Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-941/2024 04.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş olduqları R 061968 nömrəli akta əsasən hesablanmış 3500 manat borcun onun **********7 nömrəli istehlakçı kodundan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şəmkir rayonunun Könüllü kəndi ərazisində sahibkarlıq fəalıiyyəti ilə məşğul olan mebel sexi vardır. Hər ay sərf etdiyi elektrik enerjisinin dəyərini ona təqdim olunmuş bildiriş əsasında elektrik sayğacının göstərişinə əsasən tam şəkildə ödəyir. 2024-cü ilin yanvar ayının əvvəllərində naməlum səbəbdən qısaqapanma səbəbindən obyektin sayğacı yanmışdır. Bununla əlaqədar olaraq Qərb RETSİ-nin Şəmkir Elektrik şəbəkəsinin əməkdaşları obyektə gələrək barəsində xx.xx.2024-cü il tarixli, 058246 nömrəli akt tərtib etmişlər. Həmin akta əsasən itirilmiş enerjinin bərpası məqsədi ilə dəyəri 2244 manat təşkil edən 16 gün üçün 20403 kvts saat miqdarında hesabat aparıldı. O, tərtib olunmuş akta əsasən həmin məbləği tam şəkildə ödədi. Köhnə yanmış sayğac, yeni sayğacla əvəz olundu və 2024-cü ilin mart ayında obyektə yeni sayğac quraşdırıldı. Lakin həmin sayğac şəbəkədə yaranmış qısaqapanma nəticəsində yanaraq, yararsız hala düşdü. Bundan sonra xx.xx.2024-cü il tarixdə yenə də Elektrik Şəbəkəsinin əməkdaşları obyektinə gələrək bu barədə barəsində 061968 nömrəli akt tərtib etdilər. Akt əsasında ona 25 gün üçün dəyəri 3500 manat təşkil edən 31879 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparıldı. O, sahibkar kimi həmin aktı qanunsuz və əsassız hesab edir, çünki şəbəkədə yaranmış qısaqapanmaya görə o məsuliyyət daşımır. Sayğac da məhz həmin şəbəkədə yaranmış qısaqapanma nəticəsində yanıb, yararsız hala düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 izahatında göstərdi ki, atası İddiaçı Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğuldur, yəni mebel sexi işlədir. 2024-cü ilin yanvar ayında onların mebel sexində sayğac yanmışdır və bununla bağlı "xxxx" ASC tərəfindən akt tərtib edilərək 16 gün müddətinə 2244 manatlıq hesabat aparılmışdır. Onlar həmin məbləği tam şəkildə ödəmişlər. Onlara yeni sayğac quraşdırlmışdır, lakin sayğacı yenidən yanmışdır. "xxxx" ASC tərəfindən yenidən yoxlama gəlmişdir, onlarla bərabər bir çox şəxsin sayğacı yanmışdır. İkinci yanan sayğacla bağlı onların heç bir məsuliyyəti yoxdur, həmin sayğac qısaqapanma nəticəsində yanmışdır. 2-ci dəfə sayğac yandıqdan sonra 3500 manatlıq hesabat aparıldı. Sayğacın yanması ilə bağlı onlar məlumat verməmişlər, cavabdehin özü tərəfindən yoxlama gəlmişdir. Yoxlama aparılan zaman onlara məlumat verilməmişdir, nə də ki onların nümayəndəsi iştirak etməmişdir. ona görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, iddiaçı barəsində sayğacda qüsur olmasına görə 2 dəfə akt tərtib edilmişdir, birinci akt 19 yanvar 2024-cü il tarixdə yazılmışdır, bu akt əsasında 2244 manat hesabat aparılmışdır. İddiaçı tərəf həmin akt əsasında hesablanmış məbləği tamamilə ödəmişdir. Yeni sayğac quraşdırldıqdan qısa müddət sonra yenidən yanmışdır. "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmiş və görmüşlər ki, yaranan qısa qapanma nəticəsində sayğac yanaraq yararsız hala düşmüşdür. 28 fevral 2024-cü il də ikinci dəfə akt tərtib edilmişdir. Bundan sonra komissiya tərəfindən 25 gün üçün itirilmiş enerjiyə görə 3500 manatlıq hesabat aparılmışdır. İkinci dəfə quruşdırılan sayğac həmin yükü götürəcək gücdə olmuşdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli R 061968 saylı aktdan görünür ki, abonentin şifahi müraciətinə əsasən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, abonentin sayğacı şəbəkədə yaranan qısa qapanmadan yanaraq yararsız hala düşmüşdür. Abonentin istəyinə əsasən tərəflərindən enerji verilişi təmin edildi. Sayğacın parametrləri kompyuter bazasından götürülmüşdür. İstifadə olunan güc P=10,3 kvts. Sayğacın dəyişdirilməsi tələb edilmişdir. İş materiallarında olan 29 mart 2023-cü il tarixli icra vərəqindən görünür ki, sayğac şəbəkədə yaranan qısaqapanmadan yanaraq yararsız hala düşmüşdür. 339,90 manat dəyər müəyyən edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, istehlakçıya xx.xx.2024-cü il tarixdə R 061968 saylı akta əsasən 3506,69 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin qaydaların 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin qaydaların 10.18.9-2-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Məhkəmə qeyd edir ki, enerjitəchizatı müəssisəsinin əməkdaşları 28 fevral 2024-cü il tarixdə İddiaçı məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış elektirik sayğacına baxış keçirmiş, sayğacın şəbəkədə yaranan qısaqapanmadan yanaraq yararsız hala düşməsi aşkar edilmiş, bununla bağlı akt tərtib edilmişdir. Həmin akt əsasında 29 mart 2023-cü il tarixli icra vərəqi verilmiş, abonentə 339,90 manat borc hesablanmışdır. Həmin tarixdə abonentin saldosuna R 061968 saylı akta əsasən 3506,69 manat məbləğində borc daxil edilmişdir. Məhkəmə bildirir ki, enerjitəchizatı müəssisəsi tərəfindən yoxlama aparılmağına, elektirik sayğacına baxış keçirilməyinə və akt tərtib edilməyinə baxmayaraq sayğacın məhz abonentin təqsiri üzündən yanması sübut edilməmişdir. Abonentin təqsiri müəyyən edilmədən enerjitəchizatı müəssisəsi tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması qənaətinə gəlinmiş və sonuncuya borc hesablanmışdır. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. (“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1 və 3.2-ci maddələri) Həmin Qanunun 4.2.1-ci maddəsinə görə yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq kimi prinsiplərlə aparılmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Sadalanan qanunvericilik normalarını əsas tutan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılmış yoxlama yuxarıda sadalanan qanunların tələblərinə ziddi olmuşdur. Ona görə də aparılmış yoxlama hər hansı hüquqi nəticə yaratmamışdır. Ona görə də iddia təmin edilməli, cavabdehin əməkdaşları tətəfindən tərtib edilmiş 28 fevral 2024-cü il tarixli R 061968 nömrəli akta əsasən 29 mart 2024-cü il tarixli icra vərəqi əsasında hesablanmış 3500 manat borc abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. 28 fevral 2024-cü il tarixli R 061968 nömrəli akta əsasən 29 mart 2024-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 3500 (üç min beş yüz) manat borc **********51001 (**********7) nömrəli abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-941/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-941/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver