Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-831/2024 25.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə qeyri-qanuni şəkildə yazılmış 1080 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs kimi təbii qazdan istifadə edir, fəaliyyət növü qeyri-əhali olan abonent kimi Ağstafa rayon Dağ Kəsəmən kəndində qeydiyyatdadır və ünvan üzrə qeydiyyata alınmış qaz sayğacı vardır. Hər ay istifadə edilən qazın pulunu vaxtı-vaxtında ödəyir. 2023-cü ilin may ayında cavabdeh təşkilatın əməkdaşları qaz sayğacını sökub aparmışlar. Yerinə yeni sayğac quraşdırılmışdır. Sonra bildirilmişdir ki, sökülüb aparılmış sayğaca müdaxilə ehtimalı vardır. Yəni, kənar təsir nəticəsində sayğacın ekranı sınıb, hesablama mexanizminin rəqəmləri öz oxundan çıxıb, rəqəmlər qarışıb. Buna görə də sayğac düzgün işləmir. Sayğaca heç bir müdaxilə olmamışdır, ümumiyyətlə sayğacın iş prinsipini bilmir. Sayğac haqqında anlayışı olmayan şəxsin sayğaca müdaxiləsi mümkün deyil. Saygacı kənar təsirlərdən qorumaq onun vəzifəsi deyildir. Cavabdeh qurum tərəfindən 2023-cü ilin avqust ayında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və 2023-cü ilin sentyabr ayından ona məxsus qaz sayğacının abonent saldosunda qaz sərfiyyatına akt qalığı kimi 1080 manat yazılmışdır ki, bu da bu ilin sentyabr ayından abonent kimi ona borc hesab edilmişdir. Bu fakt qeyri-qanunidir, aradan qaldırılmalıdır. Cavabdeh məhkəmə etiraz ünvanlayaraq bildirmişdir ki, istehlakçı İddiaçı adına abonent qeydiyyatında olan obyektin (anbar) hazırda mövcud olan 1223,83 manatıq borc məbləğinin 143,83 manat hissəsi istehlak edilmiş təbii qaz sərfi dəyərinin ödənilməmiş qalan məbləğ, 1080,00 manat hissəsi isə sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmış məbləğdir. Qanunsuz müdaxilə barədə Ağstafa XS-nin mütəxəssisləri tərəfindən iddiaçının nümayəndəsi Orxan Vəliyevin iştirakı ilə (aktı imzalamaqla) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğaca müdaxilə edilməklə təbii qazdan istifadə edildiyi üçün 4320 m3 təbii qaz sərfi – 1080,00 manat dəymiş ziyan məbləği hesablanmışdır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir. Cavabdeh kimi etirazlarının nəzərə alınaraq iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, onun aylıq qaz ödənişi 50-70 manat arası dəyişir və elektron qaimə əsasında ödənişlərini həyata keçirir. Sayğac dəmirdən hazırlanmış qutunun içindədir və sayğac qeyri-yaşayış sahəsindən təxminən 400 metr uzaqda yerləşir. Bunun üçün qaz idarəsinin əməkdaşları ona hər dəfə sayğaca baxan zaman dəmir qutunun açarını ondan almasınlar deyə həmin dəmir qutunu sayğacın üzərindəki sərfiyyat göstəricilərinin oxumasını mümkün edən ölçüdə kəsmələrini bildirmişlər. Dəmir qutunun üzərində kəsim işi aparılmasını ona sözlə bildirmişlər, buna görə hər hansı sənəd mövcud deyildir. O da qeyd etdiyi ölçüdə dəmir qutunu kəsdirmiş, cavabdehin əməkdaşları uzun müddət bu formada sayğaca baxıb aylıq sərfiyyatlarını müəyyən etmişlər. Lakin bu cərimə ona sayğacın üzərindəki şüşə qırıldığı üçün yazılmışdır. Həmin şüşənin nə vaxt qırıldığı bilinmir. Qaz idarəsinin əməkdaşları gəlib akt tərtib etdilər, sayğacı götürüb yerinə başqa sayğac qoydular. Daha sonra ona məlumat verilmişdir ki, 1100 manat itirilmiş qaz sərfiyyatına görə cərimə yazılıb. Hazırda aylıq sərfiyyata görə ödənişləri həyata keçirir. Onun sayğacın şüşəsinin sınmasında heç bir təqsiri yoxdur, sayğaca müdaxilə etməmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 20 avqust 2023-cü il tarixli təbii qazdan istifada qaydalanın pozulması haqqında ******* nömrəli aktdan görünür ki, sayğaca ümumi baxış keçirilməsi nəticəsində kənar təsir nəticəsində ekran sınması, hesablama mexanizminin rəqəmlərinin oxundan çıxması və rəqəmlərin qarışması qeydə alınmışdır. Dəymiş ziyanın hesablanmaqla ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, G-4 markalı, ******* nömrəli sayğacın kənar təsiri nəticəsində hesablama mexanizminin rəqəmlərinin oxu öz yerindən çıxıb və rəqəmlər qarışıb. Nəticədə dəymiş ziyanın həcmi 4320 m3 hesablanmışdır. İş materiallarında olan 20 iyul 2023-cü il tarixli MS-14-2-2/3-5-5208-36 nömrəli qeyriəhali qaz sayğacının yoxlanılması haqqında aktdan görünür ki, G-4 markalı mexanika tipli qaz sayğacına 27 iyun 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və baxışın nəticə olaraq kənar təsir nəticəsində sayğacın ekranının sınması, hesablama mexanizmin rəqəmlərinin öz oxundan çıxdığı və rəqəmlərin qarışdığı müəyyən olunmuşdur. İş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayına abonentə 1080 manat borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqısatqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 5-1-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 5-2-ci maddəsində göstərilmişdir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra–qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Məhkəmə qeyd edir ki, 27 iyun 2023-cü il tarixdə ******* nömrəli sayğaca "Azəriqaz" İBnin Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş, akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, kənar təsir nəticəsində sayğacın ekranı sınmış, hesablama mexanizmin rəqəmləri öz oxundan çıxmış və rəqəmləri qarışmışdır. 20 avqust 2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, sayğacın kənar təsir nəticəsində ekranı sınmış, hesablama mexanizmin rəqəmləri öz oxundan çıxmış və rəqəmlər qarışmışdır. Həmin akt əsasında tələbnamə verilmiş və abonentə 4320 m3 qaz itkisinə görə 1080 manat borc hesablanmışdır. Məhkəmə bildirir ki, qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilsə də istehlakçı İddiaçı təbii qazdan istifadə qaydalarını pozması, qaz sayğacına müdaxilə etməsi, aktda qeyd edilən nöqsanların onun tərəfindən edilməsi, ümumiyyətlə onun təqsiri ilə bağlı hər hansı bir hala istinad edilməmişdir. İddiaçı təqsiri müəyyən edilmədən və sübuta yetirilmədən onu məsuliyyətə cəlb edən akt tərtib edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə quraşdırılmış G-4 markalı ******* nömrəli sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməli olduğu halda yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1080 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 20 avqust 2023-cü il tarixli ******* nömrəli akta əsasən 28 sentyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında İddiaçı hesablanmış 1080 (bir min səksən) manat məbləğində borc **********00000 nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-831/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-831/2024
25.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver