Məhkəmə qərarları › İş №e-2-2(115)-892/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-892/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-892/2023 16.08.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı Nümayəndəsi X1 iştirakı ilə İddiaçı Nümayəndə Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı X4 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış 2669 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin həyətyanı sahəsində 5 ildir ki, istixana fəaliyyət göstərir. Daima olaraq istifadə etdiyi təbii qazın dəyərini tam ödəyib. Heç vaxt borcu olmamışdır. İstifadə olunan qaza nəzarət edən əməkdaş tərəfindən daima olaraq sayğaca və qurğuya nəzarət olunmuş, heç bir nöksan aşkar edilməmişdir. 2023-cü ilin yanvar ayında, qızdırıcı xarab olub, bu səbəbdən qızdırıcını dəyişib. Həmin vaxt qızdırıcı işləməyib. Qızdırıcını qurlaşdıran usta bildirib ki, qazda təzyiq aşağıdı, bu səbəbdən işləmir. İddiaçı qaz idarəsinə zəng etib, qaz idarəsinin əməkdaşları isə bildiriblər ki, bu qurğu sayğaca uyğun deyil, dəyişilməlidir. İddiaçı qurğunu dərhal dəyişdiyini, bundan sonra qaz idarəsinin əməkdaşları bir aydan sonra işlətmədiyi qazın pulunu tələb etdiklərini bildirdi. Bundan başqa qaz idarəsinin məsul şəxsləri bir gün qaz sayğacına möhür vurulması nəticəsində iddiaçının istixanada becərilən məsula xeyli zərər vurublar. Bununla bağlı X6 İstismar İdarəsinə müraciət edərək işə kommisiyada baxaraq silinməsini xahiş edib. Lakin heç bir nəticə verməyib. “Azərqaz” RQİİ-nin vəzifəli şəxsləri qanunsuz olaraq iddiaçıya sərf etmədiyi qazı hesablayıblar, bu səbəbdən iddiaçı hesablanmış 2669 manat məbləğin silinməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli, SS 29/1640-01744-18 nömrəli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” aktın surətindən görünür ki, 12132 m3 qaz sərfiyyatı hesablanmışdır(43.7 – 10 =33.7x12x30 =12132 m3). xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii X2 pozulması haqqında” aktdan görünür ki, Nümayəndə məxsus qeyri-yaşayış sahəsinə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı sərfiyyat aşması aşkar edilmişdir. Tələb hissəsində qeyd edilmişdir ki, sayğac sərfiyyata uyğun quraşdırılsın, itirilmiş qazın həcmi hesablansın və dəyərinin ödənilməsi təmin edilsin. Abonent saldosundan görünür ki, abonent Nümayəndə 2023-cü il üzrə qalıq və aktlara görə 2669,04 manat borcu qeyd edilmişdir. xx.xx.2023-ci il tarixli MŞG/MT007/2023-01599 nömrəli ilkin mediasiya sessiasında arayışından görünür ki, 60 manat mediasiya ödənişi edilmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. “Qazdan istifadə Qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qaydaların 2.11-2-ci maddəsinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidir. Məhkəmə qeyd edir ki, sahibkara məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq obyektinə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. İşin hallarından göründüyü kimi cavabdeh təşkilatın nümayəndələri xx.xx.2023-cü il tarixdə Nümayəndə məxsus qeyri-yaşayış sahəsinə gələrək “Təbii X2 pozulması haqqında” akt tərtib etməklə sahibkara 2669 manat əlavə borc hesablamışlar. Hazırkı iş üzrə hesablanmış borcun əsası kimi sayğacın sərfiyyat aşması göstərilmişdir ki, bunun abonentin təqsiri nəticəsində baş verməmisi sübutlarla təsdiqini tapmamışdır. Zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Belə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 2669 (iki min altı yüz altmış doqquz) manat borcun əsaslı və qanuni olması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 2669 (iki min altı yüz altmış doqquz) manat borc iddiaçı Nümayəndə abonent hesabından silinsin. Cavabdehndən 46,69 (qırx altı manat altmış doqquz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar