Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-880/2025 16.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı. Şirkətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı. Şirkəti Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 112106 (Bir yüz on ikimin bir yüzaltı) ABŞ dolları (190580.20 (bir yüz doxsan min beş yüzsəksən manat iyirmi qəpik) məbləğində dəymiş zərər, həmçinin 480.58 (dörd yüzsəksən manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X7 Ticarət Anonim Şirkəti (Bundan sonra Şirkət) inşaat və tikinti materiallarının ixrac və idxalını həyata keçirir. Şirkətin baş ofisi Türkiyə Respublikası, Mahmutbey İstoç Ticaret Mah. 2416 St. X10 №: 4/132 Bağcılar/İstanbul ünvanında yerləşməkdədir. Şirkət uzun müddətdir qarşılıqlı ticarət apardığı Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymant adlı şirkətə 113 238,79 ABŞ dolları məbləğində satdığı malları Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh1nə (VÖEN: **********, Ünvan: Gəncə Şəhəri, Gəncə Şəhəri Kəpəz Rayonu, M.Y.Axundzadə, Ev 4 Döngə 6, Tel.: **********) məxsus yük maşınlarına Aktek Stroymant şirkətinə çatdırılması məqsədi ilə təhvil vermişdir. Yük maşınlarından biri ** EJ ***/ ** ZA *** dövlət nömrə nişanlı traktor və qoşqudan ibarət nəqliyyat vasitəsidir və bu nəqliyyat vasitəsinin Sahibi və sürücüsü Cavabdeh2dur (Pasport nömrəsi: C********). Digər yük maşını traktor və qoşqudan ibarət ** EP ***/** ZA *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir və bu nəqliyyat vasitəsinin Sahibi və sürücüsü Cavabdeh3dur (Pasport nömrəsi: C********). Hər iki sürücü Azərbaycan vətəndaşıdır. Nəqliyyat vasitələrinin sürücüləri uzun illər uzun məsafələrə sürücülük etmiş və yük maşını sahibi olmuş təcrübəli insanlardır və xarici ticarətdə malların kimə, necə, hansı formada və hansısənədlərlə çatdırılacağını bilirlər. Daşınma zamanı şirkət rəsmiləri nəqliyyat vasitələrindən gündəlik yer məlumatları alır və nəqliyyat vasitələri onlayn olaraq izlənilir. Çatdırılma ünvanının yeri də sürücülərə verilib. Nəqliyyat vasitələri xx.xx.2023-cü il tarixində şirkətin anbarlarından malları yükləyib və gömrük prosedurlarından keçərək, planlaşdırıldığı kimi, xx.xx.2023-cü il tarixində Türkiyə sərhədindən və Dağıstan gömrüyündən problemsiz keçməklə İstanbuldan yola düşüb. Nəqliyyat vasitələrindən gündəlik yer məlumatları tələb olunub. Maşınlar Dağıstan gömrüyündən keçdikdən sonra həmin avtomobillər Rusiyada olarkən onlarla əlaqə kəsilib. Bunun üzərinə daşıma şirkəti rəsmiləri uzun səydən sonra sürücülərlə əlaqə saxlayıb və sürücülər avtomobillərdəki bütün yüklərin Rusiyanın Volqoqrad vilayətində Vlad adlı şəxs tərəfindən müsadirə edildiyini və əllərindən gələn bir şey olmadığını bildiriblər. Vlad adlı şəxsin müsadirə etdiyi mallara heç nə edə bilməyiblər. Lakin sürücülər oğurluğun necə və hansı formada baş verməsi ilə bağlı hər hansı təfərrüatlı açıqlama verməyiblər. Bu isə sürücülərin Şirkətə məxsus malları mənimsəməklə ona külli miqdarda zərər vurmaq kimi cinayət əməlini qeyd edilən şəxslə birlikdə əvvəlcədən planlaşdırdıqlarına şübhələrin yaranmasına səbəb olur. Qeyd edilən əməl nəticəsində Şirkətə 113 238,79 ABŞ dollar məbləğində məbləğində zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi məqsədi ilə X7 Ticarət Anonim Şirkəti İddiaçı şirkətinə müraciət etmiş və Sığorta şirkəti tərəfindən dəymiş zərər məbləği olaraq 112106 (Bir yüz on iki min bir yüz altı) ABŞ dolları məbləğində pul vəsaiti X7 Ticarət Anonim Şirkətinə ödənilmişdir. Aşağıdakə səbəblərə görə 112106 (Bir yüz on iki min bir yüz altı) ABŞ dolları məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq İddiaçı şirkətinə ödənilməlidir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edirlər və tam təmin edilməsini xahiş edirlər. Belə ki, sənədlərdə Cavabdeh1 MMC-nin möhürü var, həmin mallar oğurlanmış hesab olunub. İş üzrə ekspertiza təyin olunub və dəymiş zərər ödənilib. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 qanuni təmsilçisi X4 izahatında bildirmişdir ki, onların möhürü sənədlərdə yoxdur. Sənədlərdə olan künc ştampıdır, künc ştampı isə məhz onlara aid deyil. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında izahatında bildirdi ki, Rusiyada yük maşını boşaldılmamalı idi. Yük maşını Qazaxıstanda təhvil verilməli idisə, bütün digər ölkələrdən tranzit olaraq keçməli idi, təyinat ölkəsinə çatdıqda boşaldılmalı idi. Əgər Rusiyada açılıbsa, qırmızı xətt qoyulmalı idi. Odur ki, sözügedən iddia tələbi rədd edilməlidir. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etmirlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehlərin iştirakı olmadan baxmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: müqavilə, beynəlxalq yük sənədi, ekspertiza rəyi, dekont, e-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Ümumi norma kimi çıxış edən Mülki Prosessual Məcəllənin 440.1-ci maddəsi ilə qanunverici kommersiya mübahisələri üzrə məhkəmənin beynəlxalq səlahiyyətini ərazi prinsipi əsasında müəyyən etmiş, yalnız xarici şəxsin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olduğu halda məhkəməni işə baxmağa səlahiyyətli etmişdir. Xüsusi norma kimi isə Mülki Prosessual Məcəllənin 443-450-ci maddələri çıxış edir. Həmin Məcəllənin 444.0.5-ci maddəsinə əsasən, yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər Azərbaycan Respublikası məhkəmələrinin müstəsna səlahiyyətinə daxildir. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.7-ci bəndinə əsasən məhkəmələrin xarici elementli kommersiya mübahisəsi üzrə beynəlxalq səlahiyyətinin olub-olmamasına qiymət verilərkən nəzərə alınmalıdır ki, MPM-in 440.1 və 443-cü maddələrində nəzərdə tutulmuş ümumi və xüsusi şərtlərin mövcudluğundan asılı olmayaraq, məhkəmələr MPM-in 444-cü maddəsi ilə onların müstəsna səlahiyyətinə aid edilmiş mübahisələr üzrə səlahiyyətlidirlər. Müstəsna aidiyyət tərəflərin razılaşması ilə dəyişdirilə bilməz. İddia ərizəsindən məlum olur ki, X7 Ticarət Anonim Şirkəti satdığı malları alıcı Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymat adlı şirkətə çatdırılması məqsədilə cavabdehlərlə həmin malların daşınması ilə bağlı müqavilə bağlamışdır. Cavabdehlər xx.xx.2023-cü il tarixdə şirkətin anbarlarından malları yükləyib İstanbuldan yola düşmüşdürlər. Mallar Rusiya ərazisində olarkən sürücülərlə əlaqə kəsilmiş, uzun sürən araşdırmalardan sonra sürücülərlə əlaqə saxlanılmış və onlar bütün malların Rusiyanın Volqoqrad vilayətində Vlad adlı şəxs tərəfindən müsadirə edildiyini bildirmişlər. X5 Xarici Ticarət Anonim Şirkətinə 113238,79 ABŞ dolları məbləğində zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi üçün X7 Ticarət Anonim Şirkəti Sompo Sığorta A.Ş şirkətinə müraciət olunmuş və Sığorta şirkəti tərəfindən dəymiş zərər məbləği olaraq 112106 ABŞ dolları məbləğində pul vəsaiti X7 Ticarət Anonim Şirkətinə ödənilmişdir. Hazır ki iş üzrə iddiaçı “İddiaçı” şirkəti cavabdehlərə qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Subroqasiya hüququ mahiyyəti etibarilə qanunun göstərişinə əsasən tələbin güzəşti nəticəsində öhdəlikdə şəxslərin dəyişməsidir. Belə ki, əmlaka dəyən zərərlə bağlı zərərçəkənin zərərvuran şəxsə qarşı olan tələb hüququ sığorta ödənişi həddində sığortaçıya keçir, beləcə sığortaçı zərərçəkən şəxsi sonuncu ilə zərərvuran şəxs arasında olan öhdəlik münasibətində əvəz edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Belə ki, iş üzrə tələb etmə hüququ sığorta şirkətinə keçdiyindən və tələbin əsasını yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddia təşkil etdiyindən məhkəmə hesab edir ki, işə baxılmasında məhkəmə beynəlxalq səlahiyyətə malikdir. Eyni zamanda iddiaçının nümayəndəsi iddia ərizəsində Azərbaycan qanunvericiliyinə istinad edərək dəymiş zərərin ödənilməsini tələb edir. Ona görə də mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 853-cü maddəsinə əsasən yük göndərən daşıyıcıya aşağıdakıları yəni, yük alanın ünvanı, çatdırılma yeri, yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərmə müddəti və nəqliyyat növü, qiymətli obyektlər olduqda - onların dəyəri, habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri dəqiq göstərməlidir. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. 854.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə aşağıdakıları təsdiq edir: yük göndərən ilə daşıyıcı arasında müqavilə; bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunması; yük alan tərəfindən yükün qəbul edilməsi; müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtlər; yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququ; daşıyıcının yükə girov hüququ. 854.2-ci maddəsinə əsasən qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. Qaimənin birinci nüsxəsi yük göndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir, üçüncü nüsxəsi isə daşıyıcıya verir. 854.3-cü maddəsinə əsasən qaimədə aşağıdakı məlumatlar göstərilməlidir: 854.3.1. bu Məcəllənin 853-cü maddəsində göstərilən məlumatlar; 854.3.2. qaimənin tərtib edildiyi yer və tarix; 854.3.3. yük göndərənin adı və ünvanı; 854.3.4. daşıyıcının adı və ünvanı; 854.3.5. yükləmənin yeri və tarixi; 854.3.6. yük yerlərinin adı və nömrələri; 854.3.7. daşımanın qiyməti (yük daşınması üçün haqq, əlavə xərclər); 854.3.8. zərurət olduqda daşımanın şərtləri barəsində yük göndərənin xüsusi göstərişləri. 859.1-ci maddəsinin tələbinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. 859.2-ci maddəsinin tələbinə görə daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.3-cü maddəsinə əsasən Əgər daşıyıcı yükün itirilməsinin və ya məhvinin aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir: 859.3.1. risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı; 859.3.2. yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi; 859.3.3. daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda... İş materiallarında olan e-fakturalardan görünür ki, X7 Ticarət Anonim Şirkəti tərəfindən Aktek Stroymat adlı şirkətə 113238,79 ABŞ dolları məbləğində məhsul satılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********92549 nömrəli dekontdan görünür ki, İddiaçı tərəfindən X7 Ticarət Anonim Şirkətinə dəymiş zərərin əvəzi olaraq 1 498 530,72 türk lirəsi (55288,38 ABŞ dolları) məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, **********96139 nömrəli dekontdan görünür ki, İddiaçı tərəfindən X7 Ticarət Anonim Şirkətinə dəymiş zərərin əvəzi olaraq 1 539 989,95 türk lirəsi (56818,02 ABŞ dolları) məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 26006 və 26007 nömrəli beynəlxalq yükdaşıma sənədlərindən (CMR) görünür ki, Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymat adlı şirkətə yüklərin daşınması üçün Cavabdeh1 tərəfindən yük qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 50 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 51 nömrəli əmrdən görünür ki, Cavabdeh1 MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh3 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir. İşin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X7 Ticarət Anonim Şirkəti Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymat adlı şirkətə 113 238,79 ABŞ dolları məbləğində satdığı malları göndərmək üçün Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh1ndə (VÖEN: **********, Ünvan: Gəncə şəhəri, Gəncə şəhəri Kəpəz rayonu, M.Y.Axundzadə, Ev 4, Döngə 6, Tel: **********) sürücü vəzifəsində işləyən Cavabdeh3 və Cavabdeh2 Aktek Stroymat şirkətinə çatdırılması məqsədi ilə təhvil vermişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 26006 və 26007 nömrəli beynəlxalq yükdaşıma sənədlərindən (CMR) görünür ki, həmin sənədlərdə Cavabdeh1nə məxsus ştempellər vurulmuşdur. Bu hal isə qanunvericiliyin tələbləri baxımından yükgöndərən ilə daşıyıcı arasında olan müqavilənin bağlanmasını təsdiq edir. Belə ki, qanunvericiliyin tələbindən görünür ki, yük daşınması müqaviləsi və onun həyata keçirilməsi formulyar şəklində tərtib edilən sənədlə (qaimə ilə) təsdiq edilə bilər. Əksi sübuta yetirilənədək qaimə yük göndərən ilə daşıyıcı arasında müqaviləni, bir və ya bir neçə daşıyıcı tərəfindən yükün daşımaya qəbul olunmasını, yük alan tərəfindən yükün qəbul edilməsini, müqavilə iştirakçılarından birinin bəyan etdiyi reklamasiyalar və ya qeyd-şərtləri, yük göndərənin və ya yük alanın yükə dair sərəncam vermək hüququnu, daşıyıcının yükə girov hüququnu təsdiq edir. Eyni zamanda qanunvericiliyin tələbi ilə qaimənin üç orijinalında yük göndərənin və daşıyıcının imzaları və ya ştempelləri olmalıdır. İddiaçı tərəfində məhkəməyə təqdim edilən beynəlxalq yükdaşıma sənədlərində (CMR) Cavabdeh1nə məxsus olan ştempel vurulduğundan yükün sözügedən şirkət tərəfindən yükdaşımaya qəbul edildiyini təsdiq edir. Buradan da belə nəticəyə gəlmək olur ki, daşıyıcı qismində Cavabdeh1 yükgöndərən X7 Ticarət Anonim Şirkətindən götürdüyü malları Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Aktek Stroymat adlı şirkətə çatdırmalı idi. Lakin daşıyıcı tərəfindən sözügedən yük təyinat ünvanına çatdırılmamış nəticədə, qeyd edilən əməl nəticəsində yükgöndərən X7 Ticarət Anonim Şirkətinə 113 238,79 ABŞ dollar məbləğində məbləğində zərər dəymişdir. Dəymiş zərərin ödənilməsi məqsədi ilə X7 Ticarət Anonim Şirkəti İddiaçı şirkətinə müraciət etmiş və Sığorta şirkəti tərəfindən dəymiş zərər məbləği olaraq 112106,4 ABŞ dolları məbləğində pul vəsaiti X7 Ticarət Anonim Şirkətinə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yük daşıyıcısının məsuliyyəti adlanan 859-cu maddəsində qeyd olunur ki, yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Göründüyü kimi daşıyıcı tərəfindən yük qəbul edildikdən sonra həmin yükün itirilməsi və ya məhv olması halında daşıyıcı tam maddi məsuliyyət daşıyır. İtirilmiş və ya məhv olmuş yükün dəyəri daşıyıcı tərəfindən tam ödənilməlidir. Hazırki iş üzrə cavabdeh İbrahim Hüseyn" Məhdud Məsuliyyətli Cəmiyyəti daşıyıcı olaraq yükü qəbul etdikdən sonra həmin yükü Qazaxıstan Respublikasında yerləşən Aktek Stroymat adlı Şirkətə çatdırmalı olduğu halda çatdırmadığından tam maddi məsuliyyəti yaranmışdır. X5 Xarici Ticarət Anonim Şirkətinə 113238,79 ABŞ dolları məbləğində zərər vurulmuşdur. “İddiaçı” Şirkəti tərəfindən yükgöndərən X7 Ticarət Anonim Şirkətinə vurulmuş zərərin əvəzi olaraq 112106,4 ABŞ dolları sığorta ödənişi edilmişdir. Qanunvericiliyin tələbinə əsasən sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin Cavabdeh1ndən tutularaq ona ödənilməsini subroqasiya qaydasında tələb etmək hüququna malikdir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən Cavabdeh1 daşıyıcı olaraq yükü təyinat yerinə çatdırılmalı olduğu halda çatdıra bilməmiş, nəticədə yükgöndərən şirkətə zərər dəymiş və həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Yükün çatıdırılması daşıyıcının öhdəliyi olduğundan və daşıyıcı həmin öhdəliyi yerinə yetirə bilmədiyindən qanunverciliyin tələbinə əsasən iddiaçının Cavabdeh1ndən subroqasiya qaydasında pul tələb etməsi əsaslıdır. Ona görə də məhkəmə sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh1ndən 112106 ABŞ dolları sığorta ödənişi tutularaq İddiaçı. Şirkətinə ödənilməlidir. Cavabdeh1 nümayəndəsi X6 və MMC-nin qanuni təmsilçisi X4 izahatlarında beynəlxalq yükdaşıma sənədlərində (CMR) olan ştempelin şirkətə məxsus olmadığını bildirsələrdə, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə göndərərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki tələb deliktlərdən irəli gələn tələb olduğu üçün bu tələblərə ümumi iddia müddəti şamil olunmalıdır. Qanunvericilikdə isə ümumi iddia müddəti 10 il olaraq müəyyən olunmuşdur. Ona görə hazırki mübahisəyə iddia müddəti tətbiq oluna bilməz. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vurulmuş zərərin əvəzinin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin cavabdehlərə münasibətdə rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yük itirildiyi və məhv olduğu halda onun dəyərinin ödənilməsi daşıyıcının tam maddi məsuliyyətidir. Yəni itirilmiş və məhv olmuş yükün dəyəri daşıyıcı tərəfindən tam şəkildə ödənilir. Eyni zamanda iş materialları ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 yükün itirilməsində və ya onun oğurlanmasında hər hansı təqsirini müəyyən etmək mümkün deyildir. Belə olan halda məhkəmə həmin şəxslərə münasibətdə iddianın rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 480,58 manat dövlət rüsumu Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 112106 ABŞ dolları məbləğində dəymiş zərər (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə), həmçinin 480,58 manat ödənilmiş dövlət rüsumunu iddiaçı “İddiaçı” Şirkətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-880/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-880/2025
16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver