Məhkəmə qərarları › İş №e-2-2(115)-809/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-809/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-809/2024 15.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı müqavilənin bağlanması və qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazla təmin edilməsi üçün müqavilənin bağlanması və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı X2 ilə arasında bağlanmış Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 829.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasına dair xx.xx.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsi əsasında ona DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərək mülkiyyət hüququ tanınmışdır. Obyekti almaqda məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq çörək, bulku və sairə çörək məmulatları bişirilən sexi işə salmaq olub. Amma cavabdeh tərəfindən binaya çəkilən təbii qazın verilməsi dayandırılıbdır. Binaya təbii qazın verilməsini dayandırılmasına səbəb əvvəlki mülkiyyətçinin cavabdehə 2016-ci ilin əvvəlindən 2017-ci ilin aprel ayınadək yaranmış 3670,61 manat borcu olmuşdur. Cavabdehin 2016-2017-ci illərdə təxminən 1,5 il ərzində istehlak olmuş qazın haqqının ödənilməməsi onun tərəfindən binanın alınması və təbii qazdan istifadə etmək istəyəndə yadına düşüb ki, əvvəlki mülkiyyətçidən qalmış borcu alsın. Cavabdehin qanunsuz hərəkəti onun istehlakçı olaraq hüququnu pozur və biznes fəaliyyətini başlamağa mane oldur. Cavabdeh sorğuya cavabında bildirir ki, xx.xx.2023-cü il tarixinə hesab kodunda borcun məbləği 3670,61 manat təşkil edir. Ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən qaz təminatı dayandırılmışdır. Cavabdehlə razılaşılmış, hətta ödəmə qarşılığı da şərti layihə tutulub, materialların xərci də tərəfindən ödənilmişdir. Onunla, yəni istehlakçı ilə yeni müqavilə bağlanmalı və cavabdeh tərəfindən yeni sayğac quraşdırılaraq təbii qazla təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, cavabdeh tərəfindən onun özünün adına texniki şərt verilmiş, xətt çəkilmiş, lakin yeni sayğac quraşdırılmamışdır. Qazın dayandırılmasına əsas olmuş qeyd edilən borc 7 il əvvəlki borcdur və qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə məxsus borcdur. Qeyri-yaşayış sahəsini satın alarkən ona heç bir məlumat verilməmişdir. Əvvəlki mülkiyyətçinin borcuna görə o məsuliyyət daşımır. Ona görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında göstərdi ki, mülkiyyətçi obyekti satdığına görə onunla Cavabdeh arasında bağlanılan müqaviləyə xitam verilmişdir. Həmin müqavilənin hazırkı mülkiyyətçi olan İddiaçı heç bir aidiyyəti yoxdur. Həmin borca görə iddiaçıya qaz verilməsindən imtina edilməsi qanunsuzdur. Həmçinin cavabdeh layihə tərtib etmək, habelə material üçün iddiaçıdan pul almışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən mütəxəssis Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialının baş müfəttişi X3 göstərdi ki, İddiaçı obyektinin əvvəlki mülkiyyətiçisinin adına Cavabdeh bazasında borc qeydə alınmışdır. Belə ki, həmin obyektdəki sayğac dövlət yoxlamasına göndərilmiş və sayğacın qüsurla işləməsi barədə rəy verilmişdir. Ümumilikdə həmin obyektin 3670.61 manat borcu qalmışdır. Belə ki, 1424 manat dəymiş ziyan kimi akt əsasında yazılmış, 2246 manat isə onun sərfiyyatına görə qalan borcudur. Odur ki, qanunvericiliyə əsasən həmin borc ödənilməlidir. Borc tam ödəndikdən sonra həmin obyekt şəbəkəyə qoşula bilər. Cavabdeh çıxarış əsasında sahibkara obyektində hər hansı qurğunu artırmağa azaltmağa maneyə yaratmır. Ancaq şəbəkəyə qoşulmaq üçün mütləq müqavilə bağlanmalıdır, müqavilə bağlanması üçün də borcun ödənilməsi lazımdır. Cavabdeh layihənin çəkilməsi, tikinti aparılması işləri ilə məşğul olmur, bu işləri podratçı təşkilat görür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı aktdan görünür ki, düzgün qiymətləndirilməmiş qazın həcmi dəyərinin bərpası məqsədi ilə 7121,9 m3 qaz həcmi hesablanmışdır. Hesablanmış qaz həcminin dəyərinin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçı Səfər Qədimova 2017-ci ilin mart ayına 2246,31 manat məbləğində sərfiyyat borcu, 1424,30 manat akt əsasında borc, cəmi 3670,61 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan X6 İstismarı İdarəsinin 12 sentyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı adına abonent bazası üzrə hesab kodu mövcud deyildir və o, istehlakçı kimi qeydə alınmamışdır. Samux rayonu İnstitut qəsəbəsində yerləşən fiziki şəxs Səfər Qədimovun adına abonent bazası üzrə qeydiyyatda olan qeyriyaşayış sahəsi təbii qazla Gəncə şəhərinin ərazisindən qidalanır və bu səbəbdən də qeyd edilən qeyri-yaşayış sahəsi ünvan 1 ünvanı üzrə qeydiyyata alınmışdır. Həmçinin xx.xx.2023cü il tarixinə hesab koduna borcun 3670,61 manat təşkil etməsi, ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qaz təminatı dayandırılmışdır. İş materiallarında olan satıcı X2 ilə İddiaçı arasında dair bağlanmış xx.xx.2020-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və 829.2 kv/m ümumi sahəsi olan qeyri-yaşayış binası İddiaçı satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 829.2 kv/m qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli texniki şərtdən görünür ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexinə) İddiaçı adına Cavabdeh tərəfindən qaz təchizatı üçün texniki şərt verilmişdir. İş materiallarında olan texniki icra sənədlərindən görünür ki, Azərbaycan Respubliaksı "xxxx" QSC tərəfindən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən İddiaçı məxsus qeyriyaşayış sahəsinin (çörək sexinin) qazlaşdırılması üçün texniki icra sənədləri tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və icazə əsasında istismara verilməlidir. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. Sənaye qaz qurğusunun istismarına icazə qaz təchizatı sahəsində fəaliyyət göstərən şəxsə verilir. “İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat əsasında verilir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda, istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda, istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə, məhkəmənin qərarı ilə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qazın alqısatqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. İş materialları ilə müəyyən edilir ki, X2 ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Samux rayonu, İnstitut qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsi və 829.2 kv/m ümumi sahəsi olan qeyri-yaşayış binası İddiaçı satılmış, sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin Samux rayonu, İnstitut qəsəbəsində yerləşən qeyriyaşayış sahəsinə (çörək sexinə) İddiaçı adına Cavabdeh tərəfindən qaz təchizatı üçün texniki şərt verilmiş, "xxxx" QSC tərəfindən texniki icra sənədləri tərtib edilmişdir. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, Samux rayonu, İnstitut qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinin 2017-ci ilin mart ayına 2246,31 manat məbləğində sərfiyyat borcu, 1424,30 manat akt əsasında hesablanmış borc olmaqla, cəmi 3670,61 manat məbləğində borcu qalmışdır. İddiaçı adına abonent bazası üzrə hesab kodu mövcud deyildir və o, istehlakçı kimi qeydə alınmamışdır. X6 İstismarı İdarəsi xx.xx.2023-cü il tarixinə hesab koduna borcun 3670,61 manat təşkil etməsi, ünvanda istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən qaz təminatının dayandırıldığını bildirmiş, İddiaçı, yəni yeni mülkiyyətçiyə məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsindən imtina etmişdir . İddiaçı cavabdeh tərəfindən təbii qazla təmin edilməsi üçün müqavilənin bağlanmasını və mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qazla təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik subyektlərinin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı kimi mühüm prinsiplərə əsaslanır. Nəzərə alınmalıdır ki, tərəflər öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə sərbəstdirlər və mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Belə olan halda, iradə sərbəsliyinə sahib cavabdeh şərtlərini öz mənafelərinə uyğun hesab etmədiyi müqaviləni onun iradəsinə zidd qaydada bağlamağa məcbur edilə bilməz. Belə ki, onun bu hüququnu məhdudlaşdıran qanunvericiliklə nəzərdə tutulmuş hal müəyyən edilmir. Nəzərə alınmalıdır ki, qanunvericilik qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısını tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilməli olmasını nəzərdə tutmuşdur. Alqı-satqı hüquq münasibətinin yaranması üçün müqavilə tərəflərin razılaşdırılmış iradə ifadəsi əsasında bağlanır. Müqavilə bağlandıqdan sonra isə qaz paylayıcısı müqavilənin şərtlərinə uyğun olaraq istehlakçını qazla təmin etmək vəzifəsi daşıyır. Cavabdeh isə abonent hesabında borcun olması, istismarda olmuş qaz sayğacının dövlət yoxlamasında olması, habelə sayğacın təmir xərclərinin istehlakçı tərəfindən təmin edilməməsi səbəbindən qaz təminatının dayandırıldığını bildirmiş, iddiaçı ilə müqavilə bağlamaqdan imtina edərək qeyri-yaşayış sahəsini qazla təmin etməmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin üzərinə iddiaçı ilə müqavilə bağlamaq öhdəliyinin qoyulması qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı müqavilənin bağlanması və qeyri-yaşayış sahəsinin qazla təmin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar