Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-874/2024 31.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz hesabladıqları 1485 manat məbləğin silinməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl şəhəri H.Əliyev prospekti 15 ünvanda yerləşən “Əminə Market” mağazası fəaliyyət göstərir. “Əminə Marketə” məxsus qeyri-əhali statusda qaz sayğscı (abonent kodu **********00010) onun, yəni Nümayəndə1 adınadır. xx.xx.2023-ci il tarixli aktla sayğaca baxış keçirilmiş və 5940 m3 qaz sərfi hesablanmış və sərfiyyat aşımı olduğu bildirilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, təbii qazdan istifadə X2 ******* nömrəli xx.xx.2024-cü il tarixli akt və ona hesablanmış borc tam əsasızdır. G-6-lıq qaz sayğacın maksimal saatlıq gücü 10 m3-dir. Cavabdeh Gəncə RQİİ-nin əməkdaşları X6 X2 ******* nömrəli akt tərtib edərək, 1485 manat borc hesablamışlar. Lakin borcun yaranmasında, onun günahının nədən ibarət olmasını göstərməmişlər. Bu bocun hesablanmasında onun heç bir günahı yoxdur. Cavabdeh Gəncə RQİİ-si güman edir ki, o, 1485 manat həcmdə artıq qazı istifadə etmişdir. Bununla bağlı heç bir ilkin, mötəbər sübut təqdim edə bilmir. Belə olan halda bu borc birmənalı silinməlidir. Cavabdeh RQİİ-nin vəzifəli şəxslərinin qanunsuz olaraq onun adına sərf etmədiyi qazı hesablamışlar. Bu səbəbdən hesablanmış 1485 manat məbləğin silinməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ödənilmiş 1485 manat məbləğin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, iddiaçı Nümayəndə1 tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Nümayəndə1 Ağaəli qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək H.Əliyev prospekti 15 ünvanında yerləşən “Əminə Market”də qazdan qanunsuz (layihə smeta sənədlərində qeyd edilmiş cihazlardan əlavə qurğularda) istifadə nəticəsində hesablanmış 5940 m3 miqdarında, 1485 manat məbləğində qazın silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Qazdan qanunsuz istifadə nəticəsində hesablanmış borcun silinməli olduğunu hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan ərizəyə etiraz edirlər. İddiaçı Nümayəndə1 Ağaəli qızı ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana G-6T diafraqma markalı qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı Qazdan istifadə Qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh Gəncə X5 İdarəsinin Göygöl xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin nümayəndələri tərəfindən istehlakçıların qazdan istifadə Qaydalarının tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirərkən sayğacdan layihə smeta sənədlərində, tərəflər arasında bağlanmış AMX- 3962/22 saylı, xx.xx.2022-ci tarixli müqavilənin şərtlərində nəzərdə tutulmuş cihazlardan əlavə təchizatçı orqana məlumat vermədən özbaşına qaz işlədici avadanlıq quraşdırılaraq qazdan qanunsuz istifadə edildiyi aşkarlanmışdır. Faktla bağlı abonentin iştirakı ilə yerində sənədləşmə aparılaraq rəsmiləşdirilmiş, itirilmiş qazın həcmi hesablanmışdır. Belə ki, tərəflər arasında bağlanılmış müqavilədə, ünvanın qazlaşdırılması üçün tərtib edilmiş layihə smeta sənədlərində 1 ədəd kombi, 1 ədəd 3 gözlü qaz plitəsi, 1 ədəd qənaətli su qızdırıcısı nəzərdə tutulduğu halda əlavə olaraq dönər sobası quraşdırılmışdır. Bu barədə iddiaçının iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən qazdan qanunusuz istifadə nəticəsində 5940 m3 itirilmiş qazın bərpası məqasədilə 1485 manat məbləğində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. O da qeyd edilməlidir ki, hesablanmış borc məbləği iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. (iddiaçının etirafedici hərəkəti). Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, borc qanunsuz olaraq hesablanmışdır. Bundan başqa qanunsuz olaraq hesablanan borc tərəflərindən ödənilmişdir. Hesab edirlər ki, borc məbləği ödənildiyindən həmin məbləğ onlara geri qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, layihə ilə quraşdırılmış avadanlıq arasında uyğunsuzluğa yol verilə bilməz və bu hal “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı Qərarında və Qaz qurğularının tikintisi, qurulması, istismarı və isti vəziyyətdə saxlaması barədə tələblərdə qeyd edilib. Həm də, qeyd etdiyim qanunlarda abonent tərəfindən qurğuların özbaşına quraşdırılmasına yol verilmir. Yeni avadanlıq ancaq qaz paylayıcı orqana məlumat verməklə quraşdırıla bilər və əgər sərfiyyat aşımı olarsa sayğac əvəzlənərək yeni sayğac quraşdırılmalıdır. İddiaçı tərəfin istismarında olan G-6 markalı sayğacda əlavə 5,5 m3 əlavə qaz sərfiyyatı aşkar olub. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, abonent saldosu, təbii qazdan istifadə X2 akt, dəymiş ziyanın bərpasına dair tələbnamə, lizenziya, texniki şərt, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19 oktyabr 2022-ci il tarixli AMX-4829/22 nömrəli və 31 avqust 2022-ci il tarixli AMX-3962/22 nömrəli tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqavilələrdən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli KY231938157 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, fərdi sahibkar Nümayəndə1 məxsus qeyri-yaşayış sahəsində plandankənar (növbədənkənar) yoxlama aparılması reystrə daxil edilmiş, yoxlamanın 17 iyul 2023-cü il tarixində başlanılması və 18 iyul 2023-cü il tarixində başa çatdırılması göstərilmişdir.. İş materiallarına əlavə olunmuş 18 iyul 2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə X2 aktdan görünür ki, xrometraj metodu ilə ölçmə aparan zaman 5,5 m3 sərfiyyat aşması aşkar edilmiş, dönər sobanın və odluğun birkasının bilərəkdən söküldüyü aşkar edilmiş, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 18 iyul 2023-cü il tarixli, ******* nömrəli akt əsas götürülərək “Qazdan istifadə Qaydaları” nın 1.3-cü bəndinə uyğun olaraq bağlanılmış qazın alqısatqısı barədə müqavilənin 2.1.5-ci bəndinə mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10m/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 15.5 m/saat hesabat müddətinin 90 gün olduğunu nəzərə alaraq hesabat formasının aşağıdakı kimi aparılması qərara alınmışdır: 15.5-10=5.5x12x90= 5940 m3 İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs Nümayəndə1 2023-cü ilə qalıq və aktlar üzrə borcu 1485 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yoxlamanın aparılması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh orqan tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmış və çıxarışda yoxlamanın təyin edilməsi üçün əsas sahibkarın plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etməsi olmuşdur. xx.xx.2024-cü il tarixdə də yoxlama aparılmış və ******* nömrəli təbii qazdan istifadə X2 aktla müəyyən edilmişdir ki, xrometraj metodu ilə ölçmə aparan zaman 5,5 m3 sərfiyyat aşması müşahidə olunmuşdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılır. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. xx.xx.2023-cü il tarixli, KY231938157 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas kimi sahibkarın plandankənar (növbədənkənar) yoxlamanın aparılması üçün yoxlayıcı orqana müraciət etməsi olmuşdur. Halbuki iş materiallarında sahibkarın yoxlayıcı orqana növbədənkənar yoxlamanın aparılması üçün müraciətinin olması ilə bağlı hər hansı sübut mövcud deyildir. Eyni zamanda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”ndan da göründüyü kimi 2025-ci ilin yanvarın 1-dək yalnız enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə X2 Aktdan görünür ki, xrometraj metodu ilə ölçmə aparan zaman 5,5 m3 sərfiyyat aşması aşkar edilmiş, dönər sobasının və odluğun birkasının bilərəkdən söküldüyü aşkar edilmiş, itirilmiş qazın həcminin hesablanması və dəyərinin ödənilməsi qərara alınmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Normanının məzmunundan göründüyü kimi əgər cavabdeh orqan tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edilərdisə, bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməli idi. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, indiki halda qanunsuz qoşulma halı baş verməmiş və bu səbəblə tərtib edilmiş akt təqsirin müəyyən olunması üçün müvafiq qurumlara göndərilməmişdir. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın maksimal ölçmə qabiliyyətinin çox olması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 1485 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş materialları ilə təsdiq edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun 3.1-ci bəndinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nümayəndə1 məxsus qeyri-yaşayış sahəsində RQİİ tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində “dəymiş ziyanın bərpası” adı altında itirilmiş qaz həcminin hesablanması müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qanunsuz hesablanmış həmin məbləğ cavabdehin hesabına ödənilmişdir. Abonent tərəfindən ödənilmiş 1485 manat məbləğində pul vəsaiti əsassız varlanan cavabdeh tərəfindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən hesablanmış və iddiaçı Nümayəndə1 tərəfindən ödənilmiş 1485 manat məbləğində pul Cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış və iddiaçı Nümayəndə1 tərəfindən ödənilmiş 1485 manat məbləğində pul Cavabdeh tərəfindən iddiaçıya geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-874/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-874/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver