Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-805/2025 13.03.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Qələndərzadə Ramiq Ramis oğlu, İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı “İddiaçı” şirkəti cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 112106 ABŞ dolları məbləğində dəymiş zərərin, həmçinin 480,58 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı xarici hüquqi şəxs olduğundan ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyətinin olub-olmaması məsələsi araşdırılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 444.0.5-ci maddəsinə əsasən, yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.7-ci bəndinə əsasən məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. İddia ərizəsindən məlum olur ki, X2 Ticarət Anonim Şirkəti satdığı malları alıcı Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymat adlı şirkətə çatdırılması məqsədilə cavabdehlərlə həmin malların daşınması ilə bağlı müqavilə bağlamışdır. Cavabdehlər xx.xx.2023-cü il tarixdə şirkətin anbarlarından malları yükləyib İstanbuldan yola düşmüşdürlər. Mallar Rusiya ərazisində olarkən sürücülərlə əlaqə kəsilmiş, uzun sürən araşdırmalardan sonra sürücülərlə əlaqə saxlanılmış və onlar bütün malların Rusiyanın Volqoqrad vilayətində Vlad adlı şəxs tərəfindən müsadirə edildiyini bildirmişlər. X1 Xarici Ticarət Anonim Şirkətinə 113238,79 ABŞ dolları məbləğində zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi üçün X2 Ticarət Anonim Şirkəti Sompo Sığorta A.Ş şirkətinə müraciət olunmuş və Sığorta şirkəti tərəfindən dəymiş zərər məbləği olaraq 112106 ABŞ dolları məbləğində pul vəsaiti X2 Ticarət Anonim Şirkətinə ödənilmişdir. Hazır ki iş üzrə iddiaçı “İddiaçı” şirkəti cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Belə ki, iş üzrə tələb etmə hüququ sığorta şirkətinə keçdiyindən və tələbin əsasını yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddia təşkil etdiyindən məhkəmə hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Lakin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin pretenziya işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və pretenziya barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər, eyni zamanda pretenziya Cavabdeh1 MMC-yə göndərilsə də, bu qaydaların heç biri Cavabdeh3 və Cavabdeh2 münasibətdə tətbiq olunmamışdır. İş üzrə onlar da cavabdeh olduğundan hər birinə münasibətdə qanunvericiliyin tələbinə riayət olunmalıdır. İddiaçı Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinə əməl etməli olduğu halda bunu etməmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən hesab edirəm ki, iddiaçı “İddiaçı” şirkətinin Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan müddəalarının tələblərinə riayət etməklə yenidən ümumi qaydada məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 152, 263-264, 268 və 284-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “İddiaçı” şirkətinin Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Dövlət büdcəsinə ödənilmiş 480,58 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-805/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-805/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver