Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-894/2025 24.06.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və Nümayəndə Cavabdeh1nə qarşı artıq ödənilmiş vəsaitin qaytarılması tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı1 və Nümayəndə Cavabdeh1nə qarşı ödənilmiş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsində quraşdırılmış **********00078 abonent kodlu sayğac üzrə 2021-2024-cü illər üzrə artıq ödənilmiş 2876,81 manat vəsaitin və dövlət rüsmuna görə ödənilmiş 49 manat pulun cavabdehdən tutularaq onlara, yəni İddiaçı1 və Nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir şəhəri Səttraxan küçəsində yerləşən qeyri-yaşayış sahəsini, yəni təndiri, yəni İddiaçı1 və Nümayəndə birlikdə 2017-ci ildən hal-hazıradək işlədirlər. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsi üzrə VÖEN əvvəlcə Nümayəndə, daha sonra isə İddiaçı1 adına qeydiyyata alınmışdır. Sözügedən qeyriyaşayış sahəsinin fəaliyyəti ilə əlaqədar qazın istehlakı ilə bağlı xx.xx.2017-ci il tarixdə Nümayəndə ilə (abonent kodu: **********00078) Azəriqaz İB arasında bağlanan müqaviləyə əsasən sonuncudan qeyri yaşayış sahəsi üçün qaz istehlak edilmiş və müvafiq ödənişlər edilmişdir. Daha sonra isə 09 oktyabr 2023-cü il tarixdə İddiaçı1 ilə Azəriqaz İB arasında bağlanan müqaviləyə əsasən (eyni abonent kodu: **********00078 üzrə) sonuncudan qeyri yaşayış sahəsi üçün qaz istehlak edilmiş və müvafiq ödənişlər edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli və 30 iyun 2021-ci il tarixli qərarlarına əsasən qazın hər m görə qeyri-əhali (sənaye və kənd təsərrüfatı sahələri) üçün qazın dəyəri 0,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 01 noyabr 2021-ci il tarixdə qüvvəyə minmiş 16 oktyabr 2021ci il tarixli qərarı ilə isə qazın hər m sənaye və kənd təsərrüfatı sahələri üçün 0,22 manat müəyyən edilmişdir. Lakin sonradan tərəflərindən müəyyən olunmuşdur ki, 2021-2024-cü illər (2024-cü il aprelin 1-dək) üzrə qaz sərfiyyatına görə artıq vəsait ödənilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş abonentin saldosuna və Tarif Şurasının müvafiq qərarlarına əsasən **********00078 abonent kodlu sayğac üzrə aşağıdakı cədvəldə istehlak olunan qazın sərfiyyatı və artıq ödənilən vəsaitlər illər üzrə dəqiq hesablanıb göstərilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılmış **********00078 abonent kodlu sayğac üzrə 2021-2024-cü illər üzrə artıq ödənilmiş vəsaitə görə cavabdehlərdən 1819,50 manat tutularaq Nümayəndə ödənilməsi və 441,36 manat tutularaq İddiaçı1 ödənilməsi, dövlət rüsumunun qanunauyğun həll edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, hər ay gəlib yoxlama keçiriblər. Dəfələrlə idarəyə müraciət etmişlər. Özləri də səhvlərini etiraf edirlər və onlara məhkəməyə müraciət etməklərini bildirmişlər. İddiaçı1 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, 2023-cü ilin oktyabr ayından etibarən sayğac onun adınadır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, İddiaçı1 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə İddiaçı1 və cavabdehin nümayəndəsi nin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqavilələri, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20 noyabr 2017-ci il tarixli AG-016 nömrəli Nümayəndə və Cavabdeh1 arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 09 oktyabr 2023-cü il tarixli AMX-4521/23 nömrəli İddiaçı1 və Cavabdeh1 arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh1 bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, abonet tərəfindən 2021-ci ildə 3281 manat, 2022-ci ildə 6591 manat, 2023-cü ildə 6599 manat, 2024-cü ildə 7213,45 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.1-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Tarif Şurasının 01 dekabr 2016-cı il tarixdə qüvvəyə minmiş təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 28 noyabr 2016-ci il tarixli, 18 nömrəli qərarına əsasən istehlak edilmiş qazın hər m3-ə görə qeyri-əhali üçün qazın dəyəri 0.20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 01 iyul 2021-ci il tarixdə qüvvəyə minmiş təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 30 iyun 2021-ci il tarixli, 8 nömrəli qərarına əsasən istehlak edilmiş təbii qazın hər m3-ə görə qeyri-əhali (sənaye və kənd təsərrüfatı sahələri) üçün qazın dəyəri 0.20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının 01 noyabr 2021-ci il tarixdə qüvvəyə minmiş təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli qərarı ilə istehlak edilmiş qazın hər m3-ə qeyri-əhali (sənaye və kənd təsərrüfatı sahələri üçün) 0.22 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, iddiaçıların fəaliyyəti çörəkbişirmə fəaliyyəti ilə bağlıdır. Həmin fəaliyyət isə sənaye sahəsinə aid olan bir fəaliyyətdir. Cavabdeh tərəfindən abonent saldosu üzrə iddiaçılar tərəfindən istehlak edilən qazın dəyəri 2021-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək Azərbaycan Respublikası Tarif Şurasının müəyyən etdiyi ölkədaxili tariflə müəyyən edilmiş qaydada hesablanmamışdır. Belə ki, 2021-ci ilin iyul ayının 1-dən 2021-ci ilin oktyabrın 30-na qədər Azərbaycan Respublikası Tarif Şurasının 01 iyul 2021-ci il tarixdə qüvvəyə minmiş təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 30 iyun 2021-ci il tarixli, 8 nömrəli qərarına əsasən istehlak edilmiş qazın hər m3-i 0.20 manatdan hesablanmalı olduğu halda istehlak edilmiş qazın hər m3-i 0.25 manatdan hesablanmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə Azərbaycan Respublikası Tarif Şurasının 01 noyabr 2021-ci il tarixdə qüvvəyə minmiş təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli, 13 nömrəli qərarına əsasən istehlak edilmiş qazın hər m3-i 0,22 manatdan hesablanmalı olduğu halda istehlak edilmiş qazın hər m3-i 0.25 manatdan hesablanmışdır. Artıq hesablanmış qazın dəyəri iddiaçılar tərəfindən ödənilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin iyul ayından 2021-ci ilin noyabr ayınadək 11136 m3 təbii qaz istehlak olunmuş və həmin istehlak olunmuş təbii qazın dəyəri 2227,20 manat hesablanmalı olduğu halda 2784 manat hesablanmışdır. Artıq hesablanmış məbləğ 556,80 manat təşkil edir. 2021-ci ilin noyabr-dekabr aylarında ümumilikdə 5428 m3 təbii qaz istehlak olunmuş həmin istehlak olunmuş təbii qazın dəyəri 1194,60 manat hesablanmalı olduğu halda 1357 manat hesablanmışdır. Artıq hesablanmış məbləğ 162,40 manat təşkil edir. 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək 25571 m3 təbii qaz istehlak olunmuş və həmin istehlak olunmuş təbii qazın dəyəri 5625,62 manat hesablanmalı olduğu halda 6392,75 manat hesablanmışdır. Artıq hesablanmış məbləğ 797,13 manat təşkil edir. 2023-cü ilin yanvar ayından 2024-cü ilin yanvar ayınadək 26352 m3 təbii qaz istehlak olunmuş və həmin istehlak olunmuş təbii qazın dəyəri 5797,44 manat hesablanmalı olduğu halda 6588 manat hesablanmışdır. Artıq hesablanmış məbləğ 790,56 manat təşkil edir. 2024-cü ilin yanvar ayından 2024-cü ilin aprel ayınadək 6875 m3 təbii qaz istehlak olunmuş və həmin istehlak olunmuş təbii qazın dəyəri 1512,50 manat hesablanmalı olduğu halda 1718,75 manat hesablanmışdır. Artıq hesablanmış məbləğ 206,25 manat təşkil edir. Göründüyü kimi 2021-ci ilin iyul ayından 2024-cü ilin aprel ayınadək iddiaçılar tərəfindən istehlak olunmuş təbii qaza görə artıq hesablanmış məbləğ ümumilikdə 2513,14 manat təşkil edir. İddiaçılar tərəfindən həmin məbləğdən 2260,86 manat cavabdehə ödənilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən istehlak edilmiş təbii qaza görə artıq hesablama aparıldığından və iddiaçılar tərəfindən həmin məbləğin bir qismi ödənildiyindən ödənilmiş məbləğ cavabdehdən alınaraq iddiaçılara qaytarılmalıdır. İş materiallarında olan qazın alğı-satqısı ilə bağlı müqavilələrdən görünür ki, 20 noyabr 2017-ci il tarixdən 09 oktyabr 2023-cü il tarixədək abonent Nümayəndə, 09 oktyabr 2023-cü ildən sonra isə abonent İddiaçı1 olmuşdur. 09 oktyabr 2023-cü il tarixədək artıq ödənilmiş 1819,50 manat məbləğində pul iddiaçı Nümayəndə, 09 oktyabr 2023-cü ildən sonra artıq ödənilmiş 441,36 manat pul İddiaçı1 əsassız varlanan cavabdeh tərəfindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd edir ki, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. İş materiallarından göründüyü kimi hal-hazırki mübahisə üzrə əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün hər üç şərt eyni zamanda mövcuddur. Belə ki, iddiaçılar tərəfindən istehlak edilmiş təbii qazın dəyərinə görə artıq ödəmə edilmiş və cavabdeh əmlak əldə etmişdir. Həmin pul vəsaiti iddiaçılara məxsusdur və onların əmlakı olmuşdur. Eyni zamanda həmin əldəetmə üçün qanundan və müqavilədən irəli gələn heç bir əsas olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən və sonradan tələbin həcmi azaldığından Cavabdeh1 tərəfindən 42,61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə ödənilməli, 6,39 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən hesablanmış və iddiaçı Nümayəndə tərəfindən artıq ödənilmiş 1819,50 manat məbləğində pul Nümayəndə, İddiaçı1 tərəfindən artıq ödənilmiş 441,36 manat məbləğində pul isə İddiaçı1 Cavabdeh1 tərəfindən geri qaytarılsın. Cavabdeh1 tərəfindən 42,61 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Nümayəndə ödənilsin. Ödənilmiş 6,39 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-894/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-894/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver