylı Əlavəsindən görünür ki, su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi cədvəlinə əsasən borunun iç diametri 20 mm, saatlıq su sərfi 1,14 m3 olmaqla kommersiyayönlü təşkilatlar üzrə günlük 5 saat, iş günlərinin sayı 30 gün olmaqla, aylıq sərfiyyat 171 m3 müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2001-ci il tarixdə müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya məxsus qeyri-yaşayış sahəsini su ilə təchiz etmişdir. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmadığından sərfiyyat borunun diametrinə əsasən hesablanmışdır. Abonent saldosundan göründüyü kimi abonent tərəfindən 2016-cı ilədək sərfiyyata görə ödənişlər olunmuş və sayğac quraşdrılan xx.xx.2016-cı il tarixə 3243,10 manat ödənilməmiş borc məbləği qalmışdır. Bundan sonra abonent tərəfindən 2019-cu il tarixdə 100 manat, 2022-ci il tarixdə isə 250 manat ödəniş olunmuş və nəticədə 2893,10 manat borc qalmışdır. İddiaçı isə həmin borcun silinməsini xahiş edir. Göründüyü kimi bübahisələndirilən borc məbləği 2011-2016-ci illərdə istifadə olunmuş suyun sərfiyyatı ilə bağlı yaranmış borc məbləğidir. İddiaçı öz tələbində 2893,10 manat məbləğində borcun silinməsini tələb etsə də, həmin borcun əsassız hesablandığını sübuta yetirə bilməmişdir. Qeyd olunan borc məbləği sərfiyyatla bağlı yaranmış və həmin sərfiyyatın olmamasını isə iddiaçı sübuta yetirilə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış borcun qanunsuz və əsassız olmasını sübuta yetirə bilmədiyindən iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı borcun silinməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X5rşı borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-780/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-780/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver